Modern.az

Dahi musiqiçilərimizin uşaqlıq çağlarından fraqmentlər - FOTOLAR

Dahi musiqiçilərimizin uşaqlıq çağlarından fraqmentlər - FOTOLAR

7 Mart 2014, 16:32

Hər bir dahi adamın,  istedadlı şəxsin  uşaqlıq çağı bir çox qəribəliklərlə dolu olur. Gələcəyin böyük alimi, yazarı, musiqiçisi olacaq həmin şəxslər uşaqlıq çağlarında bir çox təqiblər və üzücü münasibətlə rastlaşıblar. Modern.az saytı Azərbayacnın məşhur musiqi xadimlərinin uşaqlıq çağlarından maraqlı məqamları sizlərə təqdim edir:

Qeyd: Məqalədə professor Rafael Hüseynovun "Min ikinci gecə" kitabındakı materiallardan istifadə olunub. 

13 yaşında kitab yazan Üzeyir Hacıbəyov


1885-ci ildə Şuşalı Əbdülhüseyin kişi arvadı Şirin xanımı Ağcabədiyə tək  yola salır.  Sən demə,  həmin vaxt ikicanlı olan Şirin xanım elə Ağcabədi səfərindəcə övladını dünyaya gətirir. Bu uşaq da kim olsa yaxşıdır - gələcəyin dahi bəstəkarı və publisisti Üzeyir Hacıbəyov. Elə tək bu fakta görə şuşalılarla ağcabədililər həmişə öz aralarında “Üzeyir bizim yerlidir” deyə mübahisə aparacaqlar. Amma onun ikinci dəfə “dünyaya gəlişi” isə həqiqətən Şuşanın payına düşür. Belə ki, o zaman yəni,  1897-ci ildə Üzeyirin 12 yaşı var idi. Məşhur şuşalı Əbdürrəhim bəy Haqverdiyev də bir pərdəli kiçik bir tamaşa hazırlayırdı.  Səhnəcik “Məcnunun Leylinin qəbrini ziyarət etməsi” adlanırdı. Məcnun rolunu da məşhur xanəndə Cabbar Qaryağdı oğlu ifa edirdi. Səhnəcik balaca Üzeyirə o qədər təsir edir ki, o,  sonrakı bütün yaradıcılığını məhz, bu təsirdən başlamış olur. Müəyyən müddətdən sonra (1908)  yaradılacaq Şərqin ilk operası - “Leyli və Məcnun“ da məhz,  bu səhnəciyin böyüdülmüş hissəsi kimi anlaşıla bilər. Amma balaca Üzeyirin istedadı tək bununla kifayətlənmirdi. O, 13 yaşında “kitabi məzhəkə” adlı kiçik kitabçanı öz əlləri ilə hazırlayıb 15 qəpiyə satırdı.

Əlinə keçəni sındıran Müslüm Maqomayev


Çoxuşaqlı ailənin  sonbeşiklərindən olan Müslüm  əlinə nə keçirdisə sındırırdı. Məsələn,  qardaşı Məhəmmədin fotoaparatını, bacısı Məryəmin isə qrammofununu sındırırdı. Ona görə sındırırdı ki,  görsün ki,  fotoaparatın içindən çıxan,  qrammofondan səsi gələn adamlar harada gizləniblər. Atası razı olmurdu ki, kimsə kiçik oğluna güldən ağır söz desin. Onu bir növ öz  davamçısı yəni,  dəmirçi kimi görürdü və başqa uşaqlarından fərqləndirirdi. Amma çox keçmədi ki , atasına ən uzaq  uşaq elə Müslümün özü olur. Harada musiqi sədası eşidirdisə ora da qaçırdı. Bu minvalla çox keçmədən skripkanı, qormonu gözəl ifa edir və rəqsi mükəmməl səviyyədə bacarırdı. Bir dəfə lap uşaq ikən Müslümü Qroznıda məktəbdə bayram şənliyinə musiqi ifası üçün çağırırlar. Utandığından bunu nə ata anaya deyə bilir,  nə də böyük qardaş-bacılarına. Elə kiçik bacısı Məlikəni götürərək bayram şənliyinə gedir. Aktrisa Hökümə Qurbanovanın anası olan “balaca” Məlikə 90 yaşlarında öləndə də ən çox həmin bayram şənliyini xatırlayırdı.

Qonşuları təngə gətirən uşaq – Asəf Zeynallı


Nakam taleli bu bəstəkar elə anadan olduğu gündən ölümünə qədər öz qəribəlikləri ilə hamını heyrətləndirirdi. Öldüyü günə qədər deyəndə ki, guya nə qədər yaşamışdı ki? – Cəmi 23 il! Amma 11 yaşında hərbi məktəbin orkestrində truba çalırdı. Hətta özündən deyən kişilər belə balaca Asəfdən çox şeylər öyrənirdi. O,  bütün bunları öz fəhminə hiss edirdi. Qardaşı danışırdı ki, bir dəfə onunla Təzə Pir məscidinin yanıyla gedirdik. Məsciddən azan oxunmağa başlanıldı. Bu zaman Asəf kiçik cib dəftərçəsini çıxarıb ora nəsə yazmağa başladı. Soruşanda ki, nə yazırsan, heç nə cavab vermədi . Bircə bunu dedi ki, nı zamansa lazım olar. Təbiətin hər bir səsini öz beyninə köçürməyə çalışdığı həmin zamanda Asəfin cəmi 12 yaşı  var idi. Yenə də qardaşı öz xatirələrində bildirir ki, Asəf can verərkən barmaqları ilə divarda piano çalırdı. Həmin vaxt da vur-tut 23 yaşı var idi.

Ağır atletika üzrə çempioan, hərbçi - Niyazi


O, 1911-ci ildə anadan olanda dopdoğma əmisi Üzeyir Hacıbəyov onun üzünə tumar çəkdi. Sonra qəfildən dilləndi - görürsüz uşaq necə gülür? Bu uşaq böyüdükcə həyatın həm gülər üzünə, həm də kədərli üzünə güldü. 1918-ci ildə məlum səbəblərdən atası Zülfüqar Hacıbəyov İrana köçməli oldu. Niyazi və  qardaşı Çingiz də orada böyüməyə başladılar. Zülfüqar Hacıbəyov “Övraqi Nəfisə” qəzeti ilə əməkdaşlıq edirdi, Şuşadakı  kimi olmasa da birtəhər yaşayırdılar. Niyazi həmin vaxt heç musiqi barəsində düşünmürdü də.  Tək istəyi hərbçi olmaq idi. Zülfüqar bəy  hərbi ansamblın bədii rəhbəri olduğu zaman hər iki oğlunu kadet korpusuna yazdırdı. Niyazi bir müddət bu ixtisası üzrə çalışıb da. O həm də yaxşı idmançı idi. Ağır atletika üzrə dəfələrlə yarışların qalibi olmuşdu.  Amma əlahəzrət musiqi bütünlüklə Maestoru öz əlinə ala bildi. Vaxt gələcək və o yüzdən artıq ifaçısı olan böyük ansamblda gözü bağlı şəkildə sol cərgədən dördüncü truba çalanın ifa etmədiyini biləcək. Məhz, bu zaman bütün orkestr ayağa qalxıb ona əl çalacaq.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər