Modern.az

Yazıçı Anarın ölü və diri problemi

Yazıçı Anarın ölü və diri problemi

17 Fevral 2014, 01:02

Yazıçılar Birliyinin diri üzvləri - yazırlar, yaradırlar. Daim diqqət mərkəzində olmaq istəyirlər. Özlərini digərlərindən istedadlı sayırlar. Bir az məşhurları Anar müəllimin otağına tez-tez girərək özlərini “yada salırlar”. Xüsusilə də Yazıçılar Birliyinin yubileyləri, öz yubileyləri və qurultaylar ərəfəsində ki, Anar müəllim birdən Prezident Administrasiyasına təqdimat-məktubu göndərsə, onların da adını xüsusi qeyd etməyi unutmasın. Prezident təqaüdlərinə təqdimat ərəfəsində də ”dava-dalaş” düşür. Ev almaq üçün qalmaqallar isə artıq tarixə qovuşub.


Anar müəllim də bütün bu tələblərə, iddialara, bəzən də hikkələrə diqqətlə, hörmətlə yanaşır. Ara-sıra təqdimatlar yazır, arzu edənlərin adlarını ora salır. Və göndərir yuxarı. Orda da baxıb, üstündən xətt çəkib atırlar arxivə. Bununla da Anar müəllim missiyasını başa çatdıraraq, məsuliyyəti üzərindən atır. Bircə “bumeranqdırlar da, neyləyim? Atıram qayıdır dəyir özümə” deyir. Amma ürəyində sevinir. Çünki yazıçılarının, şairlərinin qüdrətinə yaxşı bələddir. Bilir ki, yuxarıların zövqü Nizami, Füzuli, Puşkin, Tolstoy, Dostoyevski, İlyas Əfəndiyev, Rəsul Rza, Səməd Vurğun, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Hüseyn Cavid, Mikayıl Müşfiq... və nəhayət Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Elçinin əsərləri üstdə köklənib. Onları indiki yazarların əsərləriylə heyrətləndirmək qeyri-mümkündür. Nə qədər tərifləsə belə. Roman dilində desək, Azərbaycan ədəbiyyatında kulminasiya nöqtəsi baş verib, artıq razvyazka gedir. Artıq zəlzələ olub, ədəbiyyatı xırda afterşoklar bürüyüb. Anar müəllim Ordubadinin, Süleyman Rəhimovun, İlyas Əfəndiyevin, Əli Vəliyevin, Bayram Bayramovun, İsa Hüseynovun və ən son Yusif Səmədoğlunun, Çingiz Abdullayevin romançı olmasını başa düşür. Bəs indiki romançıları necə, anlayırmı?

Tələbəlik illərimdə tanınmaqda olan bir nasirin dalbadal üç romanı çapdan çıxmışdı. Yazıçı Elçin atama demişdi ki, nəbadə Mahiri o kitabları oxumasına imkan verəsən a... zövqü korlanar. Görəsən Anar müəllimin ömür boyu qazandığı zövqü korlanmayıb ki? Əgər korlanmasından qorxaraq qına salıb qorumağa çalışıbsa, çoxdan korşalıb. Hər ikisi müsbət hal deyil.

Diri, çox da tanınmayan, lakin adının əvvəlində “Yazıçılar Birliyinin üzvü” yazılanlar isə 50, 60, 70 yaşlarında Anar müəllimi narahat edirlər. Anar müəllim də abrına bükülərək bəzilərini üzdən belə, tanımadığı bu adamlar üçün “Fikrət Sadıq, “Ədəbiyyat qəzeti”ndə bir dənə təbrik yazarsan” deyir. Fikrət Sadıq da “Yazıçılar Birliyinin üzvü” adını fəxrlə daşıyan, amma əslində təşkilata ləkə olan bu insanlar haqqında yazır. Ürəkdən yox, əti tökülə-tökülə yazır.

ÖLÜ YAZIÇILARIMIZ

Burda isə məsələ tam fərqlidir. Onları üç kateqoriyaya bölmək olar. Həqiqətən də görkəmli, məşhur, təkcə ədəbiyyatda yox, Azərbaycanın ictimai-siyasi həyatında iz buraxanlar birinci yerdə gedir. Prezident başda olmaqla nekroloq imzalanır, vida mərasiminin yeri, saatı, harada dəfn ediləcəyi təyin edilir. Vəfat edənin xidmətləri nəzərə alınaraq Prezident vida mərasimində şəxsən iştirak edir, fəxri qaroulda durur. Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə prezidentin vida mərasimində iştirakı hələ ki, üç yazıçıya qismət olub: Məmməd Araz, Qabil və Bəxtiyar Vahabzadə. Bu kateqoriya yazıçılara yazılan nekroloqda bütün Azərbaycan xalqına başsağlığı verilir.

Bir haşiyə çıxım. Atam gecə saat 12-də rəhmətə getmişdi. Səhərin açılmağını gözləyirdim. Saat 10-da ilk olaraq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bizə gəldi. Yanındakılara tapşırıqlar verməyə başladı. Mən yaxınlaşıb “dəfn harda, neçədə olacaq?” və digər suallar verəndə, o, “Mahir, bunların sənə dəxli yoxdur. Get qapına gələnləri qəbul elə, yola sal. Vəssalam. Prezidentin mənə də, mədəniyyət naziri Əbülfəs Qarayevə də xüsusi tapşırığı var. Dəfndən 40 mərasiminədək hamısını Prezident İlham Əliyev öz üzərinə götürüb”.

İkinci kateqoriya isə istedadlı, tanınmış, amma görkəmli səviyyəsinə çatmayan yazıçılar barədədir. Belə adamların dəfn mərasimini Yazıçılar Birliyi təşkil edir. Yalnız Yazıçılar Birliyi rəhbərliyinin imzaladığı, mərhumun şəkliylə “Ədəbiyyat qəzeti”ndə nekroloq verilir. Bir-iki dənə də yanıqlı xatirə, ürək sözü əlavə edilir.

Üçüncü kateqoriya isə yalnız quru bir başsağlığı ilə o dünyaya yola salınır. Ədəbiyyatımız qarşısında xidmətlərinə görə yox, sadəcə ciblərində AYB-ın vəsiqəsini gəzdirdiklərinə görə.

Bu yazını yazmaqda məqsədim tam başqadır. Amma bu girişə də ehtiyac duydum. Sonunu gətirmək üçün. Lətifəyə dönmüş bir-iki hadisəni nəzərinizə çatdırım. Sonra Anar müəllimdən bir xahişim olacaq. Axı, qarşıdan Yazıçıların qurultayı gəlir.

İSA, MƏN ÖLÜM, GECƏLƏR YAT.

İsa Hüseynov və Qabil Hüsü Hacıyev küçəsindəki evin 5-ci mərtəbəsində şərikli yaşayırlarmış. Yəni, dörd otaqdan ikisi İsaya, ikisi də Qabilə məxsusmuş. İsa müəllim adətincə gecələr işləyərmiş. Yəni ki, heç vaxt gecələr yatmırmış. Günlərin bir günü Qabil deyir ki, “İsa, sən Allah gecələr yat, gündüz işlə”. Bir “mən ölüm” də vurur. İsa da razılaşır. Adətincə gecə yazmaq əvəzinə yatır. Bir də görürlər ki, gecə saat birin yarısında qapı bərkdən döyülür. Səsə ilk olaraq Qabil çıxır. Qapını açır. Görür ki, Süleyman Rüstəm qabaqda, arxada da şair İskəndər Çoşğun. Əlində də iki butulka araq və bağlama.

- Salam, Qabil. Restoranda yeyib-içirdik. Dedim ki, gedək Qabilgildə davam etdirək. İsa da bilirik ki, gecələr yatmır. İki araq götürdük, bir də çörək arası kabab.

- Xoş gəlmisiz, Süleyman müəllim. Keçin içəri.

Qonaqları otağa keçirən Qabil gəlib İsa Hüseynovun yataq otağının qapısını döyür:

- İsa, ay İsa. Dur ayağa. Sənə gecələr yatmaq yaraşmır.

İTƏ ŞEİR

Günlərin bir günü şair İskəndər Çoşqun növbəti görüşdən sonra nişanlısını evə ötürür. Qız həyət evində yaşayırmış. Həyətdə də it. Qapını açıb nişanlısı ilə içəri girəndə it başalayır İskəndər Çoşquna hürməyə. Tutmur, dişləmir. Sadəcə hürür. Şair bir anlıq duruxur. Daha doğrusu qorxur. Və bədahətən:

Hür! Hür! Bilirəm ki, mənə hürməyin,
Mənim sevgilimə sədaqətindir - deyir.

MƏMMƏD RAHİM, 75... DAY ÜZ VURMA

Qabillə Əliağa Kürçaylı Bulvarda gəzirlərmiş. İkisi də cavan, yeyib-içməyə həvəsli. Amma cibdə o qədər pul yox. Bir də görürlər ki, qarşıdan 50 yaşlı görkəmli şair Məmməd Rahim gəlir. İkisi də sözü bir yerə qoyub qonaqlıq qoparmaq məqsədiylə yaxınlaşırlar Məmməd müəllimə. Onu da qeyd edim ki, Məmməd Rahim hamıya borc versə də, qonaqlıq məsələlərinə çox da meylli olmayıb.

- Salam, Məmməd Rahim müəllim.

- Salam.

- Gözümüzə bir təhər dəyirsiniz. Neçə yaşınız var?

- 50.

- Hə bəsdir də. 50 yaş da pis deyil.

- Uşaqlar, nə bəsdir. Nə demək istəyirsiniz?

- Heç... Məmməd müəllim. Elə-belə... Sözdür də dedik. Nəsə xəstə-hal görünürsünüz e...

Məmməd Rahim isə əl çəkmir. Gənc şairləri “Mirvari” kafesinə aparır. Sifariş verir. Ortaya araq, “xolodnı zakuska” gəlir. Bir “rumka” Məmməd Rahimin sağlığına içəndən sonra. Əliağa Kürçaylı:

- Qabil, niyə ki, 50, Məmməd müəllim 55-ə də çata bilər. Nə olsun ki, rəngi solub.

- Ay uşaqlar, siz nə danışırsınız. Süzün bir yüz də vuraq.

Bir badə də içəndən sonra ortaya kabab gəlir. Bir tikə nuş eləyəndən sonra Qabil:

- 60 yaş da olar. Amma bundan o yana keçmək yoxdur.

Bu sözdən sonra Məmməd Rahimin narahatlığı daha da artır. Qabillə Əliağa isə sadə insanın zəif damarını tutmaqlarından sevinərək, heç nə dinib danışmırlar. Özlərini ciddi aparırlar ki, Məmməd Rahim onların bu fəndindən xəbər tutmasın. Məmməd müəllimin də “uşaqlar bəlkə ölüm yaşımı bir az da artırasınız?” sözlərini qulaqardına vurub, gözlərini boşaltdıqları araq şüşəsinə zilləyirlər. Məmməd Rahim də həmən “Ofisiant bir butulka da gətir. Kababı da təkrar elə” deyir. İkinci şüşədən də bir badə içəndən sonra, keyfləri kökələn gənclər:

- Məmməd Rahim müəllim, 70. Qurtardıq.

Məmməd müəllim bu cavabdan sevinsə də, yenə də razı qalmır. Daha artıq yaşamaq istəyir. Bir rumka süzür. Qabillə Əliağa da artıq “qotov” vəziyyətinə çatırlar. Badəni başlarına çəkib:

- 75. Məmməd müəllim day üz vurma. Qurtardıq.

... BUNUNLA ÜÇÜNCÜ DƏFƏDİR Kİ, VERİRƏM

Əvvəllər yazıçılar əlyazmalarını qəzet-jurnal redaksiyalarında işləyən makinaçılara yazdırırdılar. Hüseyn Arif də həmçinin. Günlərin bir günü gəlir yazısını yazmaq üçün verdiyi qəzetlərdən birinə. Yaxınlaşır makinaçı qıza və şeirlərini çap formasında alır. Səhifəsini sayır. 50 rubl zəhmət haqqını verərək gedir. Qəzetdə işləyən jurnalistlərdən biri də demə bu qızın nişanlısıymış. Növbəti dəfə Hüseyn Arif tamam başqa bir iş üçün qəzetə gələndə bu nişanlı oğlan qızdan xəbərsiz iş yoldaşlarıyla sözü bir yerə qoyub, yaxınlaşır Hüseyn Arifə:

- Hüseyn qağa, yetim olanda nə olar? Gərək pulunu kəsəsən? Yazı yazdırmısan, pulun ver də... Sizinçün 50 rubl nədir ki?

- Doğurdan? - deyə Hüseyn Arif cibindən 50 rubl çıxarıb verir oğlana ki, bəs apar qıza çatdır.

Nişanlı oğlan da 50 rublu götürüb əvvəlcə sözləşdikləri kimi dostlarıyla gedir yeyib-içməyə. Üstündən bir müddət də keçir. Hüseyn Arif yenidən həmin redaksiyaya gəlir. Ağızlarında şirə qalan nişanlı jurnalist və dostları yenidən yanaşırlar şairə:

- Hüsey qağa, yetim olanda nə olar? Gərək pulunu kəsəsən? Yazı yazdırmısan, pulun da verməmisən. Sizinçün 50 rubl nədir ki?

- Hə? Doğurdan? Yaxşı, 50 rublu verin o qıza. Deyin ki, “ay qəhbə, bununla üçüncü dəfədir ki, verirəm”.

“ƏMRİMİ VERİN, ÇIXARIN!”

80-ci illərin axırlarıydı. Bayram Bayramov Qarabağa Xalq Yardımı Komitəsinin sədriydi. Mətbu orqan da yaratmışdı. Adını da “Azərbaycan” qəzeti qoymuşdu. Demə “Azərbaycan” 1918-1920-ci illərdə 23 ay hökm sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanının adıymış. O vaxtlar çoxu başa düşməsə də, bu, tarixi bir hadisənin 68 ildən sonra bərpası demək idi. Bu azmış kimi, Bayram Bayramov sovetin hökm sürdüyü bir dövrdə “Azərbaycan” sözünün baş hərfini aypara və səkkiz guşəli ulduz formasında verdirib.

Atamla Bayram əmigildəydik. Telefon zəngi gəldi:

- Bəli.
- .....
- Arnamentdir. Azərbaycanın milli arnamenti.
- ..........
- Necə başa düşürsünüz, düşün. “A” hərfi o cür də gedəcək.
- ...........
- Xoşunuz gəlmir, əmrimi verin, çıxardın.
- ...........
- Sağ ol.

Bayram əmi dəstəyi qoydu:

- Qabil, Mərkəzi Komitənin 1-ci katibi Vəzirov idi. İndi ayılıblar ki, ayparayla səkkiz guşəli ulduz Cümhuriyyətin bayrağındakı ay-ulduz imiş. Bəs onu çıxart. Mən də dedim ki, çıxartmıram. Əgər istəmirsinizsə məni işdən çıxarın. O da dedi ki, bəs mən kiməm sizi işdən çıxarım.

SON

Anar müəllim, zaman keçdikcə sizin daşıdığınız vəzifənin yükünü daha dərindən başa düşməyə başlayıram. Demə siz Yazıçılar Birliyinin üzvü olan min yazıçı-şairin yox, həm də Xaqanidən üzü bu yana dünyasını dəyişən mərhum yazıçılarımızın da sədriymişsiniz. Ara-sıra onlara da yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsiylə bağlı yuxarılara təqdimatlar yazırsınız. Dirilərdən çox da narahat deyilsiniz. Qapını döyüb içəri girirlər. Əsli və məcazi mənada layiqli cavablarını alıb bayıra çıxırlar. Amma ölülər bütün bu etiketlərdən uzaqdırlar. Bir vaxtlar şəxsən tanıdığınız bu məşhurlar sizin içinizdə, ruhunuzda, ədəbi yaddaşınızda, yazıçı ürəyinizdədirlər. İcazəsiz yuxunuza da girirlər. Qeyri-iradi yadınıza da düşürlər. Köhnə xatirələri də oyadırlar. Bəzən sağ qalan övladları, nəvələri mətbuatda ünvanınıza hədyanlar da söyləyirlər.

Bu yaxında xalq yazıçısı, diri İsa Hüseynovun həyat yoldaşı Firuzə xanımın Modern.az saytına veriyi müsahibəni oxudum. Yaman giley-güzar edirdi ki, İsanın 85 illiyində onu heç kim yada salmadı. Əgər dirilər yada düşmürsə, onda ölülərdən nə gözləyək. Yox elə bilməyin ki, atamla bağlı nəsə xahiş edəcəyəm, əsla. Amma ölünün yiyəsi olmalıdır fikrini əldə rəhbər tutaraq ölülərin yiyəsi olan sədr Anara bircə xahiş etmək istəyirəm. Qapıbir qonşum, mərhum Bayram əmi haqqında.

XAHİŞ EDİRƏM, BAYRAM BAYRAMOVUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİYLƏ BAĞLI PREZİDENT ADMİNİSTRASİYASINA TƏQDİMAT YAZASINIZ.

İstəyirəm ki, bir vaxtlar yaşadığı Hüsü Hacıyev 19 saylı evin divarında İlyas Əfəndiyev, Abdulla Şaiq, Zeynal Xəlil, Hüseyn Arif və digər görkəmli yazıçılarımızın barelyefləriylə yanaşı, onun da nurlu çöhrəsi gülsün. Məncə titullarını saymağa ehtiyac yoxdur. Ədəbi yaradıcılığı da gözünüz önündə keçib, ictimai fəaliyyəti də. Bircə Qarabağla bağlı yazdığı iki cildlik “Karvan yolu” əsərini və “Azərbaycan” qəzetini, ay-ulduzu yenidən həyata qaytarmasını qeyd etsəniz yetər.

HÖRMƏTLƏ: MAHİR QABİL OĞLU İMAMVERDİYEV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir