Modern.az

ANS-in aparıcısı "Azərbaycan" qəzetinə cavab verdi

ANS-in aparıcısı "Azərbaycan" qəzetinə cavab verdi

22 May 2010, 13:34

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 21 may sayında Xalid Niyazovun müəllifliyi ilə “ANS-in qisası yaxud "dörd pəri"nin "ideal" qonağı” adlı məqalədə ANS telekanalının rəhbərliyinə və bu kanalda yayımlanan "Zərif çərşənbə" verilişinin aparıcılarına qarşı bir sıra ittihamlar irəli sürülüb."Zərif çərşənbə" verilişinin aparıcılarından biri olan tanınmış jurnalist Sevil Nuriyeva "Azərbaycan" qəzetinə cavab verib.


"DAĞ MƏHƏMMƏDƏ SARI GETMƏYƏNDƏ...
Jurnalist Xalid Niyazova açıq məktub


Mehmet Əli Birandla müsahibə sizi niyə bu qədər qəzəbləndirdi anlaya bilmədim. Bir-iki qəzetdə, xüsusilə də rəsmi dövlət qəzeti olan “Azərbaycan”da bir jurnalist qəzəbinə tuş gəlməyim məni həm düşündürdü, həm də ilk dəfə olaraq açıq məktub yazmaga sövq etdi.

Hörmətli həmkarım, sizin istifadə etdiyiniz üslubdan uzaq dayanıb sadəcə sadə həqiqəti sizinlə paylaşmaq istəyirəm. Və sizdən fərqli olaraq Azərbaycan kişisinə layiq olmayan tərzdə Azərbaycan xanımlarına nümayiş etdirdiyiniz üslubun yerinə Azərbaycan xanımının şərəfinə yaraşan şəkildə sizinlə danışacam.

Sizin Türkiyənin məşhur jurnalistlərindən olan Mehmet Əli Birandla müsahibəmizə rəsmi dövlət qəzetimiz olan “Azərbaycan”dan səslənməniz məni sarsıtdı. Mən Türkiyə mətbuatında yeri və populyarlıgı ilə seçilən, dünyanın bir çox önəmli hadisələrini jurnalist kimi bilavasitə görən, tarixi-siyasi hadisələrin episentrində olan ölkəsində siyasi hava yarada bilən tanınmış bir jurnalist haqqında düşüncələrinizi təftiş etmək fikrindən uzagam. Çünki nə Birandın, nə də bir başqasının vəkiliyəm. Amma mənim Dövlətini və Millətini sevən bir insan olaraq Biranda duyduğunuz şəxsi kinin nəticəsi kimi jurnalist, vətəndaş borcumu yerinə yetirmək cəhdimə kölgə salmaq arzunuza məmnuniyyətlə cavab verirəm.

Mehmet Əli Birand sizin anlaya bilmədiyiniz şəkildə öz cəmiyyəti üçün önəmli statusdur. Bu status ciddi mənada rəy yaratmaq, fikir formalaşdırmaq iqtidarındadır. Sizdən fərqli olaraq mənim üçün Azərbaycanın milli maraqları şəxsi maraqlardan çox-çox üstündür. Odur, ki Sizə müsahibə verməyib deyə Azərbaycanın əleyhinə kiçik qığılcım ola biləcək Birand statusunda hər kəsin, sizin təbirinizcə desəm, üzünə əlimdəki faktları çırpmaq kimi tərbiyə yiyəsi deyiləm. Əksinə Sizi bu qədər qəzəbləndirən adamı neytrallaşdırmaqla, onun dolayı yolla səhvini etiraf etdirməklə, Azərbaycan və Türkiyə münasibətlərinin əleyhinə olanların deyil, bu birliyi arzu edən Dövlətimizin maraqlarına xidmət etdiyimizi düşünürəm.

Siz məni Birandın üstünə sərt şəkildə getməməkdə ittiham edirsiniz. Yəni siz elə hesab edirsiniz ki, Türkiyəyə səfəri zamanı brifinqdə onun üçün yaradılmıs mürəkkəb vəziyyətdən öz təmkini və soyuqqanlığı ilə çıxan akademik Ramiz Mehdiyevdən ağıllısınız? Mən Mehmet Əli Birandın da qatıldığı o brifinqdə Ramiz Mehdiyevi diqqətlə müşahidə etdim. Və həmin brifinqdə o hansı tərzdə Birandın hiyləgər manevrlərini qarşıladısa, pəri adlandırdığınız “Zərif çərşənbəlilər” də həmin ağayanalıqdan bəhrələndilər. Çünki Sizdən fərqli olaraq Ramiz Mehdiyev ilk növbədə özünü yox, Azərbaycan və Türkiyə kimi iki qardaş dövləti, münasibətlərimizin və strateji tərəfdaslığımızın gələcəyini düşünürdü.

Sizə müsahibə verməkdən imtina edən Biranda görə qəzəbinizi bizə yönəltmənizə bir anlam verə bilmədim. Tutaq ki, lap elə o sizi jurnalist saymayıb, bəs bunun günahını bizdə niyə axtarırsınız? Doğru deyirsiniz, Birand çəkidə insanlar tərəf müqabilini özləri seçər. Bu mənim qəbahətim deyil ki, Birand öz çəkisinə görə tərəf müqabili seçib.

Sizin qəzəbinizə mənim Prezidentlə bağlı səmimi fikirlərim də tuş gəlib. Soruşursunuz ki, bu haqqı mənə kim verib? Mənə bu haqqı Prezident İlham Əliyev özu verib. Çunki o özü deyib ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Mən də bir Azərbaycanlıyam, deməli o həm də mənim prezidentimdir. Siz milli maraqlara xidmət etmək istəyən, Azərbaycan və Türkiyə münasibətlərini həyati əhəmiyyəti vacib sayan xanımların nümayiş etdirdiyi səmimiyyətə qəzəblənirsiniz. Amma əmin olun ki, Birand çəkidə jurnalisti zərərsizləşdirmək və bununla da onun Azərbaycana münasibətini səmimiyyətə çəkmək, daha doğrusu əleyhimizə danısan daha bir ağzı bağlamaq Azərbaycana daha böyük xidmətdir.

P.S. Amma mən bir şeyi anlaya bilmədim. Mənim verilişimə görə niyə sizə zəng vururlar və sizdən nə istəyirlər?

P.P.S. Yəni siz doğrudan başa düşmürsünüz ki, bu verilişi yalnız “Zərif Çərşənbə” grupu hazırlayıb və bizim verəcəyimiz sualların məzmunundan ANS-in rəhbərliyinin xəbəri yoxdur. Biz tamamilə başqa tərzdə çalışırıq. Amma siz bunu çətin ki, başa düşəsiniz. Təəssüf.

Sevil Nuriyeva, ANS

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?