Modern.az

Maştağalılar, nardaranlılar və zabratlılar deputatlarını necə tanıyırlar?

Maştağalılar, nardaranlılar və zabratlılar deputatlarını necə tanıyırlar?

27 May 2010, 13:00

28 saylı Sabunçu  seçki dairəsindən reportaj

“525-ci qəzet” və Modern.az saytının «Deputat vədi» adlı layihəyəsi çərçivəsində millət vəkilinin parlament seçkiləri ərəfəsində seçicilərə verdiyi vədləri yerinə yetirib-yetirmədiyini, seçicilərlə necə işlədiyini araşdırır, seşki dairəsinin ərazisində yaşayanlardan onu tanıyıb-tanımadıqlarını soruşuruq. Bu dəfəki reportajımızı millət vəkili Eldar Quliyevin deputat seçildiyi 28 saylı Sabunçu seçki dairəsindən hazırladıq.
Qeyd edək ki, 28 saylı seçki dairəsinin ərazisi Maştağa, Nardaran, II Zabrat və Bilgəh qəsəbələrindən ibarətdir. 43 min seçici olan dairədə ən şox seçici payı Maştağanın üzərinə düşür. Millət vəkili Eldar Quliyev özü də əslən maştağalıdır. Odur ki, reportajımıza öncə Maştağadan başladıq. Onu da bildirək ki, E.Quliyevin Maştağada deputat korpusu da fəaliyyət göstərir.  

Qəsəbədə ilk baş çəkdiyimiz  yer üzərində “Azərbaycan Respublikası Milli Məclisi 28 saylı Sabunçu seçki dairəsindən millət vəkili” sözləri yazılan bina oldu. Azərbaycanda heç bir seçki dairəsində millət vəkilinin bu cür geniş və hər bir şəraiti olan deputat qərargahı yoxdur. Ofislə tanış olarkən bunun bir daha şahidi olduq. Korpus deputatın ayrı-ayrılıqda qəbul, iş və istirahət otaqlarından, deputat köməkçisinin otağı, konfrans zalı, arxiv otağı və mətbəxdən ibarətdir. Ofisdə seçicilərin əlaqə saxlaması üçün 5 sabit telefon nömrəsi də fəaliyyət göstərir.

Deputat vəzifəliləri Maştağaya aparıb

Deputatın köməkçisi Yaşar Məmmədov bildirdi ki, əvvəllər Mədəniyyət Evində onlara verilmiş uçuq-sökük bir otaqda fəaliyyət göstərirmişlər. Yağış yağanda başlarına su damırmış. Lakin deputat Eldar Quliyev sonradan öz şəxsi hesabına Maştağanın mərkəzində hər bir şəraiti olan deputat korpusu tikdirib. Korpusun açılışında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əcgərov da iştirak edib. Artıq bir ildi ki, yeni tikilən ofisdə oturduqlarını deyən köməkçinin sözlərinə görə, indi seçiciləri qəbul etmək, müəyyən tədbirlər keçirmək üçün ofisdə əla şərait var.

Y.Məmmədov dedi ki, o hər gün səhər saat 9:00 -dan axşam saat 18:00-a qədər ofisdə seçiciləri qəbul edib onların müracitələrini dinləyir. Dediyinə görə, gələn insanların cürbə-cür problemləri var: “Bəzisi olur ki, xəstədir, həkimə getmək istəyir. 5-6 nəfəri şəxsən özüm yollamışam Zərifə Əliyeva adına Göz Xəstəxanasına, bir manatsız əməliyyat ediblər. Eldar müəllim də öz tərəfindən dəfələrlə neçə adamı müxtəlif xəstaxanalarda müalicə etdirib. Bura gələnlər arasında maddi yardım istəyən, təhsillə əlaqədar problemləri olanlar da var. Xeyli sayda tələbənin təhsil haqqının ödənilməsinə kömək olunub. Bu günlərdə bir seçicimiz müraciət edib ki, 2 ildi institutu bitirib, amma diplomunu ala bilmir.
Bizə torpaq, su, işıq, qazla əlaqədar da şikayətlər olur. Bu problemləri həll etmək üçün Eldar müəllim “Bakıelektrikşəbəkə”nin müdiri Baba müəllimi, “Azəriqaz”ın keçmiş prezidenti Əlixan Məlikovu, “Azərsu” ASC-nin sədri Nizaməddin müəllimi, onların müavinlərini ayrı-ayrılıqda qəsəbəyə dəvət edib, camaatla görüş keçirib. Ədliyyə naziri Fikrət Məmmədov da Eldar müəllimin dəvəti ilə Maştağada olub, burada VVADQ şöbəsinin açılmasına icazə verib”.

Maştağa bələdiyyəsi işlərini yaxşı qura bilmir

Köməkçinin sözlərinə görə E.Quliyev yalnız həftənin bazar günləri ofisdə olur və qəbula gələn seçicilərin problemlərini dinləyir: “Əgər onun dövlət səviyyəsində tədbiri, xarici səfərləri yoxdursa, hər bazar günü burda olur. Kim gəlir, hamını bir-bir qəbul edir. Həftənin iş günlərində isə gələn seçiciləri mən özüm qəbul edirəm. Görürəm hansı məsələni özüm həll edə bilərəm, deputatın razılığı ilə onu özüm həll edirəm. Əgər gördüm ki, mənim gücüm çatmayan işdi, həmin adamı dəvət edirəm ki, bazar günü gəlib problemini deputatın özünə bildirsin. Bilirsiniz, kim gedib hansı idarədə problemlərlə qarşılaşır, hamısı bura gəlir. Çünki bizim qapımız hər zaman açıqdı. Qapıda mühafizəçi belə yoxdur. Adi bir işıq idarəsinə gedirsən, görürsən qapıda 2  polis var, müdirin yanına girmək olmur. Amma mən hər gün burdayam, hamını da səbrlə dinləyirəm”.

Deputatın köməkçisi seçiclərdən gileylidir...

Yaşar Məmmədov son günlərdə seçicilərin müraciət etdiyi problemlərdən də danışdı. Dediyinə görə, son günlərdə yağışla əlaqədar çox sayda insanın hasarı uçub, bir neçəsini evinin damı çöküb, evinə yağış yağır: “Əslində, bu cür məslələrdə insanlara bələdiyyə kömək etməlidi. Ancaq indi Maştağa bələdiyyəsində maliyyə də yoxdu, təzə seçiliblər deyə, işlərini də yaxşı qura bilmirlər. Ona görə sakinlər birbaşa bizim üstümüzə gəlirlər”.

Deputat köməkçisi onu da bildirdi ki, deputata işsizliklə bağlı şikayətlər olur: “Hər yerdən əli üzülənlər üstümüzə gəlir. Problemlər o qədərdir ki... Hətta qızını köçürən də gəlir ki, cer-cehiz almağa kömək edin. Çox vaxt elə şeylər istəyirlər ki, bunun deputata heç bir aidiyyatı yoxdur. Elə şeylər istəyirlər ki, adam özü də təəccüblənir. Bir cavan oğlan gəlmişdi iş istəyirdi, Eldar müəllim onu işə düzəltdi. İndi həmin oğlan yenə gəlib ki, Eldar müəllim diplomunu almağa da kömək etsin...
Bilirsiniz, insanlar deyəsən rahatlıq istəyirlər, özləri əziyyət çəkmək istəmirlər. Hamı istəyir ki, çətinliklərini deputat həll eləsin”.

Köməkçi deputatın bayramlarda 300 nəfərə yaxın yoxsul, kimsəsiz insana yardım etdiyini də bildirdi: “Bizdə 300-ə yaxın belə insanların siyahısı var və hər bir bayramda onlara imkan daxilində bayramlıq veririrk”.

Köməkçinin sğzlərinə görə, deputat Maştağa, Bilgəh, Zabrat və Nardaran ərazisində 50-dən çox trasfarmator qoyulmasında kömək göstərib: “Deputata edilən müraciətlər arasında qeydiyyat məsələsi daha çoxluq təşkil edir. Bizim dairə kənd yerləri olduğuna görə, evlərin çoxunun kupçası, insanların pasport qeydiyyatı yoxdu. Buna görə nə o qədər insan bizə müraciət edir ki... Biz də başa salırıq ki, bu məsələ bizlik deyil. Birinə kömək edirsən, kənd yeridi də, hamı bir-birinə deyir və o birilər də axışıb gəlir ki, “mənə də kömək elə”. İndi biz də bir nəfərin xahişini edə bilərik də... Axı bizdə bu problem çoxdu...”.
Köməkçi deputatı barədə çox müsbət fikirlər söylədi və təbii ki, ondan mənfi bir şey eşitməyəcəkdik.  Ona görə də köməkçi ilə vidalaşıb üz tuturuq seçicilərlə görüşə...

Cümə məscidi

Maştağada bizə bidirdilər ki, Eldar Quliyevin Cümə Məscidində şəraitin yaxşılaşmasına kömək edib. Məscidin istilik sistemi olmadığı üçün qış aylarında çətinliklər olurmuş. Deputat isə məscidə kandisioner verdirdikdən sonra, bu problem həllini tapıb. Ümumilikdə, Cümə məscidinin genişlənməsi üçün deputata qəsəbə sakinləri tərəfindən müraciət olunub, deputat isə onun təmiri üçun vəsaitin ayrılmasına kömək edib. Hazırda təmir işləri gedir.

Orada onu da oyrəndik ki, Maştağa, Nardaran kənd camatından müraciətlər olunur ki, onları Həccə, Kərbəlaya, Məşhədə göndərməkdə deputat kömək etsin. Müraciətə əsasən bu yaxınlarda Nardarandan 4 nəfər Kərbəlaya gödərilib.

300 kimsəsiz və ehtiyacı olanlara yardım olunur. Nardaranda 282 nömrəli məktəbə transformator qoyulub, 130 nömrəli məktəbə  avtobus verilib. Bunların hamısı deputatın şəxsi hesabına başa gəlib.
Daha sonra Maştağa sakinlərinin deputatları barədə fikirlərini öyrənmək üçün qəsəbənin müxtəlif yerlərində olduq.

Seçici: “Qlobal problemləri deputat həll edə bilməz”

Seçici Ağanəcəf Qədirov dedi ki, deputat bu qəsəbədə böyüyüb boya-başa çatdığı üçün qəsəbənin bütün problemlərini yaxşı bilirdi və buna görə də seçkiöncəsi çıxışlarında camaata həmin problemlərin həll edilməsi üçün vəd vermişdi: “Mən 28 il bu qəsəbədə müəllim işləmişəm, bir müddət bələdiyyə sədrinin müavini olmuşam, ona görə Maştağanın problemlərinə bələdəm. Burada elə qlobal məsələlər var ki, onları deputat həll edə bilməz, Dövlət Proqramı səviyyəsində aradan qaldırılmalıdır”.

Seçicinin sözlərinə görə deputat qəsəbədə məktəblərin təmirinə, o cümlədən qəsəbədəki xəstəxananın yenidən təmir edilməsinə xüsusi diqqət yetirib: “Şəxsiyyət vəsiqələrinin verilməsində,  nikahın bağlanmasında çətinliklər ortaya çıxırdı. Yaxın kəndlərdə yaşayan sakinlərin hamısı dindardılar. Bəzən elə məsələ olurdu ki, kəbinlə qızı köçürürdülər, amma şəxsiyyət vəsiqəsinin olmaması nəticəsində “ZAQS”a gedə bilmirdilər. Eldar müəllim bu incə məsələni həll etmək üçün müvafiq yerlərə müraciət etdi, qəsəbədə Sabunçu Polisinin qeydiyyat şöbəsinin bir bölməsi açıldı. Hazırda Maştağa, Nardaran, Bilgəh kəndlərinin camaatı hamısı buradakı qeydiyyat şöbəsinə gəlirlər. Daha Sabunçuya getməyə ehtiyac yoxdu”.

Maştağada qadınların parkda gəzməsi

Maştağada deputatın saldırıdığı Mədəniyyət və İstirahət parkında da olduq. Ərazisi 2 hektar olan bu park sakinlərin dili ilə desək əvvəllər pis gündəymiş. Maştağalıların öz dili ilə desək, “indi Maştağa kimi yerdə qadınlar da parka gəlirlər”. Parkda söhbət etdiyimiz sakinlərdən maraqlı məlumatlar da eşitdik. Deyilənə görə, parkın istifadəyə verilməsindən sonra, buradakı yaşıllığı görən bir sakin öz inəyini parkda otarmaq niyyətiə düşüb. Həmin sakin öz inəyini səhər tezdən gətirib parkdakı yaşıllıqda hörükləyib ki, inək yaşıl otdan doyunca yesin. İnək isə acı otu yeyə bilməyib... Xəbər müvafiq yerlərə çatan kimi sakini inəyi ilə birgə parkdan qovublar...

78 yaşlı qəsəbə ağsaqqalı Vahab Dadaşovun dediyinə görə, seçkilər zamanı deputatın bütün görüşlərində iştirak edib: “Mən bu qəsəbədə çox deputat görmüşəm. Amma mən görməmişəm ki, Eldar Quliyevdən əvvəlkilər nəsə eləsin.
İndi Maştağa kimi dindar bir kənddə qadınlar da parka gəlir. Mən bildiyimə görə, bu parkı deputat özü saldırdığına görə, buranın bütün işçilərinin – gözətçisinin, süpürgəçisinin maaşını da özü verir”.

V.Dadaşov seçki zamanı deputatın verdiyi vədləri də xatırladaraq indi onlara əməl etdiyini bildirdi: “Deyirdi ki, kimin nə şikayəti olsa yanıma gəlsin. Ona görədə hər bazar qəsəbədə olur. Bütün bayramlarda yoxsullara kömək eləyir. Qoyun da kəsilib verilir, düyü də verilir...”

Yol bərbad, kanalizasiya yox.......

Maştağada həll olunası problemlər də çoxdu. Seçici Səfər Əkbəroğlu 5 il əvvəl deputatın verdiyi vədlər sırasında ən çox qaz və işıq probleminin həll edilməsini yadında saxlayıb: “Burda camaatla görüşəndə demişdi ki, qaz, işıq məsələsini həll edəcək. Sağ olsun ki, bu vədinə əməl eləyə bildi. İndi qaz, işıq sarıdan dərdimiz yoxdu. Bir az yollarımıza əl gəzdirsələr hər şey yerli-yerində olar” – deyən seçici qəsəbənin əsas problemlərdən birinin kanalizasiya ilə bağlı olduğunu bildirdi: “Böyük qəsəbədi, amma kanalizasiyası yoxdu. Deputatımızdan da,  dövlətimizdən də xahiş edirik bu məsələni həll eləsinlər. Yollarımız onsuz da bərbaddı, yağış yağanda da kanalizsiya olmadığı üçün yollarda böyük gölməçələr yaranır, yollar daha da pis vəziyyətə düşür. Hər yan palçıq olur”.

Həmsöhbət olduğumuz Maştağa sakini Cəfər Sultanov  deputatlaının E.Quliyev olduğunu bilsə də, deputatın verdiyi vədlər barədə heç nə deyə bilmədi. O, “Deputatınızın qəsəbə üçün gördüyü işlərdən məlumatınız varmı” sualına da cavab verə bilmədi: “Bilmirəm. Bu işlər mənlik deyil”.

Maştağada evləri tez-tez su basır

Qəsəbədə söhbətləşdiyimiz insanlar evlərini subasmasından da gileyləndilər. Maştağaya gələn su borularının çürüməsi  suyun sızmasına səbəb olur ki, bu da nəticədə böyük su gölməçələrinin yaranmasına səbəb olub. Nəticədə insanların evlərini də su basır. Dedilər ki, 8 atmosfer gücündə təzyiqlə su vurulan bu çürük boruların yenilənməsi üçün 2 km yeni boru lazımdı. Sakinlər bu problemlə bağlı deputata  müraciət etdiklərini də bildirdilər.

Qeyd edək ki, əksər sakinlər daha çox qəsəbədə kanalizasiya xətlərinin olmamasından da şikayətlənirdilər. Qəsəbədə daha bir narazılıq isə zibillərin vaxtında yığışdırılmamasıdır. Odur ki, qəsəbədə olarkən yol kənarlarında te-tez böyük zibilliklərə rast gəlirdik.

Nardaranda...

28 saylı seçki dairəsinin ərazisi olan Nardaran qəsəbəsində də olduq. Bura Bakının ən dindar kəndi hesab olunur. Nardaranı bəzən İranın Azərbaycandakı “filial”ı da adlandırırlar. 2002-ci ilin iyun ayında Nardaranda baş verən hadisələr nardaranlıların yaddaşından çətin ki, silinsin.

Nardaranda tez-tez ABŞ və İsrail əleyhinə mitinqlər də təşkil edilir. Burada adıçəkilən ölkələrin bayraqlarının yandırılması adi hal alıb. Amma nədənsə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana yardım edən İranın bayrağını bu qəsəbədə yandırmaq istəyən tapılmır...
Nardaranda da söhbətləşdiyimiz adamlar deputatlarını tanımaqda çətinlik çəkmədilər.

Deputatımız məktəblilərə avtobus alıb

Qəsəbə ağsaqqallı Hacı Eldar Bünyadov dedi ki, Eldar Quliyevin seçkiöncəsi verdiyi vadləri yaxşı xatırlayır: “Bakı kəndlərində olduğu kimi Nardaranda da problemlər var. Kəndin qazla bağlı çətinlikləri olub. Allaha çox şükür olsun ki, Eldar müəllim bu məsələnin həllində kömək etdi. O, insanların nəbzini tuta bilir, insanlarla yaxşı rəftarı var. Deputat seçiləndən sonra bizim kəndə gəldi. Biz ona məktəbin, qazın, işığın, ambulatoriyanın problemindən  danışdıq. Bunlar da tezliklə öz həllini tapmasa da, sonradan həll olundu. Eldar müəllimin köməyi sayəsində iki qışdır ki, biz qazdan çətinlik çəkmirik”.

Hacı Eldarın sözlərinə görə, deputat kənd uşaqlarının məktəbə  gedib-gəlməsi üçün də şərait yaradıb: “Kənddə uşaqların məktəbə gedib-gəlmələri üçün avtobus çətinliyi var idi. Ona görə də Eldar müəllim öz vəsaiti ilə 130 nömrəli məktəbə avtobus alıb verdi. İndi avtobus camaatımızın uşağını gəlib qapısından aparır məktəbə, dərs qurtarandan sonra da evə qaytarır. Məktəbdə qışda soyuq olurdu, qızdırıcılar işləmirdi. Deputatın köməyi ilə gəldilər qızdırıcıları təmir elədilər. 2 ildi 130 nömrəli məktəbdə istilik elədir ki, uşaqlarımız çətinlik çəkmirlər. Təzə tililən 282 nömrəli məktəb işıqsız qalmışdı. Yenə də Eldar müəllimə müraciətimizdən sonra,  məktəbə trasfarmator verdildi”.   

Məktəbdən söz düşmüşkən, Nardaranda qızların məktəbə getməsinə icazə verilməməsi barədə müəyyən fikirlər eşitdik. Əhalisinin 90 faizinin dini ziyarətgahlarda olduğu bu kənddə qız uşaqlarının yuxarı siniflərdə oxumasına adətən icazə verilmir. Bunu məktəbin uzaq olması, yolların gölməçə, palçıq olması ilə də əlaqələndirənlər də var. Nardaranda deyirlər ki, qız yazmağı, oxumağı bildi, vəssalam. Yəni bundan sonra onun orta məktəbi sona qədər oxumasına ehtiyac yoxdur. Nardaranda eşitdiyimiz daha bir maraqlı məqam isə, 70 ildir bu kənddə boşanmanın olmamasıdır.
Kənd ağsaqqalının sözlərinə görə, deputat kənddəki ambulatoriyanın yanında 10 çarpayılıq doğum xəstəxanası da tikdirib.
 
Nardaranda da kanalizasiya problemi var

Nardaran Tarix-mədəniyyət qoruğunun direktoru Qasım Qasımov bildirdi ki, dünya əhəmiyyətli memarlıq abidəsi olan Nardaran qalası, ölkə əhəməyyətli 14-cü əsrə aid Xan bağı bu qəsəbədə yerləşir. “Bunlarla əlaqədar bizdə turizm marşurutunun təyin olunmasında Eldar Quliyevin də köməkliyi olub”.
Q.Qasımov Nardaranın hazırkı problemlərindən də danışdı. Onun sözlərinə görə, qəsəbədə kanalizasiya xətləri olmadığı üçün, qrunt suları yola dolur və nəticədə uşaqların məktəbə gedib-gəlməsində də çətinlik yaranır.

Nardaranda söhbət etdiyimiz digər şəxslər yolların vəziyyətindən, kanalizasiyanın yoxluğundan, işsizlikdən narahatlıqlarını bildirərək deputatdan bu məsələlərin həlli istiqamətində addımlar atmasını  istədilər.

Zabratda deputatı tanimayanlar daha çoxdu

II Zabrat qəsəbəsində də isə deputatı tanıyanlar az oldu. Burada qarşımıza çıxanların əksəriyyəti “deputatınızı tanıyırsınızmı” sualına “tanımıram” cavabını verdilər. Aydın Kərimov adlı Zabrat sakini dedi ki, o 5 ildə bir dəfə də deputatı qəsəbədə görməyib: “Deputat gərək seçicilərlə görüşə gəlsin ki, onu tanıyaq. Qəsəbələr arasında ayrı-seçkilik qoymasın. Deputat kimdirsə, gəlsin bir dəfə yaşayışımızla maraqlansın. Baxın, görün, yollarımız nə vəziyyətdədi. Yağış yağanda palçıq dizdən olur. Uşaqlar məktəbə gedib-gələ bilmirlər. Qəsəbədə kanalizasiya yoxdu. Problemdən çox problem var burda. Deputatımız niyə qaldırmır bu problemləri? Qarşıdan seçkilər gəlir, gəlib bizdən səs istəyəcək. Heç olmasa bu 5 ildə bir dəfə gəlib üzünü göstərmədi ki, onu tanıya bilək”.

II Zabratda söhbət etdiyimiz insanlar qəsəbədə bir çox problemlər barədə şikayətlər etdilər. Sakinlərin dediyinə görə, qəsəbinin qazlaşdırılması, su ilə bağlı çətinlikləri var. Kanalizasiyanın olmaması, torpaq yollar əslində buranı adi rayon kəndlərindən fərqləndirmir. Ona görə də sakinlərdən biri “qonağımız olanda biabır oluruq” deyə Bakı şəhərində belə bir qəsəbədə yaşadığı üçün peşmançılıq çəkdiyini bildirdi.  

Sozümü deputata çatdırın...

Qəsəbə sakini Bəkir Məmmədov isə deputatın kim olduğunu bilsə də, onu burada görmədiyini bildirdi. B.Məmmədov qəsəbədaxili yolların pis vəziyyətdə olmasında şikayətləndi: “Yollarımız pis gündədir.Yağış yağanda uşaqlar məktəbə gedə bilmirlər, yağışdan sonra gölməçələr əmələ gəlir. Qəsəbədə bir neçə iri su golməçələri var, buralardan ufunət iyindən keşmək mümkün olmur. Xüsusən yay aylarında üfunət iyindən az qala əlehiqazla gəzək. İydən qapı-pəncərəni açıq qoymaq da olmur. Bu gölməçələr bir sıra yoluxucu xəstəliklərə də səbəb olur. Aidiyyatı qurumlara müraciət etmişik ki, heç olmasa bu gölməşələri qurutsunlar. Amma indiyə qədər heç bir iş görülmür. Sizin vasitənizlə deputatımızdan xahiş edirəm ki, qəsəbədaxili gölməçələrin qurudulması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırsın. Bundan başqa, qəsəbənin içində avtobus maşrutu yoxdur, bizə bir marşrut verilməsini istəyirik. Marşrut olmadığı üçun çətinlik çəkirik. Kanalizasiya sistemi də yoxdur”.

Zabtarda şikayətçilər də çoxdu...

Qəsəbə sakini Əmrad Qarayev isə deputatı tanımadığını və onun seçkiöncəsi hansı vədlər verməsindən məlumatsız olduğunu dedi. Əmrad kişi də digər sakinlər kimi qəsəbədəki iri  gölməçələrdən narahatlığını bildirdi: “Bu gölməçələrin  iyi bütün qəsəbəni bürüyüb. Bu da özu ilə min cür xəstəliklər gəzdirir. Kanalizasiya xətləri olmadığı üçün gölün kənarındakı evlərdən kanalizasiya bu gölməçələrə axıdılır. Ona görə də üfunətdən boğuluruq. Yolumuz yoxdur, yağış yağanda su əlindən tərpənmək olmur. Mən deputatdan xahiş edirəm yollarımızı, kanalizasiya xətlərimizi bərpa etdirsin, bir də bu gölməçənin suyunu qurutsunlar”.

Zabrat sakini Nərgiz Bayramova isə bildirdi ki, o deputatın Eldar Quliyev olduğunu bilsə də, millət vəkilini qəsəbədə görməyib. Digər sakinlər kimi qəsəbədə kanalizasiya və yolla bağlı problemlərdən gileylənən N.Bayramova uzun illərdi Zabratda yaşasa da hələ də özü və uşaqlarının qeydiyyatda olmadığını dedi: “Yoldaşım burda anasıgilin evində qeydiyyatdadır. Öz yaşadığımız evi 15 ildir qeydiyyata almırlar. Ona görə də mən və 3 uşağım öz evimizə qeydiyyata düşə bilmirik. Oğlanlarım əvvəllər Nərimanov rayonunda qeydiyyatda olduğumuz üçün oranın hərbi komossarlığından əsgərliyə gedib-gəliblər. Qızım da iki ildi məktəbi qurtarsa da ona şəxsiyət vəsiqəsi ala bilmirik. Təkcə bizim evdən 4 nəfər səsvermə hüququ olan adam var, amma öz evimizə qeydiyyata düşə bilmirik. Eldar müəllimdən xahiş edirəm bu məsələdə bizə kömək göstərsin”.

Seçici Atif Ağakişiyev də Zabratın problemlərinin həll edilməsi üçün deputatdan gözləntiləri olduqlarını bildirdi.

Bilgəh qəsəbəsində isə sorğularımız nəticəsində deputatı tanıyanlarla yanaşı, onu tanımayanlar da oldu. Bilgəhlilər deputatın qəsəbədə gördüyü işlər barədə də məlumatsız olduqlarını dedilər. Təkcə bir nəfər bildirdi ki, deputat “deyəsən internat uşaqlarına yardım eləyib” dedi.


Maştağada yeni məscid tikilir.

Secisi Vahab Dadaşov: "Deputat maştağalılar üçün çox iş görüb".

İndi bu parkda qadınlar və qızlara da rast gəlmək olar

Analoqu olmayan deputat korpusu.

Deputat köməkçisi Yaşar Məmmədov: "Hər yerdən əli üzülənlər üstümüzə gəlirlər".

Deputat korpusunda ideal şərait var.

Yüksək gərginlikli elektrik xətləri altındakı evlər. Hər yer abad deyil, xüsusilə də yollar.

Polisin binası deputatın təşəbbüsü ilə tikilib.

Sakinləri qeydiyyat problemi yaşayan evlər.

Seçici Ağanəcəf Qədirov: "Qlobal problemlərin həlli deputatdan asılı deyil".

Eldar Quliyevin təşəbbüsü ilə açılan Qeydiyyat şöbəsi.

Xoşagəlməz mənzərə yaradan zibilliklər...

Seçici Əmrad Qarayev: "Mən deputatı tanımıram, onun işinə qiymət vermək mənlik deyil".

Hacı Eldar: "Nardaranda onu hamı tanıyır".

Nardaran qəsəbəsində istixanalar.

Zabratın üfunət qoxuyan gölməçələri.

Bəkir Məmmədov: "Yayda da pəncərələri açıq qoya bilmirik".

Zabrat mənzərəsi...

Kanalizasiya yox, yollar bərbad...


Aqil Aslan
Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı