Modern.az

"Azərbaycandilli Vikipediya ölü candır” - SORĞU

"Azərbaycandilli Vikipediya ölü candır” - SORĞU

Ədəbi̇yyat

15 Fevral 2014, 10:25

Modern.az-ın Azərbaycandilli Vikipediyanın bugünkü durumu barədəki yazısı xeyli müzakirələrə səbəb olub. Belə ki, Azərbaycan Vikipediyasının istifadəçiləri və adminləri əsas günahı cəmiyyətin bu elektron ensiklopediyaya laqeydliyində görürlər. Modern.az bu mövzunu davam etdirərək ziyalı kütlə və yazalar  arasında sorğu keçirib: 

Azad Qaradərəli (yazıçı): “Azərbaycandilli Vikipediya əslində peşəkarlar tərəfindən hazırlanmalıdır. Amma təəssüf ki, indi bu iş özfəaliyyət səviyyəsindədir. Mənim öz Vikipediya səhifəm hazırlananda bunun şahidi oldum. Düzdür, Vikipediya heyətinin tərkibində kifayət qədər savadlı adamlar var, amma onların Azərbaycandilli Vikipediyaya müntəzəm nəzarət edə bildiklərinə inanmıram. Bu iş ensiklopedik biliyə və təcrübəyə malik adamlar tərəfindən aparılmalıdır”.

Cəlil Cavanşir (yazıçı): “Azərbaycan dilli Vikipediyanın vəziyyəti o qədər də ürəkaçan deyil. Tanıdığım bir necə yazar var ki, bu sahədə könüllü fəaliyyət göstərirlər. Məsələn, Cavid Ağa, Tərxan gənclərin bu sahədə fəaliyyətlərindən xəbərdaram. Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası "VikiHərəkat" layihəsi də gözəl təşəbbüsdür. Bizdə bu Vikipediaya material yerləşdirmək prosesi yeni başladığı üçün görülən işləri qənaətbəxş hesab etmək olar. Keyfiyyətdə problemlər var. Amma kəmiyyətdən şikayət etmək düzgün olmaz. Gənclər bacardıqları qədər bu sahədə işlər görürlər. Ümid edirəm ki, bundan sonrakı fəaliyyətləri daha ardıcıl və keyfiyyətli olacaq. Hal hazırda türk və almandillli Vikipediyadan daha çox istifadə edirəm. Azərbaycan dilli Vikipediyanın populyarlaşacağına, dünya standartlarına cavab verəcəyinə şübhəm yoxdur”.

Elnur Eltürk (“Baymedia.az” saytının əməkdaşı): “Təəssüf ki, Azərbaycandilli Vikipediyada  boşluqlar var. Düzdü, materiallar var. Amma yeniləşmə azdır və köhnə materiallar qalır. Ona görə bu məsələni diqqətdə saxlamalıyıq. Bəzən istədiyimiz materialları ordan əldə edə bilmirik”. 

Ramil Məmmədli (“Aznews.az” saytının redaktoru): “Azərbaycan dilli Vikipediyanın əsas problemi zəngin olmamasındadır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, dəfələrlə bu və ya digər tarixi proseslər və şəxslər haqqında, o cümlədən yaxın dövrü əhatə edən məsələlərə dair axtarışlarım nəticəsiz qalıb. Bu məsələdə hansısa qurumun cavabdehliyi haqda məlumatım yoxdur. Amma hesab edirəm ki, əgər belə bir məsul qurum yoxdursa, bunu problem kimi həll etmək lazımdır. Yəni Vikipediyada Azərbaycanla bağlı əsas məqamlar və hadisələr öz əksini müfəssəl tapmalıdır. Əks təqdirdə ciddi yanlışlıqlara yol verilə bilər. İnternet resurslarının istifadəsinin kütləvi hal aldığı dövrdə bu da yanlış informasiyaların yayılmasına gətirib çıxarar. Ancaq onu da deyim ki, keyfiyyət daha vacibdir. Sualda qoyduğunuz hər iki məqam paralel gedərsə, daha effektiv ola bilər”

Əziz Əlibəyli (“Publika.az” saytının redaktoru: “Vikipediyada Azərbaycan dilinin vəziyyəti o qədər də ürək açan deyil. Bəzən, vacib olan mövzunu xarici dillərdə, hətta ermənicə də tapa bilirsən, amma, bizim dildə resurs çox azdır. Azərbaycan dilinin Vikipediyada istifadə səviyyəsi ilə bağlı isə yaxşı fikir bildirmək mümkün deyil. Əksər materiallarda nə ifadə, nə də durğu işarələri düzgün yazılmır. Hər halda bunu tənzimləməyin yolları nəzərdən keçirilsə pis olmazdı”.

Nəriman Əbdürrəhmanlı (tərcüməçi-yazar): “Düzünü deyim, heç təmin eləmir. Az qala yarısı yarımçıqdır,  ya da çoxunda dəqiqləşdirilməmiş materiallar var. Bu da təəssüf doğurur”.

Dilqəm Əhməd (“Gündəlik teleqraf” qəzetinin redaktoru): “Vikipediyadan demək olar ki, əsaslı istifadə etmirəm, arada lazım olur, çünki bəzən çox səhvlər gözə dəyir, həm də ki istədiyin materialı tapa bilmirsən. Bildiyim qədər bəzi fəallar çoxlu materiallar tərcümə edib yerləşdirir, Nicat Vəlizadə var, onların əməyini qiymətləndirmək gərəkdir, yəni məncə sistemli şəkildə gənclər məşğul olsa əla olar”. 

Xəyal Rza (Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi): “Düşünürəm  ki, Azərbaycan dilli Vikipediyanin vəziyyəti ürəkaçan deyil. Bununla bağlı  ciddi addımlar atmağın zamandır. Amma nəzərə alsaq ki, internet texnologiyası sahəsində yeniyik gələcəyə ümidlə yanaşmaq olar”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür