Modern.az

Bakıxanov: “Dünya dağılacaq!” - Yubileyi ərəfəsində ARAŞDIRMA

Bakıxanov: “Dünya dağılacaq!” - Yubileyi ərəfəsində ARAŞDIRMA

Ədəbi̇yyat

20 Fevral 2014, 11:31

Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi ərəfəsində Modern.az saytı şair-alim və mütəfəkkirin “Kainatın sirləri” (“Əsrarül-məlakut”) traktatını araşdırıb.

Bu əsər günədək öz layiqli dəyərini almayıb. XIX əsrin 20-ci illərində dövlət əhəmiyyətli ezamiyyətdən istifadə edərək bir çox Baltik ölkələri gəzən və coğrafi səyahət xarakterli əsərlər yazan A. Bakıxnov qələmini elmi astronomik mövzuda da sınayır. Çünki həmin vaxt o Polşaya səfər edərkən dahi alim , astrofizika sahəsində inqilabi kəşflər edən heiosentrik nəzəriyyəsinin bansii Nikolay Kopernikin ev muzeyində olur. Onun demək olar ki,  bütün əsərləri ilə tanış olan Bakıxanov alimdən təsirlənərək “Kainatın sirləri” adlı əsərini yazır. Bakıxanovun uğuru ondan ibarət olur ki, o təkcə elmi nəzəriyyə və quru riyazi  hesablamalar, elmi faktlarla kifayətlənmir, bir Şərq filosofu kimi onları İlahi məntiqlə əlaqələndirir. Beləliklə də, elmlə fəlsəfənin vəhdətinə nail olur. O, qismən də olsa, Yer kürəsinin qarşılaşacağı potensial təhlükələri şərh edir. Hətta deyilənlərə görə  əsəri Osmanlı sultanına yaranacaq təhlükələrdən xəbərdar olması məqsədilə  təqdim etmək istəyir.

Abbasqulu ağa Bakıxanov əslində bu əsərdə kainat sirləri və bu sirlərin bətnində cəm olan fəlsəfədən danışır. O, qeyd edir ki, kainat İlahi nizama tabe olub və kainatın əsas tənzimləyici rolunu oynayır. Elə “kainatın tənzimlənməsi” adlanan üçüncü hissədə də bu maraqlı detallara toxunulur. A. Bakıxanov Avropanın nəhəng alimləri Kepler və Nyutonun fizika elmi tarixində partlayış  olan nəzəriyyələrini də bu İlahi hikmətlə əsaslandırır. Keplerin nəzəri astrofizikanın əsasını təşkil edən 3 qanunu burada Şərq hikməti ilə ustalıqla əsaslandırılır. Elm və fəlsəfənin sintezi yaradılır. XVII əsrdə Keplerin yerin günəş ətrafında hərəkətini izah edən üç qanunu burada Bakıxanov üçün çox gözəl bir material, elmi əsas rolunu oynayır. Ulduzların, milyardlarca səma cisimlərinin,  “Süd yolu” qalaktikasının və milyonlarca bu kimi  qalaktikanın təşkil etdiyi Vahid Kainat sisteminin necə tənzimləndiyini  göstərmək üçün o Kepler qanunlarını səbəb kimi nümunə göstərir. Keplerin Yerin Günəş boyunca elleptik hərəkətini Bakıxanon İlahi hikmətin elmi əsası kimi göstərir:

Adamın başına belə bir fikir gələr: görəsən bu müxtəlif hərəkətlərin bir-birinə uyğun gəlməsinə hansı təbii səbəb, onlardakı nizamın sabit olması üçün nə kimi qayda vardır?

Hicri XI əsrin (XVII əsr - red) görkəmli alimləri Kepler və Nyuton bu suallara ən yaxşı cavab vermişlər. Birincisi – səbəbi, o biri – nəticəni əldə etmişdir.

Bu qanunlar üçdür: 1) Planetlərin orbitləri dəyirmi yox, ellipsvarıdır. O, bu qanunu Yerin Günəş ətrafında dövr edərkən cənuba nisbətən şimal tərəfdə 9 gün çox olmasına əsaslanaraq kəşf etmişdir. Buna gorə də Günəş şimal tərəfdə qış olarkən Yerə yaxın olur. Sonra Kepler başqa planetlər və onların peyklərinin orbitlərində də bunu aşkara çıxarmışdır”.

A. Bakıxanov elmi əsərə iki nəzəriyyənin müqayisəsi istiqamətindən yanaşıb. O nəzəriyyələrdən birincisi antik dövr yunan alimi Ptolomeyin yer haqqındakı nəzəriyyəsidir. Yunan astronomiya və coğrafiyasının ilk bilicilərindən sayılan və bir sıra müddəaları əsas elmi bazis  sayılan Ptolemeyin Yerin hərəkəti barəsindəki nəzəri fikirləri Bakıxanovu qəti razı salmır. Çünki o nəzəriyyə yerin sükunətdə olması və Günəşin onun ətrafında fırlanması kimi xarakterizə olunur. Bakıxanovu bu məntiq qəti razı salmır. Çünki yunan hegemonluğu nəticəsində az qala bütün dünyada Yer hərəkətinin əsas formulu sayılan bu nəzəriyyə elmi əsasdan kənar olduğu üçün İlahi hikməti də əks etdirmirdi. Sadəcə olaraq Misir və finikiyalıların elmi yox mifik dünyagörüşünə əsaslanaraq yaradılan bu nəzəriyyə əl-Fərabi tərəfindən Şərqdə də özünə imic qazandı. Konkret  dəlillər  gətirən və xüsusi riyazi  hesablamalara söykənən  Bakıxanov öz arqumentlərini dahi polyak alimi Nikolay Kopernikin heliosentrik nəzəriyyəsi ilə əsaslandırır. Belə ki orta əsr Avropasında yerin hərəkəti barədə ilk dolğun nəzəriyyə olan heiosentrik nəzəriyyəsini Bakıxanov kainatın  əsas dövrü qanunu kimi  təsvir edir. 1543-cü ildə Kopernik tərəfindən  kəşf edilən və astronomiya tarixində inqilab sayılan  Heliosentrik nəzəriyyəyə əsasən Yer öz oxu ətrafında və digər planetlərlə birlikdə günəş ətrafında fırlanırdı. Bu iddia kilsənin - Yer kainatın mərkəzidir, tezisinə qarşı olduğundan fəlsəfi və dini çevrələrdə böyük hay – küy qopmasına səbəb oldu. Kopernikin iddiası bu idi ki, onun sistemi hesablamaları asanlaşdırır. O həmçinin planetlərin  Günəş ətrafındakı tam dövr və onların günəşə qədər olan məsafələrini astronomik vahid olaraq hesablamışdı.

Bu hesablamalar Bakıxanovun Kainatın sirləri əəsrində oraya qoyduğu dəlillər idi:

“Astronomiya elmində iki nəzəriyyə vardır: bunlardan biri rumlu Ptolemeyin nəzəriyyəsidir. Bu nəzəriyyə Yerin sükunətdə olması, Günəşin isə onun ətrafında fırlanmasına əsaslanır. O biri isə polşalı Kopernikin nəzəriyyəsidir ki, birincinin əksinədir.  Hər ikisinin milliyyətcə bizdən  fərqli olduğunu xüsusi nəzərə almaqla əqli qavrayışların təqlidinə yol verilməməsi, əqlin üstün tutduğu və şəriətə uyğun gələn şeyi götürməyi zəruri edir və öz dediklərini üstün tutaraq haqlı olduqlarını iddia edənlərin təqlidindən çəkinməyi lazım bilir. Birincidən fərqli olaraq o biri nəzəriyyənin qəti həndəsi dəlillərlə təsdiq edildiyini, hədis və ayələrlə təsbit oluna bilindiyini görərək, sonuncu peyğəmbərlik sahibinin hicrətindən  coğrafiya elminə aid kitabımın riyyaziyyat bölməsindən olan müqəddimə, üç fəsil və nəticədən ibarət kiçik bir risalə yazdım. Allahdan bu işi yaxşı başa catdırmağımı diləyirəm.”

Göründüyü kimi, o,  burada əsərin yazılma səbəbini izah edir. Kainat elminə aid Şərq dünyasında o qədər də müfəssəl əsərlərin yazılmaması və insanların bundan xəbərsizliyini əsas gətirərək Bakıxanov bu sahədə də qələmini sınayır. Əslində onun başqa bir missiyası da bir növ Şərq dünyasını xəbərdar etmək idi. Avropa Şərqdən  oğurladığı elm, fəlsəfə,  mədəniyyətin işığından tutaraq kainat sirlərini kəşf etdikləri halda Şərq dünyası XIX əsrdə belə bu məsələlərə girişə bilmir. Dövlət qulluqçusu olmasına baxmayaraq ensiklopedik bilik daşıyıcısı kimi yetişən Bakıxanovun da bu əsəri  o səbəbdən yazılır.  Əsər 3 hissəlidir. On bir fəsildən ibarət olan birinci hissə yerin hərəkəti haqqındadır. Amma fəsillərin sayından da göründüyü kimi burada tək yerin hərəkəti yox eləcə də onun forması, dövrülüyü, iqlimi, qütbləri,  üfüqləri, meridian və paralelləri barədə geniş məlumat verir. əsərin əsas hissəsi isə ikinci hissədə üzə çıxır. Göy cisimləri haqqında adlanan bu hissə beş fəsildən ibarətdir. Kainatın sirləri ulduz partalayışı qalaktikalar arası toqquşmalar da bu hissədə əks olunur. Onların bəzilərini ilk dəfə olaraq Abbasqulu ağa elmi əsaslarla sistemləşdirib riyazi üsullarla hesablayaraq dəqiq qənaətə gəlib. Göy cisimləri bölməsində o Ayın vəziyyəti,  Günəşin hərəkəti elliptikliyi, (dövretməsi), planetlərin yerləşmə ardıcıllığı və onların günəş ətrafında hərəkətin bu bölümdə müfəssəl şərh olunub. Əsasən astronomik hesablamalara əsaslanan  bu şərhlərdə İlahi hikmət məqamı gizli fon kimi özünü qoruyub saxlaya bilir. Bakıxanov hər bir hesablama nəticəsində gəldiyi qənaəti məhz, bununla əsaslandırır. Ulduzların sirləri adlı fəsildə bu məqam özünü daha çox büruzə verir:

Səmada görünən ağ ləkələr  uzaq kəhkəşanlardır. Herşel məşhur teleskopu ilə bunları kəşf edərək, demişdir ki, sayı 3000-ə çatan bu ləkələr parlaq nöqtələrdən ibarətdir. Əgər adı çəkilən yaxın kəhkəşan indiki yerinə nisbətən bizdən 2000 dəfə uzaqda yerləşsəydi, onda o da həmin ləkələr kimi görünərdi. Ehtimal olunur ki, onların arxasında göz və alətlə görunməsi mümkün olmayan saysız-hesabsız kəhkəşanlar gizlənir”.

Bu qeydin altında da çox gizli mətləblər yatır. Burada o əslində Yer kürəsinin nə qədər kiçik bir mexanizm olmasını diqqətə çatdıraraq onu Allahın tənzimləyici qüvvəsi sayəsində özündən milyonlarca böyük olduğu qalaktikada necə qərar tutmasını  nümayiş etdirir. Təhlükə məqamını təsvir metodu da bu qeyddən yan keçmir. Bakıxanov sayı-hesabı bilinməyən ulduz yığınının bir saniyəlik qeyri müntəzəm hərəkəti nəticəsində yer kürəsinin asanlıqla darmadağın oluna biləcək ehtimalını irəli sürür.

Günəşin mərkəzində yerləşən qara ləkələr barədə məlumat verəkən də o bu təhlükəni xatırladır. Astronomiya elmi hələ o zaman bu qara ləkələri yeni yeni öyrənməyə başlayırdı. Hansı qara ləkələr ki, onlar Yerin həcmindən dəfələrlə böyük idi. Oradan gözlənilə bilən potensial  təhlükə Yerin hərəkət mexanizmi üçün nə dərəcədə böyük zərbə vuracağını  qeyd edib. Günəşin özündə istiliyin olmaması və  ətrafında hərəkət edən cisimlərdə bu istiliyi əks etdirmə kimi fərziyyələrini  də irəli sürür. “Nur mənbəyi”  adlandırdığı Günəşi qalaktikanın şahı deyə səciyyələndirir və mərkəzdə dayanaraq hər bir cismi  özünə doğru çəkməsini də elmi yöndən izah etməyə  çalışır.

Burada səma cisimlərinin toqquşması nəticəsində yarana biləcək astronomik fəlakətlərlə bərabər filosof həm də ilahi hökmlərin pozulması nəticəsində yarana biləcək ruhi,  mənəvi çöküşlərə də işarə edib.  Bu məqamları bir neçə detalla izah etmək olar: əslində  dünyanın dağılmasını göstərməklə yanaşı o həm də ilahi nizamın pozulma sistemini əks etdirib.  Çünki bü gün kainat mexanizmi kimi insan da mikro kainat kimi məhz,  ilahi hökmlərə tabedir. O bu hökmləri pozduğu zaman mikro kainatda da belə fəlakətlərin yaranmasına işarə edirdi. Amma təbii ki, elmi dəlillərlə əsaslandırılan fəza təhlükəsini də emosionallığın məhsulu olaraq göstərməyib. Burada dəqiq riyazi hesablamalar var və XX əsrdə Avropa alimlərinin bəzi nəzəriyyələri və səma cisimləri arasında baş verən toqquşmalar  “Kainatın sirləri”nin nə dərəcədə əsas  elmi məxəz olduğunu əks edir. Nəticə tam etibarilə sonda İlahi hökmlərə söykənir. Bütün cisimlərin tam olaraq mərkəzə doğru hərəkət etdiyini və “əvvəl axır qayıdış mənədir” ayəsinə bənzədilməsi ehtimalına gəlinir. Elmlə fəlsəfənin vəhdətini əks etdirən bu nəticəsini sizlərə olduğu kimi təqdim edirik:

“Mövcudiyyət ənginliyində dünyaların necə tənzim olmasının hədislər və Qurandan bunu sübut edən kəlamlar vasitəsilə aydınlaşdırılması haqqında.
Bil ki, həmin ənginlikdə hiss olunan məsafədə bir-birinin üstündə getdikcə gözdən itən səf-səf çoxlu ulduz sistemləri görünür. Yaşadığımız Günəş sistemi onunla bağlı olan bütün göy cisimləri ilə birgə Günəşin ətrafındakı çoxlu ulduz sistemlərindən biridir. Çünki hər bir sabit ulduz öz orbiti və onunla bağlı minlərlə planet, peyk və quyruqlu ulduzları olan bir Günəşdir. Onunla bağlı bu göy cisimlərinin hər biri bizim Yer kürəmiz kimi bir dünyadır. Günəşin yuxarıda qeyd olunan daxili hərəkətinin sabitliyindən sübut olunur ki, onun başqa bir mərkəz ətrafında fırlanan digər geniş bir orbiti vardır. Həmin toplu kəhkəşan adlanır. Səmada görünən ağ ləkələrin kəhkəşanlar olmasından aydınlaşır ki, onlar da böyük bir mərkəz ətrafında başqa bir orbitdə fırlanırlar. Ümumi cazibə qüvvəsi isə onların hamısını xüsusi qayda üzrə tənzim edir. Həmin dairənin  də bizə məlum olmayan başqa böyük dairələrlə bağlılığı ehtimalı vardır. “Sənin Rəbbinin qoşununa Özündən başqa heç kəs bələd deyil”. Allah bunu öz sözlərilə aydınlaşdırmışdır: “O (Allah) hər göy qatına öz işini vəhy etdi (əyan etdi); və biz ən yaxın göyü çıraqlarla bəzədik, onu hifz etdik; bu əzəmətli, bilici Allahın təqdiridir.  Bu surədəki “iş” sözü xüsusi qaydanın yaradılması, “hər göy”- günəşlər sistemləri, “ən yaxın göy”- ona bağlı göy cisimləri ilə bəzənmiş yaşadığımız Günəş sistemidir. “Hifz etmək” - kainatın quruluşunu tənzim edən ümumi cazibə qüvvəsidir. Onun (Allahın) “Və Günəş özü  üçün  qərarlaşmış Yerə doğru hərəkət edir”  kəlamı Günəşin də kəhkəşandakı başqa bir mərkəz ətrafında fırlanmasına sübutdur. Onun “Və sən dağlara baxarkən onları hərəkətsiz sanırsan; onlar isə hərəkətdə olan buludlar kimidir”  kəlamı Yerin fırlanmasına dəlalət edir.

Bunu sübut edən hədislər də çoxdur. Bu hədislərdən Peyğəmbər əleyhissəlamın bu kəlamını göstərmək olar: Ulu Allah orada min-min qəndil yaratmış, ərşdə, Yer, göy və cənnətədək bunların arasında nə varsa, orada asmışdır. Cəhənnəm odu da bir qəndilin içərisindədir. Başqa qəndillərin içindəkini Allahdan başqa heç kəs bilmir; Burada qəndillər ərşdən asılmış günəşlərin sistemləridir. Onlar mərkəzlərin axırıdır ki, ulu Allahın qüdrətinin kamilliyi orada görünür“.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır