Modern.az

93 yaşlı Böyük Azərbaycanlı…

93 yaşlı Böyük Azərbaycanlı…

4 Fevral 2014, 10:51

Görkəmli alim Lütfi Zadənin doğum günüdür. O, 1921-ci il fevralın 4-də İçərişəhərdə yaşayan əslən Güney Azərbaycandan olan Rəhim Ələsgərzadənin ailəsində doğulub.

O, dünyaya göz açanda çox təzadlı və ziddiyyətli dövr idi.

Lütfi ilk təhsilini Bakıdakı 16 nömrəli məktəbdə alıb. 1932-ci ildə Sovet Hökuməti İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman verib. Bu fərmana görə onlar iki yoldan birini seçməli idilər: ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib İrana qayıtmalı idilər.

Ələsgərzadələr ailəsi Sovet hakimiyyəti qurulandan sonra baş verən hadisələrdən narazı olduğundan İranın paytaxtı Tehrana köçmək qərarına gəlib. Balaca Lütfi o vaxt Bakıda rusdilli məktəbin üçüncü sinfini yeni bitirmişdi.
Tehrana köçdükdən sonra Lütfi Zadə təhsilini amerikalıların Albors missioner Kollecində davam etdirib. Bu məktəbdə Amerika elmi və mədəniyyəti haqqında geniş məlumat əldə etməsi onu okeanın o tayına cəlb edib. L.Zadə orta təhsilini tamamladıqdan sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olub.

Böyük alimin Amerika həyatı 1944-cü ildən başlayır. L.Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra ABŞ-a gedib təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına aparan Lütfi artıq həmin vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt L.Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyyəsilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə işə düzəlib. Orada ilk vaxtlar bir qədər çətinlikler çəkən böyük alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır. Bu gün dünya elminə L.Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur.
L.Zadəyə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Aparıcı dünya şirkətlərinə inanılmaz məbləğdə gəlir gətirən bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanıb. Nəzəriyyə uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində yapon alimlərinin diqqətini cəlb edib və yaponlar bu unikal nəzəriyyədən yararlanmaq qərarına gəliblər. L.Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırıb. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto ve videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafatla - "Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da gec də olsa, L.Zadə nəzəriyyəsinin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. İndi həmin nəzəriyyə ABŞ-ın "General Motors", "General Electric", "Motorola", "Dupont", "Kodak" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. L.Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.

L.Zadə Amerikadakə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Berkli şəhərində onun adına İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılıb. Böyük alimin NATO və NASA kimi məşhur təşkilatların aparıcı mütəxəssislərindən biridir. Lütfi Zadə orijinal elmi ideyalar irəli sürən və yeni elmi istiqamətləri müəyyən edən nadir alimlərdəndir. O, dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib. L.Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. O, çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Dahi alim Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvüdür. L.Zadənin Nəriman adında bir oğlan və Sitarə adında bir qız atasıdır. 

Uzun illərdir xaricdə yaşayan L.Zadə heç vaxt azərbaycanlı olduğunu gizlətməyib və həmişə bununla qurur duyduğunu bildirib.
 
A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir