Modern.az

Jurnalist Röya Rəfiyeva: ““Yeni Müsavat”da işlədiyimə görə oğlumu bağçadan çıxartdılar” - MÜSAHİBƏ

Jurnalist Röya Rəfiyeva: ““Yeni Müsavat”da işlədiyimə görə oğlumu bağçadan çıxartdılar” - MÜSAHİBƏ

Mədəni̇yyət

17 Fevral 2014, 13:35

“Müxalifət mediası azad media sayıla bilməz”

Femida.az portalının yaratdığı Müsahibə Klubu Facebook qrupunun növbəti qonağı “Yeni Müsavat” qəzetinin və “musavat.com” saytının əməkdaşı Röya Rəfiyeva olub. 
Modern.az saytı həmkarlarının jurnalistə verdiyi sualları və Röya Rəfiyevanın maraqlı cavablarını təqdim edirik. 

TƏRCÜMEYİ-HAL:

Rəfiyeva Röya Tahir qızı. 1981-ci ilin 3 iyulunda Oğuz rayonunda anadan olub. Azərbayacan Dövlət Pedoqoji Universitetin (ADPU) filologiya fakültəsini bitirib (bakalavr). 2002-ci ildən mətbuatda çalışır. İlk işlədiyi yer “Xronika“ adlı həftəlik qəzet olub. Daha sonra “Hürriyyət”, “Ekspress”, “Bakı-xəbər”, “Azadlıq” kimi qəzetlərdə, həmçinin “anspress.com” portalında müxbir işləyib. Dörd ildən artıqdır ki, “Yeni Müsavat” qəzetində və “musavat.com” saytında çalışır. Bir neçə jurnalistika kursuna gedib, bunların arasında Almaniyanın tanınmış radiostansiyasının iki treninqi də var. Bir neçə məqalə müsabiqəsiinin qalibi olub. Ailəlidir, iki övladı var.

Kəmalə Quliyeva (Lent.az): – Jurnalistlərin partiya mənsubiyyəti olmasına necə baxırsan? Partiya mənsubiyyəti olan jurnalist obyektivliyini saxlaya bilərmi?

- Jurnalistlərin partiya mənsubiyyətinin olması doğru deyil, çətindir, mənsub olduğun qrupun tərəfini saxlamadan yazmaq olmur. Ancaq Azərbaycan kimi ölkələrdə bu, normaldır məncə. Heç bir partiyanın üzvü deyiləm, səbəb də jurnalistika ilə məşğul olmağımdır. Ancaq bir neçə il əvvəl AXCP-yə, daha sonra Müsavat Partiyasına üzv olmaq haqqında uzun-uzadı düşündüm. Sonunda NİDA Vətəndaş Hərəkatına üzv oldum. Buna görə NİDA ilə bağlı yazılar yazmamağa çalışıram.

İlkin Pirali (Modern.az): – Yazdığınız yazılara görə təzyiqlərlə üzləşmisizmi?

- Xeyr, elə bir hal olmayıb. Sadəcə yazdığım yazılara görə redaksiyaya rəsmi qurumlardan yalan dolu təkzib məktubları gəlib. Bir də, Mətbuat Şurasına şikayət veriblər. Ancaq reportaj hazırladığım, foto çəkdiyim vaxtlar maneə yaradılması halları çox olub, fotoaparatı əlimdən almaq, şəkilləri pozmaq istəyiblər, vermədikdə də polislər saxlayıb təzyiq ediblər.

Pərvin Abbasov (Femida.az): – Övladlarını tez-tez redaksiyaya aparmağın maraqlı gəlir. Səbəb bağça problemidirmi? Redaktorların bunu necə qarşılayır?

- Bəli, əsas səbəb bağça problemidir. Kiçik oğluma bir yaşından iki yaş yarıma qədər bağçaya axtardım. Paytaxtda iyirmiyə yaxın bağça jurnalist olduğumu biləndə uşağı götürməkdən imtina etdilər. Sonuncu bağça müdirəsinə rayonun icra hakimiyyətindən tapşırdılar uşağı, Uşaq bir ay bağçaya getdi. Bir ay sonra müdirə məni çağırıb dedi ki, uşağa baxa bilməz. Baxmayaraq ki, bu, dövlət bağçası idi. Səbəbini isə müxalifət qəzetinin əməkdaşı olmağımla əsaslandırdı. Başa salmağa çalışdım ki, etdikləri qanunsuzdur, sonunda məni təhqir etdi. Bununla bağlı məhkəməyə müraciət etmişəm, ölkədə bütün məhkəmə instansiyalarını keçdim, ancaq məhkəmələr qanunsuz olaraq iddiamı təmin etmədi. Bu səbəbdən uşağı özümlə işə gətirirdim. İndi bağça tapmışam, ancaq bağçadan sonra işim bitməyəndə yenə işə gətirirəm. Redaksiya bu rejimdə işləməyə öyrəşib, redaktorlar, digər əməkdaşlar onu çox sevirlər. Hətta işdə növbə ilə baxırlar ona və mən yazılarımı tamamlayıram.

Kəmalə Quliyeva (Lent.az): – Heyvanları çox sevdiyini bilirəm. Hazırda neçə heyvanınız var?

- Hə, heyvanları çox sevirəm. Uşaqlıqdan bu, belədir. İndi evdə altı tutuquşum var. İtimi rayona xalama göndərmişəm, bina evində uşaqlarla birgə saxlamaq bir az çətin oldu. Hə, bir də deyim ki, uzun illərdir təkcə heyvanları sevirdim. Bir ay əvvəl yoqa məşqlərinə gedəndən insanlar da sevməyə başlamışam.


Azər Mustafayev (“Ülfət” qəzeti): – ADPU-nun filologiya fakültəsini bitirmisiniz, deyəsən hər birimiz kimi sizə də jurnalistika sahəsi daha maraqlı gəlib. Bəs müəllim kimi işləməyi nə vaxtsa fikirləşmisiniz?

- Jurnalistika uşaqlıq arzum idi. Hərdən buna görə özümü xoşbəxt sayıram. Müəllim kimi işləmək istəyirəm, bu, həm də sevimli müəllimimin qarşısında verdiyim sözdür, onun da arzusudur. Müəllim işləməməyimin səbəbi onların siyasi proseslərə cəlb olunmasıdır. Həm onların də çətin, məsuliyyətli işin, gərgin əməyin qarşılığında aldıqları məvacib də yetərli deyil. Buna görə müəllim olmaqdan vaz keçmişəm.

Elmar Hüseynov (Simsar.az): Röya xanım, ev almağınız münasibətilə sizi təbrik edirəm. Bəs evdən sonrakı ən böyük arzunuz nədir?

- Çox sağ olun, evi olmayan hər bir vətəndaşa arzulayıram bunu. Ev ən böyük arzum deyildi. Arzuların ölçüsü olmur əslində, vaxtdan, insanın əhvalından asılı olaraq daha vacibi olur. Arzularım məişətlə bağlıdır. Çünki siyasi proseslər arzularımızdan, dualarımızdan asılı deyil.

Şəhriyar Əlizadə (APA): – Filologiyanı jurnalistikaya dəyişməyinizə səbəb nə oldu?

- Uşaqlıq arzusunun dalınca qaçmaq istəyi…

Nizam Rzayev (Lent.az): – Uşaqlarınız tez-tez çalışdığınız redaksiyada olur, hiss olunur ki, orada xoş münasibət görürlər… İstərdinizmi övladlarınızdan hər hansı biri gələcəkdə jurnalist olsun?

- Uşaqlarıma redaksiyada rahatdır, heç ayrılıb evə getmək istəmirlər. Doqquz yaşlı böyük oğlum artıq deyir ki, mən də jurnalist olacam. Hələ ki, fikrini qətiləşdirməyib, əslində istəməzdim.

Vəfa Şəhlayi (ANS TV): – Müxalifət mediası azad media sayıla bilərmi?

- Xeyr. Müxalifət mediası azad media sayıla bilməz. Bizdə azadlığını, mövcudluğunu saxlamağa çalışan mediadır müxalifət mediası.

Fərəh Sabirqızı (Bakupost.az): – Röya çoxprofilli jurnalistlərdəndir. Görəsən, indiyə kimi toxunmadığın hansısa mövzu qalıbmı?

- İndiyə qədər elə ciddi bir mövzu yazdığımı düşünmürəm. Hazırda bir yazımı xatırlayıram ki, çox maraqlı idi. Bu, ölkəmizdən İrana gedən xəstə ordusu, onların problemləri, başlarına gələnlər barədə idi. Bu günlərdə araşdırma jurnalistikası ilə bağlı təlimə getdim və başa düşdüm ki, qəzetlərdəki əksər yazılar o qədər də lazımlı olmayan rəylərdir, vəssalam. Tanınmayan insanlardan ekspert düzəldib qəzet səhifələrinə çıxarırıq, sonra jurnalisti bəyənmirlər. Əksər hallarda jurnalistlər çörək pulunun xatirinə araşdırma ilə deyil, hansısa xəbərə, olaya rəy almaqla gününü keçirir.

Pərvin Abbasov (Femida.az): – İpoteka ilə ev aldın, bəs bu addımı atarkən 2015-ci ildə jurnalistlərə ev veriləcəyini nəzərə aldınmı, yaxud almadınmı?

İpoteka ilə deyil, tikinti şirkətindən xahişlə ev aldım. İlkin ödənişi üç dəfədən də aşağı saldılar, sağ olsunlar. 2015-ci ilə qədər bunu etməli idim, kiminsə qarşısında gözükölgəli olmaq istəmirəm. Jurnalistlərin binasından ev alanların 70-80 faizinin başqa evi var. Onlar mənim kimi kirayələrdə balalarını böyüdən jurnalistlərin haqqına girməyə utanmadılarmı? Qorxmadılarmı həmin balaların ahı tutar onları? Əslində mənim hərəkətim, riskə girərək ev almağım onlara ən yaxşı cavabdır. Ölkədə vicdanla, kişi kimi də yaşamaq olar…

İlkin Əhmədov (“İnterfaks-Azərbaycan” İA): Qarşıdan 8 Mart gəlir. Röya xanım bir qadın kimi, hansı hədiyyəni gözləyir?

- Hədiyyə gözləməyi sevmirəm, ancaq özüm diqqətliyəm, dostların, yaxınların şad günlərini mütləq təbrik edirəm. Bu gün məni təbrik edəcək kiçik çevrəm var və vacib olan diqqətdir.


Zülfiyyə Quliyeva (Movqe.az): – Sənin uşaqlığınla bağlı bir yazını oxudum. Belə məlum oldu ki, uşaqlıq dövrünü xoşbəxt yaşamamısan. Bəs özün necə uşaqlarına onlara gərəkən qədər xöşbəxt həyat yaşada bilirsənmi? Ümumiyyətlə ev, uşaqlar, jurnalistika bunların üçünə də çatmaq, ailəyə uşaqlara qayğı eləcə də işə məsuliyyət hamısını çatdırmaq çətin deyil ki?

- Uşaqlığım çətin keçib, uşaqlarımın belə bir həyat yaşamasını heç arzu etmirəm və bunun üçün çalışıram. Nəinki öz uşaqlarımın, heç bir körpənin bədbəxt, çarəsiz olmasını istəmirəm. Hər anıma şükür edirəm. Heç vaxt düşünmürəm ki, bundan daha yaxşı ola bilərdi. Daha pis olmadığı üçün şükür edirəm. Naşükür deyiləm, həmişə inanıram ki, daha yaxşı olacaq və belə də olur.

Zeynab Kazımova (ADU-nun mətbuat katibi): – Jurnalistika sizə nə verdi?

- “Jurnalistika mənə nəsə verməli idimi” deyə sual vermədim heç vaxt özümə. Bu, sevdiyim bir işdir və jurnalistika müəyyən mənada mənə rahatlıq gətirir. Çoxlu dostlar qazandım, maraqlı çevrəm var, hüququ pozulan insanlara arabir kömək etmək kimi şansım var.

Azər Rəşidoğlu (“Yeni Müsavat” qəzeti): – Özünə niyə başqa peşə tapmırsan? Bu ölkədə jurnalistikanın sonu dumanlı görünür. Bəlkə, yaxşı düşünəsən- mətbuatdan getmək vaxtı çatmayıbmı?

- Bu suala cavab verə bilməyəcəm, uzun müddət düşünməyim lazımdır.

Zeynab Kazımova (ADU-nun mətbuat katibi): – Bu sahəni atsanız nə işlə məşğul olarsız? Yəni, hansl peşəyə üz tutarsınız?

- Müəllim işləyərəm. Bir neçə il əvvəl hərbçi də olmaq keçirdi fikrimdən, amma artıq yaş ötür, bu, mümkün deyil. Lakin bütünlüklə ayrıla bilərdimmi, bunu bilmirəm.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!