Modern.az

İtin qiz sevgilisi

İtin qiz sevgilisi

8 Fevral 2014, 16:36

Mahir Qabiloğlu

(hekayə)

Uşaqlıqdan nəyisə yığmaq həvəsində olmuşam. Yox, qız olmağımı görüb  “yığımcıl” mənada başa düşməyin.  Kolleksioner olmaq idi arzum. Çünki oxuduğum sinifdə demək olar ki, hamının bir yığmaq qabiliyyəti vardı. Sovet dövrü olmasına baxmayaraq  Azadın atası tez-tez xaricə gedərdi. Vəzifəli adam idi.  Qayıdanda isə cibindəki xarici qəpik-quruşlar Azada qalardı. O da bunları əmək dərsində taxtadan hazırladığı lövhə üzərinə pərçim edərdi. Altından da ölkənin adın, tarixin yazırdı.  Ara-sıra da dərsə gətirib həmyaşıdlarına göstərərib qürrələnirdi.  Arif isə marka həvəskarıydı. Atasının ona kojik almaq üçün verdiyi 20 qəpiyi  də xərcləməyib markaya verərdi. Qalın bir albomu da vardı. Səliqəylə ora yapışdırardı. Dünyagörüşü də geniş idi. Çünki markalar müxtəlif sahələr üzrə buraxıldığına görə  ölkələri, heyvanları, maşınları, bitkiləri, tarixi şəxsiyyətləri yaxşı tanıyırdı. Gözü elə hey zərf axtarırdı ki, üstündəki markaları da qoparıb çıxarsın. Amma yaxşı bilirdi ki, “SSRİ poçtu” möhürü vurulan zərf markaları çox da qiymətli sayılmır. Əgər qədim deyilsə.

İlham isə siqaret qutuları yığırdı. Atası sexovşik olduğundan müxtəlif xarici siqaretlər çəkirdi. O da boş qutuları atmayıb,  toplayardı.

Fəxrinin  kolleksiyası isə daha baxımlı idi. Dünya maşın markalarının balaca fiqurları. Gözümüz o qədər “Jiquli”, “Moskviç” görmüşdü ki, bu maşınlara baxanda  özünü xaricdə hiss edirdin. Qızlarımız isə kolleksiya məsələsində məhdud  idilər.  Yalnız xarici sabunlar və kukla yığırdılar. Bu isə çox evdə vardı. Kimi heyrətləndirəcəkdilər ki?

Mən Firəngiz isə  heç nə yığmırdım.  Kuklam da yox idi.  Üç yaşım olanda  atamı öldürmüşdülər. Taksi sürücüsüydü. Xuliqanlar qarət edib, sonra da trosla boğmuşdular. Qalmışdıq ikimiz- Anam və mən.   Heç bir sənədi, savadı olmayan anam da günortalar zavodun yeməkxanasında boşqab yuyar, axşam isə əlidolu evə gələrdi. Yox, əlindəkilər içi ərzaqla dolu bazar sumkaları deyildi. Ordan-burdan soraqlaşıb imkanlı ailələrdən yığdığı çirkli camaşırları gətirirdi. İri bir dəmir bakımız vardı. Həyətdəki krandan soyuq su doldurub gətirib qoyardı qazın üstünə. Pıqqapıqla qaynayanda “Ayna” yuyucu tozunu ənədərərdi içinə. Sonra da “Persol” ağardıcısı əlavə edərdi. Tor setkalardan ağ mələfə, yorğan-balışüzülərini çıxarıb, bir-bir basardı pıqqapıqla qaynayan suyun içinə. Üstündən də taxta çubuqla  basardı. Mənə də deyərdi ki, dayan bakın yanında görsən ki, suyu daşır, qazın xodun azalt, ya bacarmasan məni səslə. Özü isə dünən yuyub-kraxmalladığı , artıq quruyan  ağları  ütü stolunun üstünə yığardı.  Bəzən məni çağırıb “ay Firəngiz, sən prostınanın o tərəfindən tut, mən də bu tərəfindən, dartaq deyirdi.” Kraxmaldan, yuyulmaqdan formasını itirmiş ağların enini-uzununu əvvəlki vəziyyətinə gətirərdik. Sonra da anam diş fırçasını  götürüb ağardıcı toza batıraraq dişlərini fırçalayar, ağzını dəfələrlə yaxalayardı.  Ki, ağzına su alıb ağların üzərinə püskürdəndə təmiz olsun. Beləcə ütüləmək prosesinə hazırlaşardı.  Qazın üstünə qoyduğu ütünü gətirər,  suyu içib  püskürdərdi. Dəmir bakda  ağlar qaynayanacan  ütüləməyini başa çatdırardı. Evin divarlarından su axırdı, göyərirdi. Amma neyləsin ki, məni saxlamalı, böyütməliydi.

Sonra böyük ləyəni gətirib bişiridiyi kraxmalı ora tökərdi, sinka əlavə edərdi. Suya çəkdiyi ağları bir-bir ora salaraq isladıb, sıxıb, asardı. Beləcə saat on iki olardı. Bir stəkan çay içib yerinə girərdi. Bütün günü ayaqüstə olduğundan rahat yata bilmirdi. Göynərtidən səhərəcən ayaqlarını, əllərini bir-birinə sürtər, zarıyardı. Sübh tezdən  isə məni dərsə yola salar, özü isə zavoda yollanardı.

Gündə min dəfə  sovet hökumətinə alqış oxuyardı. Deyərdi ki, nə yaxşı  qaz pulu qəpik-quruşdur, su isə ümumi həyət olduğuna görə havayı. Yoxsa, ay Firəngiz, mən dul, savadsız, kimsəsiz bir qadın səni necə saxlayacaqdım. Qaz da işıq kimi sayğacla olsaydı, pulun çatdırmaq olardı? Qohum-tanış da qapımızı açmazdı. Atam öləndən sonra yaddan çıxarmışdılar bizi.

Mən isə məktəbdə anamın nə işlədiyini yox, sadəcə zavodda fəhlə olduğunu deyirdim. Heç bunun fərqinə də varan yox idi. Formamız eyni, ayaqqablarımız eyni, önlüyümüz qar kimi bəyaz, saçımızda hörük və ağ bant. Bir-birimizdən fərqlənmirdik. Dərslərimi də yaxşı oxuyurdum. Anam zavodda işlədiyi üçün günorta kojiklə bir stəkan çayı havayı verirdilər. Dərsdən sonra vaxtı uzadılmış günorta kurslarına da gedirdim. Günorta yeməyini də orda havayı yeyirdim.  Məcbur idim. Axı, anamın işi saat beşdə qurtarırdı.

 Düzdür sinif yoldaşlarımın evdən gətirdikləri kolbasa, kotlet buterbrodlarının iyi burnumu tutsa da, bir təhər dözürdüm.  Evdə anamın yanında demirdim. Qorxurdum ki, pis olar. Çünki bilirdim ki, yeməyimiz  hardan gəlir.

Batmış qabları ona gətirib verəndə içində artıq qalanlardan sellofan kulyoka töküb alt paltarının içində gizlətdiyini bilirdim. Bunu mənə demirdi.  Evə gələndə birinci yataq otağına girib soyunanda, kulyoku çıxarıb təzədən çantasına basardı. Sonra da setkanı   girişdəki mətbəxə gətirib yenidən çıxarıb ortaya düzürdü. Elə bilirdi ki, məni aldadır. “Firəngiz balam,  anasının gözəli, həyatı, gör səninçün nə almışam. Çörək, vermişel, alma...” Mən isə başa düşürdüm. Bilirdim ki, almayıb. Zavoddakı fəhlələrin artıq-urtuğudur. Ona görə də heç nə tələb etmirdim. Dərsliklərimizi havayı verirdilər, yalnız qələm-dəftəri anam alırdı. Əyin-başım da ki, hamı necə, mən də elə. Hərdən bir anama həmkarların xəttiylə  yardım da ayırırdılar. Ev növbəsinə də yazmışdılar. Anamın pulu isə kirayəmizə, əyin-başa  güclə çatırdı.  Evimizdən də camaşır iyi gəliridi, yeməyimizdən də.

Günlərin bir günü işdən qanıqara gəldi. Evə girən kimi kefsiz halda  üzüqoylu çarpayıya uzandı. Heç nə danışmadı.  Elə bildim ki, yorğundur. Ona görə də ayağını ovuşdurdum, çay gətirdim. Amma kefi açılmadı ki, açılmadı. Beləcə yerində uzandı. Gətirdiyi çirkli mələfələr, teldə bayraq kimi dalğalanan, ütülənməsini gözləyən ağlar da yadından çıxmışdı.

Birdən məni qucaqlayıb bərk-bərk hönkürməyə başladı. Ürəyin boşaldıb, sakitləşdi. Demə yeməklərdən sellofan kulyoklara dolduranda yeməkxananın müdiri bunu görüb. Pis-pis söyüb:

- Qancığın biri qancıq. Mən də deyirəm ki, bu qabaqdan  qalan ətlər hara yoxa çıxır. Zavodun direktoru da o yandan söyür məni ki, bəs itim kökəlməkdənsə arıqlayır. Arıqlayar da... vermişillə, ovsyankayla, kaşayla  it kökələr? Deməli  ətləri sən oğurlayırmışsan?  Sənə görə mən direktordan söz götürə bilmərəm. Bir də görsəm vay halına. İti qovan kimi qovacağam.

Hə... deməli mən bugünədək  fəhlələrin artıq-urtuğunu yox, zavod direktorunun itinin payını yeyirmişəm. Yazıq it. Anam ürəyini boşaldıb sakitləşdi. Mən də dərslərimi hazırlamağa başladım. Ədəbiyyatdan Seyid Əzim Şirvaninin yaradıcılığını vermişdilər. “Köpəyə ehsan” şerini də əzbərləməliydim.

Dedi:Əhsənbu halə, nami-xuda!
İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz.
Rəhməti-həqqə ol düçar olsun,
Səgi-Əshabi-kəhfə yar olsun.
Oxuyub sidq ilə ona yasin,
Özü də saxladı onun yasın.

Hə, deməli əvvəllər yemək yeyəndə deyirdim ki, Allah fəhlələrin canın sağ eləsin, indi nə deməliyəm ki,  Allah direktorun itinin canına dəyməsin ki, öz qismətini bizimlə yarı bölür? Nəsə şeri əzbərləyə bilmirdim. Anam da  şerin

İt demə, ol dəxi birimiz,
Belə ölmüşlərə fəda dirimiz

yerinə çatanda hönkürürdü.  Səhəri gün dərsə getdim. Yaxşı ki, şeiri əzbərləmişdim. Müəllim lövhəyə çağırdı.  Şeri bir nəfəsə, xüsusi intonasiyayla dedim. Sonuna “it demə, ol dəxi birimiz” yerinə çatanda kövrəldim. Müəllim isə ayağa durub məni öpdü:

-  “5”, “əla”. Uşaqlar gördünüzmü Firəngiz nə gözəl dedi şeiri? Hətta şeiri o qədər dərindən  hiss eləmişdi ki, sonunda kövrəldi də. Bu idi Rus imperializmi, bu idi köhnə quruluş. İnsanları  it yerinə də qoymurdular. Bu şeirdə mollaların iç üzü də ustalıqla açılıb. Bir diqqət yetirin. Cəmiyyətimizin bu aşağı təbəqəsi  itin “mollaya 50 qoyun vəsiyyət edirəm” sözünü eşidəndən sonra, nəinki ölü köpəyə yasin oxuyub, hətta 40 gün yasın da tutub. Yaxşı ki, sovet hökuməti belələrini devirdi,  ifşa etdi və bizimçün, sizinçün gözəl bir həyat  yaratdı. Siz də bütün bunları qiymətləndirməli döşünüzdə əksini gəzdirdiyiniz Lenin babanın ideyalarına daim sadiq qalasınız.

“Beş”imi alıb yerimə oturdum. Mən isə Seyid Əzimin köpəyinə  yox, zavod direktorunun itinə nifrət edirdim, ölməsini arzulayırdım. Yox ona görə yox ki,  mənə 50 qoyun vəsiyyət eləmişdi. Sadəcə ac qala bilərdim. Qismətimi nəyinki ona vermək,  bölmək belə istəmirdim.

Dərs qurtardı. Yol boyu sevinirdim.  Axı, bu gün  dördüncü gün idi. Bütün sovet yeməkxanalarında, kafelərində  dördüncü gün “Balıq günü” adlanırdı.  Yəni ki, menyuda yalnız  balıq yeməkləri olmalıydı. Balığın xırda tıxları, qılçıqları da direktorun  itinin boğazında qalar deyə yeməkxananın müdiri anam nəsə götürəndə  dinmirdi. 

Anam bu dəfə də evə yorğun gəldi. Yenə acıqlı idi. İndi də avtobusda dava eləmişdi. Evə girəndə əlində həmişəki kimi çirkli çamaşır bağlamasıydı. Burnuma qəribə  iyrənc  qoxu gəldi. Ürəyim bulanmağa başladı. Anam da:

-  Bu camaat da qəribədir e... Avtobusa girmişəm hamısı burnunu tutub. Axırda bir kişi  xoruzlandı üstümə ki, bu nədir e, səndən iy gəlir. Dedim ki, ay qardaş, məndən yox – sumkamdan gəlir.  Çirkli əskilərdir, yuyub əlavə çörəkpulu qazanıram. Yəqin çağanın da əskiləri var içində, ona görə iy götürüb aləmi. Kişi nə desə yaxşıdır? “Deməli sən zəhmətsiz gəlirlə məşğulsan?  Sizin uçastkovınıza xəbər vermək lazımdır.” Yandırıb tökdü məni. Bunun harası zəhmətsiz gəlirdir axı? Hə... Firəngiz, qızım, sən də artıq böyük qızsan. Özün gözlərinlə görürsən də... İşdən yorğun-arğın çıxıram, gedib camaşırları götürürəm, avtobusla gətirirəm, qaynadıram, yuyuram, kraxmallayıram, ütüləyirəm, sonra da təzədən aparıb yiyəsinə verirəm. Aldığım pulu da yığıb kirayəmizi ödəyirəm. Bu zəhmətlə pul qazanmaq deməkdir, yoxsa “zəhmətsiz gəlir”? Bax, bu da mənim əllərim. Suyla oynamaqdan dərim açılıb. Zavodda da ev növbəm çatsaydı, tüpürərdim bu işə.

Anam əsəbindən partlayırdı. Ağlamırdı, hönkürmürdü. Az qalırdı ki, ürəyi yerindən çıxsın. Bağlamanı açıb ağları  çıxarıb yumaq da istəmirdi. Sanki iyrənmişdi.  Çirkli əskilərdən yox... həyatdan, mühitdən. Mən isə onu sakitləşdirməyə çalışırdım. Axı, o mənim bircəciyim idi. Anam idi, arxam idi. Çörək ağacım idi. Hər şeyim idi.  Mən isə “Mama ,  dur paltarını dəyiş. Ağları setkadan çıxarım. Yuyaq, - deyərək  onu avtobusda baş verənlərdən uzaqlaşdırmaq istəyirdim.  Bağlamanı açdım. İçindəkiləri bayıra tökəndə anam da gəlib çıxdı. Qanlı, selikli əskiləri bir-bir ayırıb baka basdıqda:

- Bıy.... yazıq gəlin. Ərini maşın vurub. Bütün günü ona qulluq edir. Açıq yaradır. Həkimlər də deyib ki, dörd ay yataqda qalmalıdır.

Anam yalan danışırdı. Çirkli paltarlarını, döşək ağlarını  yudurdan, qəpik-quruş verən bu meşşanlar indi də ayaqlarının arasından çıxanları  anama yudurtmaq istəyirdilər. Onun isə başqa əlacı yox idi. Anam əskiləri bakdan çıxarıb vannaya tökdü. Həyətə çıxıb kranın altına qoydu. Suyu açdı. Qanı, seliyi soyuq suda,  əlində yuyandan sonra gətirib yenidən  dəmir baka atdı.  Rütubət, buğ öz yerində, qan iyi də evi götürdü. Deməli hər aybaşı və ya ayın başı biz bu iyi də udmağa məhkum imişik.

*  * *


Həyatımız beləcə davam edirdi. Günü-günə calayıb irəli – kommunizmə gedirdik. Artıq orta məktəbi bitirmişdim. İnstituta isə daxil ola bilməmişdim. Nə tapşırtdırmağa adamımz, nə rüşvət verməyə pulumuz vardı. Ümidim zavodda fəhlə kimi  işə düzəlmək, partiyaya qəbul olunmaq,   sonra rabfak, yəni fəhlə fakültəsi yolu ilə  ali məktəbə daxil olmaq idi. Bu fakülətənin  ixtisarla adı çox qəribə idi.  “Rabfak”,  yəni ki, qullar fakültəsi. Mən isə filoloq olmaq istəyirdim. Ədəbiyyatı çox sevirdim.  Çox dedilər ki, şəfqət bacısı ol.  Qohum-qonşunun da dadına yetişərsən. Amma razılıq vermədim.  Qana, qan  iyinə xüsusi bir allergiyam vardı. Mülacəsi, əlacı  olmayan, qanlı əskilərdən yaranan bir xəstəlik.  

Anama da zavoddan birotaqlı mənzil vermişdilər. İçini də bir təhər düzəldib, ora köçmüşdük. Naşükür deyildik. Kirayə mənzilimizdən qat-qat yaxşıydı. Anam yenə də zavodda işləyirdi. Qabyuyan yox, artıq  yeməkpaylayan idi. Evə day artıq-urtuq yox, ərzaq gətirirdi.  Fəhlələrin yeməyindən kəsirdi. Məsələn bir qaba üç çömçə şorba tökməliydisə, sonuncu çömçədə yarısını kəsirdi. Bununla da ərzağa qənaət edirdi. Yeməyi evimizdə bişirirdik. Bizim də qazanımız qaynayırdı.  80-ci illərin axırıydı.  Qıtlıq təzə-təzə başlamışdı. Camaatın pulu çox, amma mağazalar boş idi. Anam onların da dadına çatırdı. Artıq qalan ərzağı baha qiymətə  sırıyırdı. Əvvəl biz başqalarının artığın  yeyirdik, indi isə onlar bizim “artığ”ımıza möhtac idilər. Nə olsun ki, pulları, qızılları çox idi. Bunu ki, yemək olmur.

 Qonşularımız imkanlı idilər. Arvadları da  forslarından cırılırdı. Fasonçun evdə it də saxlayırdılar. Demə, bu kubarlıq əlamətiymiş.

Instituta girə bilməsəm də arzuma çatmaq istəyirdim. Hər dəfə sənəd verəndə iş yerindən arayış tələb olunduğuna görə, anam məni zavoda kuryer düzəltmişdi.  Yəni ki, sənəd-sünəd daşıyan. Maaşım az olsa da, işimdən razıydım. Açıq havada çox olurdum. Zavodla nazirliyin arasında qalmışdım. Bir sözlə poçtalyon idim. Növbəti il də sənədlərimi universitetə verdim. Yazılı imtahandan “dörd” aldım. Ədəbiyyat şifahidə isə ilişdim. Daha doğrusu, Sabirin əzbərdən bildiyim şeirini axıracan deyə bilmədim. Çünki nifrət edirəm o şeirə.

-  Qızım, biletdə birinci sualın Sabirin “Fəhlə” şeiridir. Bəxtin gətirib. Bunu kim bilmir ki? De, qızım.

- Fələ, özünü sən də bir insanmı sanırsan?! 
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

Həqiqətən də şeiri əzbər bilirdim. Amma hər bəndin sonunda “Axmaq kişi, insanlığı asanmı sanırsan?” misrası təkrar olunanda anam, həyatımız gəlib dayanırdı göz önümdə. Sonuncu bəndə çatanda duruxub durdum. Artıq son bəndi deməyə gücüm, mənəvi taqətim çatmadı.  Müəllim də insafən gözlədi. Davam etmədiyimi görüb əsəbi şəkildə ayağa qalxdı. Yüksək pafos, əl hərəkətləri  və  intonasiyayla mənə xitabən:

-Asudə dolanmaqda ikən dövlətimizdən, 
Azğınlıq edirsiz də hələ nemətimizdən, 
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!


Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!

Ay qızım, adam da bu cür gözəl şeiri yaddan çıxarar? Bunu balaca məktəb uşağı da əzbər bilir. Sən isə ədəbiyyatçı olmaq istəyirsən. Çıx bayıra. “İki”.

İkinci cəhdim də beləcə uğursuzluqla başa çatdı.

* * *

1990-cı ilin qanlı  yanvarından sonra bütün Azərbaycan tətil elan elədi. O günəcən pis-yaxşı - zavod fəaliyyət göstərirdi. İndi isə tamam dayanmışdıq.  Şəhidlərin 40-ı çıxandan sonra isə zavod fəaliyyətini bərpa edə bilmədi.  Hazır məhsul anbarlarda yığılıb  qalmışdı.  Hərdən bir zavoda gedirdim. İş yoldaşlarımla görüşürdüm. Onlar da “Firəngiz bala, sənlik bir iş yoxdur. Get evə, anana bax. Keçən ildən maaşlarımız da gecikir. Olanda zəng edib deyərik”. 

Anamın isə  ayaqları ağrıyırdı. Gecələr zoqqultusundan yata bilmirdi. Qara günümüz  üçün  ayırdığımız pula dolanırdıq.  Adım  rəsmi olaraq  ştat cədvəlində getsə də, işə çıxmırdım.  Zavod qismən işləsə də, yeməkxananı tamamilə bağlamışdılar. Anamı da ixtisara salmışdılar.  Günlərin bir günü zəng elədilər ki,  bəs bizə kuryer də lazım deyil.  Anam təzyiq, ürək   xəstəliyi də tapmışdı. Fəhlələrin boğzından kəsərək yığdığı pular  isə  dava-dərmana  xərclənə-xərclənə gedirdi.

Günlərin bir günü anamın beyninə qan sızdı. İki gündən sonra isə rəhmətə getdi. Qohum-qonşunun köməyilə basdırdıq.  Mən 20 yaşlı qız  tək qaldım. Atam öləndə anamın heç olmasa mən qızı vardı. Mənim isə heç kimim yox idi.

***

Bayırda 1992-ci il idi. İş axtarırdım, tapmırdım. Hara gedirdim deyirdilər ki, bizdə ixtisarlar gedir, səni hara götürək? Beləcə günlər keçirdi. Pulum da qurtarırdı. Qapı-qapı düşüb iş axtarmağa başladım.

- Ay qız, nə istəyirsən?

- İş axtarıram.

- Nə bacarırsan?

- Paltar yumağı.

- Paltar yumağı? Paltaryuyan maşınımıza nə gəlib ki? Atırsan içinə, bir saata yuyr da, qurudur da verir sənə.

- Bilirsinizmi mənə iş çox lazımdır. Pul lazımdır. Lap qanlı əskilərinizi də yuyaram. Təki iş olsun.

- Nə qanlı əski? Sən hansı dövrdə yaşayırsan. Xüsusi, hazır,  qiqiyenik paketlərə nə gəlib ki... Xaricdən gətizdiririk.

Bu cavablardan mənən  ölürdüm.  Yaxşı ki, o vaxt paltaryuyan, gigiyenik paketlər yox idi. Yoxsa, anam məni necə böyüdərdi? Amma ümidimi üzmürdüm. Qapıları döyə-döyə gedirdim:

- Ay qız, nə istəyirsən?

-İş axtarıram.

- Nə bacarırsan?

- Ev yığışdırmağı.

- Tozsoranımıza nə gəlib. Özüm eləyirəm də... Day sənə niyə pul verim ki...

Ümid sonda ölür. Nəhayət ki, bir imkanlı adamın evində iş tapdım. Bəxtim deyəsən onda gətirmişdi ki, qapını evin xanımı yox, kişisi açmışdı.

- Ay qız, nə istəyirsən?

- İş axtarıram.

- Nə bacarırsan?

- Hər şey.

- Hər şey?

- Bəli. Hər şey.

- Onda gəl içəri.

Evə girən kimi balaca bir it hürə-hürə gəlib yapışdı ətəyimdən. Ayağımla itələyəndə zingildədi. Səsə kişinin arvadı gəldi.

-Aaz, iti niyə vurusan? Ayaqlarını qıraram a. Bu itdir e... adam deyil.  Ay kişi, bu kimdir?

- İş axtarır.

- Bunun kimi kobud adam üçün bizim evdə iş yoxdur.

- Yaxşı da, həyatım. Gəl iti ona tapşıraq, baxsın. Vaxtlı-vaxtında gəzməyə çıxarsın.  Həkimə aparsın, yeməyin versin, çimdirsin. Cütləşməyə aparsın. İyi götürüb evi.  Almayanda öldürürdünüz məni. Alandan sonra isə nə sən baxırsan, nə də uşaqlar. Bu itdir e... Bizim kimi canlıdır, başa düşürsən?

- Yox,  görmürsən ki, vəhşinin biridir. Az qalmışdı ki, öldürsün mənim Tuzzikimi, quzzikimi, muzzikimi.

Deməli, məni işə Tuzikə baxmaq üçün götürürlərmiş. Nə biləydim  bunu. Bilsəydim təpik vurardım ona. Ona yox e, çörək ağacıma. Tez dizi üstə çömbəlib, Tuziki qucağıma aldım, sinəmə sıxıb qucaqladım. “Ay mənim Tuzzikim, muzzikim, quzzikim, lastoçka moya, kostıçka moya ”deyə-deyə başladım əzizləməyə. İtin də deyəsən məndən xoşu gəldi. Başladı üzümü yalamağa. Bu səhnə arvadın da ürəyinə rəhm saldı.

- Yaxşı, qoy işləsin. Amma cütləşdirməyə özüm aparacağam. Bunu qıza etibar etmək olmaz.

Beləliklə, məni işə qəbul elədilər. Yaxşı da maaş kəsdilər. Hər gün səhər gəlirdim. İti havaya çıxarırdım. İki saat gəzəndən sonra qayıdırdıq. İtin ayaqlarını yuyub qurulayırdım. Tükünü darıyırdım. Mətbəxə keçib kənd beçəsini  ütürdüm. Qazana atıb qaynadırdım. Üstünə  kartof, düyü, kök əlavə edirdim. Soğandağını kərə yağında qızardırdım.  Sahibə dəfələrlə  tapşırmışdı ki, Tuzikin yeməyini  nəbadə semiçka yağında bişirəsən a... moment qarnı gedər. Bizim it kərə yağına öyrəşib. 

Əslində yağımız kərə yox, nehrə  yağıydı. Çünki yağ tapılmadığından xozeyin rayondan xüsusi olaraq camışın nehrə yağın gətizdirmişdi. Qudurasan Tuzik, camaat  günəbaxan yağı tapmır, bu isə nehrə yağına öyrəşib. Yeməyi bişirəndən sonra əti sümüyündən ayırırdım, suyundan da bir qaba çəkib içinə çörək tökürdüm. Çəngəllə əzib horra halına salırdım. Dadına baxıb duzunu, istiotunu əlavə edirdim.  Tuzikimin qabağına qoyurdum. Sahibə də  Tuzikin yeməsinə diqqətlə tamaşa edirdi.  Sonda “Yaxşı yedi, halal olsun. Dadlı bişirmisən. İndi özün də bir boşqab çək, ye. Sonra da çıxın gəzməyə” deyirdi.

Mən də Tuzikdən artıq qalan kənd beçəsinin boyun, qabırğa, qanad hissələrini boşqaba çəkib ləzzətlə yeyirdim.  Uşaqlığım yadıma düşürdü. O vaxt zavod direktorunun itinin artıq-urtuğuna qalmışdım, indi isə Tuzikə möhtac idim. Amma ovaxtkının ləzzətini vermirdi. Anamın əlindən yediyim artıqlar mənə xoş idi, Tuzikin əlindən çörək yeməyimsə ağır gəlirdi.  Amma neyləyim? Mənə o çörək verirdi. Tuzikin günorta yeməyi isə kolbasa idi. Doktorski, lyubitelski, Servelat, Moloçnıy, sosiska.  Tuziklə bir yerdə bu nemətlərdən o qədər dadırdım ki, məktəbdə sinif yoldaşlarımın gətirdikləri buterbrodlara baxan ac, həsəd dolu  gözlərim də doymağa başlamışdı.

Hər gün gəzməyə çıxırdıq. Açıq havada gəzməkdən yanaqlarım da çöhrələnmişdi. Hərdən Tuziklə bulvara da gedirdik.  Kaçelidə fırlanırdıq, dondurma yeyirdik, şəkil çəkdirirdik, gəmi gəzintisinə çıxırdıq. Mütəmadi həkimə aparırdım onu. Analizlərini verirdim. Nəcisində qurd tapılmayanda həkim sahibəmə zəng edib məndən razılıq da edirdi. Deyirdi ki, halal olsun, Fira Tuzikə yaxşı baxır. Tuziklə  bir-birimizə elə  bağlanmışdıq ki, gecə evə gedəndə zingildəyirdi, özünü ayağıma sürtürdü. Buraxmırdı məni. İş o yerə çatmışdı ki, sahibəm də  məni Tuzikə qısqanmağa başlamışdı. Bir iki dəfə rəfiqəsinin itiylə cütləşdirməyə  aparmışdı Tuziki.  Amma heç nə alınmamışdı. Tuzik özünü mənim ayaqlarıma sürtüb-sürtüb  yatırdı, bununla da rahatlıq tapırdı. Mən də dinmirdim. Nə olsun e... balaca itdir də. Nə olsun ki, erkəkdir. Kişi deyil ki... Dili-ağzı da yoxdur ki, sabah mən ərə gedəndə gəlib şantaj eləsin.  Yaxud da nişanlıma desin ki, mən sənin gələcək arvadının ayağını hələ o vaxt... Yaxud da, “ay filankəs, sən mənim artığıma qalmışdın?” desin.

Nəsə... günlərim, illərim  beləcə keçirdi. Özümə xarici vətəndaşlıq pasportu almaq istəyirdim. Amma alınmırdı. Çünki gecədən pasport verilən idarənin qabağına getməliydin. Əlinə nömrə yazdırıb növbəyə dayanmalıydın. Gündüz saat ikiyəcən gözləməliydin. Sonra xoşbəxtlik nəsib olsa içəri keçib sənədlərini verməliydin. Bir aydan sonra isə yenidən pasport almaq üçün bu cəhənnəm əzabından bir də keçməliydim. Mənim isə buna vaxtım yox idi. İşim-gücüm vardı. Mən Tuzikə baxırdım. Hətta onun məşuqəsi də sayıla bilərdim. Yaxşı ki, heç kim bilmirdi. Yoxsa biabır olardım. Yarım saat geciksəydim evdə aləmi qatırdı bir-birinə.  Səsinə qonşular tökülürdü. Mən gələn kimi sakitləşərdi, ləhləyərdi, ağzının suyu axardı. Özünü, üzünü ayaqlarıma sürtüb sakitləşərdi.

Günlərin bir günü evin sahibi dedi ki, “bəs məni teatra direktor qoyublar. Gəl səni qarderoba düzəldim, işlə. Həm rəsmi işin olsun, həm də axşamlar neyləyirsən ki, get otur orda. Əlavə maaşdır da cibini deşmir ki... Özü də bu iş bütün teatrlarda ən vacib sahə sayılır. Çünki teatr qarderobdan  başlayır”.

Düzünü desəm, sevindim.  Onsuz da evə gedəndən sonra darıxırdım. Təklikdən divarlar üstümə gəlirdi. Mətbəxdə kranı açırdım ki, suyun şırıltısı həmdəmim olsun. Gün boyu Tuzikə baxmaqdan  nəinki yorulmurdum, əksinə dincəlirdim, həzz alırdım. Ona görə də razılaşdım. Beləcə  21 yaşında teatrın qapılarından içəri girdim. Zala daxil ola bilməsəm də, başlanğıc üçün yaxşıydı. Qarderob çox məsuliyyətli yer idi.  Mən ömrümdə bu qədər bahalı qadın şubası, dublyonka görməmişdim. Biri  itsəydi, ya səhv versəydim dərimə saman təpərdilər. Amma məəttəl qalırdım ki, necə olur camaatın yüz minlik malını adama etibar edirlər, amma cəmi üç şirvan   maaş ödəyirlər.

Qış  vaxtı idi. Sahibim mənə əvvəlcədən bir aylıq maaşımı verib dedi:

- Fira, get bir ay dincəl. Biz sabah Dubaya, ordan da Misirə gedirik. Dincəlməyə. Nəsə dənizdə çimməyim gəlir.

- Bəs Tuzik?- deyə həyəcanla soruşdum.

- Tuziki də aparırıq. Bax pasportu da var, sağlamlıq kağızı da. Hələ familiyası da. Mənim familiyamı götürüb – Tuzik Məmmədov.

Bir anlıq özümü təhqirolunmuş kimi hiss etdim. Mən -  adı, familiyası, atasının adı, milliyyəti olan Azərbaycanlı  - vətəndaşlıq pasportu ala bilmirəm, Tuzik bəs necə aldı? Yaxşı, görəsən pasportda atasının adı, milliyyəti nə yazılmışdı? Heyf ki, utandım alıb baxmağa.

- Yaxşı yol sizə. İstəyirsinizsə, Tuzik mənimlə də qala bilər.

- Bizimlə getsə yaxşıdır, istəyirəm o da qışın bu günündə günəş vannası qəbul etsin, dənizdə çimsin.

Bir anlıq Tuzikə paxıllıq etdim. İnsan olmağımdan xəcalət çəkdim. Bilirsinizmi, necə də onun yerində olmaq istərdim? Təyyarəyə minərdim, dənizdə çimərdim, xarici ölkələri gəzərdim. İt həyatı necə də gözəlmiş, ilahi. 

Tuziklə sağollaşıb evdən çıxdım. Düz dayanacağacan səsi kəsilmədi. Sanki “Fira, Fira, məni tək qoyub hara gedirsən?” deyirdi. Evə gəldim. Qanım qara idi. Tuzikçünmü darıxırdım. Yox, deyəsən buna bədii ədəbiyyatda xiffət deyirlər. İtə çox bağlanmışdım.

Səhəri gün  tezdən telefonum zəng çaldı. Sahibəmgilin qonşusu idi. Xahiş elədi ki, nə qədər qonşular yoxdur, onun itini gəzməyə çıxarım. Razılaşdım. Onsuz da boş idim. Beləcə, hər səhər  gedib qonşunun Reksini gəzməyə çıxarırdım. Tuzik çatmasa da, Reks də özünü yaxşı aparırdı.  Ona baxmağa görə pulu da çox verirdilər. Amma Tuzikin mehribanlığına çatmazdı. Beləcə bir ay keçdi. Səhər Reksi gəzintiyə çıxaranda qapıda maşın dayandı. Sahib və Sahibəm avtomobildən düşdü. Tuzik  məni görüb sahibəmin  qucağından  özünü yerə atdı. Mənə tərəf bir-iki addım irəliləyib dayandı. Gözlərini Reksə zillədi. Bir dəfə hürdü. Reks də iki dəfə hürməklə cavab verdi. Tuzik də yenidən sahibənin qucağına hoppandı. Mənim çağırışlarıma əhəmiyyət də vermədi.

Səhəri gün köhnə iş yerimə gəldim. Qapını döydüm. Həmişə Tuzikin səsin eşidirdim, amma. Sahibəm qapını açdı və acıqlı surətdə:

- Çıx get. Day sən bizə lazım deyilsən. Tuzik yoxdur. Apardıq basdırdıq. Ay qancıq, sənə demişdim axı, bu itdir, insan deyil. Pulunu da əvvəlcədən vermişdik ki, ac qalmayasan. Nə olmuşdu ki, gərək Reksi gəzdirəydin?  Biz insanlar xəyanətə bir təhər  dözürük, amma itlər bizim kimi deyil. Çox sədaqətlidirlər. Lazım olsa çörəklərini də yarı bölürlər, son tikələrini də. Get.

Gözlərimdə yaş gilələndi.  Tuzikin basdırıldığı yerə gəldim. Onunla çəkdirdiyim şəkli məzarının üstünə qoydum. Üstünə də bu sözləri yazdım:

İt demə, ol dəxi birimiz,

Belə Tuziklərə qurban minimiz

O gündən on il keçib. Indi də bir vaxtlar Tuzikin sayəsində işə düzəldiyim teatrda - qarderobda işləyirəm. Ərə də getməmişəm. İstəyənim olub. Amma “hə” deməmişəm. Tuzikin mənə olan məhəbbəti, vəfası yadımdan çıxmır. Hər axşam teatr nümayişindən sonra qarderobda  qırılıb yerə  düşən düymələri bir qaba yığıram.  Hər düymənin hansı gün, hansı tamaşadan sonra  yığdığımı əzbər bilirdim. Çoxaldıqca yadda saxlamağım da çətinləşdi. Bir taxta lövhə düzəltdim. İynəylə hər birini  taxtaya taxdım. Altından tarixini, tamaşanın adını yazdım, bu gün də yazıram. Fikirləşirəm ki, ola bilsin  yiyələri itən düymələrinin dalıyca nə vaxtsa qayıdacaqlar.  Amma hələ ki, gələn yoxdur. Düymələrim isə artmaqda davam edir.

 Uşaqlıqda kolleksiya yığan həmyaşıdlarıma həsədlə baxırdım.  O vaxt xarici pulları  yığan Azad artıq beynəlxalq bir bankın prezidentdir,  adına dollar Azad deyirlər. Balaca maşınların kolleksiyaçısı Fəxrinin böyük maşın firması var, hamı onu Xammer Fəxri çağırır.  Siqaret qutuları toplayan İlham tütün fabrikinin sahibkarıdır. Mən isə  düymə kolleksioneriyəm. Adıma da Düyməcik Firəngiz deyirlər. Axır ki, uşaqlıq arzuma çatmışdım. Tuzikimin köməkliyi ilə.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI