Modern.az

Deputat Elman Məmmədov: "Başqa yolumuz yoxdur"

Deputat Elman Məmmədov: "Başqa yolumuz yoxdur"

26 May 2010, 12:59

Qarabağ bölgəsindən seçilən millət vəkilləri seçicilərilə görüşəndə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişi barədə onlara hansı məlumatlar verirlər? Ümumiyyətlə həmin deputatlar danışıqların gedişindən nə qədər məlumatlıdırlar?
Modern.az bu sualla öncə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədova müraciət edib. Deputatın cavabı belə olub:

Hamı kimi mən də Qarabağ danışıqları barədə xəbəri mətbuatdan, televiziyalardan alıram. Yəni başqa bir mənbəm, əlavə bir məlumatım yoxdur. Aldığım məlumatları ümumiləşdirərək belə qərara gəlmişəm ki, hazırda danışıqlar prosesi erməni tərəfinin qeyri-konstruktiv, fırıldaqçı, riyakar hərəkətləri üzündən dalana dirənib. Bir az da konkretləşdirsək, danışıqların aparılması mənasız bir mərhələdədir. Atəşkəs dövründən bu günə qədər danışıqlar prosesinə nəzər salsaq görərik ki, danışıqlar bir il, il yarım davam edir, nə isə bir nəticəyə gəlinmə məqamında erməni tərəfi onları istiqamətləndirən qüvvələr tərəfindən necə təlimatlandırılarsa, danışıqlar pozulur, sonra proses yenidən başlayır.
Belə halları Ter Petrosyanın, Köçəryanın, Sərksiyanın vaxtında görmüşük. İndi Sərkisyan gedəcək, onun yerinə başqa bir cinayətkar gələcək. Məqsəd odur ki, yubada-yubada, hər dəfə pozuculuq edərək bir növ bu prosesi tarixin arxivinə atmaq, unutdurmaq və Azərbaycan tərəfinin əsəbləri ilə oynamaq. Sonda da Azərbaycan hər şeydən imtina etsin və s. Ancaq səhv ediblər. Mənə elə gəlir ki, Azərbaycanın Prezidenti son 1 il ərzində ermənilərin bu hərəkətləri ilə bağlı daha ciddi, daha cəsarətli, daha kəskin mövqe bildirib ki, artıq bizim Ermənistanla münasibətlərimiz başqa müstəviyə keçmək üzrədir. Başqa müstəvi nədir?
Bizim heç kimlə müharibə etmək fikrimiz yoxdur, biz Rusiya Federasiyasının təcrübəsindən istifadə edə bilərik. Necə ki, Rusiya Federasiyası Şimali Qafqaz regionunda antiterror əməliyyatlar keçirərək orada mövcud olan qeyri-qanuni silahlı birləşmələri ləğv edir, həmin yoldan da biz istifadə edib Azərbaycan ərazisində mövcud olan qeyri-qanuni silahlı birləşmələri, qeyri-qanuni qurumu ləğv etmək üçün  antiterror əməliyyatı keçirə bilərik, ərazi bütövlüyümüzü bərpa etməliyik. Azərbaycanın bundan başqa yolu yoxdur”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir