Modern.az

Eldəniz Quliyev serialları SƏRT tənqid etdi: “Toy operatorları serial çəkir”

Eldəniz Quliyev serialları SƏRT tənqid etdi: “Toy operatorları serial çəkir”

25 Fevral 2014, 11:02

“Telekanallarda nümayiş olunan zəif seriallar kino sahəsində qeyri-peşəkarlığın nümunəsidir”. Bu sözləri Modern.az saytına açıqlamasında  tanınmış kinossenarist Eldəniz Quliyev milli seriallarımızdakı mövcud problemlərin səbəbindən danışarkən bildirib.

“Azərbaycanda peşəkar ssenaristlərimiz yoxdur”

“Hər hansı bir kino əsəri ssenaridən başlayır. İstər-istəməz ədəbi material zəif olarsa təbii ki, o zəiflik sonra bütün sahələrə, yəni rejissor, rəssam, operator, aktyor işinə-hamısına təsir edir. Demək, burda əsas məsələ ssenaridir. Azərbaycanda peşəkar ssenaristlərimiz demək olar ki, yoxdur”-deyə E.Quliyev vurğulayıb.

Onun sözlərinə görə, bu işdə ikinci yerdə rejissor gəlir. “Kino əslində rejissorun əsəri sayılır. Bütün digər sənət adamları ilə o işləyir. Serial rejissorları  işə qeyri-professional və qeyri-ciddi yanaşırlar. Bu dəqiqə rejissorlarımızın çoxu  toy şənliyi çəkən operator səviyyəsindədir. Ciddi mövzu qıtlığı da var. Ölkədə bu qədər hadisələr olur, Qarabağ məsələsi bir tərəfdə, dünyada baş verən siyasi, sosial, ictimai, psixoloji vəziyyət bir tərəfdə qalıb. Və bütün bunlar kompleks şəklində birləşəndə axırda zəif və mənasız teleseriallar, kino məhsulu ortaya çıxır”.

“Ali Kino Məktəbi yaradılmalıdır”

Kinossenarist problemin həll yolunu kino məktəbinin yaranmasında görür: “Məsələyə ciddi yanaşmaq lazımdır. Əgər istəyirsən kino sənət zirvəsinə qalxsın,  çox ciddi yanaşmaq lazımdır. Yox, zaman məhsulu istəyirsənsə, o başqa məsələ. Çox təəssüf ki, sənət əsərindən daha çox “kino” adıyla zaman məhsulları buraxırıq. Sadəcə, bunun yolu odur ki, ciddi məşğul olmaq lazımdır”.

E.Quliyvin fikrincə, təkcə nəzəri cəhətdən oxumaqla deyil, praktiki  təcrübələr aparmalıdırlar. Filmlər çəkməlidirlər və onların müəllimlərinin özü professional olmalıdır. “Çox təəssüf ki, kinodan dərs deyən müəllimlərin əksəriyyətinin kino haqqında təsəvvürü bəsitdir. Bunlar hamısı zəncirvaridir. Kino sənətində zəncirin biri qırılırsa məhsul alınmayacaq. Buna görə də problem kompleks şəkildə həll olunmalıdır”.

Ekspert Azərbaycanda ali kino məktəbinin yaranmasını təklif edib. “Özümüzünkülərlə yanaşı, dünyanın tanınmış kino xadimləri də dəvət olunub, orada master-klasslar keçməlidirlər. Və eləcə də qəbul olunan gənclər tanışlıqla, kiminsə oğludur, kiminsə qızıdır yox, istedadla seçilməlidir. Kriteriya istedad olmalıdır. Biz bunu birdən-birə düzəldə bilmərik. Bir proses keçməlidir”.

Arayiş: Eldəniz Quliyev Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində, A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanasında təhsil alıb.  "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib.


Misranə Həsənzadə
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir