Modern.az

Mətbuat uşaq problemlərini kifayət qədər işıqlandırırmı? (redaktorların fikirləri)

Mətbuat uşaq problemlərini kifayət qədər işıqlandırırmı? (redaktorların fikirləri)

24 May 2010, 12:31
Uşaq problemi hər zaman aktual məsələ olaraq qalmaqdadır. Qarşıdan 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününün gəldiyini nəzərə alıb bəzi KİV-lərin redaktorlarına “mətbuat uşaq problemlərini kifayət qədər işıqlandırırmı” sualı ilə müraciət etdik.

Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin fikrincə, uşaq problemləri mətbuatda adətən əlamətdar günlərdə işıqlandırılır: “Fikirləşirəm ki, uşaq problemləri daimi işıqlandırılmır, yəni hansısa QHT-nin tədbiri ilə bağlı, yaxud uşaq günü ərəfəsində. Gündəlikdə bu məsələ diqqətdə saxlanılmır”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da mətbuatın bu sahəyə az diqqət yetirdiyini deyir: “Ölkə mətbuatında uşaq problemlərinin işıqlandırılması ilə bağlı yazılar var. Bizim qəzetimizdə də uşaqların maarifləndirilməsi ilə bağlı yazılar verilir. Son dövrlər QHT-lərin uşaq problemləri ilə bağlı layihələri mətbuatda işıqlandırılır. Ancaq mən hesab edirəm ki, bütün sahələrdə olduğu kimi bu sahəyə də geniş yer verə bilmirik. Bunun üşün qəzetlər uşaq problemləri ilə bağlı maarifləndirmə aparmalıdırlar. Ancaq bu təqdirdə də qəzetlər bazar elementinə çevrilə bilmirlər. Və maliyyələşə bilmirlər. Yəni bu datasiya olunmur. Məncə düşünməyə dəyər. Bilmək olmur ki, bu gün normal uşaq mətbuatı var ya yoxdur?!”.  

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli bu məsələnin mətbuatın ağrılı problemlərindən biri olduğunu deyir: “Bizin qəzet uşaq hüquqlarını daim diqqətdə saxlamağa çalışır. Ölkədə olan uşaq təşkilatları ilə əməkdaşlıq edirik. Onların həyata keçirdiyi layihələrə informasiya dəstəyi veririk. Çox təəssüflər olsun ki, Azərbaycanda uşaq hüquqlarının pozulması və  məktəbyaşlı uşaqların əməyə cəlb olunması halları mövcuddur. Bu kimi hallarla bağlı biz qəzetimizdə zaman-zaman tənqidi materiallarla çıxış etmişik. Müəyyən effekti də olub. Hesab edirəm ki, ölkə mətbuatı uşaq problemlərinə geniş yer ayırmalıdır. Ümumilikdə, mətbuatda müəyyən müddətdə uşaqlarla bağlı materiala yer ayrılır. Təəssüf ki, uşaq problemlərini daim gündəmdə saxlayan mətbuat orqanı yoxdur. Hansısa QHT məlumat verməsə, bu məsələni öz təşəbbüsü ilə daim  gündəmdə saxlayan mətbuat orqanı yoxdur”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun məsələyə münasibəti belə oldu: “Vallah bu mənim sahəm deyil. Ona görə də mən bu suala cavan verə bilmərəm. Yəni havadan bir cavab vermək istəmirəm”.  

“Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sözügüdən mövzunun diqqətdən kənarda qaldığını deyir: “Zənnimcə uşaq problemlərinə mətbuatda kifayət qədər yer ayrılmır. Bunun səbəbi odur ki, təhsil müəssisələri ilə KİV arasındakı əlaqələr o qədər də ürəkaçan deyil. Digər tərəfdən uşaq nəşrlərinin faktiki olaraq sayı azdır. Mənim qənaətimə görə, əslində yoxdur. Onlar bu sahəyə daha çox diqqət yetirməlidirlər. Ümumiyyətlə, nəinki uşaq problemləri ilə, digər problemlərlə də bağlı mətbuatda analitik yazılar arzuolunan səviyyədə deyil. Bunun birinci səbəbi mətbuatın durumu ilə bağlıdır. Çünki mətbu orqanlarının bu problemlə məşğul olması üçün vəsait lazımdır. Həmçinin, həmin o problemlərin yaşandığı dairələrlə əlaqələr bir o qədər də yüksək səviyyədə deyil. Bunlar nəticədə uşaq problemlərinin mətbuat orqanlarında az işıqlandırılmasına zəmin yaradır. Ancaq mövcud imkanlar çərçivəsində uşaq problemlərini qabartmaq olar. Və buna diqqət yetirilməlidir”.  

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev də eyni fikirdədir: “Ötən il Azərbaycanda “Uşaq ili” idi. Bununla bağlı ara-sıra yazılara rast gəlmək olurdu. Hesab edirəm ki, “Uşaq ili” başa çatdıqdan sonra uşaqlarla bağlı hər hansı yazı verilməsinə ara verilib. Biz öyrəşmişik ki, hər hansı bir inzibati metod olsun, yaxud sərəncam olsun, ondan sonra hansısa problemin işıqlandırılmasına cəhd edək.  Ölkədə uşaq problemlərilə bağlı komitə də fəaliyyət göstərir. Bizim agentlik həmin komitənin keçirdiyi tədbirləri işıqlandırır. Eyni zaman da uşaqların müdafiəsi ilə bağlı olan QHT-lərin press-relizlərini də yayırıq. Kütləvi mətbuatı götürdükdə bu, arxa planda olan bir mövzudur”.  

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu isə əksinə düşünür: “Əbəttə işıqlandırılır. Mən izlədiyim əksər qəzetlərdə bu dəqiqə uşaq problemləri ilə bağlı istənilən sayda materiala rast gəlmək olar. İstər onların hüquqlarının pozulması, istərsə də hüquqlarının müdafiəsi ilə bağlı keçirilən bütün tədbirlərdə ölkə mətbuatı yaxından iştirak edir”.  

Günay MUSAYEVA
   

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi