Modern.az

İsmayıl Qaspiralı irsindən İNCİLƏR

İsmayıl Qaspiralı  irsindən  İNCİLƏR

22 Fevral 2014, 11:44

Abid Tahirli,
filologiya elmləri doktoru

YUNESKO-nun 2013-cü il  5-20 noyabr tarixləri arasında keçirilən  37-ci Baş konfransında  bütün türklərin tərcümanı İsmayıl Qaspiralının vəfatının 100 illiyi ilə əlaqədar 2014-cü il İsmayıl Qaspiralının xatirə ili elan edilib.

Həyat və fəaliyyəti ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olan böyük ideoloq, naşir, redaktor, yazıçı-publisist, tənqidçi, tərcüməçi, ideya və əməlləri ilə bütün dünya, xüsusi ilə Rusiya müsəlmanlarının taleyində, tərəqqisində misilsiz xidmətlər göstərmiş, onların ictimai-siyasi, mədəni, mətbu həyatında yeni mərhələ açmış, öz dildaşları və dindaşlarının təfəkkür tərzində dönüş yaratmış İsmayıl Qaspiralının (1851-1914) çox zəngin və maraqlı ədəbə-publisistik irsindən  məktəb, təhsil, elm, milli tərəqqi və sair kimi dəyərlərlə bağlı seçdiyimiz kəlamların faydalı olacağı düsüncəsi ilə onların bir qismini diqqətinizə təqdim edirik.
Yeri gəmişkən qeyd etmək lazımdır ki,xalqımızın Firudin bəy Köçərli, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Ceyhun bəy Hacıbəyli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əliabbas Müznib, Məhəmməd Hadi, Soltan Məcid Qənizadə, Xəlil Xasməmmədov, Cəlil Məmmədquluzadə, Əhməd Cavad… kimi yetişdirdiyi parlaq simaları, eləcə də digər türk xalqlarının Ziya Göyalp, Mehmət Əmin Yurdaqul, Yusif Akçuraoğlu, Çələbi Cahan, Cəfər Seydəhməd Krımər, Fuad Körpülüzadə, Məhəmməd Fatih Kərimi, Ayaz bəy İshaqi, Abdullah Battal kimi görkəmli xadimləri, mücahidləri, qələm, kəlam sahibləri İsmayıl Qaspiralının fədakar fəaliyyətini şükranlıqla dəyərləndirmişlər.(ətraflı bax: Abid Tahirli. Bütün türklərin tərcümanı (təkrar və təkmilləşdirilmiş  nəşr), Bakı, “Ozan” nəşriyyatı, 2012 –ci il, 312 səh.).


· Millətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla («Firəngistan məktubları»).

· Ərəbcə, tatarca, rusca – hansı dildə olursa-olsun – oxumalı, bilik və mərifətə sahib olmalısan (30 iyul 1886-cı ildə Tiflisdə onun şərəfinə təşkil olunmuş toplantıdakı çıxışından).

· Oxumalıyıq, təlim keçməliyik, öyrənməliyik («Sərgidə mən nə gördüm»).

· Dünyada kamalsız və hünərsiz yaşamaq mümkün deyildir («Sərgidə mən nə gördüm»).

· Rahat, məsud olmaq tərəqqi etmək istəyirsənsə, maariflənməlisən («Sərgidə mən nə gördüm»).

· Səyahət etmək məktəbdə dərs almağa bərabərdir («Firəngistan məktubları»).

· Dünyada doyulmayan və doyulmayacaq bir şey varsa, o da elm və mərifətdir («Firəngistan məktubları»).

· Elm və mərifət nur və altundur («Firəngistan məktubları»).

· Elm, həqiqət və mərifət günəş işığı kimidir. Bütün dünyaya nur saçar, qüvvət verər. Aləm üçün nemət və ehsandır («Firəngistan məktubları»).

· İngilis dili şeytan dilindən güclüdür («Firəngistan məktubları»). 

· Fransızların müharibədə, ticarətdə, maarif və hünərdə, səfa və məişətdə birinci millət olduğu məktəb və elmə məhəbbət və rəğbətlərindəndir («Firəngistan məktubları»).

· Bir fransıza «sən fransızca bilmirsən» - demək, «sən çox pis adamsan» deməkdən daha ağırdır («Firəngistan məktubları»).

· Bütün yamanlığın başı və səbəbi nadanlıqdır («Firəngistan məktubları»). 

· Dilənmək haramdır. Dilənməklə həcc olmaz («Firəngistan məktubları»).

· Fransızlar daşdan su çıxarmağı bacarırlar («Firəngistan məktubları»).

· Vicdan gözdən zərif, insaf ağıldan üstündür («Firəngistan məktubları»).

· Alim nadanın, bilən bilməyənin buyruqçusudur («Firəngistan məktubları»).

· Malın çoxluğu insanı xoşbəxt edə bilməz, xoşbəxtliyin çeşməsi birdir – ədalət («Firəngistan məktubları»).

· Elm, təhsil, tərbiyə ədalətin intişarına xidmət etmədikcə, insan oğlu səadətdən uzaq qalacaqdır («Firəngistan məktubları»).

· Bu gün Avropadan geri qalmış ölkələr Avropaya müəllim kimi baxsa da, onun qüsurlarından, xatalarından ibrət alıb, bundan daha gözəl yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir («Firəngistan məktubları»).

· Fransızlar… oğru və ya ədəbsizin əxlaqını, nəfsini qamçı və zəncirlə yox, dərs və tərbiyə ilə nəzarət altına alırlar («Firəngistan məktubları»).

· Ev tikən balta çöldə qaldı?! («Darrürrahat müsəlmanları»).

· Səbirli olan, işin əvvəli kimi sonunu da görər («Darrürrahat müsəlmanları»).

· Baki (ölümsüz) ancaq bir Allahdır. İnsan işi, insan tərtibi baki ola bilməz («Darrürrahat müsəlmanları»).

· Bədbəxtliyimizə səbəb olan zəhər də, səadətimizə səbəb olan mənəvi güc də vücudumuzdadır («Darrürrahat müsəlmanları»).

· İnsanlar gözəl əxlaqlı və gözəl xasiyyətlidirsə, cəmiyyət durmadan tərəqqi edər, salamat və xoşbəxt olar, əks təqdirdə, içdən çürüyən alma kimi tədric dağılar («Darrürrahat müsəlmanları»).

· Bahadırların yerinə qorxaqlar keçəndə, insaflıları alçaqlar əvəz edəndə, cəhalət pərdəsi elmi örtəndə, tənbəllik qeyrəti zəbt edəndə, bu hala gəlib çıxan xalq ağlasın, gözündən qanlı yaşlar töksün. Çünki bu halın sonu çox acınacaqlıdır – hər şey qar topu kimi əriyib məhv olacaqdır («Darrürrahat müsəlmanları»).

· Xəstə ağacda sağ meyvə olmaz («Darrürrahat müsəl­manları»).

· Bizə vacib olan son və axır nəfəsə qədər millət və yurd uğrunda qeyrətdir («Darrürrahat müsəlmanları»).

· Cənabi-Haqqın inayəti çətin günlərdə yetişir («Darrürrahat müsəlmanları»).

· Vətən yolunda can və baş fəda etmək, namus ilə dünyadan köçmək, namussuzluq ilə varıb düşmənə əsir olmaqdan min mərtəbə ləzzətli və şərəflidir (Darrürrahat müsəlmanları).

· Hökumətini və dövlətini hifz edə bilməyən padişahın qadın kimi ağlaması gərəkdir (Darrürrahat müsəlmanları).

· Cənabi-Haqqın cümlə hikmətləri nəhayətsiz dərəcədə böyükdür, lakin ən böyük hikməti bəlkə insana verdiyi ağıldır («Darrürrahat müsəlmanları»).

· Ağlın gücü ilə dəryalar keçildiyi yer təkində qorunan və gizli olan nəsnələr kəşf edildiyi və çıxarıldığı kimi, bu müqəddəs güc ilə çox dərd və xəstəliyə ilac  tapmaq olur («Darrürrahat müsəlmanları»).

· Elm və uzmanlıqla gücləndirilmiş ağıl insan üçün bəxt və səadət çeşməsidir («Darrürrahat müsəlmanları»).

· Elm var din üçün, elm var gün üçün, elm var ruh üçün, elm var bədən üçün («Darrürrahat müsəlmanları»).

· Allahdan qorxduğun kimi yalan danışmaqdan qorx, cəhənnəmdən qaçdığın kimi pis əməldən qaç, cənnətə məhəbbət etdiyin kimi insanlara məhəbbət et («Darrürrahat müsəlmanları»).

· Yumurtadan cücə çıxmağına səbəb onun üstündə toyuğun yatması yox, toyuğun vücudu ilə yumurtaya verilən hərarətdədir («Darrürrahat müsəlmanları»).

· İnsanlıq odur ki, təbiəti öyrənib, ondan istifadə edəsən, heyvanlıq odur ki, təbiətin hal və gücünü biləsən, amma onun zərə­rindən qorunmayasan, faydasından yararlanmayasan («Darrürrahat müsəlmanları»).

· Ağıl elm və məlumatla artdıqca gözlər də uzaqdan görməyə başlar («Darrürrahat müsəlmanları»).

· Fransız hər işi kitabdan öyrənir, hər işi kitabla görür  («Sudan məktubları»).

· Düşmən məktubu hiylədən ibarət olur, onda xoş xəbər axtarma («Arslan qız»). 

· Böyük bina tikiləndə, kiçik daşlar da işə yarayır («Arslan qız»).

· Ey, qardaşlar, başımızı, vücudumuzu düşmən üçün saxlamaqdansa, canımızı fəda edərək, şöhrət və rahat kəsb etmək daha əfzaldır. Mən təslim olanlardan deyiləm («Arslan qız»).

· Kımız süzüb və ya rakı ilə qədəh doldurub düşmənə utanılacaq xidmət göstərməkdənsə, əmanət və pak canı mərdanə fəda etmək daha yaxşı deyilmi? («Arslan qız»).

· On dəfə canı fəda etmək bir dəfə düşmənə baş əyməkdən daha əfzəldir («Arslan qız»).

· İgid igidi uzaqdan tanıyar («Arslan qız»). 

· Gerçək durumu bilmək bəlanın çarəsinin yarısını həll etməyə bərabərdir («Arslan qız»).

· Döyüş zamanı saçlı-saçsız (qadın-kişi) yoxdur, əsgər vardır («Arslan qız»).

· Qələbə qurban istər («Arslan qız»).

· Könül dəlidir, axar gedər, zəbt edilməz («Gün doğdu»).

· Quş uçar, eşşək uçmaz («Gün doğdu»).

· Sağların köynəyinə, ölənlərin kəfəninə göz tikmə («Gün doğdu»).

· Az tap, az ye, lakin halal ye («Gün doğdu»).

· Elm dəryadır. Otuz il oxusan, yalnız bir sahilinə çıxa bilərsən (Gün doğdu).

· Millətin halına aşina olmasan, ona xidmət edə bilməzsən («Gün doğdu»).

· Millətin varlığını qara duman kimi örtmüş cəhalət götürülsə, millətin vücudunu qotur kimi ləkələmiş çürük qabıqlar təmizlənsə, millətin varlığı təzə can kimi dirçələr, yeni güc qazanar («Gün doğdu»).

· Hər kəs ayrılıqda, hamı bir yerdə qəflət yuxusunda xorul-xorul yatmaqdadır («Gün doğdu»).

· Məhəbbətli bir baxışına bütün dünyanı fəda edərəm («Gün doğdu»).

· Yoxluq da insan üçündür, varlıq da («İvan və Süleyman»).

· Toplar, tüfənglər qazanmaz, hər zaman ədalət və mərhəmət qazanar («Baxçasaray məktubları»).

· …hansı tərəfin ədaləti və mərhəməti çox isə, o tərəfin qazanması üçün dua edin («Baxçasaray məktubları»).

· Borc verilməklə, yol gedilməklə tükənir («Baxçasaray məktubları»).

· Bəsləyən torpağa sevgi, ədalətli hökmdara sədaqət («Baxçasaray məktubları»).

 · İnsanlar danışaraq – tanış, fikir və əməlləri bir olduqda isə dost olurlar («Baxçasaray məktubları»).

· Borc ödənişiylə gözəldir («Rusiya müsəlmanları»).

· Məktəb əqli və əxlaqi tərbiyə ocağıdır. Başqa bir şeyə xidmət edə bilməz və etməməlidir («Rusiya müsəlmanları»).

· Cəhalətə yalnız elm qalib gələ bilər (Rusiya müsəlmanları).

· Beyni elm hərəkətə gətirir («Rusiya müsəlmanları»).

· Qardaşlar, xalqın bilik və mədəni səviyyəsinin yüksəldilməsi işi ilə ciddi məşğul olun («Rusiya müsəlmanları»).

· Fərdi qaydada öyrənmək bir ləyaqətdir, amma bilməyənə öyrətmək daha böyük ləyaqətdir, yaxşı, xeyirli, müqəddəs işdir («Rusiya müsəlmanları»).

· Dinimiz xeyrin üç şəkildə verilə biləcəyini öyrədir: əməklə, sözlə və sədəqə ilə. Bunların hər üçü Allah qatında keçərli, xeyirli sayılır, lakin kasıb yaxın adamına çalışması ilə, alim öyrətməklə, zəngin sədəqə verməklə yardım edər («Rusiya müsəlmanları»).

· Öyrənmişsinizsə, bilik və xeyirxahlığın qaydalarını mənimsəmişsinizsə, onları soydaşlarınıza verməyə çalışın («Rusiya müsəlmanları»).

· Yaxşı kitabları doğma dilə çevirin, fağır, cahil tatarlar üçün yazın, məktəblər açmağa, onları yaxşılaşdırmağa, sənət və sənətkarlığı yaymağa çalışın («Rusiya müsəlmanları»).

· Həyat biçiminin sadəliyi və ataerkil  olması, uşaqlıqdan ona təlqin edilən dini-əxlaqi prinsiplərin saflığı sayəsində hiylə və ikiüzlülüyə yabançı olan müsəlman şərəfli bir insandır, …amma qədərin cilvəsi ilə bu və ya digər biçimdə avropalılığın ciddi elmini yox, zahiri süsünü əldə etmiş müsəlman, təəssüf ki, faydalı və hərəkətli həyat üçün itirilmiş insandır. Allah bizi mədəniyyət və dil bilmənin belə meyvələrindən qorusun («Rusiya müsəlmanları»).

· Böyük zindanlar bir açarla açılır… («Sibirdə – Tümən şəhərində»).

· Başqalarını müsəlman-türklərin maariflənməsi lehinə çalışmağa və fəaliyyət göstərməyə dəvət edərkən, özüm də əli-qolu bağlı qalmadım, 1883-cü ildən etibarən «Tərcüman» adlı həftəlik rusca-tatarca qəzetin nəşrinə başladım («Rus-Şərq anlaşması»).

· Müsəlman dövlətləri və qövmləri ilə Rusiyanın gözəl bir şəkildə qaynayıb-qarışmasını və yola getməsini avropalılar xoş qarşılamazlar: çünki belə münasibət siyasi oyunçuların hesab və alətlərini qarışdıra bilər («Böyük Şərq məsələsi»).

· …parlayan əşyaların hamısı qızıl və gümüş deyildir («Avropa mədəniyyəti»).

· İlk baxışda Avropa məişəti və mədəniyyəti çox süslü, ziynətli və yaraşıqlı bir qadına bənzəyir, lakin bir az diqqət edildikdə görünür ki, bu qadının dişləri uydurma, saçları taxma, o dolu-dolu köksü qabartma pambıqdır. Bu libas çıxarılarsa, qoturlar görünər, üz çevirməkdən başqa əlac qalmaz («Avropa mədəniyyəti»).

· İnsanların davranışında bir-birinə fayda və faydadan əvvəl verəcək bir şey varmı? Vardır! Bu da haqq-ədaləti, doğruluqdur («Avropa mədəniyyəti»).

· Bəşərin məişətinə əsas ola biləcək haqq-ədalətdən başqa bir şey yoxdur («Avropa mədəniyyəti»).

· Haqq-ədalət üzərində təsis olunan məişət ən pak məişət olacaqdır. Bu məişətin içində olan insanlar rahat yaşaya biləcəklər («Avropa mədəniyyəti»).

· İnsanların hər hərəkəti haqqa, ədalətə istinad edərsə, zülm ortadan qalxar,  məzlum da olmaz («Avropa mədəniyyəti»).

· Nəfs və zülm meydandan çəkilən zaman haqq və ədalətdən yaranmış əhvala və məişətə hansı insan qarşı və düşmən olacaq? («Avropa mədəniyyəti»).

· Kiminsə hüququmun əleyhinə olmadığına inanaramsa və özüm də kimsənin haqqına göz dikməmişəmsə, kim məndən şikayətçi olacaq, mən kimdən şikayətçi ola bilərəm ki?! («Avropa mədəniyyəti»).

· Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yararı var, vicdan və haqq-ədalət xaricində deyil ki? («Avropa mədəniyyəti»).

· Kasıblıq, çarəsizlik yalnız malda, sərmayədə deyil, elmdə, fəndə, bilikdə, sənaye və hünərdə daha ziyadə zahir olur və ortaya çıxar («Məzhəbi-iştirakıyyun» – sosialist cərəyanı – T.A.).

· İslam aləminə maddi və mənəvi bərabərlik, rahatlıq dalaşmaq, dartışmaq yolu ilə deyil, haqq-ədalətlə gələcəkdir («Məzhəbi-iştirakıyyun»).

· Ey qardaşlar, Yaponiyadan ibrət alaq. Bunlar bizim kimi tək-tək oxumadılar, yüz-yüz Avropa, Amerika universitetlərində təhsilə yiyələndilər. Bizim kimi başdansovdu savad əldə etmədilər. Avropanın bütün qazanlarına girib qaynayıb çıxdılar. Milli torpaq və tarixlərini boş xəyallara fəda etmədilər. Ad-san, şöhrət, rahat və səadəti öz milləti dairəsində axtarmağa və vücuda gətirməyə çalışdılar və gətirdilər (Məzhəbi-iştirakıyyun).

· Yapon gəncləri Çində Amerika ticarətinin qarşısını alıb, milli mallarına  yol açırlar. Bizim gənclər Kazan bazarında səkkiz tacirlə on beş prikazçiki dalaşdırmaqdan başqa iş bilmirlər. Yapon ziyalıları ilə bizim ziyalılar arasındakı təfavüt budur («Məzhəbi-iştirakıyyun»).

· Bütün nöqsanlarımız milli məktəblərimizin nöqsanından, pərişanlığından irəli gəlir («Məzhəbi-iştirakıyyun»).

· Bir mujikin yarmarkada tapıb geydiyi pencəkdə meymunanə qiyafətə düşməsi bizim bəzi müsəlman ziyalıların da üç-beş fransız risaləsi oxuyandan sonra hay-küylə kürsüyə qaçmasına bənzəyir («Məzhəbi-iştirakıyyun»).

· Bizim halımız sağ, məqbul deyil. Ən yaxşısı budur ki, yapon ziyalılarından öyrənək. Mənim etiqadım belədir və buna görə də belə söyləməyə məcburam («Məzhəbi-iştirakıyyun»).

· Rusiyanın içərisində və hüdudlarında olan müsəlmanların yüzdə doxsanı türk olduğundan, müsəlman politikası demək, elə türk politikası deməkdir («Rusiyanın islam siyasəti»).

· Gələcəkdə millətlər orduları ilə deyil, mədəniyyət və kəmalət ilə iş görəcəklər («Rusiyanın islam siyasəti»).

· …iyirmi-iyirmi beş il əvvəl (məqalə 1911-ci ildə qələmə alınmışdır – T.A.) elm və ədəbiyyata dair dilimizdə yalnız üç risalə (kitabça – T.A.) var idi: biri Qərb alimi Radlofun «Bilik» (Kazan, 1872), digəri Qəyyum Əfəndi Nəsirovun «Kalendar» (cəmi 23 ədəd olmaqla, hər il 1 təqvim-salnamə – T.A.) və üçüncüsü də Mirzə Fətəli Axundovun komediyalarıdır (1859-cu ildə «Təmsilat» adı ilə Tiflisdə nəşr edilmişdir (T.A.) («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Bakı şəhərində Həsən bəy Məlikov cənabları tərəfindən «Əkinçi» adında türkcə qəzet təsis edib az müddət davam etmiş isə də, donmuş və buzlamış fikirlərə ildırım kimi ziya vermiş idi («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Oxumuş, ziyalı müsəlmanlar rusca, fransızca bilirlər: doktorluq, mühəndislik, mədənçilik, vəkillik edirlər, lakin milli dildən məhrumdurlar! Ziyalı bir rus yoxdur ki, rusca yazı yazmasın, ziyalı bir nemes, polyak, ya gürcü, erməni yoxdur ki, öz dilində yazı yaza bilməsin. Bu hal yalnız bizlərə məxsusdur («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· İslamiyyət üçün ilk öncə iki vəzifə vardır: biri təhsil, digəri ibadətdir. Bunun nəticəsi kimi müsəlman olan hər yerdə təhsil üçün məktəb, ibadət üçün cami olmalıdır. Məktəb və cami yerinə görə daşdan, ağacdan, yaxud keçədən düzəldilir. Oturaq müsəlmanların məktəb və camiləri öz yaşayış yerlərində, bədəvi müsəlmanların (köçərilərin) məktəb və camiləri özləri ilə birgə hərəkət, köç edər («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Bir neçə il müəllimlik etdim, məktəb həyatı ilə tanış oldum. Zavallı çocuqların 5-6 il, gündə 6-7 saat ərəbcə əzbərçilikdən, dini təhsildən başqa heç nə ilə məşğul olmadığını görüb əsəb və təəssüfdən yatmadığım gecələr çox olmuşdur (Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı).

· Beş illik təhsil dövründə şagird elm, hünər, kamal bir yana, heç dürüst namaz qılmağa, hətta bir məktub yazmağa nail ola bilmir. Bu dərdə bir dərman lazım idi. Bunun üçün 1883-cü ildə təsis etdiyim «Tərcüman» qəzetində 1884-cü ildə üsuli-cədid – yeni təhsil üsulu mövzusunu qaldırdım. Yeni əlifba kitabı nəşr olundu və Baxçasarayda yeni üsullu məktəb fəaliyyətə başladı. Hazırda bu üsulla işləyən məktəblər Şərqi Türkistana qədər yayılmış və sayı 500-ü keçmişdir («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Bir sıra şəhərlərdə, məsələn, Baxçasaray, Şəki, Kulca, Şamaxı, Naxçıvanda yeni üsulla işləyən məktəblərə rus dili müəllimi dəvət edilir və onlar çox rahat bir şəkildə rus dilini də öyrədirlər («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Təhsildəki islahatların ehtiyacdan yarandığı və sürətlə yayıldığı onu sübut edir ki, müsəlman görsə bilər, eşitsə anlar. İslahatlar məktəblə bərabər millətin qəlbinə də işləmişdir («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· 20 il əvvəl (1880-ci ildə – T.A.) universitet təhsili görmüş bir nəfərimiz vardı. İndi bunlar yüzlərlədir. Təkcə Bakıda 50-dən çox universitet təhsilli gənc doktor, vəkil, mühəndis və s. peşəsinə yiyələnmişdir. Fransa və Almaniya universitetlərində təhsil alıb gələnlər də var (Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı).

· Yeni üsulla işləyən məktəblər kimi milli teatr da son illərin meyvəsidir. Mirzə Fətəli komediyalarından başqa bir neçə yeni komediya da nəşr olundu. Bakı, Qarabağ və Gəncədə, Baxçasarayda milli dildə teatr tamaşaları oynanıldı. Bakıda daimi fəaliyyət göstərən teatr yaradıldı. Qadın rollarını yəhudi, gürcü və erməni qızlar oynayır. Təşəkkür edirik, amma teatrlarımızın bir ayaqlı qaldığı inkar edilə bilməz («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Qışın sonunda qarın altından boylanan ağ çiçək yazın gəldiyinə dəlil deyilsə də, yaz başına mütləq bir işarədir. Bundan 25 il əvvəl (1876-cı il – T.A.) təhsil görmüş bir xanımımız vardı ki, bu da qəzetçimiz Həsən bəyin möhtərəm həyat yoldaşı Hənifə xanım idi. İndi bu cür təhsilli xanımların sayı bəlkə də 20 nəfərdir («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Bu dünya ümid dünyasıdır, niyə ümidsiz olaq? («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Mərhəmət, sədəqə, öz soyuna yardım islam dininin mahiyyətindədir («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Mətbəə və kitabçılıq bir millətin tərəqqi və mədəniləşmə dərəcəsinə ən doğru şahiddir. İyirmi il əvvəl Rusiya müsəl­manlarının cəmi 2 mətbəəsi vardı: biri Kazanda, digəri Tiflisdə. Kazanda Abdilin daşbasması, Tiflisdə Ünsizadələr mətbəəsi. İndi Baxçasarayda «Tərcüman» mətbəəsi, Peterburqda İlyas Mirzə Boraqani, Kazanda Kərimov qardaşları, Orenburqda Molla İbrahim Kərimov və Bakıda doktor Axundov və Əli Mərdan bəy mətbəələri mövcuddur. Mətbəələrin sayı 2-dən 8-ə çatmışdır («Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»).

· Hazırda (1884-cü il – T.A.) Rusiyada türkcə dörd qəzet nəşr olunmaqdadır. Tiflisdə «Ziya», «Kəşkül» adlı iki qəzet Azərbaycan dilində, Daşkənddə «Türkistan qəzeti» rusca və özbəkcə və Baxçasarayda «Tərcüman» qəzeti rusca və Krım türkcəsində çıxır. «Ziya» qəzeti Səid Ünsizadə, «Kəşkül» Cəlal Ünsizadə, «Türkistan qəzeti» Nikolay Ostoumovun redaktorluğu ilə nəşr olunur («Rusiyada mətbuat»).

· Çox oxumaq, çoxlu yazmaq və nəşr etmək məcburiyyətindəyik. Rusiyada nəşr olunan islamca kitablar iki cürdür: biri din-dəyanətlə əlaqəli, digəri faydasız nağıllar. Hünər və elmlə bağlı kitablarımızın yoxluğu böyük nöqsanımızdır. Tərəqqidən geri qalmamaq istəyiriksə, bu qüsurun çarəsini tapmalı, hərəkət etməliyik, artıq vaxtdır («Rusiya müsəlmanları»).

· Vaqon, botinka, qırmızı qatar, qara qaloş məsələləri həll olunub bitər-bitməz (qədimçilər – konservativlər və çəditçilər – islahatçılar) arasında mübahisələr nəzərdə tutulur – T.A.) «Tərcüman» çıxdı və bir də yeni cədid (yeni üsul – T.A.) ilə  işləyən məktəb islahatı çıxdı: müsibət bəlası o gün başladı. «Tərcüman» neçə yüz illər fəaliyyət göstərən məktəblərdə islahata ehtiyac olduğunu dedi, Quran qiraətini kafi görməyib, bütün məktəblərdə türkcə elmi fənlərin keçirilməsini lazım gördü. Xalqlardan utanmadı, Allahdan qorxmadı, yeni üsulun üstünlüklərini bəyan etdi. Cəmiyyət dəniz kimi dalğalandı, qabardı, şahə qalxdı: «Tərcüman» kimdir ki, köhnə məktəbləri bəyənmir? Doğru yolda olan köhnə nəslin yolundan çıxmaq istəyir» («Qədimçilik – cədidçilik»).

· «Mujiklərə oxumaq, yazmaq lazım deyildir» politikasını yeridən… iqtidarın müsəlman okullarında reforma aparılmasını razılıqla qarşılayacağını gözləmək axmaqlıq olardı. Buna görə də «Tərcüman» işini səssiz və ehtiyatla görməyə məcbur idi («Qədimçilik – cədidçilik»).

· İslam dünyasını bürümüş geriliyə və onun nəticələrinə baxdıqca qan ağlamamaq mümkün deyildir. İpdən iynəyə, qələmdən kağıza, köynəkdən çalmaya qədər istifadə etdiyimiz əşyalar yabançı məhsuludur. Bu gün birləşib bizə kağız verməsələr yazmaqdan, oxumaqdan məhrum olacağıq. Kor, şikəst gözlər bunu necə görsün! («Qədimçilik – cəditçilik»).

· Bizim Rusiya köhnəpərəstləri o dərəcə qafil və cahildirlər ki, əsrimizin ən böyük alimlərinə… həqarətlə baxırlar. Belə gedərsə, daha çox qamçı yeyəcək, daha çox geri gedəcək və heyvanlıqda davam edəcəyik («Qədimçilik – cəditçilik»).

· Əgər qadınların fəna olduqlarına hökm edilirsə, dünyanın yarısının fəna olduğuna hökm edilmiş olur. Əgər qadınların yaxşı olduğuna hökm edilirsə, dünyanın yarısının yaxşılığına hökm olur. Gerçəkdən də bir şəhərin, vilayətin, yaxud bir millətin qadınları cahildirsə, deməli, o toplumun cahil olması labüddür («Qadınlar»).

· Bütün insanlar qadınların qucağında ərsəyə gətirdiyi, onların köksündə ruzilərini tapdığı, elm və kamala onların dilindən, ədəb və namusu onların hal və hərəkətlərindən aldığı hər kəsin gözü önündədir («Qadınlar»).

· Hər bir qadın insanlığa çox böyük xidmət edən insandır («Qadınlar»).

· Millətin qadınları sağlam vücudlu, namuslu, çalışqan, savadlıdırsa, bütün millət də sağlam bədənli, namuslu, qeyrətli və elmli olur. Bunun əksi – qadınları zəif, binamus, biqeyrət və cahil olan millətin bütün üzvləri də bu nöqsanlara düçar olacaqdır («Qadınlar»).

· Dünya bir binaya bənzədilərsə, qadınlar o binanın təməlidir.

· Həyat yoldaşı ilə gözəl yaşamaq istəyən qadın məhəbbət, səbir və nəzakət yolundan ayrılmamalıdır, söz dinləməli, daim təmizliyə səy göstərməli, ərinin gətirdiyinə qane və razı olmalı, onu utandırmamalı və ondan bacardığından artığını tələb etməməlidir. İsrafçılığa yol verməməli, yeməyi süfrəyə vaxtında verməli, ərinin qohumlarına hörmət etməli, ərindən istədiklərini uyğun zamanda və nəzakətlə xahiş etməlidir («Qadınlar»).

· Qadın cahil və elmsizdirsə, dişi heyvan kimi onun üçün də həyat və ömür puç keçəcəkdir («Qadınlar»).

· Kim söyləyə bilər ki, analara elm, savad və hünər lazım deyil? («Qadınlar»).

· Əgər bir məsələ ədalətlə müzakirə edilib ədalətlə həll olunmasa, işin nəticəsi ağır olacaq, insanlıq və islam önündə məsul və günahlı qalacağıq. Sonra peşman olsaq da, bu fayda verməyəcəkdir («Qadınlar»).

· Din və millət qayğısı ziyalı və alimləri, bir an da olsun, tərk etməməlidir («Zülm haradan gəlir»).

· Zalım kim olursa-olsun, məzlum kim olursa-olsun, hər birimizin ədalətə və insafa xidmətçi olması və onların keşiyində durması fərzdir («Zülm haradan gəlir»).

· Şanı uca Quranın bir kəlmə ilə təfsiri «ədalətdir» («Zülm haradan gəlir»).

· Ədalətsiz, insafsız bir müsəlmanın ağzına yüyən, başına noxta salıb, ədalətə bağlamaq şəriətə zidd deyil, əksinə, ona uyğundur («Zülm haradan gəlir»).

· Din - ədalətdir. Ədalət xaricində hərəkət edənlərə, zalımlara meydan və müsaidə verilməməlidir («Zülm haradan gəlir»).

· Şərt ilə nikah bir çox qadınları insafsızların zülmündən mühafizə edəcəkdir, şərt ilə nikah caizdir. Ədalətli və salih adam üçün şərt ilə nikahda bir ağırlıq yoxdur: şərtlər ilə nikah yalnız zalımın zülmünə qarşı ehtiyatlı bir səddir («Zülm haradan gəlir»).

· Rusiyada olan bütün müsəlmanları birləşdirmək və millətin düşüncə və ehtiyacına uyğun iş görmək üçün Rusiya müsəlmanlarının qurultayını keçirmək haqqında qərarımızı yerlərə çatdırmaq kimi şərəfli vəzifəni biz icra etdik. Əli Mərdan bəy Topçubaşov (1865 – Tiflis – 1934 – Paris, Azərbaycan xalqının yetişdirdiyi böyük siyasi xadimlərdən biri, hüquqşünas, qəzetçi, dövlət xadimi – T.A.) və Əbussuud Mirzə Əhmədov (Ufalı, tatar xalq xadimi – T.A.) işin icrasında bizə böyük yardımlar etdilər («Zamanımızın məsələləri»).

· Rusiyanın hər tərəfindən Makaryaya (Nijni-Novqorod – T.A.) təşrif buyurmuş 300 təmsilçi Ufa çayı açıklarında gəmi içində Rusiya müsəlmanlarının birinci qurultayında iştirak etmək şərəfinə nail oldu. Yeni tariximizin birinci səhifəsi olan bu qurultay elektrik cərəyanı kimi millətin bütün vücudunu başdan ayağa qədər silkələdi, hərəkətə gətirdi və bir neçə ayda millətin düşüncəsində beş-on ildə yaranacaq oyanışa bərabər tərəqqi yaratdı («Zamanımızın məsələləri»).

· Makaryadakı I qurultayda yeddi-səkkiz ziyalı müsəlman olduğu halda Peterburqdakı ikinci qurultayda onların sayı artıq 30-40 idi və onların hamısı millət yolunda çalışmağa başladı («Zamanımızın məsələləri»).

· Müsəlmanların birinci qurultayında hansı qərarlar verildi? Əvvələn,  millətin birləşməsinə, birlikdə iş görülməsinə, saniyən, millətin maddi, mənəvi tərəqqisinə və salisən, ümumi Vətən işlərində rusların mütərəqqi ziyalıları və partiyaları ilə əməkdaşlıq edilməsinə («Zamanımızın məsələləri»).

· …sair millətlər milli ideologiyası olan partiyalar yaradanda biz qəflət yuxusunda idik. Nə üçün sayı yarımız, hətta dörddə birimiz qədər olmayan millətlər təşkilatlanıb, nizamlı, məsləkli bir ideologiyaya sahib olduğu halda, bizlər ya bir millətə quyruq, ya bir firqəyə yamaq olmalıyıq? Cahillik, qafilik, amma bu təbii hal deyil. Elə isə, islahı mümkündür («Zamanımızın məsələləri»).

· İnsanların görüş və düşüncələri fərqli ola bilər. Lakin bu hal milliyyət, xalq düşüncəsinə əngəl olmamalıdır. Bir ananın üç övladının üç fərqli fikri, düşüncəsi ola bilər. Amma anaya münasibətdə fərqli fikir olmamalıdır («Zamanımızın məsələləri»). 

· Bir millətə ilk öncə lazım olan üç şeydir: milli düşüncə, milli dil, milli təhsil («Zamanımızın məsələləri»).

· Milli birliyin təşəkkülü nə düşünüldüyü qədər ağır, nə də düşünüldüyü qədər yüngüldür. Buna nail olmaq üçün xaricdəki və daxildəki bir xeyli maneə dəf edilməlidir. Birlik əmələ gətirmək üçün sadə xalq həmişə hazırdır. Yol göstərilərsə, irəliləyiş olacaqdır. Lakin yolbaşçılarımız yardım, yardım etməlidirlər («Zamanımızın məsələləri»).

· Millətin nə fikirdə və nəyə qadir olduğunu gələcək göstərəcək. Mənə gəlincə, siyasi inanc və görüşümün əsası, təməli «türkoğlu türk» olduğumdur. Öncə Türk olmadıqca nə aristokrat oluram, nə də demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər mənə «türklükdən, millətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, mən bu cür səadətdən bədbəxtliyi üstün tutaram. Mənim mən olmamağım nə ağlıma gələr, nə vicdanıma sığar («Zamanımızın məsələləri»).

· Milli mənsubiyyət hər şeydən müqəddəm, hər şeydən müqəddəsdir («Zamanımızın məsələləri»).

· «Tərcüman» 24 ildir ki, meydandadır, nədir – hər kəsə məlumdur. İlminskilərin nəzarətindən, missionerlərin iftiralarından, Pobedonostsov cənablarının iqtidar və gücündən qorxmayıb, yavaş-yavaş iynə ilə daş dələn kimi xidmət etmişdir, lakin qorxduğu iki şey var idi: biri başı şapkalı, şlyapalı molladır, digəri başı çalmalı mirzə. Çünki şapkalı, şlyapalı mollanın siyasi işlərdə, sarıqlı çalmalı mirzənin dini işlərdə yetərli elmləri olmadığından, ikisinin də bir xəta edəcəkləri daim gözlənilir («Üçüncü qurultay»).

· «Yağmur yağar içərik, yerdən çıxar yeyərik» - ilə bu gün dünyada ömür sürmək mümkün olsa da, sabah belə heyvan kimi keçinmək mümkün olmayacaqdır. Bu miskinlik, bu fəaliyyətsizlik, bu hünərsizlik bizləri məhv edəcəkdir («Müsəlmanlar konqresi»).

· İslam əhlinin təəssüflü halına səbəb nədir? Maarifsizlik və cəhalət – kimi cavab verilərsə, ardınca bəs bunlara səbəb nədir? – sualı gəlir. Bu barədə düşünməliyik. Halımız çox acı, utancverici bir haldır, lakin buna qarşı göz yummaq xətadır, qəzadır, günahdır. Bu halımızı, bu dərdimizi gizlətmək yox, caddələrdə, meydanlarda bağırıb çağırıb söyləməliyik. Dərdimizə çarə tapmalıyıq, əks təqdirdə daxildən çürüyə-çürüyə hər gün yıxılar, cayılar, məhv olarıq («Müsəlmanlar konqresi»).

· Bəlkə mədəniləşməmizə, tərəqqimizə əngəl olan islamdır? Yox, yox! Bizə şərəf verən islam dini tərəqqi və mədəniyyətin mənbəyidir. Əvvəlki dövrlərdəki inkişafın baş səbəbi və mühərriki də islamdır. Dinimiz müqəddəsdir ki, «hamınız çalışın», «hamınız oxuyun», «hamınız tədbir və sənət ilə yaşayın» qaydalarını buyurmuşdur. Bizlər isə hazırda bu müqəddəs qaydaların tam əksini edirik («Müsəlmanlar konqresi»).

· İqtisadi düşgünlüyümüzə, fikir və ağıl hərəkətsizliyimizə görədir ki, Şərqdə bir yazar ortaya çıxarsa, Qərbdən yüz fikir, yüz əsər, yüz ədib çıxar. Bu vəziyyət halımızın nə qədər müşkül olduğunu daha gözəl anladır («Müsəlmanlar konqresi»).

· Bu hallar (Qərbdə sənaye və ticarətin, elmin inkişafı, Şərqdə isə geridə qalması nəzərdə tutulur – T.A.) inkar edilə bilməz, lakin bizləri yıxan yalnız bu deyil. Bəlkə daha artığı çürük adətlərimizdən, avamlıq və hər cür xurafatdan irəli gəlmişdir («Müsəlmanlar konqresi»).

· İslam dünyasına diqqətlə baxılarsa, müsəlmanlar harada və hansı bir idarə altında olursa-olsunlar, qonşularına və sair millətlərə görə geridə qaldıqları təəssüf ilə görülməkdədir. Əlcəzairdə yəhudilərdən, Kiritdə rumlardan, Bolqarıstanda bulqarlardan, Rusiyada hər kəsdən, Hindistanda hindulardan geri qaldıqları inkar edilə bilməz… Bu halımızın və bu hala bais olan mərəzin səbəblərini açıq olaraq kəşf və təyin etmək lazımdır («Ümumi yığıncaq»).

· İcma zamanlarında (islamın pərvəriş tapdığı, çiçəkləndiyi dövr nəzərdə tutulur – T.A.) islam hakim idi, hazırda isə dörddə üçü məhkumdur. Dünyanın əhvalı bambaşqadır: ötən hər dəqiqə bizi kilometrlərlə geridə buraxaraq tərəqqi edir («Ümumi yığıncaq»).

· …ölmüş millət ad və klişesini heç cür qəbul edə bilmirəm. Zənn edirəm ki, qəflət yuxusuna getmiş, zülmə məruz qalmış demək daha doğrudur. Qəflət və zülm keçici hallardır: bunlarla mücadilə insanların ixtiyarında və iqtidarındadır (gücündədir) («Müsəlman konqresi»).

· Hünər və mərifət ilə hasil etdiyimiz şey çox azdır. Bərəkətli torpaqlarımız bir çox şeylər hasil edir. Bunları dünya bazarına çıxarıb satmaq da əlimizdən gəlmir. Ona görə də bu bərəkətin bir hissəsini nəql edən əcnəbi gəmiçilərinə verməyə məcburuq. Ticarət meydanı olan Avropa və Amerika qitələrini izləsək, bazarında müsəlman taciri tapılmaz, olsa da, istisna qəlibindən olar. Şərqli tacirə rast gəlinərsə ya ermənidir, ya rumdur, ya yəhudidir, ya da hindli, fəqət müsəlman deyildir! («Müsəlman konqresi»).

· Bizim Kazanda və Bakıda hər millətdən tacir və müsafir var. Amma hindli, ya misirli bir müsəlman tacir yoxdur. Ölkə xaricində iş görə bilmədiyimiz bir yana, öz vətənimizdə də aciz qalırıq. Turan və İranın, Osmanlı və Misirin, Məğribin və Hindinin ticarəti əcnəbilər əlindədir («Müsəlman konqresi»).

· Cəmiyyət işləri ilə məşğul olanlar öz bildiklərini qeyd və nəşr etsələr, gələcəkdə millətimizə xeyir verəcək bir tarix yazmaq mümkün olardı («Zamanın tarixi»).

· Osmanlı türk şivəsi işlək, ədəbiyyatı qeyrilərinə nisbətən zəngin olduğundan, ümumtürk dilinə çevriləcəyini zənn edənlər olsa da, biz bu qənaətdə deyilik, çünki Osmanlı şivəsi təmiz türkcədən həddən artıq uzaqlaşmış, millətə aid kəlmələrin əvəzinə ərəb, fars və digər dillərdən alınan sözləri qəbul etmiş, təmiz türk dilinin ögey oğlu olmuşdur («Türk dil şivələri»).

· Osmanlı şivəsi xəlqi dil deyil: divanxanalar və məmurlar şivəsidir. Bu bir şivədir ki, Kaşqarlı bir tatar üçün nə qədər güc və çətindirsə, sadə anadolulu üçün də, bəlkə o qədər çətindir («Türk dil şivələri»).

· Hər millətin dili olduğu və dilin də ən böyük və ən birinci bir sərmayə olduğu o qədər məlum məsələdir ki, bu xüsusda müzakirə açmağa ehtiyac yoxdur («Dil sadəliyi»).

· Sadə və hər kəsin anladığı, işlək dilə malik olmayan xalqın gələcəyi şübhəli və qaranlıqdır («Dil sadəliyi»).

· Türk oğlu üçün sadə türkcə cümlə sair dillərdən daha yaxşıdır («Dil sadəliyi»).

· …hər dilin özünəməxsus yaraşığı var: içində gizlənmişdir, işlənmək ilə ortaya çıxar, xaricdən lüğət toplamaq ilə deyil. Borcla nə xəzinə dolar, nə dil zənginləşər («Dil sadəliyi»).

· Əgər «əski mollalarımız» dilə ərəb və fars sözlərini doldurduqları kimi «yeni mollalarımız», yəni sivilizasiyalılarımız fransızcadan, nemescədən söz qəbulunu moda və adət etsələr, gələcəkdə türk dili… çox çirkin, çox yad görünəcəkdir («Osmanlıca və sadə türkcə»).

· Bildiyim budur ki, dilimiz sadələşdirilməlidir, sinif dili yox, hamının anlayacağı dil olmalıdır. Bunun üçünsə, ilk növbədə türkcə lüğət tərtib və nəşr edilməlidir («Osmanlıca və sadə türkcə»).

· «Tərcüman»ın keçən nüsxələrinin birində milli şairlərimizdən Seyid Əzim Şirvaninin bəzi əsərlərini dərc edərkən dilinin sadə türkcə olduğuna işarət etmişdik («Digər cavab»).

· Sadə dil, bizim fikrimizcə, hər kəsin istifadə etdiyi və rahat anladığı bir dildir («Digər cavab»).

· Türkcəsi olan bir kəlmə yerinə digər bir lisanın kəlməsini istimal etmək ədəbi cinayətdir («Dil məsələsi»).

· Dili lazımsız sözlərdən, yabançı kəlmələrdən qurtarmaq üçün xüsusi bir qurum lazımdır ki, bu da meydanda yoxdur («İmla bəhsi»).

· Hər xalqın iki böyük sərmayəsi olur: biri dil, digəri dindir («İslam məişəti»).

· Hər dil qələm ilə və ədiblərin kamalı ilə tərəqqi edər («Uram dili»).

· Azərbaycan türk şivəsində mart ayının 30-dan etibarən (1903) Tiflisdə nəşrə başlayan «Şərqi Rus» qəzetinin bir-iki nüsxəsini görüb sevindik… Təbrik edir, müvəffəqiyyət arzulayırıq. İyirmi ildən artıq «Tərcüman» tək çalışırdı. İndi dostu zühur etdi. Təkliyimiz bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, iki oldu («Tiflisdə yeni qəzet»).

· Kazanda, Krımda, Orenburqda, Tiflis, Bakı və Daşkənddə kitab çap edilir, kitab çıxarılır. Bunlar əksər halda nəşr olunduğu yerdə qalır, kənar yerlərə dağıdılmır, görülmür, eşidilmir, buna görə də satılmır, iş ağırlaşır. …Məlum mərəzin dərmanı axtarılsa, tapılar. Cümlə kitabçılar və naşirlər görüşməli, yazışmalı, kitablarını bir-birinə əmanət etməli, nəşrlərini hər tərəfə yaymağa səy göstərməlidirlər («Kitab və kitabçılıq»).

· Bir xalqın ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün dil can və ruhdur («Kitab və kitabçılıq»).

· Qəzetlərimiz nə qədər çox olursa-olsun, bundan millətə fayda gözlənilir, zərər dəyməz, lakin hər bir mühərrir, hər bir qəzetçi başqa bir dil, başqa bir şivə və imladan istifadə edərsə, məsələ çox müşkülə düşər («Lisan məsələsi»).

· Ədəbi dildən məhrum qalmış millət sayca nə qədər böyük olsa da, kiçik sayılır («Lisan məsələsi»).

· Dil ayrılığı, məkan ayrılığından daha ağır, daha zərərlidir. Millətin birliyi dilin birliyi sayəsindədir. Maarifə, kamala yiyələnmək yalnız ədəbi dil sayəsində mümkün ola bilər («Lisan məsələsi»).

· Hazırda bir də ən çox möhtac olduğumuz şey cümlə şivələri ehtiva edən bir türk lüğətidir («Lisan məsələsi»).

· Əziz və müqəddəs üç şey vardır ki, nə qədər söylənsə, yazılsa, yenə azdır və azdır. Bunların biri din, biri dil, digəri elmdir («Dil, dil, dil»).

· Dil məsələsi yalnız bir ədəbi məsələ deyildir. Bəlkə daha çox ictimai, siyasidir. Elm, tarix, etnoqrafiya və siyasi elmlərə aşina olanlara bu iş gün kimi zahirdir. Vahid ədəbi dili olmayan qövm və millət 5-10 yox, hətta 100 milyon can olsa belə, yenə millət sayılmaz («Bizim mətbuat»).

· «Aləmi nisvan» idarəsinə (İ.Qaspiralının qadınlar üçün nəşr etdiyi jurnal – T.A.) xanımlardan və xanım qızlardan gələn məktubların yüzdə səksəninin onlarda ədəbi dilə həvəs və marağın olduğunu şükran ilə bildiririk. Nicat və xilasın birinci vasitəsinin dil birliyi olacağı ta xanım qızlara qədər məlum olmuşdur: bizə bu kifayətdir, başqa mükafat lazım deyil («Dil birliyi»).

· Möhtərəm rəfiq, «Həyat»! (Bakıda, 1905-ci ildə Ə.Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən nəşr edilən qəzet – T.A.) «Həyat»ın bir illik nüsxələrini qızıl, qırmızı yazı ilə adıma cildlədib, bu da azmış kimi məxsusi bir səhifə də əlavə edib, yenə qızıl, qırmızı boya ilə yazılmış təqdimnamə ilə birlikdə mənə göndərmisən. Çox yaşa, qardaşım, çox yaşa, lakin mən bu qədər rəğbətə özümü layiq görmədiyimdən, belə bir hədiyyə alacağıma, doğrusunu söyləyim, zərrə qədər ümidim yox idi. …Qafqazda «Həyat»ın zühuruna duaçı olduğum gizli deyildir («Həyat»).           

· Şükür Xudaya! Maşallah zamana! İyirmi illik bir həsrətimə qarşı «Həyat» görüldü, «İrşad» eşidildi. Ümidvaram ki, həyat irşada və irşad həyata xidmət edib durğunluğu, ölümü ta Qaf dağlarına qədər qovmağa cəhd və qeyrət edəcəkdir («Həyat»).

· İnsanları bir-birindən üç şey ayırır: məsafə, din fərqi, bir də dil fərqi («Həyat»).

· ... «obrazovannı», «ziyalı» qardaşlarım kimi mən də 25 il əvvəl (1881-ci il – T.A.) türkcə adımı yaza bilmirdim. Lakin başımı daşa vurub, əlimə qələm alıb, vicdanımın səsi ilə sətirləri («1881-ci ildə bir vərəqlik «Tonquç» adlı broşüranı nəzərdə tutur – T.A.) yazdım.

· 25 ildən bəri (1881-ci ildən bəri nəzərdə tutulur – T.A.) dediyim, yazdığım, çalışdığım budur: cığır açmaq, yol açmaq, başqa heç nə. Çünki qüdrətli, nəcib, ömürlü, dözümlü və cəsarətli türk millətinin pərakəndə düşüb, Çin səddindən Ağdənizədək yayıldığı halda, səssiz-səmirsiz və dalğın qalması dilsizlikdən, yəni ümumi dilə malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə yaşadım, bu etiqadla məzara gedəcəyəm. 25 ildən bəri bu məslək üçün yoldaş gözləyirdim. «Həyat»ın vücudu mənə böyük təsəlli oldu («Həyat»).

· Əziz qardaşım, mənə «Həyat»ın hamisi demisən, gözəl, amma bu sözün şərhə ehtiyacı var. «Həyat»ın əsl hamisi millətdir. Mən yalnız onun tərcümanıyam. Millət sənə daim hamilik edər, fəqət yeganə şərti unutma: hər nə yazacaqsansa, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batırıb qanın ilə yaz, sözün ötər vicdanlara yetər, əks halda səmərəsiz olar, keçər gedər. Qardaşım, bu sözlərim sənə həm rica, həm nəsihət, həm də vəsiyyətdir («Həyat»).

· «Mətbuatımız yaponca tərəqqi edir» - deyirlər, hay, hay, belə olsa idi, nə xoş, amma belə deyil. Yapon adalarının hər birində yerli şivə olduğu halda, mühərrirləri və ədibləri ən əvvəl «dili birləşdirməkdən» işə başladılar və onun sayəsində də – dil ilə bərabər millətin fikirlərini, niyyətlərini və əməllərini birləşdirdilər, çünki dil və ədəbiyyat birliyi digər birliklərin əsası və təməlidir («Hatimə»).

· Hər bir qəzet və sair əsər üçün ən əvvəl və ən ziyadə dil gərəkdir («Azad» rəfiqimizə açıq məktub»).

· Rusiya müsəlmanlarının ədəbiyyat tarixini yazan tapılsa, 1906-cı ili «dil ili» kimi dəyərləndirə bilər («Dil ili»).

· Həyatımın məsləyi olan «dil birliyi» məsələsində biz bir nöqtə belə geri çəkilmədik və çəkilməyəcəyik. Əslində geri çəkilməyə nə yol, nə də yer var («Dil ili»).

· Əgər adi, bəsit şeylərdən başqa elmi əsərlərin nəşrinə başlamaq istəyiriksə, dilimizi bir az da «işlətmək» lazım gələcəkdir («Dil haqqında»).

· Ədəbi dilsiz bir arşın tərəqqi edə bilmərik («Dil haqqında»).

· Hörmətli vəkillərimizin (Dumadakı türkdilli xalqların deputatları nəzərdə tutulur – T.A.) bir-biri ilə rusca danışmalarına («Rossiya» qəzetinin iddiasına işarədir – T.A.) əsəbiləşmirik, hətta fransız və ingilis dilində danışsalar, sevinərik, lakin hamısı türk oğlu türk olduqları halda, doğma ana dilində yaxşı danışa bilmədiklərinə əsəbiləşirik və ortaq dil məsələsini irəli sürürük («Rossiya» qəzetinə cavab»).

· …hər kəs iki aylıq bir təhsil ilə ümumi türk dilinə yiyələnə bilər («Rossiya» qəzetinə cavab»).

· Türk şivələrini ayrı-ayrı dil, türk tayfalarını başqa-başqa millət kimi göstərmək təfriqə, nifaq salanların məsələsidir. «Tərcüman»ın məsləyi başqa olmuşdur, başqa olacaqdır («Rosiyya» qəzetinə cavab»).

· …adı olmayan adam özü də yox kimidir. Dilsiz kişinin cismi də yox kimidir («Dostlarıma açıq məktub»).

· …rusların bir qisminə katsap, bir qisminə xaxol, bir qisminə belarus, bir qisminə də kazak deyilsə də, hamısı «rus» olduqları kimi, biz türkdilli xalqlar da türk oğlu türklərik («Dostlarıma açıq məktub»).

· Bərəkallah! Rusiyada «iyirmi milyon varıq» - deyə yazıb göstəririk (XX əsrin əvvəllərində Rusiya türklərinin sayına işarə – T.A.), lakin bu 20 milyona iyirmi dörd ad və isim verib (Rusiyadakı türkdilli xalqların sayına işarədir – T.A.), tək vücudu parçalamaqla siyasi xəta etmirikmi? («Dostlarıma açıq məktub»).

· …şivə ilə elm və ədəbiyyat yaratmaq imkansızdır («Dostlarıma açıq məktub»).

· Dayanmadan çalışaq, mühərrir rəfiqlər, bizlər hazırda nə qədər qəzet, risalə yazsaq da, dünyamızı dərhal islah edə bilməyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir işimiz də vardır. Bu da ortaq ədəbi dilə təməl, əsas, bünövrə qoymaqdır. Bu işə ziyadə diqqət yetirək («Dostlarıma açıq məktub»).

· Mərhum Həsənbəy Məlikovun təşəbbüsündən («Əkin­çi»nin nəşri nəzərdə tutulur – T.A.) bu günə qədər Azərbaycanda türk dili çalışıldı; qəzetlər, teatrlar, risalələr türk dilində nəşr edildi… qardaş-qardaşı gördü, tanıdı, təkrar qucaqlaşdı, birləşdi… («Farsimi, türkimi»).

· Türklər harada olur-olsun, gərəkdir ki, ən əvvəl türkcə danışsınlar, oxusunlar, yazsınlar, lakin sonra Rusiyada rusca, İranda farsca, Çində çincə bilməyə çalışsınlar, çünki zəruridir, lazımdır («Farsimi, türkimi»).

· Ədəb, məktəb və elm dili ümumi dildir. Bizdə bu yoxdur, bizə bu lazımdır. Bizlər buna çalışmalıyıq («Rəfiqlərimə açıq məktub»).

· Gələcəyimizə səd çəkmiş və çəkəcək bir şey bilirəm ki, yalnız dilsizlikdir (ortaq türk dilinin olmaması anlamında – T.A.).

· Dilsiz kişinin nə olduğu hər kəsə məlumdur, bunu bəyan və tərif etməyə hacət yoxdur. Dilsiz kişi nədirsə, ədəbi və ortaq dili olmayan millət də odur («Farsimi, türkimi»).

· Dil, ədəbi dil din dərəcəsində əziz, müqəddəs, dəyərli ilahi bir nemətdir («Can, yəni dil məsələsi»).

· Yer kürəsini titrədən, alt-üst edən hunlardan bu gün bir nəfər qalmayıb, bundan 20 əsr öncə baş göstərmiş bir ovuc qədər olan yunanlar hələ də mövcuddurlar. Bu, hunların dilsiz, yunanların ədəbi dilə malik və sahib olduqları sayəsindədir («Can, yəni dil məsələsi»).

· Çarəsiz bir dilsiz kişinin lu-lu-lu-lu, bu-bu-bu-bu-bu… kimi bir-iki heyvanca səsi ilə insanlıq mümkün olmadığı kimi, ədəbi dildən məhrum millət də tərəqqi etməz, mədəniləşməz («Can, yəni dil məsələsi»).

· Aslan kimi millətimizin başına gələn fəlakətlər və çarəsizlik hər su boyunda bir xan və ya əmirə tabe olduğu deyildir, hər su boyunda bir şivədə danışıb, indiyə qədər ortaq yazı və ədəbi dili vücuda gətirməkdə etdiyi qəflətdir («Can, yəni dil məsələsi»).

· …bir neçə ildən sonra ortaq dil naminə daha fəal çalışılacağımıza ümidim artmaqdadır («Can, yəni dil məsələsi»).

· Əski ədəbi dilimizin bir sütunu Əlişir Nəvaisə, yeni ədəbi dilimizin sütunu Füzulidir. Doğma dil demək, millətin ədəbi dili deməkdir, bizim də doğma dilimiz türk dilidir, ədəbi dilimizdir («Can, yəni dil məsələsi»).

· …çobanların, yedəkçilərin, aşbazların şivəsi millət, ədəbiyyat və təhsil dili deyildir. Maarif nəzarəti bu xüsusda böyük xəta işlədir. Belə bir xəta Peterburqda edilsə, ayıb edilməz, lakin Baxçasarayda, Bakıda, Orenburqda, Kazanda edilsə, xəta ayıb yox, böyük cinayət olar («Can, yəni dil məsələsi»).

· Çalışaq, çalışaq, ortaq ədəbi dil uğrunda çalışaq («Can, yəni dil məsələsi»).

· İndi çarəsiz millət ancaq bir şey gözləyir. Gözlədiyi şey milli intelligensiyadır, milli işçilərdir. Bunlar yetişəcəkdir. Allahdan, ya da təbiətdən ümidi kəsmək olmaz. …Ümidsizlənib qələmi qırmağa səbəb görmürük («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)

· Millətin ədəbi dilini vücuda gətirən böyük ədiblərdir. Bu, doğrudur, fəqət, bunlara zəmin hazırlayan millətin özüdür, adi, sadə mühərrirlərdir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)

· Dil birliyi xüsusunda kazanlılar «Tərcüman»a etiraz edə bilərlər, şivələri xeyli başqadır, amma «Həyat», «Tazə həyat», «İrşad», «Füzüyat» və «Tərəqqi» dili ilə «Tərcüman»ın dili arasında təfavüt qalmamışdır. Deməli, dil birliyi fikri ideyadan əmələ keçməkdədir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)

· Bir cins, bir millət olduğumuzu dünyaya göstərəcək, ictimai haqlarımızı təmin edəcək dilimiz harada qaldı? Bu gün mövcud vəziyyət, sabah bu sualı daha şiddətli surətdə ortaya qoyacaqdır. Bu suala və millətimizə nə kimi cavab verəcəyik? («Dil və məsuliyyət»).

· «Şəms-abad» deməklə bir türk oğlu nə fars olur, nə şair, ancaq ana dilinə təpik atmış olur («Beldetüş-Şemsmi, veled degil, oğulmu?»)

· İçəri Rusiyada Ağcigidovun «Hüsaməddin mollası»ndan başlayıb Abdürrəşid Əfəndi İbrahimov və Rzaəddin Fəxrəddinov, Kültəsilər, Feyizixanov və sairlərin əsərləri, Azərbaycanda Sultan Məcid bəy Qənizadələrin və Adüsəlam Əfəndi Axundzadələrin ədəbiyyatımıza və ədəbi dilimizə böyük xidmət etdikləri meydandadır («Dillərin birləşdirilməsi gəlir»).

· …mərhum Qəyyum Əfəndi Nasırovun Kazanda, Həsən bəy Məlikovun Qafqazda ədəbi dilə və ali türk məsləyinə xidmət etdikləri inkar edilməz («Dillərin birləşdirilməsi gəlir»).

· Qafqaz qəzetləri xalq danışıq dilinin yox, ədəbi dilin, ortaq dilin inkişafına çalışdılar. Həqiqətən gediləcək yol hələ xeyli zəhmət və vaxt istəyir, lakin əsas odur ki, dilimiz lazım olan yola çıxmışdır və dərə-təpə, qar-boran demədən yavaş-yavaş irəliləyir («Dillərin birləşdirilməsi gəlir»).

· …Xəlilbəy Xasməmmədov «tatar» kəlməsinə razı olmayıb (söhbət Dövlət dumasının təhsil komissiyasının məktəblərdə tədrisin hansı dildə keçirilməsinə dair iclasından gedir – T.A.), daha doğrusu, həmin sözün əvəzinə «türk» kəlməsinin istifadə olunmasının düzgün olduğunu iddia etsə də, komissiya üzvlərinin əksəriyyəti (erməni, gürcü və müsəlman deputatlar) «türk» sözünün pantürkizmə xidmət edəcəyindən qorxaraq, təklifi rədd etmişlər («Dillərin birləşdirilməsi gəlir»).

· Vay politika, politika! Məktəblərə girməsəydin, nə gözəl olardı! Tatar xalqı mövcud deyil, tatar dili məlum deyil. Dilimizə nə ad verilirsə verilsin, türk dilindən başqa bir şey olmayacaqdır («Dillərin birləşdirilməsi gəlir»).

· Böyük məktəblərin hər birinə bir molla ayrılmasını istədikcə, buna «panislamizm» dedilər. İndi milli dildə təhsil tələb edirik, «pantürkizm» əndişəsi irəli sürülür («Dillərin birləşdirilməsi gəlir»).

· Bakıda nəşr olunan «Səda» və «Həqiqət» qəzetləri müxtəlif səbəblərə görə bir müddət çıxmadı, indi təkrar zühur etdiklərini şükranlıqla görürük. Qəzet çıxartmaq, qırx kərə yazıb bir kərə anlatmağın nə qədər müşkül olduğunu biz hər kəsdən yaxşı bilirik, odur ki, Bakılı dostlarımızı ürəkdən təbrik edir, uzun, gözəl ömürlərini təmənnə edirik («Bakı qəzetləri»).

· …hər cür mübahisə edilirsə-edilsin, şəxsiyyətə toxunmaq caiz deyildir. Sevgili dostlar, bu artıq ədəbi mübahisə deyil, bazar qavğası rəngini alır. Mühərririn mühərrirə «xuliqan» deməsi, həmkarına «sən» - deyə xitab etməsi üsuldan, ədəbdən deyildir («Bakı qəzetləri»).

· Əfəndi qardaşlar! Ağ kağızın üzərimizdə haqqı vardır! Bizlər mübahisə edəndə hambal dilindən istifadə ediriksə, hamballara nə qalar? («Bakı qəzetləri»).

· …istər İstanbullu, istər kaşqarlı bir türkün qələmindən «günəşli» əvəzinə «xurşiabad» (farsca – günəş şəhəri), ya da «beldetüş-şəms» çıxarsa, bu ədəbi cinayətdir. Ağır gəlməsin: imanımdır («İki böyük şair»).

· Birliyi olmayan bir millətin bir qanadı buzlu suda donmağa, bir qanadı atəşlərdə qovrulub kül olmağa məhkumdur. Durbin göz bunları uzaqdan görməli, sevdalı gönül pərdələr arxasından duygulanmalıdır, sonraya qalarsa, gec olar («Əfəndilər, dil gərəkdir, dil»).

· Bir çox məsələlərdə avamın, xalqın haqqı böyükdür, müqəddəsdir, lakin elm və ədəbiyyat baxımından alimlərə və ədiblərə tabe olmaqla islah və tərəqqi yolları açılır («Əfəndilər, dil gərəkdir, dil»).

· Qəzetlərdə üç cür qələm işlədilir: uçitel qələmi, müəllim qələmi, ədib qələmi – qarmaqarışıqlıqdır! Əfəndilər! Türk qələmi hacət, türk («Əfəndilər, dil gərəkdir, dil»).

· Qafqazda fars dili hakim idi. Azərbaycan türkcəsi ilə yazı yazmaq ayıb idi. Lakin qafqazlılar fars dilini tərk edib ana dilinə keçdilər, az zamanda ata-baba dilinin hakim olduğu ədəbi dilə xidmət etdilər və ona sahib oldular («Əfəndilər, dil gərəkdir, dil»).

· Elm və ədəbiyyatdan, tək millət olduğumuzdan dəm vuran bizlər deyilikmi? Əfəndilər, dilsiz millət və ədəbiyyat harada olmuşdur ki, bizdə də olsun? («Əfəndilər, dil gərəkdir, dil»).

· Dilimiz kimi imla, yazı üsulumuz da islaha möhtacdır. Bu gün türk dili adı altında yüzlərcə şivə olduğu kimi, imla üsulumuz da qarmaqarışıqdır. Dilin islahı imlanın islahına möhtacdır («İmla məsələsi»).

· Əgər indiyədək olduğu kimi hər kəs öz kefinə görə bir dil, hər mühərrir özünəməxsus bir imladan istifadə edərsə, nə dilimiz, nə imlamız düzələcəkdir («İmla məsələsi»).

· Müsəlman sobraniyası, müsəlman ciyunu, məclisi zamanı deyildir. Bir az səbr etmək lazımdır. Hər necə olsa, «at altından buzov» axtarılan zamandır. Zamanımız panislamizm, pantürkizm, panmongolizm xəyallarından istər ciddi, istər adəti olsun ürkülmüş, şübhələrə düşülmüş bir zamandır («Baxçasaray, 22 may»).

· «İqbal» qəzetinin (Bakı – T.A.) 1913-cü il iyul ayının 23-də çıxmış nüsxəsində «Türk ibni Yafes Əfəndi» təxəllüslü bir müəllif dil mövzusundan bəhs edərək türk milləti üçün ümumi bir ədəbi dilin lüzumuna və sadə türkcənin beləliklə, meydan ala biləcəyi qənaətinə gəlmişdir («Dil ətrafında»).

· … «Tərcüman»ın imanı çox güclüdür. Bu imanı, bu gücü bizə vermiş və verməkdə olan 50 milyon insanın (Rusiya müsəlmanlarının sayı nəzərdə tutulur – T.A.) milli vicdanıdır («Dil ətrafında»).

· Müxtəlif adları olan, müxtəlif məkanlarda məskunlaşan türk tayfalarının «lüğətlərini» yan-yana qoyub baxdıqca sözlərin yüzdə 90-nın müştərək olduğu üzə çıxar («Dil ətrafında»).

· 1875-ci ildə mərhum şeyximiz Həsən bəy Məlikovun şəxsi təşəbbüsü ilə Bakıda «Əkinçi», bir az sonra general Staroselskinin maddi köməyi ilə Tiflisdə mərhum Səid Əfəndi Ünsizadənin «Ziyayi Qafqasiyə» qəzeti çıxarılmışdı. Həm bunları, həm də İstanbulun «Təqvim-i vəkəyi» və «Bəsirət»ni gözə aldırıb biz də bu «Tərcüman»ın vücuda gətirilməsinə və davam etdirilməsinə çalışdıq. Ədəbiyyat tarixi bizə rəhbərlik edirdi («Dil ətrafında»).

· Başqa millətlərin daha ertə dırmanıb qalxdığı yüksək dağa türklər indi qalxırlar və əminik ki, qalxacaqlar. Bunu görən tək «Tərcüman» deyildir: həyat, fərasət və milli vicdandır, «Tərcüman» böyük cərəyana qoşulmuş bir zərrədir («Dil ətrafında»).

· «Əkinçi» və «Ziyayi Qafqasiyə»nin dilinə baxın, bugünkü (1913) «İqbal»ın dilinə də baxın: millətin qəzeti Azəri şivəsi ilə yazılmır. Ümumilik yoluna girmiş sadə türkcə yazılır. «Tərcüman» da elədir, biz də «İqbal»ın dilindən istifadə edirik («Dil ətrafında»).

· Xuda səlamətlik versin! Yazınız, oxuyunuz. Azəricə, tataricə, kaşqaricə… biz buna müxalif deyilik, lakin türk milləti türkləşmək, türkcə söyləyib yazışmaq istəyir. Bu zamanın tələbinin inkar etmir, alqışlayırıq, çünki təbii və uluğ bir cərəyandır («Dil ətrafında»).

· 30 ildən bəri (1883-cü ildən nəzərdə tutulur – T.A.) xəyal arxasınca qaçmırıq, cilalanmaqda olan türk dilinə inam və iman ilə acizanə xidmət göstəririk (Yenə dil ətrafında).

· Buxaradakı «Turan»ı oxuyanlar, Baxçasaray «Tərcü­man»ını, Orenburq «Şura»sını oxuyanlar İstanbulun «Türk yurdu»nu gözəl anlayırlar. Bunu işləyən türk ruhu ilə türk həyatıdır. Zaman bu həqiqəti hər kəsə təsdiq etdirəcəkdir («Məsələlər – qəzetlər»).

· Ərəb xətti sair əlifbalara nisbətən ağırdır, bu cəhət inkar edilməzdir. Lakin, islahı, yəni yüngülləşdirilməsi mümkündür, həm də lazımdır («İmla fonetikası»).

· Dil və ədəbiyyatımızın tərəqqisi və intişarı yazımızın sadəliyinə, rahatlığına və tamamlığına bağlıdır. Əgər belədirsə, bu yolda çalışılmalıdır («İmla fonetikası»).

· Hər yeni başlanan işlərdə köhnə adətlərin təsirindən insan nöqsanlara yol verə bilər… («İmla fonetikası»).

· Bitməz, tükənməz müşavirələrlə, «olarmı, olmazmı»larla iş olmaz. İşə başlamalı, tədriclə olsun, lakin əməli olsun («İmla fonetikası»).

· «Tərcüman»ın mühafizəkar olmamaqla bərabər, su görmədən pabuç çıxarmaq adəti də yoxdur. Fəqət su, yəni ehtiyac hiss etdimi, yalnız pabuçunu deyil, köynəyini belə çıxarıb dərhal suya atırlar. «Tərcüman» bu suya («ortaq dil yaratmaq» problemi nəzərdə tutulur – T.A.) atılmışdır, hər kəsin fikri, qələmi ilə duasını təmənnə edir («Bir iş daha»).

· Bizdə «ixtiyarlar, qocalar keçmişləri ilə əylənər və yaşarlar» - kimi bir söz vardır və həm də, doğru sözdür. Lakin «Tərcüman» gələcəklə də ovunan, təsəlli tapan bir ixtiyardır («Türk yurdu»na).

· Bəlkə mənə səbirsizlik güc gəlir. Xeyir! Səbirsizlik məndə deyil, milli yazı, milli maarif, milli istiqlal tələsir («Türk yurdu»na).

· Əli bəylərlə Vəli bəylər arasında davam edən münaqişələrə (dil, əlifba ilə bağlı qəzetlərdə gedən mübahisələr nəzərdə tutulur – T.A.) vallahi artıq bezdik, usandıq. Söz, saz gözəldir: amma əsl lazım olan «nəhayət» və «nəticə»dir… Zaman su kimi axır. Dil və imla mübahisələrini artıq bir kağıza, yerə bağlamaq lazımdır («Türk yurdu»na).

· Bu aralıq Bakıda «Bəsirət», Daşkənddə «Sədayi-Türkistan» və Hokantda «Sədayi-Fərqanə» qəzetlərinin zühuru qəzetimizdə xəbər verilmişdi. Mətbuat, düşüncə mübadiləsi meydanına birdən üç dostun təşrifləri xoşbəxtlikdir. Yeni zühur etmiş həmkarlarımızın zaman və tələbata uyğun qələm işlədəcəklərinə ümid edirik. Şübhə etmirik ki, onlar ilk növbədə gözlərimizi açmaq – bizi gələcəyə hazırlanmaq lazım olduğunu bilirlər. «Bəsirət» mühərrirləri arasında çox çalışqan, qeyrətli Məhəmməd Əmin bəy Rəsulzadənin olması bu qəzetin ruhlu olacağına zəmanət verir. Özlərini dəfələrlə təbrik, işlərinin davamını ciddi şəkildə təmənnə edirik («Xoşbəxt əkizlər»).

· Avropa ədəbiyyatının qədrini bilmədiyimizi, ona qarşı olduğumuzu zənn etməyin. Xeyr! Söyləyəcəyimiz ancaq budur ki, iki fransız romanından bir milli hekayə mənfəətlidir («Osmanlı ədəbiyyatı və məişəti»).

· Teatr və roman əleyhdarı deyilik, lakin Şekspir, Höte, Şatobrian, Volter, Skott, Şpilhagen, Molyer və bunlara bənzər kimi məşhur yazıçıları bir tərəfə qoyub… bir məhəlləyə və bir əsrə məxsus ikinci, bəlkə də üçüncü dərəcə ədiblərlə gün keçirməyi caiz görmürük («Osmanlı ədəbiyyatı və məişəti»).

· Zənn edirəm ki, vaxt gələcək İstanbul qəzetləri də beş sətirlik əsərə on sətir məhdiyə yazmağı tərgidəcək və layiqli bir şəkildə «bu əsər yaxşıdır, bu əsər isə şor və laxdır» - deməyə özündə cəsarət tapacaqdır («Osmanlı ədəbiyyatı və məişəti»).

· Yeni üsulla yazılan şeirlərin ən məqbul cəhəti açıq türk dilində yazılmağındadır («Osmanlı ədəbiyyatı və məişəti»).

· Lazımınca basmaxanalar açılıb, qəzetlər nəşr olunmasından yarım əsr keçməmiş Osmanlı dövlətində mətbuat və nəşriyyatın tərəqqisi diqqətəşayan dərəcəyə gəlmişdir. Hazırda Osmanlıda 140-a qədər müxtəlif qəzet çıxır… («Osmanlı ədəbiyyatı və məişəti»).

· Hazırda qələm çəkmədə olan Osmanlı ədiblərindən faydalı əsərləri ilə yad olunacaq üç nəfər özünü göstərməkdədir: bunlar Şəmsəddin Sami, Kamalbəylər və Əhməd Midhat Əfəndidir («Osmanlı ədəbiyyatı və məişəti»).

· Sami bəy çox yazmır və lakin hər nə yazmışdırsa, faydalı və məlumatlıdır: dili sadə və axıcıdır. Kamal bəy doğma şairdir, hər nə yazmışsa, dilbər yazmışdır, tayı-bərabəri yoxdur. Kamal bəy osmanlıların ən sevgili yazıçısıdır. Kamal hüsn, dil və lətafətdir. Əhməd Midhat əfəndi başlı-ayaqlı kitabxanadır və çərkəz qeyrətinin simvoludur («Osmanlı ədəbiyyatı və məişəti»).

· Kamal bəy… teatr risaləsimi, romanmı, məktubmu – hər nə yazmış isə özünə və kamalına məxsus, dilbər, yaraşan və atəşli bir dil ilə yazmışdır. Kamalın qələmi ən tənbəl, ən qaba ürəyi oynadır, ən qalın dərini deşib keçir, ibarəsi dadlı, nazikdirsə də, dəmir toxmaq kimi təsirlidir.

· Əhməd Midhat əfəndi… osmanlıların ən güclü publisistlərindən olub. «Tərcümanı həqiqət» və «Osmanlı» qəzetlərinin baş dirəyidir. Köhnə və yeni Osmanlının Əhməd Midhat kimi qələmi, bərəkətli ədibi olmamışdır («Osmanlı ədəbiyyatı və məişəti»).

· Qadınların müəllimə, qəzetçi, müəllifə kimi ortaya çıxması cəmiyyətin və millətin tərəqqisini göstərir. Bunlar isə İstanbulda mövcuddur («Osmanlı ədəbiyyatı və məişəti»).

· …qəzetin «filan müsyö filan əfəndi ilə görüşdü» – xəbərindən fayda və ibrət nədir? Tatar ağlım bunu dərk etmir. Məncə, məsləhət və iş məlum olmadıqdan sonra müsyö və əfəndi gündə beş deyil, on kərə görüşsün, faydasızdır («Osmanlı ədəbiyyatı və məişəti»).

· Mədhiyyə yazsaydım, bilirsinizmi kimi mədh edərdim və bunun üçün heç bir mükafat istəməzdim. Anadolu türklərini mədh edər və divan bağlardım, şair deyiləm, əlimdən gəlmir. Bu türklər ki var, hər biri bir aslandır, səbirləri zaman kimi… tükənməz, sədaqətləri günəşin ziyası kimi… ləkə götürməz, əxlaqları almaz daşı kimi… təmiz və sadədir. Bunları ildə bir dəfə mədh etməyən şairin səsi səs deyil! Yunan qalxdı – gəl, Anadolu! Qaradağ içəri girdi – aman, Anadolu! Belqrad çevrildi – yetiş, Anadolu! Ərəbistan bulandı – gəl yatır, Anadolu! Para lazım – ver, Anadolu! Rum elində yol çəkilir – kömək et, Anadolu! Gəl, baba Anadolu, gəl, qəhrəman Anadolu – deyilir, lakin müqabilində şairlər ildə beş sətir təşəkkür yazmırlar – ayıb deyilmi? …Bizə görə Osmanlı dövləti demək – Anadolu türkləri deməkdir. Dövlətin əsgər qüvvəsi bu türklərdir («Osmanlı ədəbiyyatı və məişəti»).

· Dünya belədir: nə tərəqqinin, nə nöqsanın sonu var. Bugünkü tərəqqi ertəsi gün daha bir tərəqqi istər, durmaq yoxdur. Zaman hər gün tərəqqi istəyir («Osmanlı ədəbiyyatı və məişəti»).

· Ədəbi tənqid ədəbiyyatın mizanıdır. Mizansız bazar, tənqidsiz ədəbiyyat kimidir («Osmanlı mətbuatı»).

· Parça-bez bazarına arşın, çörək bazarına okka necə lazımdırsa, ədəbiyyata ölçü olan tənqid, bəlkə daha artıq lazımdır («Osmanlı mətbuatı»).

· Ədəbiyyat mənəvi qidamızdır, lakin maddi qidadan daha çox mizan istər. Hər nə olsa geymirik, hər nə olsa yemirik, hər nə olsa, oxumalımıyıq? («Osmanlı mətbuatı»).

· Tənqid lazımdır, lakin tənqidçi kim olacaq? Bu elə işdir ki, təndirdə çörək bişirməkdən, gəmi kömürçülüyündən daha ağırdır. Təkrar edirəm, çətin və ağır işdir, lakin lazımdır. Ədəbi şivəni qabıqdan və çürükdən ayıracaq tənqiddir («Osmanlı mətbuatı»).

· İzzət bəy (bir başqası olsun) coğrafiya yazmış, Molla Hüseyn elmi-hal yazmış, Süleyman əfəndi yeni üsullu əlifba çıxarmış, qardaşım Əli ağa milli roman yazmış, filankəs qardaşım komediya uydurmuş… Bunların hər birinə iki «afərin» ilə üç «maşallah» deyib keçilirsə, kitab bazarında yaxın zamanlarda boyalı kağızdan tərpənmək olmaz və ədəbiyyatda tərəqqi və məslək görülməz, boyalı kağızların içində itib batar («Osmanlı mətbuatı»).

· Bu gün ədəbi tənqid olmadığı üçün kitabın adına görə alınması düzgün deyil, içini araşdırmaq lazımdır, çünki adı ilə mayası arasında Balkan dağları ola bilər («Osmanlı mətbuatı»).

· Tənqid, yalnız nöqsanı gösərməkdən ibarət deyildir. Bu əsərin nə dərəcə istifadəli olduğunu meydana çıxarmaq, onu isbat etmək də tənqidə məxsusdur… («Osmanlı mətbuatı»).

· Filan Jozefinanın filan Alfred ilə olan münaqişəsini, yaxud  bizim Fatmalardan birinin bizim Süleymanların birinə yaşmaq arxasından çəkdiyi ah və vahları qələmə almaq, roman yazmaq deyil («Tənqid»).

· Romançı gözəl və işlək bir qələm sahibi olmaqla yanaşı, zəngin düşüncə sahibi, insan ruhunu anlayan, elmi mövzuları sadələşdirməyə mahir olmalıdır və bunlarla bərabər az görüb, çox anlamaya, hər gördüyünün və düşündüyünün rəssamı kimi, lakin fırçasız, yalnız dil və yazı ilə çatdırmaq üçün istedadlı olmalıdır («Osmanlı mətbuatı»).

· Hüqonun «Səfillər»indəki qəhrəmanlara Anadoluda rast gəlinməz, lakin onlar kimi canları ağrıyan, onlar kimi şənlənən insanlar burda da tapılar («Tənqid»).

· Bursa və Əskişəhər Fatmalarının halını yazan, hisslərini bəyan edən kamil ədib olsa, Dümanın, Zolyanın qələmlərindən tökülən madamlardan daha artıq ibrətli və təsirli dərs alınacağı şübhəsizdir («Tənqid»).

· ...çox qəribədir ki, bəzi Osmanlı yazıçıları Avropasayağı, Qərb adət-ənənələrinə uyğun romanlar yazırlar, guya Avropada romançı azdır və Şərqdən yardım istəmişlər («Tənqid»).

· …gözəl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü olmayan, lakin faydalı bir milli hekayə yazmaq daha əfzəldir («Tənqid»).

· Diqqət və təfəkkür etsəniz görərsiniz ki, Osmanlı məişəti əsrlərcə – gecə-gündüz davam edən ən parlaq bir hekayədir, ən dəhşətli bir faciədir, ən gözəl bir tarixdir. Bunlardan bəhs etsəniz ibrətli, təsirli, dəhşətli şeylərin üstünü açmış olarsınız ki, oxuyan da faydalanar («Tənqid»).

· Ədəbiyyatın əsası tərcümələr yox, milli hekayələrdir, milli məhəbbəti, milli düşüncəni, milli dili irəlilədəcək və süsləndirəcək, təbiət və əxlaqı tərbiyə edəcək milli hekayələrdir. Buna çalışmaq qələm əhlinin borcudur, millətin və qövmün rəngi ədəbiyyatın şərəfidir («Tənqid»).

· Bir halvaçı halvasını, bir bozacı bozasını və küfəçi bamyasını çığırıb-bağırıb tərifləyirsə, bir dərəcəyə qədər başa düşülər, çünki əvvələn, malına diqqət çəkilməsi üçün başqa bir çarəsi yoxdur, digər tərəfdənsə, halvaçı, ya da bozaçı ədəb müəllimi deyildir. Lakin bir ədib, ya bir qəzetçi öz yazdığını halvaçı kimi çığırıb-bağırıb özü mədh edərsə, bu çox çirkin şey olmazmı? Şübhə yox ki, çox böyük ədəbsizlik olar («Tənqid»).

· …gələcək zamanlar üçün yazmağın çox böyük şərəf-şan olduğu hər kəsə məlumdur. Doğruya doğru, əyriyə əyri, pisə pis, gözələ gözəl demək bu şərəf-şanın əsasıdır. Belə olmadıqda, qələmdə şan və şərəf tapmaq bəlkə də mümkün deyil («Tənqid»).

· Çernyayevski həzrətlərinin Tiflisdə nəşr elədiyi «Vətən dili» adlı yeni üsullu əlifba diqqətə şayan və dəqiq bir kitabdır. Oxumaq və yazmaq üçün bu maarifpərvər kişi fonetik metoda əsasən tərtib etdiyi «Vətən dili» kitabı ilk dərslik olub yumruqsuz və kötəksiz, qısa vaxtda oxumaq və yazmaq mərifətini bildirən bir kitabdır («Ədəbiyyat»).

· Dörd ildən bəri (1879-cu il nəzərdə tutulur – T.A.) Tiflisdə Səid Əfəndi Ünsizadə «Ziya» qəzetini nəşr etməkdədir. İl başından bəri Cəlal Əfəndi «Kəşkül» məcmuasını nəşrə başladı («Ədəbiyyat»).

· Bəli, Avropa şairləri ilə Asiya şairlərinin düşüncəsində fərq çoxdur, fəqət bu fərq məkandan daha çox zaman fərqindədir («Ədəbiyyat»).

· Fikir və etiqad birliyi əməl birliyinə səbəbdir («Ədə­biyyat»).

· Əgər təəssüfdən fayda çıxsaydı, nə qədər çox təəssüf edilsə, yenə rəva görərdik. Çünki Tiflisdə nəşr olunan mötəbər rəfiqimiz «Kəşkül»ün artıq çıxmayacağı xəbəri ən böyük təəssüfə əsasdır, lakin təəssüflənməkdən nə fayda? Bu, qəzetin çıxmamasına kar edərmi? Bizcə, təəssüfdən daha çox hirsə, əsəbə ehtiyac var. Bizi Zaqafqaziyanın imkanlı və ziyalı islamları əsəbiləşdirir. Niyə qəzetlər bağlanmalıdır? Onlara müavinət ediləcək qədər mal, sərvət, onları ruhlandıracaq qədər məhəbbət və hissiyat tapılmadımı? («Tənqid»).

· Bu iki qəzeti («Ziya» və «Kəşkül» nəzərdə tutulur – T.A.) iki günəş, iki şəms kimi görməli idilər… idilər, idilər, idilər, lakin öncə «Ziya», sonra «Kəşkül» uçan ulduzlar kimi sönməyə məcbur oldular… Utanc, ayıb, min bir təəssüf, amma nə fayda?! Çox böyük və dəyərli imtiyazları itirdik ki, iki maarif günəşinin qədrini bilmədik, söndürdük, ayıb… («Tənqid»).

· «Çocuqlara məxsus qəzet»... adından da anlaşıldığına görə bu qəzetin məsləyi ən sevimli və faydalı məslək olmaq ilə bərabər ən çətin bir məsləkdir. Böyüklər üçün qəzet buraxmaq çətindirsə, çocuqlar üçün daha müşküldür. Çocuqlar hər nə gəldi oxumazlar, hər oxuduqlarını anlamazlar, hər oxuduqlarından istifadə edə bilməzlər. Bu halda çocuqlar üçün yazılan məqalələr onların istəyərək oxuyacaqları, oxuduqları halda lazımınca anlayıb istifadə edəcəkləri mövzulardan olmalıdır. Belə ki, ilk öncə, dil və ifadə çox sadə, ikinci, mövzu çocuq dünyasına və idrakına uyğun və üçüncü, əsər çocuğun həm ağlına, həm qəlbinə təsir, nüfuz etməlidir («Bir baxış»).

· Avropanın yalnız parlaq cəhətlərini deyil, çürük hallarını da bilmək zəruridir, zamanımızın rəhbəri, xocası deyilmi, ya? («Ədəbiyyat çirkabları»).

· Ədəbiyyat ağıl, fikir, fəhm, bilik və ibrət xəzinəsidir. Belə bir xəzinəyə malik olmaq üçün çalışmaq və qeyrət lazımdır. Ədəbiyyatsız bir qövm çılpaq adama bənzəyər, çılpaqlıq isə xoş hal deyildir («Ədəbi bəsirət»).

· Ara-sıra kitab nəşr olunan şəhərlərdən biri Bakıdır. Bu şəhərin mühərrirlərindən Sultan Məcid bəy Qənizadə ilə Nəriman Nərimanovun milli ədəbiyyatın inkişafı naminə çox çalışdıqları şükranlıqla görülməkdədir («Ədəbi bəsirət»).

· «Dağılan tifaq» Qafqaz türk şivəsində yazılmış bir komediyadır. Əbdurrahim bəy Haqverdiyevin əsəri olan bu risalə çox ibrətlidir. Qafqazda bir neçə dəfə teatrda oynanılıb, çox təsirli olmuşdur («Ədəbi bəsirət»).

· Hər bir kitab və risalə milli xəzinəyə maldır: həm də qızıldan daha qiymətli, daha mühüm maldır («Rəşid Əfəndinin «Mirat»ı»).

· …kitab bazarında, ədəbiyyat və maarif meydanında hər necə bir əsər görünsə, nəzər yetirib, diqqət edib mühərririnə və naşirinə təşəkkür etmək insanlığın borcudur («Rəşid Əfəndinin «Mirat»ı»).

· …ortaq dilə sahib olsaydıq… bağrı yanıq, gözü yaşlı, sözləri atəşli Tukay (böyük tatar şairi Abdulla Tukay nəzərdə tutulur – T.A.) hər yerdə tanınardı (məqalə 1913-cü ildə qələmə alınmışdır), çünki şair Tukayev həqiqətən milli şair, tam mənası ilə türk oğlu idi… yazıları, şeirləri söz yığını və qafiyə uydurması deyildi: hər sətrində can, hər cümləsində fikir işləyirdi («Millət oğlu»).

· Fikir doğulduqdan sonra ölməz: işlər və işlər («Mizan»).

· Neçə illərdən bəri (məqalə 1914-cü ildə qələmə alınmışdır – T.A.) Tiflisdə çıxan «Molla Nəsrəddin» jurnalı mətbuatımız arasında bəlli bir mövqe tutmuşdur. Adından da göründüyü kimi, «Molla Nəsrəddin» lətifə danışar, lakin lətifəsi arxasında acı bir həqiqət gizlənər. Gülər, lakin gülüşü istehzalıdır, yaxud düşmən gülüşü deyildir, gülə-gülə verilən nəsihətdir. Əhval və adətlərimizi ara-sıra iynələr, biz kimi sənə, mənə sancılar. Bəlkə bir az incidər, lakin incitsə belə, məqsədi xeyir və irşaddır, nəticəsi şəfa verir («Molla Nəsrəddin»).

· «Molla Nəsrəddin»in rəsmləri çox mənalıdır. Bir rəsm bir hekayə qədər məlumat, duyğu, düşüncə və fikir verir («Molla Nəsrəddin»).

· «Molla Nəsrəddin» jurnalı çox məqbul və mötəbər bir jurnaldır, lakin lazımi dərəcədə yayılmır. İmkanı olanlar alıb oxumalıdır. Əyləncəli ibrət dərsidir («Molla Nəsrəddin»).

· …Bakıda üç ildən bəri (1911-ci il nəzərdə tutulur – T.A.) nəşr olunan «Məktəb» jurnalı ilə bağlı oxuculardan soruşuruq: Əzizlərim! Siz bu jurnalı aldınızmı? Çocuqlarınıza oxutdunuzmu? «Xeyr!» - desəniz, «Niyə?» - deyə soruşarıq, axı, «Məktəb» jurnalı oğlan və qız uşaqları üçün ən faydalı bir jurnaldır» («Molla Nəsrəddin»).

· Elm və maarif intişarına xidmət etmək padişahları da böyük edər. («İstanbulda bir neçə gün»).

· Avropa qəzetləri hər nə yazırlar – yazsınlar, həqiqət yenə həqiqətdir. Osmanlı torpağında hər qövm və millətə verilmiş hüquqlar çox böyükdür. Ən çox izin verən Qoşma Amerika Cümhuriyyəti (ABŞ – T.A.) iş dalınca gələn Çin mühacirlərini dənizə atmaq istəyir («İslam ölkəsinin məişəti»).

· Uca Osmanlı hökumətinin verdiyi hüquqlardan bolqarlar, rumlar, ermənilər, yəhudilər minnətdarlıqla istifadə edirlər. Bütün sahələrdə çalışır, rahatlıqlarını təmin edirlər. Yalnız bizim müsəlmanlar bundan şanları və haqları olan dərəcədə istifadə etmirlər, küçə boyu səyahətimdə ilk nəzərimi çəkən də bu idi… («İslam ölkəsinin məişəti»).

· …Qafqaza səyahətimi xatırlayır və bir məclisdə içimdən gələn sualları təkrar (İstanbuldakı mənzərəni gördükdən sonra – T.A.) dilimə gətirmək istəyirəm: «Ey türklər, nədir bizdə bu hallar?! Tiflisdə «Elmi-hal» çap edirik, Qaraqaşyan mətbəəsində, Bakıda «Koroğlu» nəşr edirik, Adamyan mətbəəsində, Qarabağda şeir, ya mərsiyə nəşr edirik, Vanlıyan mətbəəsində. Belə ki, Qaraqaşyan, Vanlıyan cənabları bizim etməli olduğumuz işi icra etməsəydilər, «Koroğlu» dünya üzünü görməyəcəkdimi? Beləmi? Biz haradayıq – deməyə haqqım yoxmu? («İslam ölkəsinin məişəti»).

· Kənddə müəllimlik edən bir qeyrət əhli alimin ən fəzilətlisidir («İslam ölkəsinin məişəti»).

· Sağ gülüş könlü təmizlər, acıları unutdurar, bir neçə dəqiqəlik olsa da, ağır dünyanı yüngüllədər, fəqət nadir təsadüf olunar («İstanbul məişəti»).

· Savadlı və öyrənməyə meylli vəlihət ilə (Osmanlı imperiyası və islam xilafətinin vəliəhdi Yusif İzzəddin Əfəndi nəzərdə tutulur – T.A.) Osmanlıları təbrik edirəm. «Tərcüman» qəzetini oxuduğunu və daim göndərilməsini əmir buyurdular («Səltənət və xilafət vəliəhdinin hüzurunda»).

· Əgər Türkiyənin başından əksik olmayan bəlalar imkan verərsə və daha açıq təbir ilə söyləsək, Türkiyə düşmənlərinin açıq, ya gizli hücumlarını dəf etməyə çarə tapılarsa, türklərin təzə can tapıb həyat və gələcəklərini təmin edəcəkləri boş ümid, ya da nəzəriyyə zənn olunmaz («Bugünkü İstanbul»).

· Tiflis islamlarını dəvət edib cümləsi ilə mülakat etmək (görüşmək, mübahisə etmək – T.A.) şərəfinə nail olmaq üçün iyulun 30-da (1886-cı il – T.A.) Qafqazın Ziraət Cəmiyyəti binasında «Ədəbi məclis»də toplantı keçirdik1 («Ədəbi məclis»).

· Daşkənd səfərimdən qayıdarkən Bakıda qalmalı oldum. Necə də qalmayım ki, məcbur etdilər. Hər nə qədər xəbərsiz gəlsəm də, bakılı dostlarım qaldığım otelin Tiflisdən teleqramla yerini öyrənmişdilər2… («Yolda bir görüş»).

· İman içəridədir («Yolda bir görüş»).

· Qafqazın sağ gözü Bakı, sol gözü xeyli tərəqqi etmiş… Batumdur («Zaqafqasiya boyu»).

· Özgə dil bilmək ayıb deyil, vacibdir, lakin özgə dili bilib, öz dilini, ədəbiyyatını bilməmək ayıb, həm də böyük ayıbdır («Zaqafqasiya boyu»).

· Əhalisinin hamısı çalışqan, maarifə həvəslidirlər… yeni üsulla işləyən məktəblərini və ticarətə olan rəğbətlərini örnək göstərməyə dəyər. Bərəkallah şəkililər! Cənabi Haqq gələcəkdə mütləq mükafatınızı verəcəkdir. Yeni üsullu 4 məktəbdə xeyli şagird var… Səbəbkarlardan Allah razı olsun (Zaqafqasiya boyu).

· Alimlər və şairlər ocağı Şamaxını indi şeytanniyyət, cahilanə durğunluq dumanı bürümüşdür… bu şəhərin yalnız məktəbi deyil, işləri ümumiyyətlə, pərişanlıq və təəssüf doğurur («Zaqafqasiya boyu»).

· Kimə necə, deyə bilmərəm, mənə görə dost görmək və xüsusilə ziyalı adamlar görmək ən gözəl səfaların biridir. …Elm və maarif sevdalısı olduğum üçün belə adamların məclislərində iştirak etmək könlümə rahatlıq, fikrimə işıqlıq və güc gətirir («Baxçasaraydan Daşkəndə səyahət»).

· …Tiflisdə bir dost daha tapdım: Qarabağlıdır (Şuşada anadan olmuş Əhməd bəy Ağaoğlu nəzərdə tutulur – T.A.), Rusiyada təhsil aldıqdan sonra Fransaya gedib, Sorbon Universitetində oxuyub, gəncdir. Digər millətlərdə bu cür təhsil alanların çox olduğundan, bu o qədər də diqqətçəkən deyil. Lakin bizim cəmiyyətimizdə aradabir belə adamın olması xüsusilə diqqətəlayiqdir. Ona görə də biz o qardaşımızla iftixar edirik («Baxçasaraydan Daşkəndə səyahət»).

· Mayın 17-də (1893-cü il – T.A.) Bakıya gəlib dostlarımın birindən təmizliyi və rahatlığı haqqında eşitdiyim «Avropa» otelində yerləşdim. Bakıya hansı gün gələcəyimi  heç kimə bildirməsəm də, məni bir neçə gənc qarşıladı. Belə nəzakət və hörmətlə qarşılanacağımı heç xəyalıma gətirmədiyimdən, mütəəssir olduğumu bildirdim və təşəkkür etdim… («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bakı müsəlmanlarını «əcəmi», «irani», «persiyan» - deyə yazdıqları görülməkdədir: bu isə açıq bir xətadır, çünki bunlar ümumi dil və cins, qiyafət və adət cəhətlərindən tər-təmiz türklərdir («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bakılılar boylu, qüvvətli və işləkdirlər, …belə ki, Rusiya şəhər və vilayətlərində olan islam əhlinin hamısından irəlidədirlər, belə zənn  edirəm («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bakı müsəlmanlarının Xəzər dənizində üç-beş ticarət paroxodu, beş-on gəmisi vardır. Volqada isə islam əhlinə məxsus nə bir paroxod, nə bir qayıq gördüm («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bakının ermənisi yerli, qədim əhalidən olmayıb, gəlmə müsafir və mühacirlərdir («Baxçasaraydan Daşkəndə səyahət»).

· Hacı Zeynalabdin əfəndini yad etdik. Hacı dedikdə böyük və qalın əmmaməli, uzun xalatlı, ya cübbəli uzun və ağ saqqallı adam göz önündə canlanır, elə deyilmi? Hacı imiş, amma xəyal etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı bir adamdır. Onu başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı, cübbəsi uzun yox, gözəl əməllərdən libaslı gördüm («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bundan səkkiz il əvvəl – 1885-ci ildə Bakıya birinci dəfə gəlmişdim. Səkkiz ildə müsəlmanların xeyli tərəqqi etdiklərini görüb məmnun oldum. Yalnız mal və qazanc cəhətində deyil, bəklə daha artıq düşüncə və şüur baxımından irəliləmişlərdir («Baxçasaraydan Daşkəndə səyahət»).

· …Bakıya birinci səyahətimdə hörmətli Səfərəli bəy Vəlibəyovla (1861-1902, Qori Müəllimlər Seminariyasının ilk məzunlarından biri, maarifçi, O.Çernyayevski ilə birlikdə «Vətən dili» adlı ilk əlifba dərsliyinin və digər dərslik və kitabların müəllifi – T.A.) bərabər idik. Onunla qardaşyanə Qafqazın xeyli yerlərini gəzdik. Məqsəd xalqın həyatı, güzəranı ilə tanışlıq və «Tərcüman» üçün abunəçi toplamaq idi. Bakının bütün bazarlarını gəzdik, haradasa səbrlə 200-ə yaxın qəzet payladıq, lakin bir abunəçi-müştəri tapmadıq. Tacirlər boş işlə məşğul olmamağı tövsiyə etdilər, alimlər qəzetin adından qorxdular («Baxçasaraydan Daşkəndə səyahət»).

· …Səfərəli bəy…bir tacirin mağazasında bir neçə adama bir-iki nüsxə «Tərcüman» təqdim edib qəzetdən, maarif və ədəbiyyatdan danışmaq istəyirdi ki, onlardan biri «gərək deyil» - deyib buna imkan vermədi. Onun bu hərəkətə haqqı da vardı: axı, verilən yazılı kağızlar kağız pul qədər mötəbər, kişmiş kimi ləziz bir şey deyildi! («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bakıda Hacıya (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur – T.A.) yoldaş və həmfikir xeyli adam var. Məsələn, Musa əfəndi Nağıyev, Şəmsi Əsədullayev və sairlər. Belə ki, maarif, təhsil və islahat yolunda bəhsə girənlər, qeyrət sərf edənlər görülməkdədir. Xudaya şükür! («Baxçasaraydan Daşkəndə səyahət»).

· Rus və türk şagirdləri üçün Bakıda ilk məktəb açmış Mahmud əfəndi Qənizadədir. Türk təhsilinə dair kitab və lüğət mühərriridir ki, fədakarlığını təbrik edirik («Baxçasaraydan Daşkəndə səyahət»).

· İslam tərbiyəsi tərk olunmadığı halda, elm və mərifətdən yalnız fayda gələr («Baxçasaraydan Daşkəndə səyahət»).

· İslam tərbiyəsi ilə dövrün mərifət və elmini uzlaşdıran müslimələr, ümid edirəm ki, dünyanın ən yaxşı anaları olacaqdır («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bütün savadlı, məlumatlı müsəlmanlara, onlardan törəyənlərə xitab edirəm: millət və camaatın başında, içərisində olaq, millətdən uzaq olmayaq ki, bizi görsün, ibrət alsın, faydalansın («Baxçasaraydan Daşkəndə səyahət»).

· Milləti çox avam və cahil zənn etməyək: millət yaxşı sözü, yaxşı işi fəhm edəndir («Baxçasaraydan Daşkəndə səyahət»).

· Ziyalı insan ali, uca düşüncə və ideallarsız yaşaya bilməz («Baxçasaraydan Daşkəndə səyahət»).

· Çərxi fələk məni Qafqazdan, Osmanlı imperiyasından, Afrikadan, Hindistandan, Kaşqardan dolaşdırıb Türkistana gətirib çıxarmışdır. Əgər gördüklərimi bir risalə kimi yazsam, çox gözəl bir iş olacaqdır. Yazılmazsa, yazıq! («Baxçasaraydan Daşkəndə səyahət»).

· …bakılı dostlarımdan müəllim Sultan Məcid əfəndi Qənizadənin səyahətimizə qoşulmaq və mənə yoldaşlıq etmək üçün Buxaraya gəldiyini eşidib həddən ziyadə məmnun oldum1 («Baxçasaraydan Daşkəndə səyahət»).

· Bu dəfə…Bakıda bir gün belə qalmadım. Çünki fəhlələr arasında iğtişaşlar üçün təbliğat aparmağın zamanı olmadığını anlayan bütün ziyalılar Qarabağa və Gəncə şəhərinə dağılmış və məktəb təsis etməklə məşğul olmağa başlamışlar («Buxarada nə gördüm»).

· Əgər Buxarada bir baqqal dükanı, ya bir çayxana və ya rəqsxana açmağa girişsəydim, çoxdan müvəffəq olmuşdum. Məktəb təsisi isə belə asan iş deyildir. Bunun üçün mənəvi güc, dil və qələmin kafi olmadığı meydandadır («Buxarada nə gördüm»).

· «Bəlkə qısa müddət ərzində oxumaq, yazmaq, heca etmək, dəftər tutmağı təhsil etdirən məktəbə hacət yoxdur?» - sualına Buxara bazarlarının halı canlı cavabdır: bu bazarlarda 500 tacir varsa, 25-i qələm-dəftər tanımır («Buxarada nə gördüm»).

· Qeyrət, hünər və sənaye meydanı olan bu sərgidə (1896-cı ilin avqustun 13-dən 20-dək Nijni-Novqorodda keçirilən sərgi nəzərdə tutulur – T.A.) müsəlmanlar nə gördülər, nə kimi ibrət aldılar, bizə məlum deyil, fəqət sənayedə çox geridə qaldığımızı, alət və dəzgahlarımızın köhnə və yararsız olduğunu dərk etmişlərsə də, Cənabi-Haqqa təşəkkürlər edəcəyiz, çünki qüsuru anlamaq onun çarəsini də araşdırmaya məcbur edər, xəstə olduğumuza inanılsa, dəva-dərman axtarılar («Sərgidə mən nə gördüm»).

· Niyyətim (Hindistana 1912-ci il səyahətinin məqsədi nəzərdə tutulur – T.A.) xeyli sadə idi: Hind islam məktəblərini görmək: öyrənilməli bir şey varsa, öyrənmək, öyrədiləsi bir şey varsa, öyrətmək («Hindistan səyahəti»).

·  Hind ən qədim dinlərin anasıdır.

    Hind ən qədim mədəniyyətin beşiyidir.

    Hind ən qədim ədəbiyyatın ədibidir.

    Hind ən mütərəqqi millətlərin qədim vətənidir.

    Hind dünyanın ən zəngin ölkəsidir.

    Hind İngiltərənin tükənməz-bitməz xəzinəsidir.

    Hind İngiltərənin böyüklüyünün göstəricisidir.

    Hind böyük dövlətlərin gözündə bir nazənindir.

Bu gücü, bu sərvəti, bu dilbəri əldən verməmək, hər kəsdən saxlamaq üçün ingilislər kim bilir nə kimi şiddətli tədbirlər görmüş, polis, jandarma, xəfiyyə, uniformalı məmurlar, əsgərlər, süngülər, toplar ilə əhalinin qəlbini ürkütmüş, gözlərini söndürmüş, fikrini durdurmuşdur… mənə belə gəlir («Hindistan səyahəti»).

· Müsəlmanları nəzəri fikirlərlə yox, praktik işlə inandırmaq lazımdır («Maarif yolunda»).

· Çocuqları böyük zəhmətdən (köhnə üsulla işləyən məktəblər nəzərdə tutulur – T.A.) qurtaran yeni təhsil sistemini Hindistanda tətbiq edən türk oğlu türk olduğundan (İ.Qaspiralı özünü nəzərdə tutur – T.A.) türkləri təbrik edirəm («Hind yolunda»).

· Mənfəət gələr gedər, ədalət əbədidir («Belə deyilmi»).

· Politika, politika, amma bir azcıq insaf və həqiqət ta lazım deyilmi? («Hal həqiqəti»).

· Ey əziz qardaşlar! Satmaq rahat, almaq çətindir! Getmək rahat, dönmək çətindir! Yıxılmaq rahat, qalxmaq çətindir! («Lazım bir nəsihət, qafil olma»).

· Cahanın hər tərəfində iki kərə iki dörddür. Lakin maarifin intişarının üsulu hər bir iqlimin və qövmün xüsusiyyətinə müvafiq tapılması qayda və qanun halındadır («Şərq məsələsi»).

· Məktəbdə, camidə kürsü başında ziyalı, məlumatlı din xadimi olsa, ağlın tərəqqisinə böyük meydan açılar («Şərq məsələsi»).

· Ağlı və fikri irəliləyən ziyalı müəllim sinfi və bütün əhalini irəlilədəcəkdir («Şərq məsələsi»).

· Dərdini inkar edən dərman tapmaz. Sözümüz xoşdur, ağırdır, hər necədirsə, hamı ilə bərabər dərdimizə çarə tapmaqdan başqa məramımız yoxdur («Buna nə deməli»).

· Aman, oğlum, satma sakın, əlindəki toprağı,
   Anan kimi səni bəslər bərəkətli qucağı.
   Verər arpa, aş istəməz, verər sənə bunları,
    Səfil, rəzil olma sakın, satıb ana torpağı.
                                                             («Aman oğlum»)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar