Modern.az

Dumanlı Qarabağ...

Dumanlı Qarabağ...

12 Fevral 2014, 15:00

İstər Qarabağı, istərsə də Postsovet məkanındakı bütün “Qarabağları” Rusiya özü dumanlandırıb 

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Böyük Azərbaycan ədibi Məmməd Səid Ordubadinin Cənubi Azərbaycandakı inqilabı əks etdirən “Dumanlı Təbriz” romanı yəqin ki çoxlarımızın yadındadır. Əsərdə XX əsrin əvvəllərində Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz doğma vətənlərini İran qəsbkarları və xarici imperialistlərinin əsarətindən qurtarmaq üçün apardıqları mübarizədən bəhs olunur. Başqa sözlə desək, yəni babalarımız Təbrizin üstünü bürümüş qatı dumanı dağıtmaq üçün mücadilə aparmışlar. Burada bu günümüzlə uzlaşan bir məqam da var ki, yadınızdadırsa əsərdə müxtəlif obrazların içərisində, Səttar xan, Bağır xan, Tütünçüoğlu, Cavad ağa və başqaları ilə yanaşı həm də Rusiya və ABŞ səfirliklərinin əməkdaşları Nina və Miss Hanna da vardır. Fikrim Nina ilə Miss Hannanın münasibətlərini araşdırıb və onların “Dumanlı Təbriz”də necə yaşamalarına aydınlıq gətirmək deyil.

Amma hamı bilməlidir ki, yaranışından bu günə kimi Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vaxt bir yerə sığmamışdı. Olimpiya oyunlarının əhəmiyyəti və mahiyyəti idmançıların yarışlarda göstərdikləri təkcə idman nəticələri deyil, həm də bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşmasının təsdiqi və onun müqəddəs ideyalara xidmət etməsinin göstəricisi olub. 

Bəs onda niyə istər yay, istərsə də qış Olimpiadaları siyasiləşdirilir? Niyə Rusiyanın Soçi şəhərindəki “Fişt” stadionunda Qış Olimpiya Oyunlarının təntənəli açılışı zamanı Qarabağın, Cənubi Asetiyanın və Abxaziyanın üstünü “duman” aldı, niyə Amerika qitəsini əks etdirən Olimpiya həlqəsi gec açıldı? Niyə Şimali Asetiya dumansız göründü, axı meteoroloji proqnozlara əsaslananda duman, çiskin, qar, yağış adətən Şimalda daha çox olur nəinki Cənubda.

Rusiyanın Soçi Olimpiadasına 50 milyard dollardan artıq xərclədiyi pulu təbii ki, bunu yalnız idmanın inkişafına yatırılan vəsait kimi qiymətləndirmək olmaz. Əksinə, Rusiya bununla dünya ölkələrinə daha çox siyasi və iqtisadi gücünü nümayiş etdirmək istəyir. Əslində Olimpiadalar siyasiləşdirildikdən sonra bu siyasi dumana bürünmüş idman oyunları hər bir ölkənin nüfuzunu qaldırmaq məqsədi ilə həyata keçirilir. Əgər belə olmasaydı, olimpiadada idman yarışlarından başqa niyə əlavə siyasi görüşlər keçirilir və müxtəlif mövzularda danışıqlar aparılır? Axı Olimpiada fəlsəfəsi bizə bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması barədə danışır. Məgər Zevsin heykəlində qeyd edilməyib ki, “Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar”?
Bu fəlsəfə insanları cəsarətə, qüdrətə, bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırmayıbmı? Bu yarışlarda öz şəxsi mənafeyini güdənlər, ifşa olunub, onları qorxaq və bədbəxt adamlar adlandırıblar. Yarışlar zamanı rəqiblə kobud rəftar etmək, bilərəkdən və ya təsadüfən onu öldürmək qəti qadağan olub, hakimləri ələ almaq istəyənləri isə ölüm gözləyirmiş.


Necə düşünürsüz, açılış zamanı Qarabağın, Cənubi Asetiyanın və Abxaziyanın üstünün dumanlı görüntüsü, Amerika qitəsini əks etdirən Olimpiya həlqəsinin gec açılması ABŞ, Azərbaycan və Gürcüstana qarşı kobud rəftar və ya bilərəkdən badalağ atmaq deyildimi? Güman etmirmisiniz ki, bütün bunlar ABŞ Prezidentinin Soçiyə gəlmədiyi üçün, Rusiya Prezidenti V.Putinin qaradərili B.Obamaya atdığı bir çəngə “ağ duman” mesajıdır? Putinin mesajını başqa cür yozsaq, yəni ABŞ gözünü Qafqazdan çək, bura çox dumanlıdır. Əks halda, bura gəlmək istəsən dumana düşüb yolu azıb itib batarsan. Bütün bu baş verənlər dünyada təxminən 3 milyard televiziya tamaşaçısının gözü qarşısında onsuz da soyuq olan ABŞ Rusiya münasibətlərini Soçi Qış Olimpiadası fonunda bir az da soyuqlaşdırdı. 

Rusiya, ABŞ və Gürcüstan münasibətləri öz yerində, o bizim işimiz deyil.  Rusiyanın Qarabağı dünyaya dumanlı şəkildə göstərməsi bu bizim üçün heç də yeni bir şey deyil. İstər Qarabağı, istərsə də Postsovet məkanındakı bütün “Qarabağları” elə hər bir mənada Rusiya özü dumanlandırıb. Bu da aydındır ki, Azərbaycana nə qədər duman, çən, bir sözlə soyuq hava kütləsi gəlibsə hamısı Rusiyadan gəlib. O Rusiyadan ki, özündə 21 “Qarabağ”ı cəmləşdirərək əsrlər boyudur əsarət altında saxlayır. Amma nədənsə bu “Qarabağ”ların heç birinin üstündə nəinki duman, heç bir çəngə sis də görünmür. Cavab bəllidir, çünki göstərilmir.

Təbii ki, Qarabağ səmasını dünyaya dumansız, aydın şəkildə göstərmək yalnız bizim işimizdir. Yaxşı bilirik ki özümüzdən başqa heç kim bizim başımızın üstündəki dumanı dağıtmayacaq.

Açılış zamanı Olimpiya iştirakçılarını Soçi Olimpiadasının talismanları olan Ağ Ayı, Leopard və Dovşan qarşıladılar. Dünyada Ağ ayını Rusiya, Leopardı isə ABŞ kimi hesab etsək, onda gərəkdir ki biz və ya bizim kimi dövlətlər Dovşan olmasın, yoxsa bizim hamımızı dumana salıb yeyəcəklər.

P.S. Qeyd edim ki, Soçidə ölkəmizi idmanın iki növündə yarışacaq 4 idmançı təmsil edir. Belə ki, kişilər arasında dağ xizəksürmə yarışlarında Azərbaycanı Patrik Braxner və Sedrik Hots təmsil edirlər. Bundan başqa, Soçidə fiqurlu konkisürmə yarışlarında idman rəqslərində Yuliya Zlobina və Aleksey Sitnikov Azərbaycan bayrağı altında çıxış edirlər.
Ümid edək ki bir gün qalxıb Qarabağın üstünü almış o dumanı dağıdacağıq, ölkəmizin bayrağını isə Şuşaya Patrik Braxner deyil, hansısa türk oğlu Mübariz və ya Fərid  aparıb taxacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?