Modern.az

"Hüseyn Cavid şeirilə Əli bəy Hüseynzadəyə Bakıya gəlməməyi işarə edib” - MÜSAHİBƏ

"Hüseyn Cavid şeirilə Əli bəy Hüseynzadəyə Bakıya gəlməməyi işarə edib” - MÜSAHİBƏ

24 Fevral 2014, 16:57

150 illik yubileyi keçirilən Əli bəy Hüseynzadə haqqında söhbət

Akif Aşırlı: Əhməd bəy Ağaoğlu ona məktubunda yazmışdı ki, vətənin nicatı biz ikimizin  birliyindədir”

Bu gün böyük ideoloq, Azərbaycançılıq fəlsəfəsinin banilərindən olan Əli bəy Hüseynzadənin 150 illik yubileyidir. Bütün türk müsəlman dövlətləri üçün görk rolunu oynayan üçlü düsturu Azərbaycançılıq və dövlətçilik meyarlarının təməlini qoydu. Əli bəy Hüseyinzadə barəsində çox danışılıb. “Şərq” qəzetinin baş redaktoru, mətbuat tarixi üzrə araşdırmaçı Akif Aşırlı Modern.az-la söhbətində əsasən onun gizli qalan tərəflərini, barəsində heç yerdə deyilməyən faktları səsləndirib. Akif bəy öncə Əli bəyin 1926-cı ildə Bakıda Türkoloji qurultayda iştirakından danışır: 

- Onun Azərbaycana son gəlişi 1926-cı ildə olub. Həmin vaxt Fuad Köprülüzadə ilə bərabər Türkoloji qurultaya gəlmişdi.  Bakıda çəkdirdiyi və “Kommunist”  qəzetində dərc olunan 2 şəkilini də əldə etmişəm. Şəkillər qəzetdə işıqlanıb, amma Əli bəyin arxiv fotolarının içində  o şəkillər yoxdur. Ümumiyyətlə,  Əli bəy Hüseynzadəni  araşdıranlar onun Bakıya Türkoloji qurultaya gəldiyini   və onun məruzə ilə çıxış etdiyini yazırlar. 
Mən təkcə “Kommunist” qəzetində deyil, Gürcüstanda çıxan «Yeni fikir» adlı qəzetdə də həmin qurultayın materiallarına baxdım onun qurultayda çıxışı yoxdur. Sadəcə onunla bağlı kiçik bir məlumat veriblər. O da necə -  deməli,  “Kommunist” qəzeti təbliğat vasitəsi idi və Şuralar Cumhuriyyətinin qəzeti adlanırdı. Qəzetdə də öz diliylə desək Şuralar Cumhuriyyətinı xaricdən gələn qonaqlar təqdim olunduqda Əli bəyin də adını çəkirlər və ondan beşcümləlik  kiçik bir müsahibə alırlar. «Kommunist» qəzeti Əli bəyi məşhur mühərrir adlandırır. Bundan başqa qurultay altı gün davam etsə də Əli bəy orada  çıxış eləməyib. “Kommunist”  qəzeti onun 2 şəklini dərc edib. O şəkillərin də heç biri nə Azərbaycan,  nə də Türkiyədə Əli bəylə bağlı olan arxiv sənədlərində yoxdu. Çox maraqlı şəkillərdi. Onlardan biri Salman Mümtaz və Fuad Köprülüzadə ilə çəkilib. Daha sonra  Əli bəyin qurultay iştirakçıları ilə bərabər çəkdirdiyi şəkil də var. Onu bu cür təqdim edirlər: “Xaricdən gələn qonaqlarımız”.

 Bəzi mənbələrdə də deyilir ki,  Əli bəy qurultayın bağlanış mərasimində çıxış edib və onun səsi radio ilə yayılıb. Əslində elə bir çıxış yoxdu. Sadəcə onun könlünü almaq məqsədilə 1926-cı ildə onun “Qərbin iki dastanında türk”  əsərini çap etdirdilər. Qurultayda olduğu müddətdə türkoloji qurultayın əhəmiyyətini qaldırmaq və Əli bəy Hüseynzadə kimi insanın orada iştirakını təmin etmək və sonradan könlünü almaq üçün o əsəri çap edirlər. Bəzi tədqiqatçılar yazırlar ki, Əli bəy Bakıda olduğu müddətdə Salyana gedib. Əslində isə onu Salyana buraxmayıblar. Bakıdan ailə üzvlərinə göndərdiyi məktubda göstərir ki, qurultaydan sonra Gəncəyə gedib. Bakıda və Gəncədə qohumları ilə görüşüb. Hətta qohumları ilə bir yerdə şəkilləri də var. Əli bəy bir də 1930-cü illərdə Azərbaycana dönmək istəyib. Hüseyn Cavid şeirlə ölkədəki repressiya, təhdid- təzyiq kampaniyası aparıldığını bildirib və gəlməməsinə işarə verib. Əgər Əli bəy geri dönsə idi, 1937-ci ilin repressiyyasına məruz qalacaqdı. 

- Əgər belə idisə bəs Əli  bəy nə səbəbə orta dəvət olunmuşdu?

- Onun bura dəvət olunmaqda əsas məqsəd o idi ki, Avropada və Türkiyədə formalaşan, güc mərkəzi kimi fəaliyyət göstərən sovet sisteminə qarşı mübarizə aparan  azərbaycan mühacirləri arasında parçalanma yaratsın. Çünki  xaricdəki  Azərbaycan  mühacirləri çox güclü idi. Qurultay başlamamışdan öncə mətbuat orqanlarında Məmməd Əmin Rəsulzadənin Bakıdakı Türkoloji qurultay əleyhinə  fəaliyyəti ciddi  tənqid olunurdu. Hətta təhqirlər də var idi. Əli bəy Hüseyinzadəni ona görə  dəvət etdilər ki, qurultayın önəmini artırsınlar və mühacirlər arasında parçalanmalar yaratsınlar. Yəni,  ziyalılar arasında bir parçalanma yaratmaq,   müəyyən kəsimi öz tərəflərinə cəlb etməkdən ötrü onu qurultaya çağırmışdılar. Və qurultayda da Əli bəy Hüseynzadə yalnız qeydlərini apardı. Danımşadı. Bir də ki, nə danışası idi. Əli bəy Hüseynzadə  ərəb qrafikalı Azərbaycan əlifbasının dəyişdirilməsinin əleyhinə idi. Sovetlərin niyyətini başa düşürdü. Niyyət ondan ibarət idi ki, Azərbaycan və digər Rusiyanın tərkibinə məcburən qatılan  türklər arasında Türkiyə ilə sədd çəksinlər.Həmin dövr qısa müddətdə latın qrafikasına keçidin məqsədi bu idi. Türkiyə latın qrafikasına keçəndən sonra kiril əlifbası tətbiq olundu və əlaqələri itirməyə çalışdılar.

Daha sonra Akif  Aşırlı  Əli bəy Hüseynzadə şəxsiyyətini xarakterizə edir:

- Əli bəy Hüseynzadə birinci növbədə bugünki Azərbaycan bayrağının, milli ideyologiyasının əsas ideoloqu,  rəssamıdır. Əli bəyin fəaliyyətini təkcə Azərbaycan sərhədləri çərçivəsində dəyərləndirmək  olmaz. Harada türk yaşayırdısa o,  da həmin məkana aid bir insan  idi. Onun fəaliyyətini Azərbaycanla məhdudlaşdırmaq ona qarşı haqsızlıq olardı. Türçülüyə ilk dəfə siyasi məna verən də Əli bəy olub.  Əli bəy modern Türkiyənin əsas ideoloji əsaslarını quran filosof   idi. Atatürk deyirdi ki,  mənim ətimin və sümüyümün atası Əli Riza əfəndidirsə,  fikrimin də atası Ziya Göyalpdır. Ziya Göyalpı da Ziya Göyalp edən Əli əby Hüseyinzadədir. Ziya Göyalp özü etiraf edir ki, türkçülük hərəkatını , ümumi türk dünyasının birliyini islam və türk vəhdətini yaratması ideyalarını Əli bəy Hüseyinzadədən aldım. Əli bəy mənim fikrimin babasıdır. İndi fikir  verin,  Atatürk Ziya Göyalpı özünə fikir atası hesab edir,  Ziya Göyalp isə Əli bəy Hüseynzadəni. Məntiqlə götürəndə belə qənaətə gəlinir ki, modern Türkiyənin ideoloji banisi  Əli bəy Hüseynzadədir.

- Böyük üçlük ideologiyasının içində ona ən doğması hansı idi?

- Onun əsas ideyası turançılıq idi. Əsərlərini də Turani imzası ilə yazırdı.  Bu imza ilə Misirdə çıxan bir türk qəzetində şeiri də çıxıb. O hətta o şeiri 1904 -cü ildə yox,  1895-ci illərdə Türkiyədə “Əsgəri tibbiyə”də təhsil alarkən yazmışdı. O imza ilə həmin şeiri ortaya çıxara bilməzdi,  odur ki 1904-cü ildə çap etdi.

- O Azərbaycan üçün kimdir?

- O ilk dəfə Azərbaycanın və Cənubi Qafqazda yaşayan, həmçinin Rusiyada yaşayan  türk müsəlman toplumunun birliyi ideyasını yaradan insanlardan biridir. Müasirləşmək, türkləşmək, islamlaşmaq üçlüyünü düstur halına gətirən bir adamdır.

Biz jurnalistlər üçün onun əsas fəaliyyəti ondan ibarətdir ki,  Əli bəy “Həyat” qəzetini  yaratdı. “Həyat”a qədər Bakıda gündəlik nəşr olunan, qəzet yox idi.  Rusiya 1903-cü ildə rus yapon müharibəsində uduzmuşdu və əsarətdə olan xalqlar arasında milli hislər baş  qaldırdı. Çar Rusiyasının bu vəziyyətindən Qafqazda yaşayan ermənilər istifadə  edirdilər.  Həmin vaxt ermənilər Qafqazda yaşayan  türk -müsəlman etnikinə qarşı güclü təbliğat işləri aparırdı. Onları vəhşi kimi qələmə verməyə çalışırdılar. Eyni zamanda 1905-ci ilin fevral ayında Bakıda,  Tiflisdə,  İrəvanda, eləcə də  Qafqazın müxtəlif yerlərində yaşayan azərbaycanlılara qüarşı soyqırım  törətməyə başlamışdılar.  Ən pisi  də budur ki,  həmin vəhşiliyi azərbaycanlıların adına bağlayırdılar. Belə bir şəraitdə də Hacı Zeynalabdin Tağıyevin xeyir-duası və maliyyə yardımı ilə gündəlik ”Həyat”  qəzeti nəşr olundu. Ermənilər ilk dəfə olaraq “Həyat” qəzetinin timsalında Azərbaycan ziyalılarının birgə ittifaqını gördü. “Həyat” qəzetinin daha bir uğuru onda idi ki, onu eyni zamanda  iki mühərrir idarə edirdi - Əhməd bəy  Ağaoğlu və Əli bəy Hüseynzadə.

- Amma çox keçmir ki, onların da aralarında  konflikt yaşanır...

- Onlar arasında olan konflikt şəxsi münasibət zəmnində deyildi. Onlar ömürlərinin sonuna  qədər ailəvi  dost olublar. Əhməd bəyin qızları İstanbulda hüquq fakültəsində oxuyanda  Əli bəyin evində qalıblar. Onun qızlarının himayədarı məhz,  Əli bəy Hüseynzadə idi. Yəni,  onların arasında şəxsi prizmada heç vaxt konflikt yaranmayıb. Amma aralarında başqa yöndə yaranan konfliktin də kökləri var. Belə ki,  ermənilər heç baxt bu ikisinin birgə fəaliyyətini istəməyiblər. Çünki  Əli bəylə Əhməd bəyin birgə fəaliyyəti onlar üçün çox böyük bir təhlükə idi. Odur ki,  gizlin danoslar yazırdılar ki, “Həyat” qəzeti bağlansın. Qafqaz senzura komitəsində çalışan yeganə bir azərbaycanlı var - Mirzə Şəfi Mirzəyev. Onun xatirələrində bu fakt var. O xatirələrində “Həyat” qəzeti,  Əli bəy və Əhməd bəyin pantürkist və panislamist fəaliyyətləri, Osmanlı sultanına xidmət etmələri barədə  yazılan danoslardan danışıb. “Həyat” qəzetinin 102-ci  nömrəsindən sonra bunlar ayrılıblar. Bunların ayrılmağının da kökünü mən bu yaxınlarda Əli bəy Hüseyinzadə barəsində araşdırma apararkən bir sənəddə daha yaxından öyrəndim.  İstanbul Universitetinin ədəbiyyat fakültəsinin ədəbiyyat tarixi şöbəsinin müdiri Əli Yavuz Akpınar Əli bəyin araşdırmaçılarından biridir. Əli bəyin qızı Feyzavər xanım da onun bütün arxivini İstanbul Universitetinin ədəbiyyat fakültəsinə təhvil verib. Türkiyəni bütün araşdırmaçıları həmin sənədlərdən istifadə edir. Çox təəsüflər olsun ki,  biz o sənədləri Bakıya gətirə bilmədik. Məsələ də qaldırılmışdı,  amma sonradan  yarımçıq  qaldı. O sənədlərin arasında 1905-ci ildə yazılan bir məktub var. Məktub Mərdəkanda yazılıb,  özü də fransızca. Əhməd bəy Ağaoğlunun Əli bəyə yazdığı məktubudur. Əhməd  bəy yazır ki, ötən saykı nömrə məni çox mütəəssir etdi,  amma bu dəfəki say isə  yaxşıdır. Bizim birliyimizə xələl gətirmək istəyən insanlar var. Hansı ki,  bu insanlar bankir ruhuna malikdir və onları düşündürən də yalnız puldur. Millətin nicatını bu insanlardan gözləmək olmaz. Millətin nicatı biz ikimizin birliyindən asılıdır. Sən çox sağ ol ki,  o mübahisədə həmin insanın qarşısında məni müdafiə elədin. Bu şəxsi müdafiə deyil,  bu həqiqətin müdafiəsidir.  Sonra məktubda İbrahimov soyadlı bir nəfərin adını çəkir. Deyir ki,  onun yazılarını mən oxumamış qəzetə vermə.

- Bəs bu iki şəxsin aralarının vurulmasında məqsəd nə idi?

- Mətbuat tariximizdə bunu başqa istiqamətdə dəyərləndirirlər. Bəzi fərziyələrdə deyilir ki, Əhməd bəy Ağaoğlu daha çox islamçı düşüncəni, Əli bəy isə daha çox liberal düşüncəni təmsil edirdi. Amma əslində elə deyildi. Çünki islamçılıqla müasir liberallığın vəhdətinin və bu vəhdətdən yaranan dövlət qurma strategiyasını dünya müsəlmanlarına bu iki şəxs vermişdi.  Yəni,  bu məsələdə onların arasında fikir ixtilafı olmayıb. Sadəcə “Həyat”qəzetinin pulu kimdən gəlirdi? Hacı Zeynəlabdin Tağıyevdən. O bu qəzeti maliyələşdirirdi və  bu ikiliyə əlavə güc də qatmışdı.  Bu Əlimərdan bəy Topşubaşov idi. Amma Əhməd bəy Ağaoğlu istəmirdi ki,   Topçubaşov qəzet işində iştirak etsin.  Bu incikliyin səbəblərindən biri  idi. Ə. Ağaoğlu da məhz,  buna görə qəzetdən ayrıldı.

- “Həyat” qəzetindəki ayrılıqdan sonra onlar yeniudən bir araya gəldilərmi?

- Cumhuriyyət dövründə Əli bəy Hüseyinzadə ilə Əhməd bəy Ağaoğlu bərabər  1918-ci  ilin may ayının sonlarında Bakıya gəlmişdilər.  Onların birgə gəlişini sübut edən sənəd də var. Türkiyə və Azərbaycan arasında 1918-ci ildə bağlanan dostluq və əməkdaşlıq müqaviləsi Əli bəy Hüseynzadənin iştirakı ilə imzalanıb. Türkiyənin siyasi və hərbi rəhbərliyinin xahişi ilə Əli bəy Hüseynzadə Gəncəyə gəlib, Qafqaz İslam Ordusu komandanı Nuru paşa ilə görüşüb. Azərbaycan Xalq Cümhuriyyəti liderləri ilə Nuru paşa arasındakı narazılığın aradan qaldırılmasında iştirak edib.  Əhməd bəy Ağaoğlu isə Nuru   paşanın müşaviri kimi  Gəncəyə gəlmişdi.

- Əli bəy həqiqətənmi siyasi təşkilatlanma mexanizmini Türkiyəyə gətirən öncüllərdən olub?

- Əhməd bəylə  Əli bəy həm də Türkiyədə yaranan “İttihadi Tərrəqqi” partiyasının əsas simalarından olublar. Əli bəy hətta o partiyanın özülünü qoyanlardan olub. İndi bəzi türk tarixçiləri deyir ki, bu partiyanın qurulmasında Əli bəyin rolu yoxdur. Amma əslində Əli bəyin “İttihadi tərəqqi nasıl quruldu” adlı xatirə yazısı  var və orada göstərilir ki,  Əli bəy tələbəlik illərində  hətta nənəsinin ona Şirvandan göndərdiyi pulu  “İttihadi Tərəqqinin” formalaşması və ayaq üstə durması üçün verib. “İttihadi tərəqqinin”  gizli cəmiyyət kimi qurulmasında da Əli bəy Hüseynzadənin mühüm fəaliyyəti olub. Çünki o,  Peterburqda  oxuyarkən sosialistlərin “üçlər,  altılar”  adında gizli cəmiyyəti var idi. Onlar ələ keçməsin deyə təşkilatlanırdılar. Və həmnin o taktikanı Əli bəy Hüseynzadə “İttihadi Tərəqqi”nin qurulması üçün istifadə etmişdi. Onun özü Peterburqda Leninin qardaşı ilə bir oxuyub. Əli bəyin özünün 1935-ci ildə yazdığı bioqrafıyasi var. Oğlu Səlim Turan da öz xatirələrində bu faktı yazıb. Leninin qardaşı Saşa Ulyanov laborotoriyada partlayıcı maddənin hazırlanması zamanı Əli bəydə orada iştirak edib. Bildiyimiz kimi,  Əli bəy təbiət elmlərini bitirmişdi və laboratoriyada çalışarkən Saşa Ulyanovla dostlaşıb. Əli bəyin siyasi arenada əsas işi siyasi təşkilatlanmanı Peterburqdan öyrənib Türkiyəyə gətirməyi idi.

- Bir az da ailəsi haqqında danışaq... Çox gec evləndi amma bircə nəvəsi də olmadı...

-Özündən 19 yaşlı kiçik bir xanımla evlənib.  Özü də çox gec 39 yaşında ailə qurub. Ədhiyyə  xanımdan üç uşağı olub. Birinci qızının adı Səidə, ikincinin adı Feyzavər,  üçüncü uşaq isə oğlan olub adı da Səlim. Üç övladı olsa da çox təəsüf ki,  onlardan heç birinin uşağı olmayıb. Səidə 1992-cı illərdə Azərbaycana gəlib. Hansı ki,  Səlyanda onun heyəkli açlılarkən cəbhə vaxtında burada olub. İkinci qız Feyzavərin adı Füyuzatla uyğunlaşdırıb. Bunların  üçü də “Gözəl sənətçilər Akademiyasında oxuyub. Səlim Turan nəinki Türkiyə rəssamlığında,  eləcə də dünya rəssamlığında yeni bir cərəyanın əsasını qoyub. Bundan əlavə çox yaxşı şeirləri də var. Yaratdığı cərəyandan dolayı onun Türkiyəyə gəlişi qadağan olunub. Ömrünün axırlarına yaxın Türkiyəyə gəlsə də, Parisə dönüb və orada da dünyasını dəyişib. Sonra  Türkiyəyə gətirib ailə qəbirstanlığında dəfn ediblər. Qızı Füyzavər Alpsar hazırda yaşayır.  Onun da artıq  90-dan artıq yaşı var.





Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi