Modern.az

Kinomuzda “təsadüfi" məşhurlar - Çingiz Əlioğlu: “Orda belə bir erotik səhnə vardı, imtina etdim”

Kinomuzda “təsadüfi" məşhurlar - Çingiz Əlioğlu: “Orda belə bir erotik səhnə vardı, imtina etdim”

Mədəni̇yyət

5 Mart 2014, 16:13

“Gün keçdi”də başlayıb “Yaramaz”la bitirdim”  


Modern.az
saytının “Kinomuzda “təsadüfi” məşhurlar ” adlı rubrikasında ikinci qonaq şair-publisist, Mədəniyyət və Turizm Nazirliyində nəşriyyat sektorunun müdiri Çingiz Əlioğludur. O, 1971-ci ildə Anarın “Gürcü familiyası” hekayəsi əsasında çəkilmiş “Gün keçdi” filmində ingilis dili müəllimi Camal obrazını oynayıb.

Öncə filmə dair maraqlı faktlar:

Anarın “Gürcü familiyası” hekayəsi 1967-ci ilin yayında “Literaturnaya qazeta”da çap olunub.

“Gün keçdi”nin çəkilişləri ssenaridə olduğu kimi lentə alınmayıb. Çünki ssenarinin sonluğunu Həsən Məmmədov (Oqtay rolunun ifaçısı) qəbul etmir və nəticədə müəlliflər ssenariyə dəyişiklik etmək məcburiyyətində qalırlar. H. Məmmədov xatirələrində belə deyirdi:

“Filmin ssenarisində Oqtayla Əsmərin son görüşü bizim adət-ənənəmizə uyğun olmayan bir səpgidə olmalı idi. Yəni ifadəmə görə üzr istəyirəm, ssenariyə əsasən, Oqtay Əsməri öz evinə dəvət etməli və onların arasında məhəbbət macəralarını özündə əks etdirən kadr olmalı idi. Mən həmin kadra qəti surətdə etirazımı bildirdim və xəbərdarlıq etdim ki, əks halda çəkilişdən imtina edəcəyəm. Doğrusu, sözüm eşidildi və ssenari adi sonluqla başa çatdı. Bilirsinizmi, əslində sonluğun açıq-saçıq formada başa çatdırılması filmin uğursuzluğuna səbəb ola bilərdi. Bir də ki, o cür maraqlı kadrlardan sonra Azərbaycan kişisinə yaraşmazdı ki, başqasının həyat yoldaşını evinə gətirsin. İnanın ki, o cür filmə heç kim maraq göstərməzdi də. Filmin gözəlliyi onda oldu ki, məhəbbətin, gənclik illərinin saflığı qorunub saxlanılmaqla lentə alındı və tamaşaçı auditoriyasına təqdim olundu”.

“Camal”, yaxud “Camal Qasanoviç” kimi filmdə xatırlanan obrazı haqda Çingiz Əlioğlunun Modern.az-a danışdığı xatirələri:

“Təxminən 25 yaşım olardı. İlk şeirlər kitabı çıxan cavan bir şair idim. Bir gün “Parapet” bağının yanı  ilə dayımgilə (məşhur yazıçı İlyas Əfəndiyev-E.N.) gedirdim. Bir nəfər gülümsər şəkildə məni çağırdı:

“Səni bir dəqiqə olar?” Baxdım ki, bu adamı hardansa tanıyıram. Sonra bildim ki, bu, rejissor Arif Babayevdir. Dedi, mən bilən, sən cavan şairsən. Dedim ki, hə, belə deyirlər. Soruşdu ki, “məni tanıyırsan?”. Dedim ki, səhv etmirəmsə, siz Arif müəllimsiz. Dedi ki, sabah kinostudiyaya gələrsən. Dedim ki, xeyir ola, Arif müəllim?
“Gəl ora, səninlə işim var”. Nə isə səhəri gün dediyi vaxtda getdik ora. Bunlar “Gün keçdi” filminə kastinq, yəni aktyor seçimi aparırmışlar. Dedilər ki, səni indi “prob”a çəkəcəyik. Qrim-zad da elədilər. Amma heç demədilər ki, bu hansı filmdir, kimin ssenarisidir və sən hansı obraza çəkilirsən. Çox qəribə bir hal idi. O vaxt o filmin ikinci rejissoru Arif Rüstəmov idi. Yəqin fikirləşiblər ki, sınaq çəkilişinə cəlb olunmağım təsadüfi bir işdir. Yəni heç məni qəbul eləməyəcəkdilər. Qrim elədilər, qurama bir eynək taxdılar, saçıma da ağ çəkdilər. Çoxlu fotolar və kamera ilə çəkiliş oldu. Nə isə o qədər də əhəmiyyət vermədim. Bir neçə gün keçmişdi, xəbər gəldi ki,  məni kinostudiyadan axtarırlar. Sən demə, mən filmdə Camal Qasanoviç obrazına təsdiq olunmuşam. Daha sonra da çəkilişlər oldu. Çəkiliş üçün bir fin kostyumu gətirildi. Elə bil o kostyum mənim əynimə biçilmişdi. Rəhmətlik Arif müəllim çəkilişdən sonra baxdı, baxdı, dedi ki, “kostyumu çıxarma, elə bu kostyumla get evə”. Mən də heç vaxt kostyum geyməzdim. Həmişə cinsdə olardım. Ona görə də çəkilişlərim bitdiyi vaxt kostyumu da kinostudiyaya qaytardım. Mənimki ancaq cins şalvar idi“.

Çingiz Əlioğlunun “kino karyerası” bununla bitmir. O daha sonralar Vaqif Mustafayev tərəfindən lentə alınmış “Yaramaz” filmində də yer alıb:

““Yaramaz” filmində də telejurnalist obrazında çıxış edirdim. Vaqif Mustafayev məni filmə dəvət etdi. Həm də o vaxt artıq tanınırdım. Nəşriyyatda şöbə müdiri ola-ola, həm də “Gənclik” televiziya jurnalının aparıcısı və ssenari müəllifi idim. Ora sevə-sevə getdim. Çünki o bacardığım iş idi və Vaqif Mustafayevin də bacarığına bələd idim”.

Sən demə, Çingiz Əlioğlunu daha bir neçə  filmə dəvət ediblər. Amma onların hamısından özü imtina edib:

“Sonra Vaqif məni başqa bir filminin kastinqinə də dəvət etmişdi. “Xaş əhvalatı” adlanırdı. Ancaq mən orada iştirakdan imtina etdim. Orda belə bir yer var idi ki, filmin qəhrəmanı arvadla yatır və ona zəng gəlir. Ona görə də kastinqə getmədim.

Məşhur “Axırıncı aşırım” filminə dəvət etmişdilər. Kərbəlayının kiçik qardaşı Vəli roluna. Amma ora da getmədim. Bir qəribə əhvalat da olub, onu da deyim. 1987-ci il idi. Təzə evlənmişdim. Yoldaşımla Krıma getmişdik. SSRİ Yazıçılar İttifaqının yaradıcılıq evinə. Xanımımla skamyada oturub dənizə baxırdıq. Bir də gördüm ki, üç nəfər qadın çox diqqətlə bizə baxır. Mən də təzə evlənmişdim. Dedim, bəlkə köhnə qələtlərimdəndilər ki, mənə belə baxırlar (gülür). Bir də gördüm ki, bir az gedəndən sonra həmən geri dönüb düz mən tərəfə gəldilər. Dilxor oldum, öz-özümə dedim ki, bu nə zibil idi mən düşdüm. Yaxınlaşıb dedilər ki, olar sizi? Sərt şəkildə dedim ki, buyurun. Dedilər ki, ““Mosfilm” burada bir film çəkir və sizi onun aktyor seçiminə dəvət etmək istəyirik”. Razılaşmadım. Dedim ki, “xeyr, aktyor deyiləm, bu işi bacarmıram”. Dedilər ki, “siz bütün xarici göstəricilərinizlə rola tam uyğunsunuz”. Yenə razı olmadım. Dedilər ki, filmə Armen Ciqarxanyan da çəkilir. Cavab verdim ki, siz əgər mənə desəydiniz ki, filmdə Monika Vitta, yaxud başqası çəkilir, bəlkə də düşünərdim. Amma bu mənlik deyil. Sonradan bildim ki bu, “Koroleva kapustı” filmidir. O filmə azərbaycanlı aktyorlardan bir neçə nəfər çəkilib".




"Gün keçdi" filmindən kadrlar: Çingiz Əlioğlu epizodik Camal müəllim rolunda...

Elmin Nuri
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır