Modern.az

Sel və daşqınlar məsələsi Milli Məclisdə yenə mübahisələr yaratdı

Sel və daşqınlar məsələsi Milli Məclisdə yenə mübahisələr yaratdı

Parlament

25 May 2010, 13:22

Bu gün Milli Məclisin yaz sessiyasının iclası keçirilir. Modern.az saytı xəbər verir ki, iclasın gündəliyinə bir sıra qanunların müzakirəsi, onlara əlavələr və dəyişikliklərin edilməsi məsələləri daxildir.

Müzakirələrdən öncə deputatlar ölkədə yaşanan təbii fəlakətlə bağlı məsələni gündəmə gətiriblər. Fəlakət zonası olan Sabirabad rayonunun deputatı Rüstəm Xəlilov hökumət qurumlarını deyil, müxalifəti təbii fəlakətdən siyasi məqsədlər naminə istifadə etməkdə günahlandırıb. "Bu günə kimi cəmi bir nəfər həyatını itirib. Dövlət baş verən fəlakətin qarşısının alınmasında böyük işlər görür"-deyə o, əlavə edib.

Digər fəlakət zonasının-Saatlı rayonunun deputatı Gülhüseyn Əhmədov isə mətbuatı Kür və Arazın yaratdığı daşqınlarla bağlı düzgün məlumat verməməkdə ittiham edib. O deyib ki, Kür və Arazda su çayların tutumundan bir neçə dəfə artıq gəldiyindən daşqınlar yaranıb. G.Əhmədovun fikrincə, mətbuatda gedən bəzi yazılar əhali arasında təşviş yarada bilər.

Sabirabaddan olan digər deputat Pənah Hüseyn həmkarlarına etiraz edərək onların səsləndirdikləri ittihamları rədd edib. O, deyib ki, bu gecə Sabirabadda olub və indiki vəziyyət olduqca acınacaqlıdır. P.Hüseynin sözlərinə görə, mayın 24-dən 25-nə keçən gecə Sabirabadın 8-ci kəndi-Qasımbəyli də boşaldılıb və bu yaşayış məntəqəsibi su basıb. O deyib ki, rəsmi məlumatlarda Kürdə suyun səviyyəsinin azaldığı bildirilir, amma bəndlər bir-birinin ardınca dağılır, kəndlər suya qərq olur. Deputat son günləır baş verənlərin təbiət hadisəsinə oxşamadığını vurğulayıb. Onun sözlərinə görə, rayonların su altında qalması ilə bağlı əhali arasında ciddi narahatlıq və suallar var. Deputat deyib ki, necə olur, suyun səviyyəsi 80 santimetr aşağı düşəndən sonra bəndlər yarılır, bu müddətdə dövlət strukturları Kürqırağı ərazilərdə nə iş görürlər, nə planlaşdırırlar – bütün bunlar barədə xalqa dəqiq informasiya və izahat verilməlidir. Deputatın sözlərinə görə, Salyanın icra başçısı Əliağa Hüseynovun həyata keçirdiyi tədbirlər nəticəsində həmin rayonu hələki Kürdən qorumaq mümkün olub. O, bu sözləri Sabirabadın rəhbərliyinə aid edə bilməyəcəyini vurğulayıb. P.Hüseyn təklif edib ki, təbii fəlakətlə bağlı məsələ parlamentin gündəliyinə salınaraq müzakirə olunsun. Spiker Oqtay Əsədov isə P.Hüseynin dediklərilə razılaşmayıb və deyib ki, indi dünyada daşqınlar baş verməkdədir. O, Sabirabad rayonunda lazımi işlərin görüldüyünü vurğulayıb: «Bu təbiət hadisəsidir. Azərbaycanın bütün texnikası oradadır. İndi çaylarda su çox gəlir, vəziyyətin düzəlməsi üçün nə lazımdır edilir”. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub