Modern.az

“Qürbətin doğma məzarları” - Nəsiminin qəbri - LAYİHƏ

“Qürbətin doğma məzarları” - Nəsiminin qəbri - LAYİHƏ

Mədəni̇yyət

27 Fevral 2014, 12:01


Modern.az saytı
vətənində deyil, qürbətdə “uyuyan”, müəyyən səbəblərdən, yaxud hansısa missiya naminə doğma məkanı tərk edən və həyatla da orada vidalaşan tanınmış simaları tanıtmaq qərarına gəlib. İlk olaraq Azərbaycan filosofu, hürufizmin Nəimidən sonra ən görkəmli nümayəndəsi olan İmadəddin Nəsiminin məzarından bəhs ediləcək. Bu gün Nəsiminin qəbri mühasirə halqasında olan Hələb şəhərindədir.

XV əsrin əvvəllərində hürufiliyin zəngin elmi-ilahi əsaslarını  başqa ərazilərdə yaymaqdan ötrü Nəsimi bir çox yerlərə səyahət edib. Fəzlullah Nəimi ideyaları və öz poeziya inciləri düşdüyü yerlərdə yaxşı qarşılansa da, həmin ərazilərin hakim dairələri tərəfindən təqiblərə məruz qalıb. Osmanlı zindanlarında bir neçə dəfə həbs edilən Nəsimi Suriyanın Hələb şəhərində öz moizələrini oxuyarkən aşkar olunub və həbs edilib.

Məlumatlara görə, iki dəfə keçirilən məhkəmədə Hələb qaziləri və divandakı digər sözükeçənlər arasında Nəsimiyə ölüm cəzası verilməsinə dair qərar qəbul olunmasında yekdillik əldə edilməmişdi. Bu barədə düzgün məlumat verən məşhur ərəb tarixçisi Müvəffəqəddin Əhməd ibn İbrahim əl Hələbi “Künuzüz-zəhəb, tarixi-Hələb”  adlı əsərində mötəbər sənədlərə əsaslanaraq göstərir ki, dinsizliyi barədə əsassız ittihamları rədd edən Nəsimi mühakiməsi zamanı kəlmeyi-şəhadət gətiribmiş. Buna görə, məhkəmədə hakimlərin əksəriyyəti şairə rəğbət bəsləmiş, onun edamına razı olmamışdılar. 
Buna baxmayaraq, o zaman Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunub, ona çıxarılan bədnam hökm öldürülüb, dərisinin soyulması olub.
Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda ”Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi ”Cahana sığmayan şairin qərib məzar”  alı məqaləsində böyük şairdən bəhs edib.

Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.
Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.

Nəsiminin böyük qardaşı və ilk müəllimi hesab olunan Şah Mərdan adlı şair isə öz doğma torpağında uyumaqdadır. Belə ki, Şamaxının Məlhəm kəndi həndəvərində salınan Şah Mərdan qəbiristanlığı məhz adını o şairdən götürür. Çağdaşlarından fərqli olaraq Jəmu Dəmun (yəni dağınıq saçlı) ləqəbli bu şair nə missionerlik məqsədilə, nə də ki, qürbət saraylarını rövnəqləndirmək üçün vətəni tərk etməyib. Amma o zaman yəni XIV əsrdə çox adam nəyəsə aldanaraq yad saraylara üz tutublar. Pakistan, Əfqanıstan, Hindistana qədər gedib çıxan bu şairlər elə orada da vəfat edib.

Filologiya elmlər doktoru Sənan İbrahimovun dediyinə görə yad ellərdə basdırılan bəlkə də 100-dən çox mütəfəkkirimiz var. Elə bu səbəbdən də onlar ictimaiyyətimizə məlum deyil.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir