Modern.az

Səsi özünə həkk edən “Bülbül” heykəli - LAYİHƏ

Səsi özünə həkk edən “Bülbül” heykəli - LAYİHƏ

Mədəni̇yyət

14 Fevral 2014, 11:13

Modern.az saytı “Yeni Bakının köhnə heykəlləri” layihəsindən növbəti yazını təqdim edir. Bu dəfə köhnə yox, yeni heykəldən, şəhərin mərkəzində, Bülbül prospektində ucaldılan “Bülbül” heykəlindən danışılacaq.

2012-ci ildə inşa olunan 6, 5 metrlik heykəlin müəllifi Akif Əsgərovdur.

“Hörmətli xanımlar və cənablar!
Əziz dostlar, hörmətli qonaqlar!
Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan xalqının böyük oğlu Bülbülün abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Azərbaycan dövləti və Azərbaycan xalqı görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə böyük hörmətlə yanaşmışdır. Görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Bülbül böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi idi. Onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir. Əlli ildən çoxdur ki, Bülbül aramızda deyildir. Ancaq xalqımızın qəlbində ona olan sevgi bu gün də yaşayır. Bu sevgi onun istedadına olan məhəbbət, onun nə qədər böyük sənətkar olduğunu bir daha əyani şəkildə göstərir.”

Bu çıxış Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin klassik vokal musiqisinin ən görkəmli nümayəndəsi olan professor Bülbülün heykəlinin açılışı zamanı söylənilib. Qeyd edək ki, heykəlin açılışı  2012-ci il 30 oktyabr tarixində olub.

2011-ci ilin payızında ölkə prezidentinin verdiyi sərəncama əsasən, Azərbaycan musiqisinin dünya arenasında tanınmasına xidmət edən iki şəxs – bəstəkar Qara Qarayev və vokalist Bülbülün heykəlləri ucaldılmalı idi. İnşa işləri çox da uzun çəkmir. Belə ki, eskizlərindən, maketindən tutmuş ta heykəlin memarlıq işlərinə qədər, bütün görüləcək işlər 2012-ci ilin payızında, yəni cəmi bir ilə başa çatır. Heykəltəraşlıq prizmasından yanaşanda bir abidənin inşası üçün bir il çox sürətli bir zamandır. Amma yaradıcı qrup verilən tapşırığın öhdəsindən ustalıqla gələ bilir. Postamentlə birgə hündürlüyü 6,5 metr olan heykəl vaxtında təhvil verilir. Heykəl portret janrında olduğundan xanəndənin özəlliklərini və bir şəxsiyyət olaraq xarakterini özündə əks etdirməli idi. Məhz bu inikas heykəldə mövcud olduğundan onu uğurlu əl işi hesab etmək olar. Ona görə də əvvəlcə heykəli tanıyıb onu xarakterizə etməmiş bu heykəlin bətnində yatan qəhrəman-xanəndə Bülbül barədə azacıq da olsa məlumat verək.

O necə Bülbül oldu...

Bülbül 22 iyun 1897-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan xanəndə 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında ifa edib. Sonradan  təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedən Bülbül oradan qayıdandan sonra Azərbaycan Milli Konservatoriyasında dərs deməyə başlayır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan  Dövlət  Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlayır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülür,  1940-cı ildə isə  professor adına layiq görülür. Məşhur müğənni  26 sentyabr 1961-ci ildə  vəfat edib. Bülbül Azərbaycan vokal sənətinin liderlərindən banisi  olub. Onun Koroğlu operasındakı ifa etdiyi Koroğlu obrazı və səsləndirdiyi mahnılar bu gün Azərbaycan musiqi sənətinin vizit kartı sayılmaqdadır. Onun ifasının özəlliyi səs tembrində milli koloritlə Qərb melodiyalarının sintezini yaratmaq idi. O həm bir Qarabağlı kimi muğama köklənir,  həm də bir Avropa səviyyəli Qərb təhsili görmüş vokalist kimi klassik operanı vəhdətini qura bilib. Onun bütün xarakteri demək olar ki, bu vəhdətin üzərində qərar tutdu. O həm muğamları təsnifləri araşdırır, onları sistemləşdirməklə yanaşı ifa edir həm də  klassik opera dahilərinin qəhrəmanlarını səsləndirir, Milli Konservatoriyada tədris edirdi.

Heykəltəraşın da uğurlu tərəfi onda olub ki, o, bu sintezi duya bilib. Onun “Bülbül”ü də Şərq və Qərbin səs sintezini yaradıb və bu sintezi özünə hopdurub.  Bu heykəldə həm bir Qarabağ kişisi, həm də Avropalı aristokratdır. Duruşunda klassik vokal ifaçısının romantik aurası ilə yanaşı bir Azərbaycan kişisinin ağırlığı birləşir. O, çox nikbindir.

Səsində xarakterində, vizuallığında Azərbaycanı əks edə bilib. Bu uğurlu heykəlin müəllifi ilə də tanış olaq:

Heykəltaraş Arif Əsgərov...

1940-cı ildə Naxçıvan şəhərində anadan olub. 1958-63-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-69-cu illərdə İ. Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltəraşlıq, Memarlıq Akademiyasında O, həm də Dəzgah və monumental heykəltəraşlıqla məşğuldur. 1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olmuşdur. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb. Heykəltəraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə, İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar.

Bundan əlavə Akif Əsgərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir.

“Bülbül”də Bülbül...

Bu heykəlin memarlıq-estetik cəhətdən dəyərləndirəndə ən çox diqqət ediləsi məqam monumental abidədə inikasın ustalığıdır. Monumentallıq rəssamlıqda obrazın daşın yaxud kağızın üzərinə köçürülməsi xarakterin dəqiq əksi çox önəmli məqamlardan sayılır. Belə ki, hər bir monumental əsər öz qəhrəmanının gizli dünyası barədə məlumat verməlidir. Akif Əsgərovun bu əsəri xanəndənin bütün iç dünyasını bizlərə açır. Heykələ baxan kimi anlayırsan ki, o Bülbüldür - Milli olduğu qədər beynəlmiləl, modern, qlobal insan, modern olduğu qədər də milli...

Biz abidəyə baxanda həqiqətən də “Bülbül” içində Bülbülü görə bilirik....

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır