Modern.az

Dərviş Fəxrəddin Salim: “Lütfi Zadənin təsəvvüfdən aldığı sirri üzünə deyən olsa, durub qaçar” - MÜSAHİBƏ

Dərviş Fəxrəddin Salim: “Lütfi Zadənin təsəvvüfdən aldığı sirri üzünə deyən olsa, durub qaçar” - MÜSAHİBƏ

8 Mart 2014, 16:31


Evə girəndə mülayim-mülayim baxaraq üzr dilədi: “Dərviş evidir də, uşaqlar, qüsura baxmayın”. Dərviş Haqqdan gələn işığı yerə ötürəndir deyiblər. Deyiləni, yaşamağa başladığımızı hiss edirəm. Dərviş odasında bir-iki başqaları da var. Əvvəlcə bizmlə onları tanış edir:
- Rüstəm Əliyev adına 3 nömrəli məktəbin müəllimi Ləman xanım Osmanlıdır, bu da onun 5-ci sinif şagirdləri. Bir eksperiment aparırıq. Bir-iki musiqini fərqli şəkildə ifa edirik.
Yerimizi rahlayıb müsahibəyə başlayırıq.
Beləliklə, Modern.az saytının budəfəki  müsahibi sufi-ozan, Folklor İnsitutunun əməkdaşı Fəxrəddin Salimdir:

- Yad deyilik. Elə özüm həm də jurnalist kimi çalışıram. Qəzetlərin birində öz səhifəm var. Hər həftənin şənbə günü irfani mövzularda silsilə məqalələr yazıram. Özümə ozanmı, bilim adamımı deyim, bilmirəm. Amma hərəsindən müəyyən zərrələr toplanıb bir insan şəklini alıb.

- Daha çox harda Fəxrəddin bəy var?

- Hansı tərəfə yönlənsəm, sanki digər tərəflər yoxa çıxır. Bir tərəfə həmişə tam köklənirəm. Amma birindən digərinə mütləq şəkildə nəsə daşınır. Məsələn, son zamanlar daha çox qəzəliyyatla məşğulam,  məsnəviyə də  başlamışam. Yəqin ki, ömrümün sonuna qədər də bu gedəcək. Mövlanənin “Failatün Failatün Faülün” təfiləsində yazıram. Üç sahənin üçündən də bir şeylər daşıyıram. Bakı Musiqi Akademiyasını Tar sinfi üzrə bitirmişəm. Daha sonra Ankarada Dil, Tarix, Coğrafiya fükültəsinin fəlsəfə bölümünü bitirmişəm. Muğam ifaçılarını tarda müşahidə etməyim əruzu, qəzəliyyatı anlamama imkan yaradıb.

Söhbətin bu yerində əsas məqama keçid alırıq. Axı bu “Dərviş ocağına” sufi deyib gəlmişik. Dərviş də ki maşallah, həvəslə bu keçidə başlayır:

- Xorasan sufi məktəbinin Azərbaycanda de-fakto təmsilçisiyəm. Bu baxımdan məsələlərə  Hind-Avropa, İran-Bəlx-Əfqanıstan arealından  yanaşıram. Bu Şah İsmayıl Xətaidən gələn bir yoldur. Ümumiyyətlə, təsəvvüfdə üç areal, üç qol var:  Mövlanənin gəldiyi Xorasan sufi məktəbi, orta əsrlərdən gələn Bahəddənin Nəqşibəndi, Əhməd Yasəvidən gələn qol. Bir də Ərəb-Anadolu qolu. Mən də Bəlx-Xorasan qolundan olduğum üçün formalizmi çox sevirəm. Köhnə kişilər demiş, surətpərəstəm. Musiqinin də, şəklin də hər şeyin gözəlliyini çox sevirəm. Demişəm ki, Allahın “Camal” sifəti olmasa, onun “Cəlal” sifəti məndə heç bir şey oyatmır. Camal bilirsiz ki, Allahın gözəllik  sifətidir. Camalı düşünmədikcə Cəlalını duya bilmirəm. Mənim Allaha qorxu, maddi-mənəvi ehtiyacım yoxdur. Allah məni ehtiyac babında,  müstəvisində saxlayacaq qədər kiçik deyil. Burada ancaq aşiq-məşuq əlaqəsi var.

- Türkülərin bətnində hansı gizli bir sirr var ki, onlar bu günə qədər sevilir?

- Hər şeyin başı sevgidir. Sevginin də canı var. Səbəbin və nəticənin içində bir nüvə var. Dünyanı götürək. Deyirlər ki, iki dünya var. Bu çox yalnış ifadədir. İki cahan demək olar,  amma iki dünya demək olmaz. Axirətə inananlar üçün deyirəm ki, cənnət deyilən yer heç vaxt dünya ola bilməz. Filankəs dünyasını dəyişdi ifadəsi çox yalnış bir ifadədir. Dünya ərəb dilindən “dəni”  sözündən götürülüb, mənası “alçaq yer” deməkdir. Hər iki mənada alçaq ifadəsini əks etdirir. Həm yer kürəsinin yerləşdiyi mövqeyə görə, həm də sözün məcazi mənasına görə.
Türkülərin içində də bir can var. O canın mənbəyi heç mənə də məlum deyil. Əslində məlumdur,  amma məsəl var: söz var xalq içində, söz var, xülq içində. Qulağa deyilən sözü xalqa demək olmaz.

Bu zaman Fəxrəddin bəyin fikirlərini saz üzərində göstərmək üçün onu əlinə alır:

- İndi sazda göstərəcəm. Quranda deyilir: “Səni yaradan Rəbbinin adıya oxu. İnsanı ələqdən yaratdı”. Əvvəlcə, insanın cismi yarandı. Daha sonra Quran gizli bir işarət vurur. Buyurur ki,  nəfəsimi üflədim. Bizim mütərcimlər isə birbaşa tərcümə etməzlər, ixtiyarları yoxdur. Təfsirlərdən keçib, tərcümə edərlər. Mən də rəhmətlik Ziya Bünyadovdan, Nəriman Qasımoğludan, Vasim müəllimdən  soruşdum ki, niyə bu ayəni bilə-bilə təhrif edirsiz. O qədər açıqdır ki, təhrif edə bilməyib yanında mötərizə açırlar: Haqq-taala buyurur ki, nəfəsimi Adəmə üfürdüm, o, cana gəldi. Bunlar isə mötərizə açıb yazırlar ki, öz yaratdığım nəfəsi üfürdüm. Halbuki, Haqq-taala insan  ruhundadır. Nəsimi də deyir ki, haqq-tala insan oğlu özüdür. Şəriət burada bitir,  nöqtəni qoyur, artıq  təriqət, mərifət,  həqiqət başlayır. Bu qədərini şəriət verir insanlara. Ondan sonra isə insanın öz almaq  istədiyini onun özünə verir. Məsələn, Quranın ayələrində deyildiyi kimi, tərəzidə bir birinizi aldatmayın, içib ibadət etməyin, bu kimi məsələlər bir Mövlanəni,  bir Şəmsi maraqlandırarmı?! Əlbəttə, xeyr!. Dərviş  artıq o mərhələdən çoxdan çıxıb. Bəs, bu yazıq bundan sonra Allahdan nə alsın! Əgər Quran bundan ibarətdirsə bu Allahdan nə alsın? Kütlə bitdi, xalq bitdi,  xülq başladı. Əvvam bitdi,  xəvvas başladı. Əvvam sözü savadsız mənasında deyil. O ümumi, kütləvi  mənasını ifadə  edir. Bir də var “xəvvas”. Bu sözdə də “vav” düşüb olub “xas”. Yəni, xüsusi,  seçilmiş. Müəyyən dönəmdən sonra əvvam bitir,  xəvvas başlayır. Dərvişlərin bir adı da var. “Səfide xan” deyirlər ona. Səfid ağ deməkdir, xan isə oxuyan qiraət edən mənasında işlənir. Yəni, qaraların arasında ağları oxuyan adam. Ağ yazılar “nəffasət”dən sonra başlayır. Orada nə deyilir: Adəmin bədəni yaradılandan sonra ruh girməlidir axı ora. Bədən isə yeddi nəcasətdən yaranıb. Yeddi min elementdən ibarət olsa da, onların yeddisi  nəcasətdir. Qan, tər, sperma və s. bu yeddi nəcasət yeddi milyon pak cövhəri korlayır, onlara rəxnə vurur. Ona görə də bu pak ruh həmin vaxt onun bədəninə girə bilmir. Allah-taala əvvəlcə  ağıl vasitəsilə bədənə girə bilmədi. “Mən bunu yaratdım ki, özüm görünüm” formula yəni, ağlı fayda vermədi. “İnsanı yaratdım ki, mənə ibadət etsin”- mərhəmət vasitəsini ifadə edir. Allah yenə də mərhəmət vasitəsilə cismə girə bilmədi. Hələ saymadığım neçə element var ki, onların heç biri ilə bədənə girə bilmədi.  Çünki cisim napak idi. Divardan girə bilmədi.Bəzi mənbələrə əsasən buyrulur ki, o anda dörd mələkdən birincisi Həzrəti Cəbrayıl saz olub Adəmin qucağına düşdü. Mikayıl yəni, təbiəti idarə edən icraçı mələk onun telləri mizrabı, yəni quruluşu oldu. İsrafil isə onun səsi oldu. Burada iki mələk yerini dəyişir. Əzrayıl onun pəncəsi olur. Vurur can alan kimi də, vurur can verir. İsrafil də onun səsinə döndü. Elə ilk səs pərvazlanan kimi o  Allah-taalanı məst etdi və bu məstlik sayəsində bədənə girdi. O murdarlığı görmədi. İnsan  məstlik sayəsində o divarları dələ bilər. Füzuli dediyi kimi, öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Allahın adından deyilir e, bu. Məstlik olmasa idi, gəlməzdi bu həyata.


- Deməli sazın bətnindəki cövhər də yaşayır. Bu səbəbdən də sazın da canı var…

- O hazırda da yaşayır. Yəni,  onun canı var. Mürsəl Həkimov adında rəhmətlik bir folklorşünas var idi. Dissertasiyamın müdafiəsindən öncə şöbəyə müzakirəyə gəlmişdi. Ömrünün son illəri idi. Bayaqkı rəvayəti danışanda kişi yerindən dik qalxdı. Dedi, saxla oturanlara döndü ki, qalxın ayağa. Dedim ki, Mürsəl müəllim nə oldu? Dedi, əlli il bundan  qabaq oxumuşam və deyirəm. Molla Cuma deyir ki, aşıqlıq Adəmdən icad olub. Bunlar mənə deyirdilər ki, o aşıqlığı yox aşiqliyi deyirmiş. Yəni ki, Həvva nənəmizə aşiq olub onu nəzərdə tutub. Amma indi mən bunu daha dərindən anladım. Aşıqlıq Aəmdən icad olunub. Deməli bunun  tarixi ta Adəmin yaradılışından gəlir. Sazın bir kuniyəsi adı Anadoluda “Telli Qurandır”. Məsnəvinin bir adı “Qurani mənzumə”dir. Məhz, Allahın özü bunun içindədir. Bu səbəbdən də ölmür. Allah buradan danışır. Amma danışdırana danışır.

- İnsanın şəxsiyyət halı onun daxilindəki cövhərdənmi formalaşır?

- Haqdan alıb xalqa çatdıranlar ki, var, onlar mütləq içərilərində bir cövhər gəzdirirlər.  Onlar mütləq şəxsiyyət olmalıdırlar. Mən yarımçıq şəxsiyyəri qəbul etmirəm. Nəsimi də deyir  ki,  kamil-qeyri kamillə birləşə bilməz. Kamil ozanlar hər zaman tənha qalır. Mövlanə də çox gözəl deyir. Deyir, heç gördüzmü bir qarğanı qəfəsə salsınlar. Həmişə bülbül qəfəsdə olar.

- İfa etdiyiniz musiqilərlə orta əsr sufiləri arasında hansı energetik əlaqələr var?

- Siz energetik əlaqə deyirsiz, bir başqaları buna mistik əlaqə deyirlər. Əslinə qalsa, bu ruhani rabitədir. Pirlərimdən birindən soruşdum ki, iki cür ziyarət var deyirsiz - batini və zahiri,  hansı daha üstündür? Dedi, oğlum batini ziyarət zahiri ziyarətdən üstündür. Çünki batini ziyarət hər zaman mümkündür. Zahiri ziyarət isə hər zaman mümkün deyil. Burdan filan qədər para xərcləyib Kəbəyə getmək zahiri ziyarətdir. O da hələ Allahın evini ziyarətdir, özünü yox. Bir də var ki, əlini könlünə qoyub “Yahuu” çəkənlər. Onlar zahiri yox, batini ziyarət edənlərdir, Allahın özünü ziyarət edirlər. Bu daha üstündür.

- Ruhən göylərdə yaşayan adam yerdə necə qurtula bilər?

- Mənim bu həyatda yol gedəndə də yatanda da,  yeyəndə də canım sıxılır. Elə dünyaya gələndə də canı sıxıla- sıxıla gəlmişəm. Bir dənə burada yəni, saz çalanda rahat oluram. Təsəvvür edin ki,  yol gedə-gedə binaların üzünü ağardan fəhlələr “aşıq, aşıq” deyib güldülər. Mən də sağlam adam yerə yıxıldım. Çünki gerçəkdən canım çox sıxıldı. Məni ittisala bağlayan yeganə vasitə bu sazdır.

- Allahda yaşayıb Allahda itməyin düsturunu necə verə bilərsiniz?

- İnsan  Allaha sığmır ki, Allah insana  sığar. Təbii ki,  siz deyən  məqam da var. Amma mən onu qəbul etmirəm. Allahın özündə məqsəd elə insandır. Allah özü tək qaldı darıxdı. Bu qədər yaratdığı məxluqda məna görmədi. Aşiq olacağı birini yəni,  insanı yaratdı. Madam ki,  Haqq-taala mənə aşiqdir,  mən niyə onun eşqini qəbul etməyim? Sonuncu yaratdığı da elə insan  oldu. Çünki ondan qabaq yaratdıqlarının hər biri insanda var. Dörd ünsürdən tutmuş, kainatın özü, planetlərin, çayların göllərin hərəkət mexanizminin hamısı insandadır. Ona görə də hürufilər deyib ki,  insan üzündəki dəyişiklik kainatdakı dəyişikliyə çox uyğundur.

- Makrokosmosla mikromosmos yəni,  insanla kainat arasındakı münasibətlərdən danışaq. Onlar arasındakı qarşılıqlı əlaqə insanda hansı dəyişiklik yaradır?

- Deyərdim ki, dəyişiklik əslində kainatda baş verir. Bunun da mənbəyi insandır. Siz mənə Muhyiddin Ərəbinin tərifini dediniz. O insana  belə bir tərif verirdi: kainat-insani-kəbir. Yəni,  kainat böyük insandır. İnsan  gözü istənilən qədər görə bilir. Bilirsiz də,  insanın gözündə gördüyü yer iynənin ucu qədərdir. Nə görürsə o yerdən görür. Əgər iynə ucuna bu qədər genişlik  sığırsa, bu o deməkdir ki,  insan  kainatdan böyükdür. Çünki ulduzlar bizi görə bilmir. Amma biz onları görür və özümüzdə sığışdıra bilirik. Deyirlər ki,  insan  beyninin 3-5 faizi işləyir. Əgər bu qədər işləyəcəkdisə,  elə o miqdarda yaradılardı da. Geri qalan 95 faizə  nə ehtiyac var idi ki?! Deməli,  bu misalla  Haqq-taala insana  yol açır. Ona müraciət edir- açın yolunuzu!  Bu imkandır.
Əslinə baxsaq mikrokosmos insan deyil makrokosmos insandır. Hər şeyə fiziki göstəricilərlə baxmaq lazım deyil. Hər şey nisbidir. Nəsimi də boşuna “sığmazam” demirdi. Allah insanların sifətində əsil həqiqəti  göstərir.

- İnsan özünə, yaxud, evinə gedən yollarda niyə azır?

- O yolda azmaq olmaz. O yol müstəqim yoldur. O ona görə azır ki, həmin yolla getmir. O yola girsə, orada azmaq mümkün deyil. Sadəcə yolu düz seçməyib.

- Bir az yerə qayıdaq ki,  müsahibə də çox yüklənməsin. Dissertasiya işiniz nə olub?

- Aşıq Ələsgərin irfani dünyasından istifadə edib sazın, sözün bətnində yer alan sufi məqamları göstərməyə çalışmışam. Əslinə qalsa, mənim  öz dünyamı şeirə, yazıya çevirməklə bir o qədər də aram yoxdur. Çünki çevriləndə həmin nəsnə səndə ölür. Məsələn,  mən Aşıq Ələsgəri kitaba saldım,  yazdım. Artıq  o məndə öldü. Mövlanə deyir ki, o zaman ki,  danışıram bilin ki,  o zaman elm şəhərinin qapısıyam, hələ içəri girməmişəm. Gördüz ki,  susmuşam bilin ki,  o şərab şüşəsinin lap dibindəyəm. Əl Qəzali yazdı -yazdı. Şəms gülürdü ona. Deyirdi ki,  Qəzalinin yazdığı hər sətir Allahla onun arasında bir hicabdır. Mən öz halımı  buraxıb qala düşəsi deyiləm ki.

- Amma sizdə ölməlidir ki,məndə də dirilməlir də …

- Belə deyək də,  ala bilənə eşq olsun! Bu Həzrəti İsanın ovcuna alıb səpdiyi rəhmət suyu kimi bir şeydir. Yaxında dursan üstünə düşəcək.

- Ümumiyyətlə dərviş  və dərvişlik nədir?

- Dərviş ərəb sözüdür. “ə” yazılmır,  beş hərf qalır. Dünya,  riya, varlıq,  yalan şəhvət. Bu beş nəsnədən keçən olur dərviş. Amma bunların özü də hicabdır. Bir şeyi tətbiq etmədən ondan imtina etmək olar? Həzrəti əliyə deyirlər ki,   necə oldu ki Allahı tanıdım. Dedi ki ha getdimsə, o da getdi. Odur ki insanın sinəsi də hər saniyə genişlənir. Çünki onun sinəsi kainatdır.

- Lütfi Zadə məntiqi ilə dediyiniz nisbilik, təsəvvüf meyarları arasında uyğunluq varmı?

- Bunlar bir birinə çox uyğundur. Mən Amerikaya getdim, ancaq Lütfi Zadə ilə görüşmək  nəsibimiz olmadı. Lütfi Zadənin çatışmazlığı ondadır ki, onun ətrafındakılar hamısı alimdir. Arif yoxdur ətrafında. Ariflərin, dərvişlərin də ki,  elmə meyli yoxdur. Bir nəfər ağlı başında olan adam olmazmı getsin onunla üzbüz otursun və desin ki, sən bunu deyirsən. Gəl, bu dünyanı qurtaraq. O eşqlə bunu birləşdirək. Lütfi Zadə qorxub qaçmasa mən heç nə bilmirəm. Çünki sirri  açılar axı. Adam maddənin enerjiyə, enerjinin maddəyə çevrilməsini mümkün sayır. Budur da təsəvvüf. İşıq sürəti saniyədə 300 min kilometrdir, adam 50 milyon kilometrdən danışır. 300 mini keçəndən sonra maddə enerjiyə dönür, insan  ruha çevrilir.

Sonluq

Söhbətin gedişində Fəxrəddin bəyin səmada gəzişən, daha doğrusu uçuşan pirlərlə ünsiyyətdən ayrılıb bizmlə danışdığını hiss edirdim. Sonda “bir az saz çalım” dedi. Hiss etdim ki, yorulub və yenə də o səmadakılarla söhbət etmək üçün saza əl atmaq ehtiyacındadır. Gözlərini yumaraq bir xeyli müddətdə saz çaldı…ifanı (ruhani ünsiyyəti) bitirib gözlərini açdı... Mən də bu zaman son sualımı verdim… Fəxrəddin bəy, saz ifa edərkən gedib qayıtdığın o yerlərdə nə gördüz?.. Heç nə deməyib gülümsündü... Nə demək istədiyini anıladım və yuxarıda dediyi söz xatirimə gəldi: “Söz var xalq içində, söz var xülq içində”....


Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu