Modern.az

Beynəlxalq Yazıçılar günü belə, Seyran Səxavət qohumlarını tapa bilmir - Sorğu

Beynəlxalq Yazıçılar günü belə, Seyran Səxavət qohumlarını tapa bilmir - Sorğu

3 Mart 2014, 18:20


Martın 3-ü Beynəlxalq Yazıçılar günü kimi qeyd olunur.  Beynəlxalq PEN-Klubun 48-ci konqresinin qərarına əsasən, bu əlamətdar gün 1986-cı ildən qeyd edilir. 1921-ci ildə təşkil edilən PEN-Klub isə yazarların beynəlxalq birliyi olaraq müəyyənləşdirilib. Beynəlxalq Yazıçılar günü həm də sülh və dünyanın ayrı-ayrı ölkələrində yaşayan yazıçıların həmrəyliyi məqsədilə yaradılıb. Görəsən, bizim yazıçılar necə, kifayət qədər həmrəy ola bilirlərmi? Bu gün yazıçıya  göstərilən münasibət onların nə dərəcədə birliyinə, həmrəy olmasına şərait yaradır?

Modern.az bu mövzuda kiçik sorğu keçirib:

Mövlud Süleymanlı (xalq yazıçısı): “Yazıçının yeganə işi tənha bir hücrəyə çəkilib yazı yazmaq olmalıdır. Yazıçının nə vəzifəsi var ki, həmrəy də olsun”.

Seyran Səxavət (yazıçı): “İndi bütün peşə sahiblərinin bayramları qeyd edilir. Mən orijinal görünmək xətrinə demirəm, amma Beynəlxalq Yazıçılar Gününün olması mənasız bir şeydir. Sual verə bilərsiniz ki, niyə? Səbəbi bundan ibarətdir ki, bir istedadlı Azərbaycan yazıçısı burda, bir istedadlı yazıçı Mozambikdə, Pakistanda, Amerikada oturubsa, bunlar elə bir birlərini görmədən belə həmrəydirlər. Yəni onlar ədəbiyyata yaxşı tərəfdən xidmət etməklə həmrəydirlər. Həmrəyliyi mən elə başa düşürəm. Mən 15-20 il bundan əvvəl İspaniyada, Malyorka adasında idim. Orada bir ispan var idi. Sən demə, bu gözəl rəssam olmaqla yanaşı , həm də Markesin katibi də olub. Bizi emalatxanasına apardı. Bağışladığı şəkil indi də məndə evdədir. Nə qədər qəribə də olsa, adı Əfrayim idi. Ona dedim ki, burada bir qohumum var. Dedi, qohumun kimdi? Cavab verdim ki, Qarsiya Lorka. Təəccüblə soruşdu ki, nə təhər səninlə qohumdur? Dedim, bir var atanın belindən gəlməklə qan qohumu olasan, bir də var ki sözün belindən gəlməklə qohum olasan. Bütün dünya elə bu cür sözün belindən gəlməklə bir-birinə yaxındır. Hansı bir cəmiyyətdə nəsə bir hadisə baş versin. Orada birləşib həmrəy olmaq olar. Amma bu həmrəyliyin texniki tərəfidir. Dünyanın bütün istedadlı adamları, yazıçıları həmrəydirlər. Allahın verdiyi istedadın çərçivəsində hərəkət edirlər. Heç bir birini tanımırlar da. Məsələn Nobel alan bir yazıçı bizim Yusif Səmədoğlun tanımaya bilər. Amma onların ikisinin də istedadı elə onların həmrəyliyidir. Yazıçıların ən böyük bayramı da ən böyük istedadı da bax budur”.

Nəriman Əbdürrəhmanlı (yazıçı): “Təəssüf ki, bizdə həmrəylik dəstəbazlıq anlamında başa düşülür. Yəni ən ümumi məsələlərdə belə bir-birini qəbul eləməyənlər ortaq məxrəcə gələ bilmirlər, hətta tərəf-müqabilinin mövqeyi düz olsa belə qəbul eləmək istəmirlər. Bir də ki əsl yazıçılar həmişə tənhadırlar, cəmiyyətin həmrəylik tələb eləyən problemləri ilə o qədər də maraqlanmırlar, ancaq ümummilli məsələlərdə fikir söyləyirlər”.

Azad Qaradərəli (yazıçı): “Qardaşım, mən Azərbaycan yazıçıları qədər bir-birini sevməyən ikinci yazıçı görmədim ki dünyada! 37-dən bu yana yazıçı-yazıçının başın kəsib, kitabın yandırıb,  çörəyin kəsib. Nə yazıqlar ki, bu gün də davam edir. Qaldı sıravı yazıçılara, onlar da gücləri çatdıqca bir-birinə dayaq olmağa çalışırlar. Məsələn, mən dostlarıma, onlar da mənə arxa-dayaq olmasaq, batarıq”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!