Modern.az

“Rəsulzadə öləndən sonra həyat yoldaşı Leyla xanım intihar etmək istəyirmiş” - MÜSAHİBƏ

“Rəsulzadə öləndən sonra həyat yoldaşı Leyla xanım intihar etmək istəyirmiş” - MÜSAHİBƏ

6 Mart 2014, 18:51

Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin ölümündən 59 il ötür. Modern.az saytı Rəsulzadənin həyatının son dönəmi, yəni 1950-ci illərdəki fəaliyyəti, şəxsi həyatındakı yaşantıları və ölümü ilə əlaqədar Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqubludan aldığı müsahibəni sizlərə təqdim edir:

“Ömrünün sonunda dörd istiqamətdə fəaliyyət göstərdi”

- SSRİ ilə Türkiyə dövləti arasında imzalanan müqaviləyə əsasən, Rəsulzadə və digər mühacirlər Türkiyədən uzaqlaşdırılmışdı. 1947-ci ildə onların Türkiyə qayıtmasına icazə verildi. Məhz bundan sonra Rəsulzadənin ömrünün sonuncu yəni Türkiyə dönəmi başlayır. Bu sonuncu dönəm 1947-ci ilin sonlarından başlayır. Türkiyəyə gələn kimi Rəsulzadə Azərbaycan-Türkiyə cəmiyyətini formalaşdırdı və Azərbaycandan digər ölkələrə gedən mühacirlərin Türkiyəyə gəlməsinə şərait yaratdı. Daha sonra isə o, Azərbaycan-Türk Kültür dərnəyini yaratdı. Həmin dərnəyin ətrafında azərbaycanlıları topladı və onları təşkilatlandırdı. Bu çox mühüm bir iş idi. Çünki İkinci Dünya Müharibəsindən sonra dünyanın ayrı-ayrı yerlərində yaşayan azərbaycanlıları birləşdirmək və kömək etmək çox çətin idi. Dərnəyin fəaliyyət proqramının birinci maddəsində də yazılırdı ki, bu dərnək siyasətlə uğraşmır. Çünki rəsmi Türkiyə Azərbaycan və digər millətlərin olan mühacirlərin Türkiyəyə qayıtmasına icazə versə də onların siyasətlə məşğul olmasına qarşı idi. Dərnəyin də adı ona görə Azərbaycan-Türk Kültür Dərnəyi seçildi. Tədricən bir qədər keçdikdən sonra Qərb dövlətləri ilə SSRİ arasında münasibətlərin gərginləşməsi və Türkiyənin NATO-ya keçməsi və bu səbəbdən  Qərblə əlaqələrinin yaxşılaşması artıq burada da sovetlərə  qarşı siyasi fəaliyyətə geniş imkanlar yaradırdı. Rəsulzadə də bu imkanlardan birinci faydalanan liderlərdən oldu. Bu məqsədlə, 1952-ci ildə “Azərbaycan” dərgisini çap etdi. Deməli, o ömrünün son illərində iki mühüm iş gördü: birinci,   mühacir azərbaycanlıları bir təşkilat altında birləşdirdi. İkinci isə demək olar ki, bu təşkilatın orqanı kimi “Azərbaycan” adı altında dərgi buraxdı ki, Azərbaycan adı yenidən gündəmə gəlsin.  

Amma yaşlı Rəsulzadənin fəaliyyəti bu iki istiqamətlə tükənmir. O, daha iki istiqamətdə döyüşür:

- Onun üçüncü istiqamətdə gördüyü iş Azərbaycan tarixi, ədəbiyyatı,  mədəniyyəti ilə bağlı bir çox elmi araşdırmalar,  əsərlər yazması idi. “Böyük Azərbaycan şairi Nizami” əsəri də həmin vaxtda işıq üzü gördü. Bundan başqa, Rəsulzadə Azərbaycanın tarixi abidələri ilə bağlı silsilə elmi məqalələr də yazdı. Amma elmi araşdırmakarı tək bunlar deyildi. O, ömrünün sonunda həm də sovet dövründəki Azərbaycan ədəbiyyatının vəziyyətinə aid əsərlər  yazırdı.  Amma bunların özü belə somn deyildi. Onun dördüncü fəaliyyət istiqaməti də var idi. Bu artıq beynəlxaql konfranslarda Azərbaycan, Qafqazın mənafeyinin qaldırılması, hər vəchlə SSRİ-nin tənqidi idi.

“Polyak xanımı onu pəhrizlə qoruyurdu”

Nəsiman bəy siyasi-ideoloji mübarizəsi ilə yanaşı Rəsulzadənin ömrünün son illərindəki şəxsi həyatı, yaşantəlarından da danışır:

- Bu illərdə Rəsulzadə Ankarada Milli Kitabxanada çalışırdı. Ankarada Qızıl Ay deyilən ərazidə o qədər də yaxşı şəraiti olmayan bir evdə polyak xanımı Vanda (Leyla)  ilə yaşayırıdı. Ömrünün sonlarında Rəsulzadə şəkər xəstəliyindən əziyyət çəkirdi. Onu görmüş adamlar mənə danışırdılar ki, çox ciddi şəkildə pəhriz saxlayırdı. Leyla xanım onu ciddi pəhrizlə qoruyurdu. Bu da başa düşülən idi. Keçirdiyi sarsıntılar,  yaşadığı ağır həyat ömrünün sonunda öz təsirini göstərməli idi.

Son günlərində isə ən çox gəldiyi yerlərdən biri Azərbaycan Kültür Dərnəyi idi. Ömrünün son illərini yaşamasına baxmayaraq, xeyli gəncin ora toplanmasının səbəbkarı da məhz,  Rəsulzadə olur. Elə bu dönəmdə vaxtilə 1920-ci illərdə yaratdığı azərbaycan milli mərkəzini yenidən qurub gəncləri ora cəlb etdi. Məhəmməd  Kəngərli, Əhməd Qaraca həmin mərkəzə cəlb olunan gənclərdən idi. Onlar Rəsulzadənin ötürdüyü bu estafeti layiqincə daşıdılar.

- Səhv etmirəmsə, Stalinlə bağlı xatirələrini də ömrünün son illərində yazıb...

- Bəli. Ömrünün sonlarında Rəsulzadənin ən ciddi işlərindən biri Stalinlə xatirələrini yazması idi. Xatirələr 1954-cü ilin may ayında “Dünya” qəzetində çap olundu. Bu Türkiyə ictimaiyyətində çox maraqla qarşılanır. Rəsulzadə xatirələri nə üçün Stalinin sağlığında yox, vəfat etməsindən sonra yazdığını da əsaslandırır. Bildirir ki, “Stalinin sağlığında bu xatirələri yazmadım. Çünki onun əlinin altında çox böyük təbliğat maşını  var idi. Bizim onunla yaxınlığımızı mütləq təkzib edəcəkdi. O zaman yazdıqlarımın da əhəmiyyəti itəcəkdi”.

Ölüm anında da  maraqlı hadisə yaşanır. Rəsulzadə üç dəfə “Azərbaycan Azərbaycan, Azərbaycan!” deyərək vəfat edir. Bu fakt həqiqətdirmi?

- Ömrünün son günlərində isə Rəsulzadəni Ankara Tibb Universitetinin klinikasına yerləşdirdilər. Amma onu müalicə etmək mümkün deyildi. Çünki çox ağır şəkərlə üz-üzə idi. Hətta ömrünün son günlərini koma vəziyyətində yaşadı. Məhəmməd Kəngərli danışırdı ki,  dünyasını dəyişəndə onun yanında idi. Bir neçə dostlar da orada idi.
Deyir ki, “biz hər zaman onun səhhəti ilə bağlı narahat idik. O,  son məqamda bütün yaddaşını toplayıb üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan””  sözlərini işlətdi”. Kəngərli deyirdi ki, bu sözləri öz qulağıyla eşidib. Kəngərli deyirdi ki, Rəsulzadə vəfat edəndən bir qədər sonra üzündə ay işığına oxşayan qəribə bir nur dolaşırdı. “Biz hamımız onun üzünə heyrətlə baxırdıq.  Çünki dünyadan köçən insanın üzünün nuru həddindən artıq idi”-deyə o, bildiridi.

“Leyla xanım intihar etmık vəziyyətində idi”

- Leyla xanım Rəzulzadənin ölümünü çox pis qarşıladı. O,  buna inanmaq istəmirdi. Kəngərli bildirirdi: “Biz hətta onu intihar etməsin deyə, qoruyurduq. Çünki Leyla xanım Rəsulzadənin ölümünə bu səviyyədə yanaşırdı. Ondan sonra biz Ankara bələdiyyəsinin icazəsi ilə Rəsulzadəni Əsri qəbristanlığına apardıq. Onun ölümü tək Azərbaycan üçün yox bütün türk dünyası üçün, bütün dünyada azadlıq uğrunda mübarizə aparan insanlar üçün böyük itki oldu. Ölümü ilə bağlı  ilk informasiyanı Ankara radiosu verdi. Dəfnində Türkiyədə olan bütün mühacir təşkilatın nümayəndələri iştırak etdilər”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər