Modern.az

«Rusiya, ABŞ və Fransanın təzyiqləri Türkiyənin mövqeyini dəyişə bilmədi»

«Rusiya, ABŞ və Fransanın təzyiqləri Türkiyənin mövqeyini dəyişə bilmədi»

21 May 2010, 18:42

«Hazırda bölgəmizdə beynəlxalq geosiyasi vəziyyət elə sürətlə dəyişir ki, 6 aydan, hətta 3 aydan sonra hansı vəziyyətin yaranacağını proqnozlaşdırmaq çox çətindir. Ancaq gerçəklik ondan ibarətdir ki, bölgədə Türkiyə və Azərbaycan güclənir».

Bu fikirləri Modern.az saytına açıqıamasında millət vəkili Gültəkin Hacıbəyli bildirib. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda həm iqtisadi potensialına, həm hərbi gücünə görə lider ölkədir: “Türkiyə də bölgədə ciddi oyunçuya çevrilməkdədir və proseslərin inkişafı sübut edir ki, bu gün bölgədə heç bir siyasi proses Türkiyənin iştirakı olmadan dəyişə bilməz. Bu baxımdan, tam qətiyyətlə demək istəyirəm ki, Ermənistan gec-tez bu siyasi vəziyyətlə barışmağa məhkumdur. Ermənistan Azərbaycan və Türkiyə ilə qonşuluqda yaşayacaq, bu reallıqdan qaça bilməz və Türkiyənin də, Azərbaycanın da iqtisadi inkişafını önləmək gücündə deyil. Əminəm, gec-tez bu situasiyanın özü o ölkəni reallıqlarla barışmağa sövq edəcək və bu reallıqlar da ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası deməkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpası isə, təbii ki, gələcəkdə Cənubi Qafqazda sülhün təntənəsinə gətirib çıxaracaq. Ermənistan anlamalıdır ki, Türkiyə və Azərbaycanla əməkdaşlıq qurmadan bu ölkənin bölgədə perspektivi olmyacaq. Ermənistan heç də hər zaman Rusiyanın for-postu kimi bu ölkədən aldığı dotasiyalar hesabına mövcudluğunu saxlaya bilməyəcək. Ona görə ki, Ermənistan artıq Rusiyanın özü üçün bir yükə çevrilib». Millət vəkilinin qeyd etdiyinə görə, sağlam qüvvələrin mövqeyi gücləndikcə, Ermənistan Azərbaycan və Türkiyə ilə düşmən mövqeyində qalmaqla, Azərbaycan ərazilərini işğal altında saxlamaqla, Türkiyəyə də qarşı ərazi iddialarını irəli sürməklə, bölgədə mövcudluğu sual altına duşəcək: «Bu baxımdan hadisələrin inkişafı sübut edir ki, yaranmaqda olan, ilk işartıları görünən yeni geosiyasi reallıqlar Azərbaycanın xeyrinədir, mənafelərinə uyğundur və belə bir şəraitdə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən geri çəkilməlidir. Baxın, son dövrlər dünyanın bütün gücləri Türkiyəyə təzyiqlər etdilər, ABŞ, Fransa, Rusiya kimi supergüclər sərhədlərin açılması ilə bağlı bütün mümkün təzyiq rıçaqlarını işə saldılar. Bunun qarşılığında Türkiyə geri çəkildimi? Xeyr. Bu, artıq Türkiyənin siyasi gücünün göstəricisidir və Ermənistan bununla hesablaşmalıdır. Azərbaycan Prezidentinə, Azərbaycan tərəfinə münaqişənin həll ilə bağlı böyük təzyiqlər edildi. Minsk qrupunun həmsədrləri, Azərbaycanın güclü qonşuları tərəfindən edilən bu təzyiqlərin qarşısında Azərbaycan prezidenti geri çəkildimi? Xeyr. Bu hadisələr bir daha sübut etdi ki, bu gün Ermənistanın maraqlarından çıxış edən qüvvələr nə qədər çalışsalar da belə, Azərbaycana və Türkiyəyə Ermənistanın mənafelərindən qaynaqlanan istəklərini diqtə etmək gücündə deyillər. Bu gün Türkiyə və Azərbaycan kifayət qədər güclü dövlətlərdir. Buna görə də Ermənistan gec-tez  Azərbaycan ərazilərini boşaltmağa məhkumdur. Bu zaman Azərbaycanın hərbi gücdən istifadə etməsinə ehtiyac qalacaqmı və ya münaqişə daha rahat bir şəkildə öz həllini tapacaqmı, bunu, yaranacaq geosiyasi reallıqlar diqtə edəcək».  

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir