Modern.az

Süleyman Ələsgərovun ömür notları...

Süleyman Ələsgərovun ömür notları...

Təhsil

21 Fevral 2014, 21:26

“Xalqımızın ağır, çətin günündə biz sənətkarlar daha çox işləməli, tariximizi, bu günümüzü, başımıza gələn faciələri öz əsərlərimizdə tərənnüm etməliyik ki, bu əsərlər tarixin canlı şahidi kimi gələcək nəsillərə yadigar qalsın”.
Süleyman Ələsgərov

Qarabağda ruhlar dolaşır. Narahat və nigaran ruhlar... Xanın, Bülbülün, Cabbarın, Seyidin, Üzəyir bəyin ruhları. Bu ruhların arasında Süleyman Ələsgərovun ruhu da var. Bəlkə də bu ruhlar orda görüşür, bəlkə də görüşən ruhlar Şuşanın düşmən tapdağında olmasımdan bir-birlərindən utanırlar.

Bu gün görkəmli bəstəkar, pedaqoq, Dövlət mükafatı laureatı, respublikanın xalq artisti, professor Süleyman Ələsgərovun 90 illik yubileyidir. Azərbaycanın müsiqi tarixində öz imzası və dəsti-xətti olan Süleyman Ələsgərov milli müsiqimizin inkişafına, zənginləşməsinə böyük töhfələr verib.

Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. İlk təhsilini musiqi texnikumunun tar sinifində alıb. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali təhsil almaq üçün Bakıya üz tutub. Onun istedadı musiqi biliciləri tərəfindən nəzərə alınıb, Üzeyir bəy xeyir-duasını verib və beləliklə o təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirib.

Konservatoriyanın bəstəkarlıq fakültəsini bitirən Süleyman Ələsgərov qısa müddət ərzində müsiqi ictimaiyyətində tanınmağa başlanıb. Gənc bəstəkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunub.

Süleyman Ələsgərovun yaradıcılıq uğurlarında 1942-ci bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayıb. Onun bu ilk mahnısı 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikaları xalqlarının musiqi ongünlüyündə alqışlarla qarşılanıb. Bəstəkar özü də “Gözlə məni” mahnısı haqqında təəssüratlarını bölüşəndə bu əsərin uğurunu xüsusilə vurğulayıb: “İlk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış “Gözlə məni” mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur”.

Tükənməz yaradıcılıq imkanlarına malik olmuş Süleyman Ələsgərov on bir operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyaların, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, iki yüzdən artıq nəğmənin müəllifi olub.

Sülüyman Ələsgərov səmərəli yaradıcılığı ilə yanaşı, həm də fəal ictimaiyyətci olub. O, müxtəlif illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Radio və Televiziya xalq çalğı alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru, Mədəniyyət nazirliyinin İncəsənət idarəsinin rəisi, Bakı Musiqi Akademiyasında xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində işləyib.

Görkəmli bəstəkar pedoğoji fəaliyyətində də gələcək nəsillərin keyfiyyətli musiqi təhsil almasında öz bilik və bacarığını, təcrübəsini əsirgəməyib. Neçə-neçə istedadlı gənclər məhz Süleyman Ələsgərovun xeyir-duası ilə musiqi ictimaiyyətində öz layiqli yerlərini tapıblar.

Süleyman Ələsgərov olduqca qayğıkeş, mehriban və sözün əsl mənasında el adamı olub. O bütün varlığı ilə Qarabağa, doğulub boya-başa çatdığı Şuşaya bağlı idi. Qarabağda baş verən hadisələri üryində dərd edən bəstəkar öz fikirini bəstələrində ifadə edib. “Yürüş mahnısı”, “Gənclik marşı”, Aslan Aslanovun sözlərinə “Bu torpağa bağlıyıq”, “Haradasan, igid oğlan”, Qurban Musayevin sözlərinə “Biz qələbə çalmalıyıq”, Bəşir Nəzərlinin sözlərinə “Bura vətəndir” mahnıları, Bəhlul Orucoğlunun sözlərinə “Əsgər marşı”, Qüdrət Əzizin sözlərinə “Güllələnən abidələr” balladası, “Azərbaycan polisi”, “Bakı-Ankara” əsərləri, orkestr üçün çoxlu sayda hərbi marşlar Süleyman Ələsgərov yaradıcılığında Vətən harayı, düşmənə qisas çağırışı olub.

Süleyman Ələsgərov 1999-cu il yanvarın 21-də 74 yaşında vəfat edib.

Gözəl insan, görkəmli bəstəkar Süleyman Ələsgərovun xatirəsi hələ uzun illər qədirbilən xalğımız tərəfindən ehtiramla yad ediləcək, onun bənzərsiz əsərləri qəlblərimizi fəth edib zövqümüzü oxşayacaq.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!