Modern.az

Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

 Türkdilli Ölkələrin Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib

29 Sentyabr 2009, 12:10

Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sammiti öz işini bu gün davam etdirib. Sammitdə Azərbaycan tərəfi ilə yanaşı, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov və Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev iştirak edirlər. Modern.az xəbər verir ki, sentyabrın 29-da səhər Milli Məcisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının I plenar iclası başlayıb. İclasın gündəliyində TürkPA-nın daimi katibliyinin yaradılması, Baş katib və müavinlərin seçilməsi, qurumun nizamnaməsinin qəbul edilməsi və Bakı bəyannaməsinin imzalanması dururdu.

Bu günkü iclasda Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov çıxış edib.  O.Əsədov əvvəlcə Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ problemi barədə danışıb.

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, assambleyanın yaradılması dili, dini, adət-ənənələri, müştərək keçmişi olan xalqların daha da yaxınlaşması istiqamətində yeni bir addımdır. O, bu qurumun türkdilli ölkələr, eləcə də onların qanunverici orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi, mühüm məsələlərdə ortaq mövqedən çıxış edilməsi baxımından çox önəmli olacağını söyləyib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Oral Muxamedjanov isə əmin olduğunu bildirib ki, TürkPA-nın ATƏT, Avropa Şurası Parlament Assambleyası, İslam Konfransı Təşkilatı kimi nüfuzlu quruma çevriləcəyinə inanır.

Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev bildirib ki, qurum üzvləri qarşıya çıxan təhlükələri birgə dəf etməlidirlər. O, Türkdilli Ölkələrin Parlament Assambleyasının gələcəkdə genişləndirilməsinin vacibliyindən də danışıb. İclasın sonunda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov TürkPA-nın baş katibi seçilib, digər üç dövlətdən isə müavinlər müəyyənləşdirilib. Toplantıda TürkPA-nın katibliyinin nizamnaməsi, əsasnaməsi və büdcəsi təsdiqlənib. Bundan başqa, sammitin yekun Bakı Bəyannaməsi də qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir