Modern.az

4 divar arasında qalan analara

4  divar arasında  qalan analara

15 Fevral 2014, 11:45

Qərənfil Mansurova,
j
urnalist

Müşfiq Cəfərli ilə uşaqlıq yoldaşı və qonşu olmuşuq. Ona dürüst, əxlaqlı, ədəbli bir insan kimi, bütün keçmişinə ailə dəyərlərinə sadiq  qalan bir  insan kimi həmişə hörmət  bəsləmişəm. Amma  incə duyğulu  şeiriyyətə sahib olmasından xəbərsiz idim. Bu yaxınlarda sosial şəbəkədə onun bir şeirini gördüm. Məni silkələdi... Uzun illər anası, bizim müəlliməmiz  olmuş Rəsiqə xanım kənddə yalnız yaşadı.  Ötən il onu itirdik. İllərdir ki, mən də anamı beləcə 4 divar  arasında  yalnız  qoyub Bakıya gəlirəm və  hər  dəfə də arxamca baxan nigaran gözlərinə qaçaraq bir nəzər  salıb   “darıxma, tezliklə qayıdacağam” deyirəm.  Şəhər də insanı udur, icinə çəkir ... və bir  gün artıq hər şeyin çox  gec olduğunu sənə anladır. Ona görə uşaqlıq dostumun bu qəlb  çırpıntıları  mənə çox doğma  gəldi, onu Modern.az-ın  oxucuları ilə  bölüşmək  istədim.

MÜŞFİQ  CƏFƏRLİ

4  divar arasında  qalan analara

Tək qaldın dörd divar yoldaşın oldu,
Oğul  böyütmüşdün min əziyyətlə..
Qohumlar, qonşular sirdaşın oldu
Dözdün tənhalığa, ağır  möhnətlə...

Maşın yola düşür, ruhum sərpilir,
Su səpir arxamca  ağbirçək anam
Gözüm yaşla dolur,qəlbim kövrəlir
Deyirəm - “darıxma,  qayıdacağam”.

Fəsillər ötsə də, illər keçsə də
Qayıda bilmədim yanına sənin.
Gərək günahımdan keçəsən, ana,
Qvuda bilmədim qəlbini sənin.

Axşamdır zəng gəlir, mən diksinirəm...
Bacımdır zəng edən, tez yetiş -deyir
Anamın vəziyyəti, yaman dəyişdi
Təcili bu gecə yola düş - deyir

El-oba yığışıb  hamı həyətdə
Cənazə namazı qılınır artıq,
Oğul  arxasınca  su səpən ana,
Oğlunun çiynində köç edir artıq...

Məzardakı  rəsmin  dil açıb  sanki,
Şəklinlə danışır bacım, qardaşım
Soyuq məzarını qucaqlayıram,
Torpağa qarışır  axan göz yaşım

Bakı – Qazax - Daşsalahlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi