Modern.az

“Yaşlı nəslin bəzi təmsilçiləri dili bilmir”- Gənclərdən ittiham

“Yaşlı nəslin bəzi təmsilçiləri dili bilmir”- Gənclərdən ittiham

Ədəbi̇yyat

11 Fevral 2014, 12:25

Çağdaş Azərbaycan ədəbiyyatı özünün həqiqətən də maraqlı bir dövrünü yaşayır. Ötən onilliklərə nisbətən bu on illikdə ədəbiyyata maraq kəskin surətdə artıb. Xüsusən də gənc yazarların ədəbi arenada aktivliyi ədəbiyyatı başqa sahələrdən fərqləndirir. Məsələn ədəbiyyat sahəsində aktiv fəaliyyət göstərən gənclər elm sahəsində çalışan həm yaşıdlarını  dəfələrlə üstələyir. Amma bu amilin özü də bu gün ədəbiyyata zərbə vuran məqamlardandır. Belə ki, ədəbi sənətkarlıq, dərin mütaliə, intellekt və istedaddan kənar olan gənc yazarlar özlərini gündəmdə saxlamaqdan ötrü bir çox yollara əl atırlar. Çatışmazlıqlar isə çoxdur. Onlardan biri də gənc yazarların ana dil bilgisi ilə bağlıdır. Lüğət fondları o qədər də geniş olmayan gənclər öz yazdığı “əsərlərlə” dilə də zərbə vurular.

Modern.az-ın  keçirdiyi sorğuda bu məqama diqqət yetirib: Bu gün gənc yazarların ana dil bilgisi qane edicidirmi? Yazılarında Azərbaycan dilinin ifadə imkanlarından istifadə edə bilirlərmi?

Öncə gənc yazarlar

Emin Piri: “Bu dil imkanlarından istifadə etməyənlər dilin zəngin olmadığını bildirirlər. Təbii ki. müəyyən arqumentlər gətirirlər. Amma hesab edirəm ki, bunlar uğursuz arqumentlərdir. Ən azından bir rayona gedib o kənddəki şəhərdə işləməyən zənginlikləri görsələr əslində dilin düşündüyümüzdən daha zəngin olduğunu görərlər. Burada bir çox alimlərin də səhvi var ki,  bu qədər genişliyi və sözləri toplamayıblar və yaxud bacarmayıblar”.

Bahadur Qobustan: “Sözün düzü mən son zamanlar oxuduğum bir neçə gənc şairin şeirlərindən şübhələnməyə başlamışam. Elə bil hansısa ingilis şeirini Google transleyit-lə tərcumə edib ora-burasını düzəldiblər. Xüsusən şəhər mühitində  böyümüş yazarlar bir dənə də olsun dialekt-şivə sözlərdən istifadə etmir. Yeni söz isə ümumiyyətlə yaranmır. Azərbaycan sözü bir tərəfə heç Azərbaycan ruhu da görsənmir çox yazılarda. İstedadlı və dilə xidmət etmək istəyən gənc yazarlar barmaqla sayılacaq qədərdir”.  

Ramil Əhməd: “Məncə, bu problemin başlıca səbəbi gənc yazarın filoloji təhsilinin olmamasıdır. Yazıçı süjeti, ideyanı oxucuya dil vasitəsi ilə çatdırır. Ola bilər ki, ideya, mövzu maraqlıdır, ancaq dil çox pisdir. Azərbaycan dilinin imkanlarının məhdud olduğunu düşünmürəm. Bu dillə çox yaxşı əsərlər yazılıb, yazılır və yazılacaq. Gənc yazarları çox sıxmaq lazım deyil. Çünki gənc yazarın öyrənmək üçün imkanı daha çoxdur. O, həmişə maraqlı bir əsərlə səni təəccübləndirə bilər”.

Kamal Yaşar: “Dilin imkanlarından istifadə  üçün öncə  dilin imkanlarına bələd olmaq lazımdır. Məhz,  bu kasadlıq səbəbindən yazarların çoxu alternativ "üslub" və "ifadə vasitələri"nə əl atır. Bu gün yazılarda ən çox da vulqar ifadələrdən bu və ya digər formada istifadələr nəzərə çarpır. Bu isə səriştəsizlikdən və söz, təsvir, fikir ehtiyatının azlığından qaynaqlanır. Çarə sadəcə dilin imkanlarını öyrənmək, yeterincə ədəbiyyat oxumaq, film izləmək və digər  alternativlərdən yararlanmaqdadır”.   Orta nəsil yazarları da gənclərin dil bilgisizliynə toxundular:    

Ehtiram İlham: “Gənc yazarlar bu gün çox böyük bir həvəslə yazıb yaradırlar ki, bu-sevindirici bir haldır... Sevindiricidir, həm də ona görə ki, bu gənclərin içərisində istedadlı gənclər çoxdur və onlar səmimi şəkildə əsl ədəbiyyatı duyub onun hansı gücə və təsirə malik olduğunu bilirlər. Məhz bunu bilən gənc yazarların yazılarında dilimizin şəhdi-şirəsini hiss etmək olur...Həm də axı bədii ədəbiyyatın dil hadisəsi olması barədə qəbul olunmuş bir düşüncə də mövcuddur. Bu baxımdan Qərb ədəbiyyatı təsirilə yazan gənc yazarların əsərlərində sxematiklik gözə daha çox dəyir. Amma çoxəsrlik türk milli poeziyası ənənələri ruhunda yazan gənc yazarların qələmə aldığı əsərlərdə ana dilimizin imkanlarından daha dolğun istifadə olunduğu göz önündədir. Bu bir həqiqətdir ki, bizim hətta orta və yaşlı nəslin yazarları arasında belə ana dilimizdən xəbərsiz hətta tanınmış qələm adamları da var. Sadəcə bir həqiqət – ana dilinin gözəlliklərini və incəliklərini yaxşı bilmədən , ondan istifadə də etmək çətin olar”.

Əvəz Qurbanlı: “Ümumi səviyyənin aşağı olduğunu desəm, yeni bir şey söyləməyəcəm. Bilirsiz, indi gənc yazar adıyla saysız-hesabsız qələm götürən var. Hansının yazar olduğunu müəyyənləşdirmək üçün böyük vaxt lazımdı. Ələnib qalacaq yazarların kimliyi mənə maraqlıdır. Oğurluq-doğruluq fikirlərlə boldu gənc ədəbiyyat. Yeni fikir axtarıram, demək olar  ki, tapmıram. Klassiklərimizin dəfələrlə dediyi fikirləri gənclər təkrar edirlər, sonra da hay-küy salırlar ki, bəs guya təzə söz demişik”.

 

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı