Modern.az

Şahbaz Xuduoğlu və "Əclafların qanunu"

Şahbaz Xuduoğlu və "Əclafların qanunu"

Ədəbi̇yyat

3 Mart 2014, 12:11

Şahbaz Xuduoğlunu illərdi tanıyıram. Bu sıradan bir tanışlıq deyil – dostuq. Təbii ki, mənim kimi, o da bəşər övladıdır, yəni hansısa əyər-əskiyi, xətası var. Düzü, arada-bərədə küsülülüyümüz, bir-birimizdən incikliyimiz belə olub. Siyasi-ictimai baxışlarını da tamlıqla bölüşmürəm. Hər fəaliyyətini, ya da açıqlamasını təqdir eləmir, hətta bəzən açıq müxalifinə çevrilirəm. Amma indi onu dəstəkləməyin tam zamanıdır. Çünki Vergilər Nazirliyi ilə çarpışmasının mərkəzində özündən daha çox kitab nəşri durur.

Mən Kitaba inanan adamam. Mənimçün kitab sıradan bir nəsnə, “əmtəə” sözündən də böyük məna kəs edir. Düşüncəm budur: əgər Xaliq öz məxluqu ilə ünsiyyətə, təmasa vasitə kimi məhz Kitabı seçibsə, deməli, müqəddəslik qazanmış yeganə əşya, kağız məhsuluna münasibətlə hər kəs hansı – Haqqın, ya da nahaqqın tərəfində durduğunu bəyan eləmiş olur.

Dostumun rəhbərlik etdiyi “Qanun” nəşriyyatı öpüb göz üstə qoyduğum Kitabı nəşr eləmir. Amma onun da nəşr elədiyi kitablardı. Müəllifinin kimliyi, adının və mövzusunun nəliyi önəmli olmayan kitablar. Önəmi olan, məncə, budur ki, dostum Şahbaz Xuduoğlu zövqləri, maraqları, dünyagörüşləri nəzərə alır, çeşidi imkan daxilində çoxaltmağa, qiyməti endirməyə çalışır. Əlbəttə, bir sahibkar kimi o həm də qazanc haqda düşünür. Elə biz də, “Qanun”la əməkdaşlıq edən tərcüməçilər. Yəni itirən təkcə Şahbaz Xuduoğlu olsaydı, nə vardı... hələ bir qrup işçi-əməkdaş var, bir də bizdən kəmiyyətcə qat-qat böyük oxucu kütləsi.

Bizi, tərcüməçiləri, nəşriyyat redaktorlarını, korrektorları, səhifələyiciləri və s. çox vaxt heç üzdən tanımırlar. Kitab yarmarkalarında, ya da facebook-da bizi yox, Şahbaz Xuduoğlunu saysız-hesabsız suallarla “incidib-bezdirirlər”: “Yeni nəşrləriniz varmı?”; “Filan kitab haçan çıxacaq?”; “Mən ... oxumaq istərdim, tərcümə olunub?”; “Eh, peşman kitab niyə Azərbaycan dilində yoxdu!?”

Bu sətirləri yazdıqca indi o pərişan simaları göz ününə gətirirəm. Yəqin siz də. “Qanun”a qarşı amansız olanlar xaric. Onlar Kitaba inanmayanlardır! Onların başqa kitabı var. Yox, kitababənzər bir şeyi. Onlar Haqqa inanmır, ədalət meyarları ümumiyyətlə yoxdur, onlardan “ədaləti” ancaq “haqq” verib almaq olar.

Mən əminəm ki, Şahbaz Xuduoğluna qarşı bu basqının da səbəbi məhz budur: “haqq” ödəyib “ədalət” alması! Dalana sıxılmış, qısnanmış dostumsa bunu məqbul bilmir. Müşküldən çıxış yolu, etiraz forması axtarır. “Mən rüşvət verməmişəm və verməyəcəm də”, – bunu özü deyir.


“Ölümdən başqa hər şeyə çarə var”, – deyirlər, amma... Təəssüf ki, görünən, bələdçiyə ehtiyacı olmayan yol – dar, Şahbaz Xuduoğlu kimi bir piyada üçün zolaqlı keçidsiz, etiraz etmə forması isə... Neyləsin, özünü yandırsın?! Yoxsa məhkəmə qərarının icrasından yayınıb əyninə zolaqlı məhbus libası geyinsin?

Allah göstərməsin! Kitab sahibinin özü inşallah ona yol açsın!

Amma bilirəm ki, iraq-iraq belə olsaydı, yəni intihar etsəydi, ya həbsə düşsəydi, bundan sevincini gizlətməyənlər də mütləq tapılardı. Çox yox, bir ovuc adam. Üz-üzə gəlmədiyimiz, amma yırtıcı nəfəsini (və nəfsini) daim duyduğumuz adamlar – rəqib nəşriyyatları himayə edən məmurlar, kitaba ƏDV-ni (əlavə dəyər vergisini) ləğv etməyə marağı olmayan “lal” deputatlar, habelə ilk əsəri pulsuz nəşr olunduğu halda qonorar davası döyən “yazıçılar”, hər yeni tərcümədə dördgözlə qüsur axtaran “tənqidçilər”...

Bu gün Beynəlxalq Yazıçı Günüdür. Dünya PEN Klubunun 1986-cı ildə təsis etdiyi bu “qırmızı çalarlı” təqvim gününün tam adı “Yazıçılar üçün beynəlxalq sülh günü”dür. Diqqət yetirin – sülh günü!

Özümə də aid etdiyim, yəni peşə bayramı hesab etdiyim bir gündə Beynəlxalq PEN Klubun hesabatına Azərbaycanla bağlı nə yazılacağını düşünürəm. Təbii ki, yaxşı mənada heç nə olmayacaq. Durum göz önündədir və bu vahiməli durum PEN Klubun hesabatından başqa beynəlxalq təşkilatların hesabatına köçürüləcək. Açıqlandığı təqdirdəsə biz tərəfdə, yəni rəsmi məqamlarda haray-həşir başlayacaq: “Azərbaycanda hər kəs istədiyini yazır, hər kəs istədiyini nəşr edir...”

Bəs Azərbaycanın öz, milli PEN Klubu? Onun dünyaca məşhur rəhbəri? Onun deyəcəyi mənimçün daha maraqlıdır, rəsmi məqamların nə deyəcəyini onsuz da bilirik.

Çingiz Abdullayev “Qanun”da ən çox nəşr olunan və kitabları ən çox satılan yazıçıdır. O niyə susur? “Əclafların qanunu” romanının müəllifi. Çox bilmək istərdim, Şahbaz Xuduoğlu ondan məsləhət istəsəydi, cavab nə olacaqdı... Əclafların qanunu ilə yaşamaqmı?

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi