Modern.az

Atəş nöqtəsində bir gün... (fotosessiya)

Atəş nöqtəsində bir gün... (fotosessiya)

22 May 2010, 16:47

Mayın 21-də Müdafiə Nazirliyinin təşəbbüsü ilə bir qrup jurnalist və QHT nümayəndəsi cəbhə xəttində yerləşən “N” saylı hərbi hissəyə səfər edib. Modern.az-ın əməkdaşı olaraq cəbhə bölgəsinə yollanan qrup arasında olmaq, barıt qoxuyan səngərlərə baş çəkmək mənim üçün xoş idi. Axı özüm də cəbhə bölgəsində xidmətdən bir müddət öncə tərxis olunmuşam. Bakıdan cəbhə bölgəsinə yola düşəndən xeyli sonra, yolda öyrəndim ki, Müdafiə Nazirliyi bizi Tərtər istiqamətindəki “N” saylı hərbi hissəyə aparır. Təsadüfə bir bax, mənim həqiqi hərbi xidmət keşdiyim hərbi hissəyə gedirdik. Deməli bu dəfə ora hərbçi kimi deyil, jurnalist olaraq gedirdim. Komandirlərimi, mənə doğma olan hərbi hissənin şəxsi heyətini, bir vaxtlar saatlarla dayandığım səngərləri yenidən görəcəkdim...   Bizi hərbi hissənin komandiri polkovnik-leytenant Dadaş Abdullayev və şəxsi heyət qarşıladı. Hərbi hissədə bizdən başqa da qonaqlar vardı. Gəncədən incəsənt nümayəndələri əsgərlərə konsert verməyə gəlmişdilər. Hərbi hissədə bizə hərbi paltar verdilər, təlimatlandırdılar ki, ehtiyatlı olmaq lazımdır, bura cəbhə xəttidir. Mətbuat və QHT nümayəndələri ön xətdə qulluq edən əsgərlərin yataq, yemək şəraitləri ilə tanış odular. Bizə əsgərlərlə söhbət etməyə şərait yaradıldı. Bir qədər sonra səngərlərdəki şəraitlə də tanışlığa imkan yaradıldı. Düşmənlə 3 km-lik məsafəsdə yerləşən səngərlərə yollandıq. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu da bizimlə idi. Dedi ki, səngərləri gəzəndən sonra Müdafiə Nazirliyi ilk dəfə olaraq cəbhə xəttində mətbuat konfransı təşkil edəcək. Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri də bizi müşayiət edirdilər. Mənə tanış səngərləri yenidən gördüm, qarşıdakı düşmən mövqelərini təkrar müşahidə etdim. Səngərlərdə dayanan, qorxu-hürkü bilməz əsgərlərimizin kefi kök idi. Bizimlə söhbətlərdə döyüşə hər an hazır olduqlarını vurğulayırdılar.

Həsənqaya yaşayış məntəqəsində, düşmənlə çox yaxın bir məsafədə mətbuat konfransı təşkil olundu.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu dedi ki, birinci dəfədir düşmənlə çox yaxın bir məsafədə və eyni zamanda palata şəraitində mətbuat konfransı keçiririlər. “Biz buna çox böyük əhəmiyyət veririk. Əsas məqsədimiz ondan ibarətdir ki, QHT-lər və KİV nümayəndələri ordu ilə cəmiyyət arasında mövcüd olan körpünu möhkəmləndirsinlər, orduda olan müvəffəqiyyətləri, baş verən yenilikləri xalqımıza çatdırsınlar. Belə mətbuat konfranslarının cəbhənin digər bölgələrində də keçirmək arzusundayıq”.

Eldar Sabiroğlu bildirdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçun hər bir azərbaycanlıdan müsəlləh əsgər olmaq tələb olunur. “Cənab Ali Baş Komandanın səsləndirdiyi bir fikri diqqətinizə çatdırmaq istərdim: “Biz daha bundan sonra torpaqlarımızın işğalda qalmasına dözə bilmərik”. Bununla biz qarşımıza çox böyük vəzifəni qoymuş oluruq”. E.Sabiroğlu müharibənin davam etdiyini və ikinci Qarabağ savaşı olacaqsa, bunun düşmənin məğlubiyyəti olacağını vurğuladı. “Bu gun elə bir müasir silah yoxdur ki, bizim Milli Orduda olmasın. Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin  ilbəil güclənməsindən bərk narahatdırlar. Əlbəttə yaxşı olardı ki, torpaqlarımızı sülh yolu ilə azad edəydik, əks təqdirdə ordumuz müharibə aparmağa qadirdi”. E. Sabiroğlunun sözlərinə görə, ölkənin hərbi təhsil müəssisələri o səviyyədə inkişaf edib ki, bəzi xarici ölkələr artıq öz vətəndaşlarının hərbi təhsil alması üçün Azərbaycana müraciət edir: “Artıq Azərbaycan Hərbi Məktəblərində iki ölkənin vətəndaşları hərbi kadr kimi yetişdirilir”.

“Azərbaycan Ermənistandan bütün aspektlərdə üstündür və bu müharibə olacağı təqdirdə özünü açıq şəkildə göstərəcək”-deyən Müdafiə Nazirliyinin sözçüsü bildirdi ki, ilin əvvəlindən cəbhə xəttində 280 dəfə atəşkəs pozulub, bu pozuntulardan 33-ü Tərtər rayonunda qeydə alınıb.

“Düşmən ara-sıra beş-on tankı, üç-dörd topu atəş nöqtəsinə çıxarmaqla, hansısa fon yaratmağa, necə deyərlər, «biz də varıq» deməyə çalışır. Biz də hərbi təlimlər keçiririk, amma məqsədimiz kiməsə nəsə göstərmək yox, ordumuzun döyüş qabiliyyətini artırmaqdır. Onlar nə qədər təlim keçirlər keçirsinlər, 2008-ci ilin martında, indi dayandığımız istiqamətdə üzləşdikləri itki ordularının döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoydu”.

E.Sabiroğlu dedi ki, atəşkəs dövründə düşmən gülləsi ilə neçə əsgərimiz şəhid olursa, qarşı tərəf bundan üç dəfə artıq itki verir. Amma Ermənistan Ordusunun rəhbərliyi bu məlumatları bacardığı qədər gizləməyə çalışır. Atəş nöqtəsindəki mətbuat konfransı başa çatandan sonra səngərlərdən hərbi hissəyə, oradan da geriyə-Bakıya qayıtdıq. Torpaqlarımızı tezliklə işğaldan azad etmək inamıyla...

 

Modern.az-ın əməkdaşı kimi bura gəlməzdən əvvəl də bu səngərlər mənə tanış idi. Burada qulluq etmişdim.

 

Düşmən mövqeyi ilə bizi 3 km metr məsafə ayırır.

 

Bu dəfə əsgər kimi deyil, jurnalist olaraq ermənilərin hərbi avtomobillərini müşahidə edirəm. 

 

Cəbhə xəttində qulluq edən fədakar əsgərlərimiz.

 

 

Hərbi hissədə bizi yaxşı qarşıladılar.

 

 

 

 

Hərbi hissədə vur-çatlasın, əsgərlərə konsert verilir.

 

Bayırdakı hay-küy onları maraqlandırmır. Qarovuldan gələnlər dincəlməlidirlər.

 

Yataq yerləri.

 

Keşikdə.

 

Solda dayanan əsgər hərbi xidmətə gəlməzdən əvvəl Az TV-nin əməkdaşı olub. 

 

Səngərlərə getməyə hazırıq.

 

Hərbi hissə komandiri polkovnik-leytenant Dadaş Abdullayev jurnalistlər və QHT nümayəndələrilə söhbət edir. 

 

Polkovnik Vaqif Məmmədov hərbi hissənin qonaqlarını təlimatlandırır: "Hamı diqqətli olmalıdır".

 

Səngərdəki əsgərlərimiz üçün isti yeməklər hazırlanıb.

 

Hərbçilərin "suxoy" yeməyinə baxış.

 

Uzaqda erməni hərbçilərinin işğal etdikləri Azərbaycan kəndidi.

 

 

Bu hərbi avadanlıqla 2000 metrlik məsafəni gözləmək olur.

 

 

Düşmən nəzarətdədi.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu: "Arxadan gələnlər, başınızı səngərdən bayıra çıxarmayın".

 

Səngərlərdəki əsgərlərlə görüşə gedirik. 

 

 

Jurnalistlər və QHT nümayəndələri səngərləri gəzirlər.

 

Səngərdəki Azərbaycan əsgəri: "Qorxu-hürkü bilmirik".

 

Tərtər çayı. Çayın o üzünə ermənilər nəzarət edirlər.

 

İctimai Televiziyanın əməkdaşları döyüş bölgəsindən reportaj hazırlayırlar.

 

"Lider" TV səngərdə müsahibə alır.

 

ANS-in Qarabağ bölgəsi üzrə müxbiri Şahin Rzayev iş başında.

 

Soldakı "Xəzər" telekanalının bölgə müxbiridi.

 

"N" saylı hərbi hissənin komandiri Dadaş Abdullayev (ortada) məni bu hərbi hissədə qulluq edəndən yaxşı tanıyırdı.

 

APA-nın bölgə müxbiri Teymur Zahidoğlu (sağda) da Müdafiə Nazirliyinin sözçüsü ilə şəkil çəkdirir.

 

Hərbçilərimiz düşmən mövqelərini müşahidə edirlər.

 

Eldar Sabiroğlu və mən.

 

Müdafiə Nazirliyi ilk dəfə cəbhə xəttində mətbuat konfransı təşkil edib. 

 

Telekanallar çəkir.

 

Jurnalistlər mətbuat konfransında.

 

Ermənilər təmas xəttindəki Həsənqaya kəndini darmadağın ediblər.

 

Qarşıda görünən kəndimizdə ermənilər mövqe tutublar.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı