Modern.az

Deputat Nazim Məmmədov: “Biznesdə qalsaydım, daha çox qazana bilərdim" (müsahibə)

Deputat Nazim Məmmədov: “Biznesdə qalsaydım, daha çox qazana bilərdim" (müsahibə)

24 May 2010, 17:11

Modern.az-ın suallarını Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov cavablandırır

 

- Nazim müəllim, Üçüncü Çağırış Milli Məclisin fəaliyyət müddətinin başa çatmasına bir neçə ay qalıb. Necə qiymətləndirirsiniz bu beş ili?

- Parlament doğurdan da çox işlər gördü, bununla yanaşı, güman edirəm ki, bu müddətdə çox insanları, parlament üzvlərini qane etməyən məsələlər də oldu. Təbii ki, Azərbaycanda həm iqtisadi, həm siyasi sahədə gedən islahatlara uyğun olaraq parlament də müəyyən qanunları qəbul elədi. Ancaq məni daha çox qane etməyən tərəflərə toxunmaq istəyirəm ki, gələcəkdə bu məsələləri həll edə bilək. Mən güman edirəm ki, komitələrin fəaliyyəti daha da dərinləşməlidir. Ümumiyyətlə, Milli Məclis özü Azərbaycanın ictimai-siyasi həyatında daha çox önəm tutan məslələrə diqqət yetirsə, daha məqsədəuyğun olar. Adətən bizdə kimsə danışdıqda, hansısa qanun layihəsi müzakirə olunduqda həmişə  hörmətli həmkarlarımız tez-tez cənab Prezidentin adını çəkirlər və qanun layihəsinin dövlət başçısı tərəfindən gəlməsi ilə bağlı fikirlər yürüdürlər, bu məsələlərdə demək olar ki, standart xarakterli hərəkətlər edirlər. Bu, məni qane etmir. Əslində hər birimizin tarix qarşısında məsuliyyətimiz var, o cümlədən hakimiyyət bölgüsü olaraq, Azərbaycanın inkişafı ilə bağlı Milli Məclisin də. Özünü hakimiyyətə yaxın hesab edən insanların da məsuliyyəti var. Bilirsiniz, tarixdə də var, nailiyyətlər daha çox olduqda nailiyyətin başında duranı insanı daha çox tərifləyirlər, daha çox gündəliyə gətirirlər və bunu onun ayağına yazılır. Allah eləməmiş, bir problem olanda hərə öz yaxasını kənara çəkir və tarixi məsuliyyət bir şəxsin üzərində qalır. Ona görə də mən hesab edirəm ki, Milli Məclisin üzvləri, ən əsası da Yeni Azərbaycan Partiyasından olan, həm də bitərəf olub hakimiyyəti birmənalı dəstəkləyən deputatlar çalışmalıdırlar ki, tarixi, siyasi məsuliyyəti Prezidentlə bölüşməyə cəhd göstərsinlər. Bəzən belə fikirlər səsləndirilir: Qarabağ məsələsi ilə Prezident məşğuldur. Təbii, o tədbir olmayıb ki, Prezidentimiz erməni vəhşiliyidən danışmasın. Bu məsələ ilə bağlı cənab Prezidentin mövqeyi ortadadır: bir qarış torpağımız  da müzakirə mövzusu ola bilməz. Bəs, biz nə iş görürük? Hesab edirəm ki, bütün məsələlərdə Prezidentimizə kömək etməliyik, heç bir məsələdə məsuliyyətdən qaçmamalıyıq. Demək istəyirəm ki, o baxımından Milli Məclis Azərbaycanın ictimai- siyasi həyatında gedən proseslərə çox diqqətlə yanaşmalıdır və ciddi müzakirələr olmalıdır. -Şəxsən siz bu istiqamətdə, xüsusilə də məsuliyyətin bölüşdürülməsi məsələsində hansı addımlar atmısınız? - Bir dəfə Milli Məclisin gündəliyi müəyyənləşdirilmişdi. Gündəliyə salınan məsələ bizim komitədə müzakirə olunurdu. Mən gördüm bu sənəd sahibkarlığın inkişafına ziddir. Ona görə də bunun əleyhinə çıxdım, bir neçə deputat həmkarım da məni müdafiə etdi. Nəticədə həmin məsələ həm komitənin, həm də plenar iclasın gündəliyindən çıxarıldı. Bu məsələdə Prezident Adminstrasiyası bizi müdafiə etdi. Halbuki həmin sənədin Prezidentdən gəldiyini deyirdilər  və  qanun  layihəsinə qarşı olmaq təşəbbüsü məndən gəldiyinə görə mənə təzyiq  etməyə  cəhd də göstərilmişdi. Bunu komitənin rəhbəri də, Milli Məclis rəhbərliyi də bildi. Halbuki mən Prezidentimizin yürütdüyü siyasəti müdafiə edirdim. Amma kimsə məni müdafiə edən bir addım atmadı. İqtisadi sahədə müxtəlif qanunlar qəbul olunub. Bəzən insanlarımız bizi günahlandırırlar ki, Milli Məclis maaş, pensiya və digər məsələlərlə bağlı niyə aktiv mövqe nümayiş etdirmir?   Demək istəyirəm ki, biz sözdə deyil, əməldə Prezidentə dəstək olmalıyıq. Baxın, istənilən ölkənin, böyük ölkələri də nəzərdə tuturam, ölkə başcısı gəlib parlamentdə çıxış edir.Ölkənin  inkişaf istiqamətini müəyyən edən srateji xətləri müəyyənləşdirir, bunu mesaj olaraq cəmiyyətə, o cümlədən parlamentə göndərir. Parlament də deyilən istiqamətlərdə iş görməlidir. Məsələn, cənab Prezident çıxış edir, deyir ki, “biz Avroatlanik məkana inteqrasiya etməliyik. Biz şəffaflıq təşəbbüsünü daha da dəstəkməliyik, biz rəqabət mühitini daha da yaxşılaşdırmaq üçün qanunları təkmiləşdirməliyik” və s. Ancaq əfsuslar olsun ki, sonradan Milli Məclis tərəfindən bunların praktiki həyata keçirilməsi üçün addımlar atılmır. Gözləyirlər ki, hardansa bir qanun layihəsi gələcək, komitələrdə hər hansı bir müzakirələr olacaq. Ona görə deyirəm ki, məsuliyyətin bölgüsü  olmalıdır. Bir az da konkretləşdirsək, parlamentin daha fəal olmasının tərəfdarıyam.

- Nə zamandan hakim Yeni Azərbaycan Partiyasının üzvüsünüz?

- 1998-ci ldə Heydər Əliyev ikinci dəfə Prezident seçiləndən sonra, 1999-cu ildə Moskvada azərbaycanlı iş adamları ilə görüş keçirdi. O zaman mən də orada idim. Mərhum Prezident orada xaricdə yaşayan azərbaycanlıların öz vətəninə diqqət artırmalarını tövsiyyə etdi. Bu təşəbbüsə biz də qoşulduq. Mən təhsilimi Rusiyada almışam, bu da Heydər Əliyevin təşəbbüsü idi. Vaxtı ilə Azərbaycandan olan gənclərə xarici dövlətlərdə təhsil almaq əlçatmaz idi. Ona görə də onları Sovet İttifaqı daxilində-Ukrayna, Belarus, Rusiyada və digər respublikalarda tanınmış ali məktəblərə təhsil almaq üçün göndərirdilər. Həmin gənclərdən biri də mən idim. Demək istəyirəm ki, Heydər Əliyevin müraciətindən sonra mən Azərbaycana qayıtdım. O zaman Bakının Xətai rayonunda qeydiyyata düşdüm. Əli Əhmədov o zaman həmin rayonun icra başçısı idi. Mən Xətai rayonunda, yaşadığım ərazi üzrə YAP üzv olmaq üçün ərizə ilə müaciət etdim. Partiya biletimi 2000-ci ildə aldım. Partiyaya mən ancaq və ancaq Heydər Əliyev siyasətini dəstəkləmək üçün daxil oldum. Heydər Əliyevə bizim bir mənəvi borcumuz vardı. Mənim dünyagörüşümün formalaşması Azərbaycandan kənarda baş verib. Ali təhsilimi və elmi dərəcəmi orda almışam. Biznes addımlarımı da orada atmışam. Ona görə də bütün bunlara görə Heydər Əliyevə bir mənəvi borcum var. Həqiqətən də ikinici dəfə prezident seçilikdən sonra Heydər Əliyevə daha çox dəstək lazım idi. Çünki, artıq siyasi sabitlik bərqərar olmuşdu, ancaq Azərbaycanın iqtisadiyyatı daha sürətlə inkişaf etməli idi. Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlılara bu müraciətindən sonra mənim kimi çox adam Azərbaycana qayıtdı. Azərbaycanda iş yerləri açıldı, sonra da sahibkarlığa dəstək kampaniyası başladı. Artıq siyasi islahatlar başa çatmışdı və iqtisadi islahatların başlanğıcı idi.

- Bu partiyaya üzv olduğunuza gərə nə zamansa özünüzü çərçivəyə salınmış hesab etməmisiniz ki?

- Bu gün Heydər Əliyevin strategiyası davam etdirilir. Partiyamızın yaranması dövründə mən burada olmamışam. Bu proseslər gedən zaman mən Azərbaycandan kənarda olmuşam və bunu kənardan izləmişəm. Mən özümü hər hansı çərçivəyə salınmış hesab etmirəm. Partiyanın sıravi üzvüyəm, rəhbərlərindən, funksionerlərindən deyiləm, 500 mindən biriyəm. Ancaq insanların bəzən dəb xatirinə də partiyaya daxil olması halları olur. Bəzən özlüyümdə fikirləşirəm ki, bu qədər üzvün olması nə qədər məqsədəuyğundur? Bu barədə fikirlər məndə haçalanır. Qəbulumuzda olanda bəzi  adamlar  partiya mənsubiyyətini  az qala gözümüzə soxurlar: “Mən bu partiyanın üzvüyəm, mənə imtiyazlar olmalıdır”. Ona görə də mən hiss edirəm ki, bəzi insanlar partiyaya imtiyaz üçün gəliblər. Mütərəqqi düşüncəli insan kimi bu məni narahat edir. Partiyaya üzv olmağı heç kəs mənə tövsiyyə etməyib. Partiyaya üzv olduqdan 6 il sonra mən seçkilərə qatılmışam. Əslində partiya üzvlüyü mənim üçün heç bir imtiyaz verməyib. Eyni zamanda məni bir çərçivəyə də salmayıb.

- Müşahidələr göstərir ki, siz şox zaman partiyanın xəttinə zidd açıqlamalar veririsiniz. Bunu hiss edirsinizmi?

- Biz hüquqi dövlətdə yaşayırıq. Dediyiniz o stereotip sınmalıdır. Partiya üzvü o demək deyil ki, hamı bir sıraya düzülsün, eyni sıra ilə addımlasın. Biz bunu görmüşük. Vaxtilə mən Kommunist Partiyasının üzvü olmuşam.  Ətrafdan bəlkə də belə  görünə bilər. Milli Məclisdə üzvlərimiz var, elə YAP-ın icra katibi, onun müaviniləri çox fərqli fikirlər də söyləyirlər. Bu, cəmiyyətimizlə də bağlı olur, ayrı-ayrı məmurlarla bağlı da. Bizim çox həmkarlarımız var, məndən də kəskin fikir söyləyirlər. Bu bir  daha ona  sübutdur  ki, bizim  partiyamız  fikir  müxtəlifliyinə  önəm  verir  və  cəmiyyətin  inkişafını  demokratik  prosesslərin  dərinləşməsində  görür. Dediyiniz  kimi,  mən “kəskin fikirləri”  yox -  iqtisadi cəhətdən əsaslandırılmış, Azərbaycanın inkişafına xeyir gətirə biləcək fikirləri söyləyirəm. Hesab edirəm ki, dövlətimizin başçısı da belə istəyir.

- “Stajlı” deputatlar kəskin fikirlərinizə görə təklikdə sizə heç iradlarını bildirirlər?

- İnsan bir yerdə çox çalışdıqda onun həyat tərzi onun xarakterinə təsir  edir. Hər halda bir normaya sığışır. Ancaq parlamentlər elədir ki, burada təbii ki, azad fikir söyləmək daha məqbul sayılır. Dediyiniz “stajlı” deputatlar əksinə, həmişə yaxınlaşıb mənə dəstək nümayiş etdiriblər.

- Parlament rəhbərliyi tərəfindən açıqlamalarınıza rəğmən “danlanmısınız”?

- Mən partiya funkisoneri deyiləm. Danışdıqlarımla bağlı nə YAP-dan, nə Milli Məclisin rəhbərliyindən heç bir irad tutulmayıb. Bilirsiniz, sağa-sola baxan həmişə çaş qalar. Mən iqtisadiyyatda düzgün hesab etdiyim, bu və ya digər formada islahatların hansı yolla aparılması məqsədilə fikirlər səsləndirirəm. Bir neçə detal deyim. Mən bir neçə il ərazində davamlı olaraq səsləndirdiyim fikirlər,  Mərkəzi Bankın rezervlərindən istifadə məsələsini və “Milli Bank haqqında” qanunun dəyişiklik məsələsini, Mərkəzi Bankın uçot dərəcəsinin yuxarı olmasını 3 il  ərzində  dəfələrlə tənqid etmişəm. Bu kimi məqamlarla bağlı xeyli çıxışlarım olub. Səsləndiridiyim fikirlərdə mən həmişə ali məktəblərin maliyyələşməsi ilə bağlı mexanizmin dəyişdirilməsini vacib saymışam, bu haqda sual vermişəm, hökumətin qarşısında məsələ qoymuşam. Sonradan bunlar həlini tapıb, Cənab Prezidentin bununla bağlı sərəncamı olub. Mən səhmdar cəmiyyətlərlə bağlı məsələ qaldırmışam, dövlətin onlara vəsait ayırmasının əleyhinə olmuşam. Qeyd edtmişəm ki, “Hesablama Palatası haqqında” qanunda dəyişklik edilməlidir və axırda qanun layihəsini təqdim etmişəm. İlk olaraq səsləndirilən fikirlər bəlkə də kiməsə qəribə görünə bilərdi. Ancaq güman edirəm ki, bunlar Azərbaycan iqtisadiyyatına tövhə verən məqamlardır və mən bu fikirləri fikir xatirinə və yaxud tənqid xatirinə səsləndirməmişəm. Bunları tam bildiyimə görə səsləndirirəm və həyata keçirildiyinə görə Milli Məclisə və Cənab Prezidentə minnnətdarlıq etmək istəyirəm. - Nədənsə Mili Məclisin iclasları olan günlərdən başqa, digər zamanlarda sizi orada gormək olmur. Bunun səbəbini bilmək olarmı?

- Etiraf edim ki, yeni seçilən vaxt qollarımı çırmalayıb işə girişmişdim. O zamanlar tez-tez gəlirdim parlamentə, sonradan bəzi şeyləri gördüm və gündəlik  iş  rejimimi  dəyişdim. Yeri gəlmişkən, deyim ki, təzə seçilən vaxtda “Tikinti fəaliyyəti haqda” qanun layihəsi ikici oxunuşa hazırlanırdı və işçı qrupunun rəhbəri mən idim. Tez-tez işçi qrpunun üzvləri ilə, müvafiq qurumların nümayəndələri ilə görüşürdüm, nəticədə belə oldu ki, sənəd müzakirədən çıxarıldı. Sonradan parlament rəhbərliyi məqsədəuyğun hesab etdi ki, bunu bir məcəllə şəklinə salsınlar. Müzakirələr davam edir, ancaq hələki sənəd son oxunuşa hazırlanmayıb. Bu baxımından komitənin sıravi üzvi kimi gündəlik parlamentdə oturmağımı məqbul saymıram. Mən daha çox ofisdə oturub, bu və ya digər formada işləməyə daha çox üstünlük verirəm. Seçicilərimin  əhəmiyyətli  hissəsi  mövsümü  və  ya  iqtisadi  miqrasiya  ilə  əlaqədar  Bakı  ətrafında  məskunlaşdığına görə, seçildiyim bölgədəki  ofislə  yanaşı,  Bakıda da  deputat  ofisim  var  və   hər gün  heç  olmasa  bir  neçə adamı qəbul  edirəm, görüşlər  keçirirəm.

- Ofisinizdə dövlət telefonu yoxdur. Seçicilərin problemlərini həll etmək üçün məmurlarla necə əlaqə saxlayırsınız?

- Əslində dövlət telefonunun olması lazımı adamların tapılması demək deyil, bunu mən etiraf edim, mətbuatdan da oxumuşam, çox sayda deputat həmkarlarımız da bu barədə giley-güzar edirlər. Bu giley-güzar həqiqətə uyğundur, dövlət telefonları nömrələri ayırd edən nömrələrdi, xüsusi xidmət telefonudur. O adətən birinci şəxslərin istifadəsində olmur. Birinci şəxslər dedikdə nazirlər, komitə və digər qurum rəhbərlərindən söhbət gedir. Ancaq bu telefonlara onların köməkçiləri cavab verirlər. Köməkçi də heç bir məsələni həll edə bilmir, daha çox rahat şəhər telefonundan danışmaq və katibə vasitəsilə calaşmaq efektlidir. O baxımından təkcə telefon xatirinə Milli Məclisdə orada oturmağı da əhəmiyyətsiz hesab edirəm.

- Milli Məclisdə özünüzə yeni dostlar tapmısnızmı?

- Açığı belə demək mümkünsə, mən parlamentdə Azər Əmiraslanovla yanaşı masada otururdum. İndi Azər müəllim Prezident Admistrasiyasında işləyir və  o  vaxtdan  yanımdakı  masa  boşdur. Adətən Milli Məclisdə dost deyiləndə yalnız yanaşı  masada oturanlar başa düşülür və elə onlar arasında daha isti münasibət olur. Amma dost məsələsinə çox diqqətlə yanaşam adamam.

- Bəlkə daha çox tənqidi fikirlər söyləməyinizə rəğmən deputatlar sizdən yan gəzirlər...

- Mən yenə qeyd edim, Azər Əmiraslanovla bir yerdə otururduq. Belə demək mümkündürsə, onunla yenə dostluq münasibətlərimiz var. Mənim onun uşaqlarına xoş münasibətim var, onun mənim uşaqlarıma. Deputat seçilməyənə qədər Gültəkin Hacıbəyli ilə dostluq münasibətimiz olub. Çox adamı deyə bilərəm. Bir  bölgəni  təmsil  etdiyimizə  görə, tez-tez  görüşdüyümüzə  görə Qənirə  xanımla  dost  münasibətimiz  var, baxmayaraq  mən  onun  əmisi, gözəl  alim  Qəzənfər  Paşayevi  ondan  qabaq  tanıyıram  və  bizim  formalaşmış  ailəvi  dostluq münasibətimiz  var. Eləcə  də Əli  Əhmədov,  Nizami  Cəfərov, Nizami  Xudiyev, Ziyafət  Əsgərov, Cəmil  Həsənli  və  digərləri  ki, mən  deputat  seçilməmişdən  çox  əvvəllər  tanımışam  və  hər  birisinə  böyük  hörmətim  var. Amma dost başqa məfhumdur. Mənim sinif yoldaşım var ki, dostluq münasibətlərimiz hələ də davam edir. İstənilən halda biz həmişə görüşürük və tələbə yoldaşım ilə, iş həmkarım var, vaxtı ilə iş adamı olub, onunla dostluq münasibətlərimiz var. Dünyanın  bir  çox  ölkələrində  çox  sayda  dostlarım  var  və  onlarla  mən  deputat  seçilənə  qədər  münasibətlərim  formalaşıb  və  bu  gün  də  davam  edir. Özümdən yaşca balaca və özümdən daha yaşlı insanlara dostluq münasibətim var. Misal üçün, Tovuzdan olan 82 yaşlı  Çingiz Namazovu  özümə dost hesab edirəm, o da eyni. Hər hansı bir  siyasi  maraqların  xatirinə olan dostluğu mən qəbul etmirəm.

- Dediyinizdən belə çıxır ki, siz hər hansı dövlət işində çalışa  bilməzsiniz...

- Mənim demək istədiyim o idi ki, dövlətdən heç vaxtı maaş almamışam. İlk dəfə dövlətdən aldığım maaş deputat maaşı olub. Təbii ki,  icra strukturu elədir ki, istənilən aşağıda oturan məmur yuxarıda oturan məmurdan asılı vəziyyətdədir. Asılı nə mənada- onun idarəçiliyində və digər. Çox  hallarda  da  təşəbbüs  alqışlanmır  və  “rəislərin”  xoşuna  gəlmir. Ona görə də siz deyəndə ki, bizim həmkarlar ola bilər ki, o həmkarlar uzunmüddət belə işlərdə çalışırlar və bu onların xarakterinə uyğundur. O baxımından mənim azad düşüncəm, azad  danışmağım ola bilər ki, mənim sürdüyüm həyatla bağlıdır.

- Dövlətin icra orqanına işə təyin olunsanız, xarakterinizdə dəyişiklik baş verə bilərmi?

- Güman etmirəm ki, bundan sonra xarakterini dəyişəcək bir adam olam. Özümü formalaşmış bir insan hiss edirəm. Statusumu, indiki düşüncəmi başqa bir düşüncəyə dəyişmək fikrim yoxdur. Təbii ki, cəmiyyətin özünün özünü tənzimləmə funksiyası var. Bundan əlavə Nazim Məmmədov bu gün deputatdır, sabah deputat olmaya bilər və yaxud başqa bir strukturda çalışa bilər. Bu, başqa bir mövzudur. Demək istəyirəm ki, mənim həyatım budur, taleyim budur. Mənim demokratik düşüncəm mənə maneədirmi? Bunu demək istəyirsiz? Bəlkə də milyonlarla insan mənim kimi düşünür. Bu, əslində Azərbaycanın müstəqilliyinin nailiyyətidir. Təbii ki, demokratikləşmənin nəticəsidir. Mən az vaxt olsa da, sovet dövrünü keçmiş adamam. O zaman insanlar eyni düşünməyə məcbur edilirdilər. Bu gün Azərbaycanda bunu heç kəs məcbur edə bilməz. Bu gün istənilən adam, istənilən işlə məşğul ola bilər. Heç kəs ona qadağan etmir ki, siyasətlə məşğul ol və yaxud elmlə məşğul ol. Bu normal seçimdir, bu nəyə mane olmalıdır? Biz gərək hamımız eyni fikirdə olaq? - Mir müddət öncə saytımıza açıqlamanızda indi deputat olduğunuz dairədən təkrar namizədliyinizi irəli sürəcəyinizi bildirmişdiniz. Partiyanızın rəhbərliyindən sizə irad bildirən olubmu?

- Mənə heç kəs nə etiraz bildirib, nə də güman etmirəm ki, bundan sonra da bildirərlər. Bu mənim şəxsi fikrimdir, elə güman edirəm bu Azərbaycanın siyasi rəhbərliyinin fikridir. Bizdə azad bərabər seçkidir, mojaritar sistemdir. İstənilən deputat, istənilən insan öz namizədliyi irəli sürə bilər. YAP-ın üzvü olaraq, həm də YAP-ın deyək ki, mətbuatla münasibətdə olan, açıqlamalar verən- buna səlahiyyətləri olan şəxsləri, icraçı katibi, onun müavinləri dəfələrlə bəyan ediblər ki, “hər hansı bir siyahı hazırlamaq fikrimiz  yoxdur”. Dairələrdə namizədlər müəyyənləşənə qədər,  hər  hansı  bir  siyahının  hazırlanması  və  onun  elan edilməsi tam  yanlış  addım  olar  və  bu  iqtidar  partiyasının imicinə, demokratiyaya  ziddir.  Məsələ elədir ki, namizədlər  təbliğata  başlayana  qədər  siyahının  olması  Nazim Məmmədova  və  ya  digər   namizədliyini irəli sürmüş  namizədə  üstünlük  gətirmir,  əksinə  hakimiyyətin  əleyhinə  işləyə  bilməsi  daha  real  görünür.   - Mümkündürmü ki, YAP namizədliyinizi verəcəyiniz dairidən başqa namizəd irəli sürsün və namizədliyinizi dəstəkləməsin?

- Bu da ola bilər. Güman edirəm ki, YAP daha şanslı, ictimai həyatda daha nüfuzlu, şanslı namizədi dəstəkləyəcək. Bu, açıq, demokratik cəmiyyətdir. Belə olması normaldır,  mojaritar sistemin qaydalarına uyğundur. Əvvəlcədən hər hansı bir siyahının olması administrativ metod  kimi  qiymətləndirilir. Hər kəsin fikrinə mənim böyük hörmətim var. Kimsə deyirsə ki, cənab Prezident, YAP  belə məsləhət bilir, filan olub, bundan sonra namizədliyini müəyyən edəcək, bu, onun öz işidir. İnsan özünə əmindirsə, o seçkini qazanacaq. Təbii ki, onun da fəaliyyəti partiyamızın fəaliyyətinə, dövlət başcısının prinsiplərinə əks fəaliyyət deyilsə. Proporsional seçki sistemi yoxdur, ola bilər ki, ayrı-ayrı müxalifət partiyaları siyahı deməklə, anons verməklə özlərini gündəmdə saxlayırlar. Mən bundan artıq bir şey görmürəm. Əslində özünə hörmət edən partiya əvvəlcədən anons verməməlidir. Bizim partiya heç bir anons verməyib. Partiya öz  daxilində bunu edə bilər, bu, ictimaiyyətə açıqlanmamalıdır. YAP iqtidar partiyasıdır, onun atdığı hər bir addım böyük rezonansa səbəb olur və bizim ölkəmiz beynəlxalq qurumlar tərəfindən ciddi müşahidə obyektidir və biz nəyəsə əsas yaratmamlıyıq.

- Seçkidə namizədliklə bağlı fikrinizdə qalırsınzmı?

- Mən fikrimi söyləmişəm yenə qeyd edirəm, mən namizədliyimi seçildiyim bölgədən verəcəm. Ancaq buna qədər başqa işlər də ola bilər. Həyatdı yaşayarıq, görərik. Ona qədər Nazim Məmmədov hər hansı bir başqa təklif almasa, belə demək mümükündürsə, bu da istisna deyil, cənab Prezident Nazim Məmmədovun savadına, qabiliyyətinə, təcrübəsinə etimad göstərib onu hər hansı bir işə cəlb etmək istəsə, onda heç bir seçkidən söhbət gedə bilməz. Belə olmayan halda namizədliyimi irəli sürəcəm.

- Son olaraq, Milli Məclisdə ötən beş ildə itirdikləriniz çox oldu, qazandıqlarınız?

- 5 illlik deputatlıq fəaliyyəti məni nüfuzlu bir şəxs kimi, bir çox insanların yadında qalan şəxs kimi bir az məhşurlaşdırıb. Beş il bundan qabaq ola bilər ki, Azərbaycanda on minlərlə mənim kimi adam var idi. Seçilmək və nüfuz qazanmaq şərəfli və məsuliyyətli işdir. İctimaiyyət arasında bir mütəxəssis kimi , deyək ki, öz sahəsinin bilicisi kimi, bu sözləri mənə dediklərinə görə mən bunu təkrar edirəm, mən də müştəheb adam deyiləm ki,özüm haqda yüksək fikirdə olam, tanınmaq şərəfdir. Fikirləşirəm ki, öz işimin başında olsaydım, maddiyyatdan daha çox udmuş olardım, bu mənada mənəviyyat baxımından daha çox qazanmışam. Əslində bunu normal sayıram. Yeri gəlmişkən, deyim ki, 2005-ci ilin dekabrında  Konsitutisiya Məhkəməsi deputat olmağım barədə MSK-nın nəticələrini tanıdıqdan sonra heç bir işgüzar fəaliyyətlə məşğul deyiləm və hətta təsisçilik hüquqlarımı da təhvil vermişəm. Mən qanuna hörmətlə, diqqətlə yanaşan bir insanam, hesab edirəm ki, qanunvericilik hakimiyyətinin nümayəndəsi olaraq biz belə şeylərə çox diqqətcil olmalıyıq. Biznesdə qalmış olsaydım, maddi baxımdan çox  qazana bilərdim, amma tanınmış bir  deputat olmaqla qazandığım  daha çoxdur.

  

Təhminə PAŞAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi