Modern.az

Ceyhun Hacıbəyli - istiqlal aşiqi və istedadlı qələm sahibi

Ceyhun Hacıbəyli - istiqlal aşiqi və istedadlı qələm sahibi

6 Mart 2014, 09:52

Abid Tahirli,
filologiya elmləiri doktoru

AMEA Rəyasət Heyətinin bu yaxınlarda keçirilən iclasının  qərarına əsasən    “ Azərbaycan mühacirət  ədəbiyyatı  kitabxanası“ nın  yaradılması  nəzərdə tutulmuşdur.  Hazırda həmin  qərarla müəyyənləşdirilmiş tədbirlərin  icrasının  həyata keçirilməsi -  seriya ilə kitabların buraxılması , o cümlədən  Ceyhun Hacıbəylinin bədii irsinin nəşrə hazırlanması  istiqamətində AMEA Nizami adına Ədəbiyyat  İnstitutunun  Azərbaycan  mühacirət  ədəbiyyatı  şöbəsində  müvafiq işlər görülür.                                                                          

Müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında parlaq iz qoymuş, lakin sovet rejim və bolşevik ideologiyasının mövcud olduğu illərdə irsi, şəxsiyyəti unutdurulmağa çalışılan yazıçı-publisist, tərcüməçi, naşir, redaktor, folklorşünas, ilahiyyatçı alim, sovetoloq, ictimai xadim, Azərbaycanın istiqlal mücahidi, mühacirətin fəal üzvlərindən və təşkilatçılarından biri Ceyhun Hacıbəyli xalqımızın tarixində və taleyində intibah dövrü kimi dəyərləndirilən XX əsrin əvvəllərində yetişən görkəmli xalq xadimləri ilə bir sırada durur. SSRİ-də «aşkarlıq və yenidənqurma» adı ilə məşhur olan siyasi kursa start verildikdən bir müddət sonra – XX əsrin 80-ci illərinin II yarısından Mərkəzlə – Moskva ilə müqayisədə ləng və qeyri-qənaətbəxş proses olsa da, Azərbaycanda da milli-mənəvi, tarixi dəyərlərə yeni münasibətə meyl, maraq var idi. Ölkəmizdə milli azadlıq – Meydan hərəkatı başlanandan sonra bu proses yeni mərhələyə qədəm qoydu. Kütləvi informasiya mənbələrində, xüsusi ilə dövrün qabaqcıl mətbu orqanlarında – «Odlar yurdu», «Elm», «Səhər», «Gənclik», «Azadlıq» kimi nəşrlərdə Sovet hakimiyyəti illərində ört-basdır edilmiş bir çox həqiqətlər, hadisələr şəxsiyyətlər barəsində maraqlı materiallar verilməyə başladı. Diqqətçəkən mövzulardan biri də Azərbaycanın böyük övladı Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı idi.

Ceyhun Hacıbəyli haqqında dolğun təəssürat yaratmaq üçün onun həyatı, fəaliyyəti və yaradıcılıq yolunu xronoloji ardıcıllıqla izləyək.

Həyatı

Ceyhun bəyin təvəllüd tarixi ilə bağlı müxtəlif mənbələrdə fərqli tarixlərə təsadüf edilir. Onun vəfatı ilə əlaqədar Münhendə nəşr olunan «Naşe obşeye delo» adlı mühacir qəzetinin 1962-ci il 21 oktyabr tarixli 157-ci nömrəsində oxuyuruq: «C.Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada (Azərbaycan) anadan olmuşdur. Orta təhsilini Şuşa və Bakının realnı məktəblərində almış, sonra Peterburq Universitetinə daxil olaraq hüquq fakültəsini bitirmişdir. Daha sonra o, Parisin Sorbonna Universitetində Ali Texniki məktəbdə təhsil almışdır». Salman Mümtaz adına Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində C.Hacıbəylinin fondunu işləyən arxeoqraf A.Aslanov sənədin müqəddimə hissəsində yazır ki, C.Hacıbəyli 1891-ci ildə fevral ayının 2-də məşhur Hacıbəyli qardaşları – Üzeyir, Zülfüqarın ailəsində anadan olmuşdur. Müəllif «fevral 2»-si tarixini hansı məxəzdən aldığını göstərməsə də, fakt özlüyündə maraq doğurur. Bundan xeyli əvvəl – 1987-ci ildə arxivşünas Mövsüm Əliyev «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi (№ 41 (2280) «Ceyhun Hacıbəyli» adlı məqaləsində də Ceyhun bəyin 1891-ci il fevralın 2-də anadan olduğunu yazmışdı. Jozef Kastani adlı müəllif Parisin aylıq illüstrasiyalı «Frans-islam» adlı jurnalın 29-cu nömrəsində (1925-ci il) dərc etdirdiyi «Azərbaycanın teatrı Parisdə» adlı məqaləsində C.Hacıbəylinin 1891-ci ildə anadan olduğunu yazır. Ay və gün göstərilmir. Məsələ burasındadır ki, doğum günü barədə dolaşıqlığı Ceyhun bəyin elə özü yaratmışdır. Parisdə öz xətti ilə doldurduğu anketlərdən birində təvəllüd tarixini «1891-ci il 3 fevral» göstərmişdir (ARMDƏİA, fond 649, iş № 225). 60-cı illərin əvvəllərində – ömrünün sonuna yaxın qələmə aldığı «İlk Azərbaycan operası necə yaranmışdır» əsərini C.Hacıbəyli belə başlayır: «Musiqi lap kiçik yaşlarımızdan qardaşım Üzeyirlə (o məndən üç yaş böyük idi) məni cəlb etmişdir. Əgər Ü.Hacıbəyovun doğum tarixini 1885-ci il götürsək, onda belə çıxır ki, Ceyhun bəy 1888-ci ildə anadan olmuşdur. Yox, əgər C.Hacıbəylinin öz əli ilə doldurduğu anketə əsaslansaq və Ü.Hacıbəylinin doğum tarixini 1885-ci il kimi götürsək, onda onların arasındakı yaş fərqinin 6 il olduğu üzə çıxar və bu inandırıcı deyil. Üzeyir bəyin təvəllüdü ilə bağlı Üzeyirşünaslar arasında ciddi fikir ayrılığı olmasa da, burada da diqqətçəkən məqamlar var. Məs.: tarixçi, salnaməçi Qulam Məmmədli «Üzeyir Hacıbəyov (1885-1948)» adlı əsərində yazır: «Doğrudur, Ü.Hacıbəyovun şəhadətnaməsi 1886-cı ildə yazılmışdır. Şəhadətnamənin Azərbaycan mətnində il – 1886-cı il, rus mətnində – 1887-ci il göstərilmişdir. Maraqlıdır ki, Ceyhun Hacıbəyli təvəllüdlə bağlı rəqəmlərin nə vaxtsa, söz-söhbətə səbəb ola biləcəyini də duyubmuş kimi, özü də bu mövzuya biganə qalmamışdır. Ötən əsrin 50-ci illərində qələmə aldığı «Bir il xəyallarda… və bütöv bir ömür» adlı memuarında Ceyhun bəy yazır ki, qardaşlarımın doğum haqqındakı şəhadətnamələrində qeyri-dəqiqlik ucbatından ilk təhsil üçün onların məktəbə qoyulmasında problem yaranmışdı.

Beləliklə, aydın olur ki, təvəllüdlə bağlı sonrakı bütün dolaşıqlıqlar məhz doğum şəhadətnamələrindəki qeyri-dəqiqlikdən qaynaqlanmışdır. Bununla belə, məsələ maraqlı olsa da, onu şişirtməyə ehtiyac görmürük. Oğlu Timuçin Hacıbəyli, Azərbaycan Xalq Cümhuriyyəti nazirlərindən Mustafa Vəkiloğlu (Parisdə daha bir məzar. «Mücahid» jurnalı, № 53-54, 1962), eləcə də silahdaşları Mehmet Altunbay, Məcid Musazadə, Əbdürrəhman Fətəlibəyli Düdənginski, həmçinin tədqiqatçıların əksəriyyəti Ceyhun Hacıbəylinin 1891-ci il 3 fevralda anadan olduğunu yazmışlar. Elə hesab edirik ki, bu fakta diqqəti çəkməklə, həm məsələyə bir aydınlıq gətirildi, yanlış rəqəmlərin dövriyyədən çıxarılması üçün əsas oldu, həm də C.Hacıbəyli şəxsiyyətinə maraq dairəsinin nə qədər geniş olduğuna diqqəti çəkdik.

Ceyhun Hacıbəyli Şuşada realnı məktəbdə - Haşım bəy Vəzirovun müdir olduğu ikisinifli rus-müsəlman məktəbində, Bakıda ilk, Peterburq və Parisdə ali təhsilə yiyələndikdən sonra hələ 15-16 yaşlarından başladığı mətbu fəaliyyətini daha da genişləndirmişdir. «İttihad» (1917), eləcə də «Kaspi»nin əlavəsi kimi çıxan «İzvestiya» qəzetlərinə redaktorluq edən C.Hacıbəyli «İrşad», «Proqres», «Tərəqqi», «Kaspi», «Baku» kimi qəzetlərə məqalə, felyeton və hekayələr yazırdı. C.Hacıbəyli 1907-ci ilin sonlarında «İslamiyyə» mehmanxanasında «Leyli və Məcnun» operasının tamaşasına səylə hazırlaşır, bu işdə qardaşı Üzeyir bəyə yaxından köməklik göstərir, 1908-ci il yanvar ayının 12-də, o, Tağıyev teatrında operanın ilk tamaşasında İbn-Səlam rolunu ifa edir. Bu vaxt o, Əlibəy Hüseynzadənin müdir olduğu «Səadət» məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərirdi. Elə həmin il – 1908-ci ildə ali təhsil üçün Peterburq Universitetinə, bir il sonra – 1909-cu ildə Sorbonna Universitetinə daxil olur. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy Parisdən Bakı qəzetləri üçün məqalələr göndərirdi. Ceyhun Hacıbəylinin XX əsrin ikinci on illiyindəki Bakı fəaliyyəti daha çox mühərrirlik, maarifçilik və müəllimliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsi və tədbirin proqramının hazırlanması məqsədi ilə yaradılan komissiyada o, fəal iş aparmışdır («Sədayi-Qafqaz», № 147, 25 noyabr 1918). C.Hacıbəyli I Dünya Müharibəsi nəticəsində Bakıya pənah gətirən Qars qaçqınlarına yardım etmək məqsədi ilə keçirilən xeyriyyəçilik tədbirlərində də fəal iştirak etmişdir. 1918-ci ilin avqustunda Ceyhun Hacıbəyli Gəncəyə gəlir və yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə sıx təmas qurur. Hökumətin başçısı Nəsib bəy Yusifbəyli ona və Şəfi bəy Rüstəmbəyliyə rəsmi «Azərbaycan» qəzetini nəşrə başlamağı təklif edir. C.Hacıbəyli bu işə böyük məmnunluqla razılıq verir və az vaxtdan sonra – sentyabrın 15-də onun redaktorluğu ilə «Azərbaycan»ın ilk nömrəsi işıq üzü görür və C.Hacıbəyli qəzetin 88 nömrəsinə redaktorluq edir. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində C.Hacıbəyli də var idi.

Nümayəndə heyətinin məsul katibi təyin olunan C.Hacıbəyli redaktoru olduğu qəzetin 1919-cu il 9 yanvar tarixli 83-cü nömrəsində «Möhtərəm oxucularımıza» adlı müraciətində yazırdı: «Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifaya məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq cahan sülh konfransına göndərilməklə üzərimə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. Bu böyük xidməti möhtərəm yoldaşlarım ilə bərabər ifa üçün Avropaya getmək lazım olduğuna görə, qəzet idarəsi işindən müvəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədiyimiz yoldakı həlli-hüsn ifasından asılı olan məsul vəzifəmizin haqqında var qüvvəmizlə çalışacağımızı əlavə etməyi və möhtərəm oxucularımıza kamali-sidq və səmimiyyət ilə xudahafiz deməyi özümə fərz bildim».

Bu məsul və şərəfli vəzifə ona doğma Azərbaycan həvalə edilən son işi oldu. Ceyhun bəy bir daha Vətənə qayıda bilmədi. Lakin son nəfəsinədək Azərbaycanla yaşadı, onun istiqlalı uğrunda ideoloji mücadilə apardı, ölkəmizin mədəniyyətini xaricdə təbliğ etdi, onun qeyri-rəsmi, lakin mötəbər, xoşməramlı və fədakar təmsilçisi oldu.

Böyük xalq xadimi, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun (1862-1934) rəhbərlik etdiyi nümayəndə heyətinə Məmmədhəsən Hacınski (1875-1931), Əkbərağa Şeyxülislamov, Mir Yaqub Mirmehdiyev (1891-1952), Məmməd Məhərrəmov (1909-1982), Əhməd bəy Ağaoğlu (1868-1939) ilə yanaşı C.Hacıbəyli də daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması üçün əsl fədakarlıq nümunəsi göstərən nümayəndə heyəti 1920-ci ilin mayınadək «Azərbaycan» adlı bülleten (cəmi 12 nömrə), fransız dilində Azərbaycanın rəngli coğrafi xəritəsini, üç kitab («Qafqaz  Azərbaycan Respublikası», «Azərbaycanın iqtisadi və maliyyə vəziyyəti», «Azərbaycan Respublikası əhalisinin antropoloji və etnik tərkibi») kitablar nəşr etmişlər. C.Hacıbəylinin 1919-cu ilin sonunda «Revyu dö mond musulman» jurnalında irihəcmli «İlk müsəlman respublikası» adlı əsəri, «Le temps» qəzetinə müsahibəsi (20 noyabr 1920) böyük maraq doğurur. 1925-ci ildə C.Hacıbəylinin təşəbbüsü və tərcüməsi ilə «Arşın mal alan» operettası səhnədə oynanılmışdır. Bir il sonra «Revyu dö mond müzulman» jurnalının 3-cü nömrəsində dərc etdirdiyi «Azərbaycan teatrı» adlı məqaləsində Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcılığından bəhs edilmişdir. Yeri gəlmişkən, bu jurnalla sıx əməkdaşlıq edən C.Hacıbəyli həmin nəşrdə 1918-ci ildə ermənilərin Bakıda, Şamaxıda, Kürdəmirdə, Xaçmazda törətdikləri vəhşiliklər barədə irihəcmli məqalə də dərc etdirmişdir. 1926-cı ildə Ceyhun bəyin redaktorluğu ilə mühacirətdə fransız dilində «Azərbaycan» jurnalı nəşrə başlamışdır.

1925-ci ildə «Sosiete Asiatique» cəmiyyətinin «Journal Asiatque» məcmuəsində C.Hacıbəylinin «XVIII əsrin əvvəllərinin Azərbaycan tarixçisi Abbas Qulu Ağa Bakıxanov», 1933-cü ildə həmin nəşrdə «Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı) (əsər 1934-cü ildə Parisdə kitab halında da nəşr edilmişdir), 1930-cu ildə Londonda «Asiatic Revie» məcmuəsində «Azərbaycan mətbuat tarixi» məqalələri dərc edilmişdir. C.Hacıbəylinin mühacirət dövrünün araşdırıcısı Mirzəbala Əmrahovun fikrincə, C.Hacıbəyli «Kavkaz» jurnalının fransız nəşrinə redaktorluq etmiş, mühacir Qafqaz mətbuatı ilə fəal əməkdaşlıq etmiş, «La Revue dö monde musulman», «Le bülletin dölomote France-Orient», «La Revue Contemporaine», «La Revue Politique et Parlamentarie», «La Revue des Jeunes», «Le Fiqaro» və bu kimi mətbu orqanlarla birgə işləmiş, bir neçə il məşhur «La Revue de deux Mondes» fransız jurnalının əməkdaşı olmuşdur. Həmin jurnalın 1934-cü ilin ilk nömrəsində (yanvar) Ceyhun bəyin çox maraqlı «SSRİ-də ziyalılar» məqaləsi dərc edilmişdir.

İkinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar mühacirlərin fəaliyyətinə bir durğunluq hakim kəsilir. Müharibə bitdikdən bir müddət sonra mühacirlərin fəaliyyəti yenidən canlanır – dərnəklər fəaliyyətə başlayır, jurnallar nəşr edilir. Ankaradakı Azərbaycan Kültür və Dayanışma Dərnəyi, onun orqanı, «Azərbaycan» jurnalı və Münhendəki Azərbaycan Milli Birlik Məclisi, onun iki dildə (Azərbaycan, rus) nəşr olunan «Azərbaycan» jurnalı xüsusi fəallıq göstərirdi. Bu dərnəklər, ümumiyyətlə mühacirətin Türkiyə və Avropa qanadları arasında bir sıra ciddi ixtilaflar olsa da (admiral Kerkin rəhbərlik etdiyi «Amerika Komitəsi» və rus mühacirləri ilə əməkdaşlıq məsələləri və s. kimi problemlərə görə), onların əsas ideyası, məqsədi Azərbaycanın istiqlalı məsələsi olmuşdur və hər iki düşərgə bu müqəddəs amal uğrunda mücadilə etmişdir.

Ceyhun Hacıbəyli «Azərbaycan Milli Birlik Məclisi» idarə heyətinin üzvü və məclisin orqanı olan «Azərbaycan» jurnalının (1952-1954) redaktoru olmuşdur. Azərbaycan legionerlərinin lideri Əbdürrəhman bəy Fətəlibəyli Düdənginskinin sədrlik etdiyi «Azərbaycan Milli Birlik Məclisi» mühacirət tarixində qısa, lakin silinməz iz buraxmışdır. C.Hacıbəyli «Azadlıq» radiosunun yaradıcılarından, Münhendə fəaliyyət göstərən SSRİ-ni öyrənən institutun fəal üzvü olmuşdur. O, həmin institutun Parisdə fransızca nəşr etdiyi «Qafqaz» jurnalının Azərbaycan bölməsində gedən yazıları redaktə etmişdir. 1959-cu ildə institutun xətti ilə Ceyhun Hacıbəylinin məşhur «Azərbaycanda islam əleyhinə təbliğat və onun metodları» əsəri çap olunmuşdur.

Bəzən qələm sahibləri bir nəfərin öz əqidəsinə və məsləyinə sədaqətini izhar etmək üçün «son nəfəsinədək» ifadəsindən istifadə edirlər. Bu sözlər Ceyhun Hacıbəylinin ünvanına çox yaraşır. O, həqiqətən mənalı həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr etmişdir. Vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında yazdığı və Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna ünvanladığı məktub fikrimizi bir daha təsdiqləyir. Bu gün də aktual səslənən həmin sənədlə bağlı H.Xəzərin «Mücahid» jurnalında «Ceyhun bəyin vəziyyəti» adlı məqaləsi dərc olunmuşdur (№ 53-54, fevral 1963). Müəllif Ceyhun Hacıbəylinin Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzuladığını, hər cür qruplaşmaya qarşı olduğunu bildirdiyini qeyd edir və göstərir ki, onun M.Vəkiloğluna yazdığı «mühacirəti bir yerə toplamağa səy ediniz, bu çox mühümdür» vəsiyyəti də bu istəkdən irəli gəlirdi. Ceyhun bəy bu arzu, ideal və məramla yaşadı, bu istəklə də həyatdan köçdü (1962-ci il). Qəbri qürbətdə - Parisin Sen-klu qəbiristanlığında olan istiqlal aşiqinin ruhu istiqlalını qazanmış ulu Azərbaycandadır, erməni tapdağı altında inləyən doğma Şuşaya həsrətlə, ümidlə baxır.

İmzaları

Ədəbi-mədəni-mənəvi irsimizə sinfi və partiyalı münasibət bəsləyən sovet rejimi və kommunist ideologiyası milli maraqlara xidmət edən sərvətə daim qərəzli və saxtakar münasibət göstərmişdir. Təsadüfi deyil ki, mətbuat tariximizin nəhəng simalarından olan Ceyhun Hacıbəylinin adına, təxəllüsünə, imzalarına sovet dönəmində nə elmi-tədqiqat əsərlərdə, nə müvafiq dərsliklərdə, nə də hansısa nəşrdə rast gəlinmişdir.

Ötən əsrin 80-ci illərinin əvvəllərində bu sətirlərin müəllifinin ünvanına Parisdən C.Hacıbəylinin oğlu Timuçin Hacıbəylidən daxil olan məktubda deyilirdi ki, onun atası inqilabdan əvvəl Azərbaycan mətbuatında «Dj.Dağıstani» imzası ilə çox sayda məqalə dərc etdirmişdir. Məhz bu informasiyadan  sonra biz uzun müddət arxivdə qəzet səhifələrini, xüsusi ilə «Kaspi»ni vərəqləməyə başladıq…

Ədəbi-mədəni, ictimai-siyasi fikir tariximizdə müstəsna rol oynamış C.Hacıbəylinin (1891-ci il Şuşa – 1962-ci il Paris) həyat və fəaliyyətinin öyrənilməsinə yalnız son illər təşəbbüs göstərilmiş, bu mövzuda bir neçə sanballı məqalə yazılmışdır. Bu mənada professor Şamil Qurbanovun «Üzeyir bəyin qardaşı» («Bakinskiy raboçi» qəzeti, 1988, 12 mart) və «Ceyhun bəy Hacıbəyov (1891-1962)» («Lit.Azerbaydjan», 1990, № 6) adlı məqalələri diqqəti xüsusilə cəlb edir. Tanınmış ədəbiyyatşünas, tənqidçi Vilayət Quliyev «Dünyanı dolaşan dünya ömürlü «Azərbaycan» («Azərbaycan» qəzeti, 1991, 19 aprel), Mövlud Yarəhmədov «C.Hacıbəyli həm də şair idi» («Ədəbiyyat qəzeti», 1992, 7 avqust), Nailə Muradəliyeva «Naməlum tərcümə» («Ədəbiyyat və incəsənət» qəzeti, 1989, 14 iyul) C.Hacıbəyli mövzusunda maraqlı məqalələr yazmışlar.

Bu təşəbbüslər nə qədər dəyərli olsa, cəfakeş müxbir, böyük salnaməçi-publisist, istedadlı yazıçı C.Hacıbəylinin yaradıcılığı daha geniş və dərindən öyrənilməyə, təbliğ olunmağa layiqdir.

Heç şübhəsiz, C.Hacıbəylinin mənən Vətənə qayıtmasında, xaricdəki ədəbi-mədəni irsimizin toplanmasında Ramiz Abutalıbovun misilsiz xidmətləri olmuşdur. Təmənnasız, şəxsi təşəbbüsü hesabına mühacirətdəki mədəni-mənəvi sərvətlərimizi toplayan R.Abutalıbov C.Hacıbəyliyə məxsus yüzlərlə sənədi Parisdən gətirməklə böyük qələm sahibinin, alovlu vətənpərvərin həyat və fəaliyyətini dərindən öyrənməyə imkan yaratmış oldu. «Ceyhun Hacıbəyli» (tərtibçilər: M.Teymurov, A.Aslanov) adı ilə buraxılmış kitab bu mənada çox faydalıdır. Topluya C.Hacıbəylinin mühacirətdə yazdığı əsərlərin bir qismi daxil edilmişdir. Bu barədə aşağıda bəhs ediləcəkdir. Ceyhun bəyin mühacirətəqədərki fəaliyyəti də son dərəcə zəngin və maraqlı olmuşdur.

C.Hacıbəylinin 1919-cu ilədək yaradıcılığını araşdırmaq, bu barədə qəti söz demək üçün hər şeydən əvvəl müəllifin həmin dövrdəki imzalarını müəyyənləşdirmək lazımdır. Məhz bundan sonra C.Hacıbəylinin Parisə getməsinədək olan dövrdə mətbuat və ədəbiyyatımızdakı yeri və rolu barədə danışmaq olar. Məsələ burasındadır ki, illər uzunu mətbuat tariximiz birtərəfli, bəzən qərəzli araşdırıldığından C.Hacıbəyli yaradıcılığından bəhs edilməmişdir. Ən böyük «günahı» isə «bolşevik mətbuatı» ilə əməkdaşlıq etməməsində olmuşdur. C.Hacıbəyli irsinə bu cür münasibət bəzi dolaşıqlıqlara gətirib çıxarmışdır. Yaradıcılığı öyrənilməyibsə, təbii ki, imzalarının araşdırılmasından da söhbət gedə bilməz.

«Ədəbiyyat qəzeti» 1993-cü il 5 mart tarixli 9-cu nömrəsində C.Hacıbəylinin Əhməd Cavadla bağlı «Azərbaycan» (Münhen, 1952, № 4) jurnalında dərc edilmiş iki məqaləsini vermişdir. Məqalələrin təqdim olunması münasibəti ilə yazılmış ön sözdə oxuyuruq: «Ceyhun Hacıbəyli yeddiyə qədər imza ilə məqalələr yazıb. «C.H.»-da həmin imzaların biridir. Yazılanlar böyük maraq doğursa da, C.Hacıbəylinin imzaları barədə ətraflı təsəvvür yaratmır.

Professor Ş.Qurbanov Ceyhun bəyin imzası haqqında aşağıdakıları deməklə kifayətlənmişdir: «Ceyhun Hacıbəyov bütün məqalələrini «Dağıstani» ləqəbi ilə imzalamışdır. Bu da təsadüfi deyildir: o, əslən Dərbənddən idi» (Ş.Qurbanov. «C.Hacıbəyov (1891-1962)». «Lit.Azerbaydjan», 1990, № 6, səh.44-45).

Əlbəttə, deyilənlərlə razılaşmamaq mümkün deyil. Lakin fikrimizcə, C.Hacıbəylinin imzası haqqındakı bu qeydləri qənaətbəxş hesab etmək olmaz. Yeri gəlmişkən onu da əlavə edək ki, Ceyhun bəy yalnız yaradıcılığının ilk «dövründə yazılarına «Dağıstani» imzasını qoyardı (Bax: «Proqress», 1907, № 5).

Tanınmış jurnalist-tədqiqatçı Qulam Məmmədli 1977-ci ildə «İmzalar» adı ilə nəşr etdirdiyi kitabda yazırdı: «…göstərilən çətinliklər üzündən bunların (imzalar nəzərdə tutulur – T.A.) bəziləri tam dəqiqləşdirilməmiş, bir çox gizli imzalar kitaba daxil edilməmişdir» (səh.17). Adı çəkilən kitabda göstərilir: «Dağıstani» - Cəmaləddin Məmmədzadə, «Kaspi», «Səda» (səh.32). «Dj.Dağıstani» - Cəmaləddin Məmmədzadə, «Kaspi», 1910-1911 (səh.37). «C.Dağıstani» - Cəmaləddin Məmmədov, jurnalist» (səh.105).

Bir çox tutarlı, təkzibolunmaz faktlar imkan verir ki, göstərildiyi kimi «Kaspi» qəzetində «Dağıstani», «Dj.Dağıstani», «C.Dağıstani» imzalarının Cəmaləddin Məmmədzadəyə aid olmadığını söyləyək. Bunun üçün C.Məmmədzadə barədə bir qədər ətraflı bəhs etmək lazımdır. C.Məmmədzadə 1864-cü ildə Dərbənddə anadan olmuş, ilk təhsilini aldıqdan sonra İstanbula getmiş, bir müddət orada qalıb, sonra Tiflisə dönmüş, Şahtaxtinskinin buraxdığı «Şərqi-Rus» (1904) qəzetində çalışmışdır. Bolşevik ideyalarının alovlu təbliğatçısı kimi çıxış edən C.Məmmədzadə az sonra Bakıya gəlir. Bu vaxt Bakı bolşevikləri ilk leqal proletar qəzeti «Qoç-Dəvət»in nəşrinə nail olurlar (1906). «Qəzetin işinə demokratik ziyalıların nümayəndəsi kimi professional jurnalist Cəmaləddin əl-Dağıstani də cəlb edilmişdir». «O, «Qoç-Dəvət»in Azərbaycan mətnlərinin redaktəsində iştirak edirdi» (N.Y.Mageyev. İz istorii psevdonimov i anonimov, Bakı, 1977, «Elm» nəşriyyatı, səh.32). «Yeni İrşad» qəzeti C.Məmmədzadənin ölümü münasibəti ilə 1911-ci il 23 oktyabr tarixli 45-ci nömrəsində onu «mətbuatımızın xəstə və ac fəhləsi» adlandırır, C.Məmmədzadənin ölümünü «mətbuata və millətə ağır zərbə» kimi qiymətləndirir. C.Məmmədzadə «Səda» ilə də əməkdaşlıq etmiş, ən çətin, ağır yükü öz çiyninə götürmüşdür. O, ömrünün sonunadək bolşevik ideyalarına sadiq olmuş, bu əqidə uğrunda hər cür məhrumiyyətlərə, əzablara dözərək gecə-gündüz çalışmışdır. Təsadüfi deyil ki, mollalar onu «bidin» adlandırırdılar («Yeni İrşad», 1911, № 45).

«Yeni İrşad»ın xatırlatdığımız nömrəsindən məlum olur ki, C.Məmmədzadənin gizli imzası «Dani» olmuşdur. Beləliklə, C.Məmmədzadə bolşevik əqidəli jurnalist olmuş, əsasən «Şərqi-Rus», «Qoç-Dəvət», «Səda» qəzetlərində çalışmış, məqalələrini daha çox «Dani» gizli imzası ilə dərc etdirmişdir. Bütün bunlardan fərqli olaraq, C.Hacıbəyli əsasən, adları çəkilən qəzetlərdən məramına, məqsədinə, məzmununa görə tamamilə seçilən «Kaspi» qəzeti ilə əməkdaşlıq etmişdir. C.Hacıbəylinin dəsti-xətti, toxunduğu mövzular, məsələlərə münasibəti də özünəməxsusluğu ilə seçilir. C.Hacıbəyli «Kaspi»də demək olar ki, bütün yazılarını «Müsəlmanın qeydləri» rubrikası ilə çap etdirmişdir. Bu rubrika isə qəzetin səhifəsindən 1917-ci ilədək (C.Məmmədzadə 1911-ci ildə vəfat etmişdir) düşməmişdir. C.Hacıbəyli bu müddət ərzində «Kaspi»də D., Dj., D. D.-ni, D.Dağıstani, Ceyhun Dağıstani imzaları ilə yazılar vermişdir.

Dil, üslub, mövzu, xüsusilə başqa digər təkzibolunmaz faktlar da sübut edir ki, həmin imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Başqa fakt da dediklərimizi bir daha təsdiq edir. «Kaspi» qəzetinin 1915-ci ilin 13 fevral tarixli 34-cü sayındakı «Biz nə etməliyik» adlı məqaləsinin sonunda «D.Dağıstani» imzası yazılmışdır. Məqalənin «P.S.»-i isə «D.D.»-ni ilə imzalanmışdır. Deməli, bütün əvvəlki və sonrakı «D.D.»-nilər də D.Dağıstaniyə, yəni C.Hacıbəyliyə mənsubdur.

Qəzetin 201-ci sayında (1917-ci il 8 sentyabr) Ceyhun bəyin «Kaspi»nin redaktoruna məktubu dərc edilmişdir. Orada Ceyhun bəy qəzet vasitəsi ilə oxucularına Bakı müsəlman cəmiyyətləri komitəsinin «Xəbərləri»ndə fəaliyyətini dayandırdığını çatdırır və bu barədə Komitə rəhbərlərinə də məlumat verdiyini bildirir. Məktub belə imzalanır: Ceyhun Hacıbəyov (D.Dağıstani). Gətirdiyimiz sonuncu fakt da sübut edir ki, yuxarıda sadalanan imzalar məhz C.Hacıbəyliyə məxsusdur. Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy 50-ci illərdə qələmə aldığı «İlk Azərbaycan operası necə yarandı» adlı xatirəsində «Kaspi» qəzetində «Cey Dağıstani» ləqəbi ilə ilk məqalələr yazdığını göstərmişdir (Azərbaycan Respublikası S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Mərkəzi Dövlət Arxivi, 643 №-li fondu).

C.Hacıbəylinin imzası haqqında bir qədər ətraflı bəhs etməyimiz bu mövzuda geniş diskussiya açmaq niyyətindən yox, yüzlərlə məqaləsi, onlarca bədii əsəri, xeyli tərcüməsi olan böyük qələm sahibinin mətbuat və ədəbiyyat tariximizdə layiq olduğu qiyməti vermək istəyindən irəli gəlir.

Yaradıcılığı

Ceyhun Hacıbəylinin zəngin bədii və publisistik yaradıcılığından bəhs edərkən bu irsin məzmununu, məziyyətlərini, məram və məqsədini daha qabarıq şəkildə diqqətə çatdırılması, dəyərləndirilməsi üçün onun ədəbiyyat və jurnalistika sahəsindəki fəaliyyətinə iki dövrün kontekstində nəzər salmaq vacibdir: mühacirətəqədərki və mühacirətdənsonrakı dövrlər.

Birinci dövr fəaliyyəti daha çox maarifçi xarakter daşıyırsa, ikinci dövrdə ideoloji-təbliğati səciyyə üstünlük təşkil edir. Bu fikri C.Hacıbəylinin həm bədii əsərlərinə, həm də publisistikasına şamil etmək olar.  Beləliklə, mühacirətəqədərki dövrlə bağlı qısaca aşağıdakıları söyləməklə kifayətlənirik. Ceyhun bəyin mühacirətəqədərki dövr yaradıcılığında bədii əsərlərindən «Hacı Kərim», yaxud «Zaqafqaziya müsəlmanlarının həyatından etüdlər» povesti, «Doğru cavab», «Tamamilə qənaətbəxşdir», «Pristav ağa», «Bu, elə özüdür», «Zaqafqaziya kəndlisinin həyatından», «Barışmaz ata», «Nümunəvi ata» kimi hekayə və felyetonları diqqəti çəkir. «Hacı Kərim» povestini müəllif 1909-1910-cu illərdə qələmə almış, əvvəlcə hissə-hissə «Kaspi»də dərc etdirmiş, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, C.Hacıbəyli sonralar da bu mövzuya qayıtmış, həmin silsilədən olan daha bir neçə hekayə yazmışdır. «Əziz müəllimim Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanımın xatirəsinə» cümləsi ilə başlayan kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılmışdır. Bu sətirlərin müəllifi 1995-ci ildə kitabı təkrar nəşr etdirmişdir. Əsər kompozisiya baxımından maraqlıdır. Hər biri 6 hekayədən ibarət povest eyni zamanda vahid süjet xəttinə, ideya və məzmuna malikdir. «Hacı Kərimin səhəri», «Zəruri şər», «Hacı Kərim işdə», «Hacı Kərim qonaqlıqda», «Hacı Kərimin romanı», «Hacı Kərimin səfərə hazırlığı» adlı hekayələrdən ibarət əsərin ideyası cəhalətin, qadın hüquqsuzluğunun, təhsilə laqeyd münasibətin, yalançı möminliyin, xəsisliyin… amansız tənqidi, eyni zamanda maarifə, mədəniyyətə yiyələnməyin vacibliyinin təbliğidir. Əsərin baş qəhrəmanı Hacı Kərim xəsislikdə M.F.Axundovun Hacı Qarasından, nadanlıqda C.Məmmədquluzadənin Novruzəlisindən, qadına münasibətində Xudayar bəydən heç də geri qalmır. Doğrudur, C.Hacıbəylinin bu əsərində tənqid realistlərə xas olan ifşaedici, sarkastik satira aparıcı deyil: müəllifin tənqidi gülüşü xəfif bir təbəssümü xatırladır, o, öz qəhrəmanını, onun eyiblərini, mənfi xüsusiyyətlərini, geriliyini ələ salmır, onu rüsvay etmir, qəhrəmanı sosial bir tip kimi inkar etmir, sadəcə olduğu kimi göstərməyə çalışır və onu yetirən mühiti qınayır… Yuxarıda da qeyd etdiyimiz kimi, sonralar da C.Hacıbəyli bu mövzuya  qayıtmış, «Hacı Kərim toyda» və «Hacı Kərim hamamda» adlı daha iki hekayə yazmış və kitabı fransız dilinə tərcümə etmişdir.

C.Hacıbəylinin digər əsərlərinin – hekayə və felyetonlarının da başlıca mövzusu müsəlman məişətindən götürülmüş və mövcud cəmiyyət həyatının naqis cəhətlərinin tənqid edilməsinə xidmət etmişdir. Maarifçi-yazıçının əsas ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Bu əsərlərin bir yerə toplanılması, nəşri C.Hacıbəyli irsinin tədqiqinə yeni təkan verərdi.

Ceyhun Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika mühüm yer tutur. Bəri başdan deyək ki, C.Hacıbəyli dövrünün bir çox qələm sahiblərindən fərqli olaraq, hər ilin sonunda Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı «Kaspi» qəzetində seriya məqalələr dərc etdirirdi ki, həmin mənbələrə istinad edərək, XX əsrin əvvəllərinin tarixini qələmə almaq mümkündür. Salnaməçi-publisistin xüsusi ilə mədəni həyatla bağlı sanballı məqalələri böyük diqqət çəkir.

Mövzu baxımından C.Hacıbəylinin publisistik məqalələrini aşağıdakı kimi təsnif etmək olar:

- ədəbiyyat, mədəniyyət, teatr, maarif, mətbuatla bağlı məqalələr;

- xeyriyyəçilik məsələlərinə həsr olunmuş yazılar;

- Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş şəxsiyyətlərə həsr olunmuş materiallar;

- dini dəyərlərlə bağlı, eyni zamanda fanatizmin ifşası ilə əlaqədar qələmə alınan yazılar;

- erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr.

Tərəfimizdən C.Hacıbəylinin bu mövzularda yazılmış və yalnız «Kaspi»də dərc olunmuş 237 (!!!) məqaləsinin biblioqrafik göstəricisi tərtib edilmişdir.

Dini görüşləri ilə bağlı «Quranın tərcüməsinə dair», «Müsəlman ruhanilərinin səlahiyyəti haqqında», «Avropalılar islam haqqında», «Aşura haqqında», «Ramazan başladı», «Bir daha ruhani seminariyası barədə», «Ruhani idarəsində islahatlar haqqında», «İslamın biliciləri», «Müfti barədə məsələ haqqında», «Qurban bayramı» və s., ailə-məişət, maarif, teatr, mədəniyyət, təhsil problemlərinə həsr olunmuş «Etinasızlığımız», «Ev tərbiyəsi haqqında bəzi qeydlər», «Zülmət və işıq», «Müəllimlərin təqdimatı», «Qan düşmənçiliyi», «Aktyora kömək edin», «Cəmiyyətin artistə ehtiramı», «Müsəlman teatr mövsümü», «Kömək lazımdır», «Bizdə cəmiyyət varmı?», «Şəhər ibtidai məktəbinin müəllimləri haqqında», «Nuxada gimnaziya», «Qadın təhsilinin ehtiyacları» və s., Qars qaçqınları və xeyriyyəçiliklə bağlı «Qadın qaçqınların məsələsi haqqında», «Böyük ehtiyac», «Unutmayın», «Qardaş köməyi», «Yetimləri daha salın», «Nəhayət, nə vaxt?», «Dəri məsələsi» və sair kimi onlarca məqalədə qaldırılan məsələlər bir çox cəhətdən bu gün də aktualdır, əhəmiyyətlidir. Ceyhun Hacıbəylinin H.Zərdabi, İ.Qaspiralı, Azərbaycanın qadın aşiq şairləri, Hüseyn Ərəblinski, Haşım bəy Vəzirov, Hüseyn əfəndi Qayıbov barədə yazdıqları, eləcə də Azərbaycan mətbuat tarixi ilə araşdırmaları da olduqca maraqlı və faydalıdır.

Onu da qeyd edək ki, Ceyhun Hacıbəylinin mühacirətəqədərki həyat və yaradıcılığı 90-cı illərdə ilk dəfə elmi-təbliğat mövzusu kimi tərəfimizdən işləmiş və 1996-cı ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə edilmişdir.

Ceyhun Hacıbəylinin mühacirətdən sonrakı həyatı, fəaliyyəti də maraqlı, zəngin və şərəfli olmuşdur. Onun həyatının bu hissəsini bir cümlə ilə ifadə etmək, belə söyləmək mümkündür: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu mübarizə 1919-cu ildən başlamış 1962-ci ilədək – vəfatına qədər fasiləsiz davam etmişdir.

C.Hacıbəyli irsinin mühacirət dövrü yaradıcılığının tədqiqi AMEA – Ədəbiyyat İnstitutunun dissertantı Mirzəbala Əmrahovun adı ilə bağlıdır. O, «Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığı» adlı tədqiqat işi üzərində işləyərkən Ceyhun Hacıbəylinin seçilmiş əsərlərini toplayıb nəşr etmişdir.

Qeyd etmişdik ki, bu adla ilk kitabı M.Teymurov və A.Aslanov tərtib etmiş və bura C.Hacıbəylinin mühacirətdəki irsinin bir qismi, o cümlədən «Bərpa quruculuq işinin ümumi problemində Azərbaycanda iqtisadi vəziyyət», «İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları», «Rus demokratları bolşeviklərlə harada birləşir», «Söz və əməl», «İlk Azərbaycan operası necə yarandı» kimi məşhur 6 əsəri daxil edilmişdir. Kitab 1993-cü ildə «Azərbaycan» nəşriyyatı tərəfindən buraxılmışdır.

M.Əmrahovun tərcüməsi, ön sözü və tərtibi ilə buraxılan kitabda isə «Müəzzinin lənəti», «Baş tutmayan ziyarət», «Stalinin öpüşü və ya staxanovçu Fatimə», «Nejdanovun işi», «XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu Ağa Bakıxanov» və «SSRİ-də ziyalılar» adlı hekayə və məqalələri daxil edilmişdir. M.Əmrahov kitaba yazdığı «Ön söz»də müəllifin hekayələrinin, publisistik əsərlərinin geniş, dərin təhlilini verməyə səy göstərmiş və bu işə uğurla nail olmuşdur. O, yazır: «Yazıçının hekayələri içərisində sosializmin saxta mahiyyətini geniş təsvir edən iki hekayə də diqqəti cəlb edir. «Nejdanovun işi» və «Staxanovçu Fatimə» hekayələrində ötən əsrin otuzuncu illərində, eləcə də İkinci dünya Müharibəsindən sonra Stalin repressiya rejimindən heç kimin sığorta olunmamasından, «casusların və xalq düşmənlərinin» ən ucqar əyalət məktəbləri, kolxoz və sovxozlarda göstərdiyi «təxribat işlərindən», «vətənpərvər və sayıq» sovet vətəndaşlarının onları «ifşa etməsindən» bəhs olunur». C.Hacıbəylinin mühacirətdə yazdığı digər bədii əsərlərdə – hekayələrdə də sovet cəmiyyətindəki həyat tərzi, rejimin eybəcərlikləri tənqid hədəfidir.

İstedadlı qələm sahibinin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı «Bir il xəyallarda və … bütöv bir ömür» adlanır. Müəllif burada özünəməxsus tərzdə Şuşadan başlayan ömür yoluna nəzər salır və xatirələrini oxucularla bölüşür. Əsərin fransız dilindən tərcüməsi nəinki C.Hacıbəylinin keçdiyi ömür yoluna, eləcə də dövrün bir sıra maraqlı məsələlərinə aydınlıq gətirərdi.

O ki, qaldı Ceyhun bəyin mühacirətdə qələmə aldığı digər publisistika nümunələrinə, həmin əsərlərdə də müəllifin bədii əsərlərində olduğu kimi, sovet ideologiyası, rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və s. konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edilir.

Dostunu göstər

Ceyhun Hacıbəyli elə böyük sənətkarlardandır ki, onun əsərlərini müəllifin tərcümanı hesab etmək olar. Bu əsərlər Ceyhun bəyin keçdiyi şərəfli həyat yoluna işıq salır, onun Vətənə, millətə, dinə sədaqətini, azadlıq, istiqlal ehtirasını parlaq təzahür etdirir. C.Hacıbəylinin ictimai fəaliyyəti də onun ünvanına ən dəyərli fikirlərin söylənilməsinə əsas verir. Digər tərəfdən isə Ceyhun bəyin təmasda olduğu, birgə çalışdığı, əməkdaşlıq etdiyi insanlar C.Hacıbəylinin əqidəsi, mənəviyyatı, şəxsiyyəti barədə fikrin formalaşmasına kifayət edir. Qardaşları Üzeyir və Zülfüqar Ceyhun bəyin, həm də ən yaxın mənəvi dostu olmuşdur. O, «Azərbaycan mədəniyyətinin pioneri» adlandırdığı Həsən bəy Zərdabinin vurğunu idi. Hüseyn Ərəblinskinin, Haşım bəy Vəzirovun xalq işi uğrunda fədakarlığını yüksək dəyərləndirirdi. Nəhayət, XIX əsrin sonları, XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının şəriksiz lideri, məşhur «Sözdə, fikirdə, işdə birlik» ideyasının sahibi, «Tərcüman»ın redaktoru, naşiri İsmayıl Qaspiralını Ceyhun bəy şəxsən tanıyır və onun sözünü, əməllərini yüksək qiymətləndirirdi. «Millətin atasının» - İsmayıl Qaspiralını dövrün xadimləri onu belə adlandırırdı – vəfatı ilə əlaqədar. «Kaspi»də (1914, № 204) dərc etdirdiyi «İsmayıl bəy Qaspiralının xatirəsinə» adlı yazısında C.Hacıbəyli sonsuz kədər və eyni zamanda qədirbilənliklə yazırdı ki, 32 il ərzində Rusiyanın türk müsəlmanlarını birliyə çağıran İ.Qaspiralı ölümü ilə də onları birləşdirdi, onun vəfatı ümumxalq kədərinə çevrildi. Əgər desəm ki, dövründə yalnız İ.Qaspiralıya yüksək münasibətinə görə Ceyhun Hacıbəyli ən ali sözlərə layiqdir, fikrimdə mübaliğə axtarmayın…

Xatirəsinin əbədiləşdirilməsi...

Ceyhun Hacıbəylinin xidmətləri barədə kifayət qədər yazılmış və artıq bu barədə müəyyən ictimai rəy formalaşmışdır. Seçilmiş əsərlərinin toplanılması, nəşri, rus və fransız dillərində qələmə aldığı əsərlərinin tərcüməsi, irsinin tədqiqinin davam etdirilməsi məqsədəuyğundur. C.Hacıbəylinin xatirəsinin layiqincə əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi, irsinin xüsusi ilə jurnalistika fakültəsində tədrisi aktual məsələlərdəndir. C.Hacıbəyli «Kaspi» qəzetində H.Zərdabinin vəfatı, ölümünün ildönümləri ilə bağlı yazdığı, H.Vəzirovun, İ.Qaspiralının xatirələrinə həsr etdiyi məqalələrdə onların xatirəsinin əbədiləşdirilməsinin vacibliyini, xalqın hafizəsində daim yaşamaq haqqını qazandıqları üçün həmişə xatırlanmalarını ürəkdən arzu edirdi. Eyni haqqı mərhum Ceyhun Hacıbəylinin də qazandığını tam məsuliyyətlə söyləmək olar.

Ədəbiyyat siyahısı
Kitablar:

1. Məmmədli Q. İmzalar. Bakı, Azərnəşr. 1977. 119 səh.

2.Məmmədli Q Hacıbəyov Üzeyir.. Üzeyir Hacıbəyov. Həyat və yaradıcılıq salnaməsi. Bakı, “Yazıçı” nəşriyyatı, 1984. 462 səh.

3.Məmmədquluzadə C. Həyat və yaradıcılığı (müəlliflər kollektivi). Bakı. “Elm” nəşriyyatı. 1974.

4. Hacıbəyov Üzeyir. Biblioqrafiya. Bakı,”Elm” nəşriyyatı, 1978,216  səh.

5. Hacıbəyov Üzeyir. Biblioqrafiya. Bakı,”Elm” nəşriyyatı, 1985, 292 səh.

6. Hacıbəyov Üzeyir. Seçilmiş əsərləri. Bakı,”yazıçı” nəşriyyatı, 1985,653 səh.

7. Hacıbəyli C. “ Hacı Kərim” povesti, tərtibçi və ön sözün müəllifi Abid Tahirli. Bakı,  Azərnəşr 1995.

6. Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. Bakı,  “Elm” nəşriyyatı, 1990, 113 səh.

7. Rəsulzadə M. Azərbaycan Cümhuriyyəti. İstanbul, 1990, 205 səh.

8. Nəsibzadə N. Azərbaycan Demokratik Cümhuriyyıti. Bakı, “Elm” nəşriyyatı , 1990, 96 səh.

9. Tahirli A. Azərbaycan mühacirəti. Bakı, “Tural –Ə” nəşriyyatı 2001, 344 səh.

10. Tahirli A. Sözlə yarananlar, sözü yaşadanlar. Bakı, “Əbilov,Zeynalov və qardaşları” nəşriyyatı, 2001, 308 səh.

11. Tahirli A. Azərbaycan mühacirət mətbuatı. İ hissə, Bakı, “ QAPP Poliqrqaf” nəşriyyatı,  2002, 158 səh.

12. Tahirli A. Azərbaycan mühacirət mətbuatı. İİ hissə, Bakı, “Ozan” nəşriyyatı, 2003,258 səh.

13. Tahirli A. Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991). , “ CBS” Bakı, 2005, 528 səh.

14. Tahirli A. Azərbaycan mühacirət mətbuatı ( 1921-1991), Biblioqrafiya. Bakı, ”Çinar- çap” , 2007, 181 səh.

15. Tahirli A. İdrak işığında. Bakı, “Ozan” nəşriyyatı, 2010, 573 səh.

16. Üç əsrin qəzeti.( “Kaspi”nin nəşrləri.  Məqalələr toplusu) Bakı,”Qanun “ nəşriyyatı, 2011.

Məqalələr:

1.      Abutalıbov R. Azərbaycan Demokratik Respublikası. “Ədəbiyyat  və incəsənət”qəzeti, 1990, iyun

2.      Bünyadov Z. Azərbaycan Demokratik Respublikası. “azərbaycan” qəzeti.1989, sentyabr.

3.       Qarayev Y. Azərbaycan Cümhuriyyəti. “Azərbaycan” jurnalı,1990, № 11,  səh.168-174.

4.      Qurbanov Ş. Üzeyir bəyin qardaşı. “Lit. Azerbaydjan” 1990, №6, səh.44-45.

5.      Qurbanov Ş. Ceyhun Hacıbəyov. “Bak. raboçiy” qəzeti, 1989,18 oktyabr.

6.      Elçin. Mühacir nəsillər. “Tarix” , 6aprel. 1991.

7.      Muradverdiyeva N. Naməlum tərcümə. “Ədəbiyyat və incəsənət”qəzeti,1989,14 iyun.

8.      Tahirli A. Ceyhun Hacıbəlinin imzaları.”Azərbaycan” qəzeti, №236,  6 dekabr,1994

9.      Tahirli A. Zaqafqaziya müsəlmanının hıyatından etüdlər. Günay” qəzeti ,24 dekabr 1994.

10.  Tahirli A. Ceyhun Hacıbəyli Qasprinski haqqında. “Azərbaycan” qəzeti,18 yanvar 1995.

11.   Tahirli A. Ceyhun Hacıbəylinin dini görüşləri. “Meydan” qəzeti, 6, 13,20 oktyabr 1995.

12.   Tahirli A. Ceyhun Hacıbəyli: daha bir sual.”Xalq qəzeti” 16 dekabr 1995.

13.  Tahirli A. İki müəllif, “İki pristav ağa”. “Ədəbiyyat qəzeti” 12 yanvar  1996.

14.  Tahirli A. Nadir sənəd. “ Xalq qəzeti”,5 yanvar 1996.

15.   Tahirli A. Ceyhun Hacıbəyli mətbuat tariximiz haqqında. “Azərbaycan müəllimi” qəzeti, 6 fevral 1996.

16.   Tahirli A. Ceyhun Hacıbəylinin 4 hehayəsi haqqında. “Ədəbiyyat qəzeti”,  3may 1996.

17.  Tahirli A.  Ceyhun Hacıbəlinin publisistikasında maarifçilik. “Azərbaycan müəllimi” qəzeti, 10 sentyabr 1996.

18.  Tahirli A. Hacı Kərimin daha 2 sərgüzəşti. “Ədəbiyyat” qəzeti,20 sentyabr 1996.

19.  Tahirli A.Ceyhun Hacıbəylinin publisistikasında xeyriyyəçilik məsələləri. “Respublika” qəzeti, 27 noyabr 1996.

20.   Tahirli A. Ceyhun Hacıbəyli folklor tədqiqatçısı kimi. “525-ci qəzet” 3fevral 1999.

21.   Tahirli A. Ceyhun Hacıbəyli məhərrimlik və aşura haqqında. “Xalq qəzeti” ,3 fevral 1999.

22.  Tahirli A. Həsən bəy Zərdabinin vurğunu,təəssübkeşi,ən böyük təbliğatçısı. “Ədəbiyyat” qəzeti, 28 iyul 2000.

23.  Tahirli A. Böyük qələm sahibinin narahatlığı. “Xalq qəzeti”, 6 avqust 2000.

24.  Tahirli A. Mətbuat tariximizin ilk tədqiqatçılarından biri, “Xalq qəzeti”, 3 fevral 2001.

25.   Tahirli A. Qələm qələbənin simvoludur, “Hakimiyyət” qəzeti, 12,19 26  may, 2 iyun 2001.

26.   Tahirli A. Ceyhun Hacıbəyli: “Mühacirəti bir yerə toplamağa səy ediniz, bu mühümdür” .”Azərbaycan müəllimi” qəzeti, 8-14 oktyabr 2001.

27.  Tahirli A.  Övladdan, qardaşdan daha çox “təəssübkeş təvvəlüdşünas”ın tərsliyi. “ Azadlıq” qəzeti, №180, 21-23 sentyabr  2002

28.   Tahirli A. . Ceyhun Hacıbəylinin dini görüşləri.AMEA, Fəlsəfə və Siyasi hüquqi Tədqiqatlar İnstitutu. ”Politologiya” şöbəsi, “Sosial- siyasi problemlər” jurnalı, 12-ci buraxılış, 2004.

29.  Tahirli A. Ceyhun Hacıbəylinin publisistikasında xeyriyyəçilik məsələləri.publisistikasında xeyriyyəçilik, maarifçilik və məktəb məsələləri. “Azərbaycan  məktəbi” jurnalı, AMEA Folklor İnstitutu, “Dədə Qorqud” elmi-ədəbi toplu, №4, 2004.

30.   Tahirli A. Ceyhun Hacıbəylinin    publisistikasında mənəviyyat və maarif məsələləri.  “İbtidai məktəb və məktəbəqədər tərbiyə” jurnalı  №, 2005.  

31.  Tahirli A. Bir daha  mühacirət mətbuatının tarixi haqqında. BDU-nun Xəbərləri, Humanitar Elmlər seriyası, 4, 2007.

32.   Tahirli A. Ceyhun Hacıbəyli: İstiqlal aşiqi. “Ədəbiyyat qəzeti”, 27 may 2011.

33.   Tahirli A. “Kaspi” dalğası: milli mənəvi dəyərlər və Ceyhun Hacıbəyli. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi , “ Dövlət və din “ toplusu, №1 2012.

34.  Teymurov M. Üzeyir bəyin yeni məktubları. “Azərbaycan” qəzeti, 7 sentyabr, 1995.

35.  Teymurov M. Ceyhun bəyin bir əsəri haqqında.”Elm” qəzeti,5 yanvar 1991.

36.  Əliyev M. Ceyhun bəy Hacıbəyli. “ Ədəbiyyat və incəsənət” qəzeti, 9 oktyabr 1987.

37.  Xəlilov R. Üzeyir Hacıbəyovun Ceyhun bəyə məktubları. “Ədəbiyyat və incəsənət”qəzeti” ,№88, 1988.

38.  İbrahimova M. “Əkinçi” dən “Həqiqət”ədək, “Azərbaycan” qəzeti, №34, 1993.

39.  Hacıbəyli T. Dağlıq Qarabağ məsələsinə dair. “Kommunist” qəzeti, №236 , 1989.

40.   Hacıbəyli C.( 1907 ci ildən 1917 –ci ilədək “Proqres”, “Baku”, Kaspi” qəzetlərində dərc olunmuş 120 məqalə felyeton və hekayəsi. Bax: Ceyhun Hacıbəylinin həyatı və yaradıcılığı (mühacitətəqədərki dövr) Namizədlik dissertasiyası: Ceyhun Hacıbəyli əsərlərinin biblioqrafik göstəricisi. 1996. AMEA kitabxanası.

Arxiv sənədləri:

1.  Ceyhun Hacıbəyli. Bir il xəyallarda və bütöv bir ömür.Bədii- publisistik hekayə .Fransız dilində .MDƏİA. f. 649, sıra 12,13.

2.  Ceyhun Hacıbəyli.  Azərbaycan şairələri. Məqalə, makina çapı. MDƏİA. F.649, sıra19.

3.   Ceyhun Hacıbəyli.  Azərbaycan tarixçisi A. Bakıxanov. “İki dünya” jurnalında məqalə. f.649, sıra20.

4.  Ceyhun Hacıbəyli.  Çadra və onun örtülməsi haqqıda. Əlyazması. MDƏİA. f.649, sıra55.

5.  Ceyhun Hacıbəyli.   Kompaniya protiv duxovenstvo.Məqalə. Makina çapı. MDƏİA.f.649, sıra59.

6.  Ceyhun Hacıbəyli.   Kak bıla sozdana pervaya Azerbaydjanskaya opera.Əlyazması.MDƏİA. f.649, sıra 66.

7.  Ceyhun Hacıbəylinin müxtəlif qeydlər etdiyi dəftərçə. MDƏİA. f.649, sıra 104, 105,106, 107 ,108,109. 

8.   Ceyhun Hacıbəyliyə və digər dövlət xadimlərinə verilmiş mandatın surəti.MDƏİA.f.649, sıra219.

9.  Ceyhun Hacıbəyliyə və digər dövlət xadimlərinin Paris Sülh Konfransında iştirak etməsi üçün verilmiş mandatın surəti.MDƏİA.f.649, sıra221.

10.  Ceyhun Hacıbəylinin  iştirakı ilə Parisdə fəaliyyət göstərən Azərbaycanlıların Kültür Cəmiyyətinin “ İstiqlal” qəzetinin nəşr olunması badədə protokolunun surəti.MDƏİA.f.649, sıra223.

11.  Ceyhun Hacıbəyliyə  hərbi xəstəxanadan verilmiş tibbi arayışlar.MDƏİA.f.649, sıra224.

12.  Ceyhun Hacıbəyliyə verilmiş müxtəlif sənədlər .MDƏİA.f.649, sıra225..

13.  Ceyhun Hacıbəyliyə Azərbaycan Cümhuriyyəti tərəfindən verilmiş müşavirlik etimadnaməsinin surəti.MDƏİA. f. 649 sıra 220.

14.  “Müsavat” məcmuəsi. №4, 1962.

15.  “Azərbaycan” dərgisi.  1963.  №1,2,3,4,5.6.

16.  «Mücahit” dərgisi. № 43-44, 45-46  1962. 

17.   «Odlu yurt” məcmuəsi. №1, 2 .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!