Modern.az

Jurnalist: “Qarşımda diz çöküb üzr istəməyincə, iddiamı geri götürməyəcəm”

Jurnalist: “Qarşımda diz çöküb üzr istəməyincə, iddiamı geri götürməyəcəm”

Media

27 May 2010, 13:54

“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı aşıq Namiqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. Buna səbəb aşığın jurnalistə zəng vuraraq onu təhqir etməsi olub.
Bu barədə Modern.az saytına məlumat verən Tahirə Məmmədqızı bildirib ki, Xətai rayon 35-ci Polis Bölməsinə verdiyi şikayət ərizəsinə ciddi yanaşmayıblar: “Mən aşığın barəsində 3 iddia ilə çıxış etmişdim: şərəf və ləyaqətimin təhqir edilməsi, ölümlə hədələnməyim və jurnalist fəaliyyətimə maneə törədilməsinə yönələn hərəkət.
Həmçinin aldığım psixoloji sarsıntıya görə də qarşı tərəfdən maddi təzminat tələb etmişdim. Ancaq Xətai rayon 35-ci Polis Bölməsində mənim şikayət ərizəmə ciddi yanaşılmadı. Ona görə də mən ərizəmi Baş Polis İdarəsinə yazdım. Əgər orada da mənim iddia ərizəmə ciddi yanaşılmasa Baş Prokurorluğa şikayət edəcəm”.

Jurnalist qeyd edib ki, iddiasını geri götürmək fikri yoxdur: “Çünki o aşıq mənə zəng edərək özümü təhqir edib, həm də uşağımı və məni öldürəcəyi ilə hədələyib. Hətta Polis Bölməsində mənə bildirdi ki, guya onun vəzifədə adamları var. Mən düşünmürəm ki, onun hansısa “day-dayısı” olsun. Hər halda belə olsa idi, bunu jurnalistə deməzdi. Sadəcə o, mənə qadın olduğum üçün psixoloji təsir göstərmək istəyir. Əvvəlcə o, mənə zəng etmədiyini də boynundan atdı. Ancaq məhkəmə lazım bilsə, bütün danışıqlar mobil operatorda qalır. Düzdür, o, məndən Polis Bölməsində üzr istəyib. Ancaq efirdə, hamının gözü qarşısında diz çöküb məndən üzr istəməyincə, mən iddiamı geri götürməyəcəm”.

Qeyd edək ki, aşıqla jurnalistin davası ATV kanalında yayımlanan “El içində” verilişindən başlayıb. Belə ki, o verilişdə qonaq qismində iştirak edən jurnalist, digər iştirakçı aşıq Namiqin davranışları və danışıq tərzindən narazı qalıb. Sonra jurnalist qəzetdə aşıq barəsində tənqidi yazı yazıb. Buna görə də aşıq Namiq jurnalistə zəng edərək onu təhqir edib.

Günay Musayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı