Modern.az

“Mən tolerantam”, “Mənsə dözümsüz” – Modern.az-da polemika

“Mən tolerantam”, “Mənsə dözümsüz” – Modern.az-da polemika

6 Fevral 2014, 09:47

Cəmiyyətdə əksər sahələrdə fikir ayrılığının olması hamıya məlumdur.

Bu, üç sahədə özünü daha qabarıq göstərir. Birincisi siyasət. Xüsusən də kənd yerlərində çayxanaların birində çox yox, bir-iki dəqiqə ayaq saxlayanda elə bilərsən ki, bura ya BMT-nin, ya da Avropa Birliyinin rəsmi ofisidir. Axşam televizorda xəbərlərə ala yarımçıq baxıb və baxdıqlarını da ala-yarımçıq yadda saxlayan qoca babalar (elə orta nəsil də onlardan geri qalmır) görürsən ki, İranı alıb Amerikanı satırlar. Obamanı çıxarıb yerinə təzədən Buşu gətirirlər.

 Ya da ki tibb sahəsi.

Çaşıb ağzından çıxarasan ki, misal üçün ayağım ağrıyır. Hərəsi ağızlarına gələn bir dərman adı deyib öz müddəalarını ciddi-cəhdlə müdafiə edəcəklər.

 Üçüncü də ki, yəqin ki, bildiniz, din mövzusudur.

 Məhz bu mövzu ən həssas olsa da insanlar buna fikir vermir. Bir yox, cəmi yarım kitab dini ədəbiyyat oxuyan adam öz mütaliəsini akademiya səviyyəsi hesab edərək səsləndirdiyi həqiqəti müdafiə edir. Azərbaycanda da ki, maşallah bu saat hər dini cərəyanın nümayəndəsini görmək olar. Bu qədər qarışıqlığın səbəbi görəsən nədir.

Biz də Modern.az olaraq mövzuya öz fərqli yanaşmamızdan çıxış etdik. Belə ki, Modern.az saytının əməkdaşlarının dini mövzuda polemikasının sizlərə təqdim edirik:

 

 

Əziz Rzazadə: “Elə mən özüm də dözümsüzəm...”   – Rəsmi səviyyədə bəyan edilir ki, Azərbaycanda qibtəolunacaq tolerantlıq mövcuddur. Hətta deyilir ki, Azərbaycan tolerant ölkələr siyahısında beşinci pillədə durur. Kaş elə olaydı...

 Əfsus, Azərbaycanda dözümlülük əsla yoxdur. Məmləkətimizin hər qarışında insanlar bir-birinə qıcıqdır: avtobusda ayaq üstə duran qadın kişiyə, jurnalist yazısını qayçılamış redaktoruna, kitabı satılmayan yazıçı Yazıçılar Birliyinə, müxalifət ona piket keçirmək icazəsi verməyən məmura, şiə qolu bağlı namaz qılan sünniyə, saqqalıyla şalvarının balağı dizinə çatan vəhhabi bərbər və dərziyə... Elə mən özüm də dözümsüzəm. Hamıya və hər kəsə. Başqa cür ola da bilmərəm. Çünki insanların fikir, vicdan azadlığı haqda anlayışı təhriflidir. Birinci səbəb – əqli natamamlıq. İkincisi – mədəniyyət qısırlığı. Bəlkə də gündəlik məişət zəminində dözümsüzlük az nəzərə çarpır. Amma mediada və sosial şəbəkələrdə bunu görməmək üçün gərək kor olasan. Adamlar öz fikirləri ilə əks baxışları üstələmək yarışına girib. Hər kəs hesab edir ki, ali həqiqəti yalnız o, təmsil edir; baxışlara və əməllərə görə başqasını ittiham etmək hüququ yalnız ona məxsusdur; sonda hər kəsə bir yarlıq vurmaq kimi müstəsna haqqın da yeganə daşıyıcısı məhz özüdür. ...Bir dəfə yaxın bir adam məndən soruşdu ki, saytımızın baş redaktorunu niyə dostluğuna qəbul etmirsən? Dedim ki, mənim tipim deyil. Soruşdu ki, axı dostluğunda filan adda bir səfeh var, məgər o sənin tipindir? Dedim ki, o, səfeh yox, sadəlövhdür, hətta səfeh olsa belə, ondan heç bir ziyan gəlmir. Səni baş redaktorunsa hər gün mənim inancıma təhqir fışqırır... Söylənən nümunə özünə “ateist”, “deist”, nə bilim daha nə deyən qrupa xas ən bariz keyfiyyətdir. Adama başa salmaq olmur ki, Allahı inkar edirsən, özün bilərsən, mənim inancıma çamur atmaq haqqını sənə kim və harda verib...

Misalçün, uzağa getməyəcəm.Tutalım, face dostluğumdakı Kənan Rövşənoğlu bir status yazır: “Fitr bayramınız mübarək!” İmkan tapıb “like” edir, şərh yazıram: “Səninlə bahəm”. Bir də görürsən ki, çağırılmamış bir “qonağ”ı qıcıq tutdu: “Sizin bayramınızı...” Birinci dəfə adama adam dilində deyirsən ki, adam ol, sən bu məclisə dəvətli deyilsən. Nə etsə yaxşıdır, qızışıb bir şərh də yazır. Deyirsən, a bala, qəmişini çək. Üçüncü dəfə bütün vücudu qaşınmaya tutulur. Buna necə dözümlü qalasan!? Yeganə çıxış yolu “çomağı ələ almaqdır”: “Ay Allahın azmış heyvanı, get otlağına!” Desəm ki, dindar kütlə içində də belələri yoxdur, – qələt olar. Var, həm də az deyil. Ay qardaş, sənin ateist yığnağında nə işin? Nə deyir, nə yazır, baş qoşma! Çünki ümumiyyətlə bu mövzularda polemikaya ehtiyac yoxdur. Sən öz fikrində, ö öz rəyində qal. Üstəlik, başa düş: alimin öndə öz məqamı, avamın arxa sırada öz yeri var... Uzun sözün qısası, cəmiyyətdə hər kəs öz məclisini və oturacağı yeri bilməlidir. Ədəbi olan, – fərq etməz, dindar, ya ateist, – qabaq-qənşərindəkini, yaxud yanındakının şəxsiyyətinə və əqidəsinə hörmət-izzəti qorumalıdır. Əgər bunu edə bilmirsə, ataların məsləhətindən başqa çıxış yolu qalmır: “Dinsizin öhdəsindən ədəbsiz gələr...”

 

 

 

Aqşin Kərimov: “Əks fikirlilik ictimai qınağa səbəb olur”   – Azərbaycanda dinə qarşı düşüncələrə dözümlülük olduqca aşağı səviyyədədir. Cəmiyyətdə dini inanclarda irəli gələn narahatlıq hökm sürür. Azərbaycan cəmiyyəti hələ dinlə bağlı məsələlərin ateizm və ya dini tənqid hədəfi seçən fəlsəfi, elmi cərəyanlar nöqteyi-nəzərindən müzakirəyə çıxarılmasına hazır deyil. Nədənsə dini kəsim ancaq Quranın təriflənməsinə üstünlük verir, əks fikirlilik isə ictimai qınağa səbəb olur. Söhbəti İslam dini amili üzərində kökləməzdim. Ümumiyyətlə, digər “səmavi dinlər”dəki boşluqları, qüsurları, ziddiyyətli məqamları göstərmək narahatlıqla qarşılanır. Ancaq Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə etiqad etdiyindən məhz bu dinin ideyalarının daşıyıcılarının ənənəvi dözümsüzlüyü üzərində dayanacağam. Öncəliklə qeyd edim ki, Azərbaycan rəsmi olaraq müsəlman ölkəsi statusu daşımır, dünyəvi dövlətdir. Konstitusiyanın “Vicdan azadlığı” maddəsinə görə hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. İstənilən halda dünyəvi dövlətdə yaşayırıqsa Ana Yasanın bu tələbi dinlə bağlı diskussiyalarda vacibliyini, əhəmiyyətini qoruyub saxlamalıdır.

Amma dinlə bağlı tənqidi mövqe sərgiləmək, dediyim kimi, heç də topluma xoş təsir bağışlamır. Bəlkə də bu insanların illərdən bəri yaddaşlarına hopmuş dini inancların nəsildən-nəslə ötürülməsi və bu gün də öz əhəmiyyətini saxlamasının nəticəsidir. Amma müəyyən tabular var ki, onun mental dəyərlərə çevrilməsi cəmiyyətin özünü geriyə aparır.

Dinlə bağlı daşlaşmış təfəkkürlərin paslarını açmaq vaxtıdır. Zamanında Mirzə Fətəli Axundov da yazılarında dinlə bağlı açıq fikirlərini ifadə edib. Yəni dinin tənqidinə yönəlmiş fikirlər cəmiyyətdə diskomfortluq yaratmamalıdır. Dinə qarşı olmaq insanın pis ideyalar təbliğ etdiyi anlamına gəlmir. Lakin Azərbaycan cəmiyyətinin dinə bağlı mühafizəkar kəsimində insanların İslam dini haqqındakı birmənalı olmayan münasibətinə kəskin reaksiyalar verilir, hətta bəzən bu təpki, etik çərçivədən də kənara çıxır. Ona görə deyirəm ki, ölkəmizdə mövzu ilə əlaqədar tolerantlığın göstəricisi qənaətbəxş deyil.  

 

Elmin Nuri 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?