Modern.az

Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqil elan edildiyi tarixi bina (fotolar)

Azərbaycan, Gürcüstan və Ermənistanın müstəqil elan edildiyi tarixi bina (fotolar)

28 May 2010, 16:02

İşğalçı dövlət niyə küsüb?

Düz 92 il öncə, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsası qoyulub. Bu, Şərqdə və ümumilikdə türk-müsəlman dünyasında ilk parlamentli respublika idi. AXC cəmi 19 gün Tiflisdə fəaliyyət göstərəndən sonra Gəncəyə, oradan da Bakıya köçüb.   

Qeyd edək ki, 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının üzvləri Tiflisdə ayrıca iclas keçirib və Azərbaycanın müstəqilliyini elan edib. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan parlamenti elan edib.
1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət heyəti və sədri seçilib. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olub. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirilib. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr) Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Usubbəyov, Nəriman bəy Nərimanbəyov, Sultan Məcid Qənizadə, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Xosrov Paşa bəy Sultanov və Şuranın digər üzvləri (ümumilikdə 26 nəfər) Azərbaycanın İstiqlal Bəyənnaməsini qəbul ediblər.

Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq edib. İlk Müvəqqəti Hökumət bu tərkibdə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmməd Həsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Usubbəyov - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt -teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.

Onu da deyək ki, Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistanın da müstəqilliyi Tiflisdə eyni binada, hətta eyni zalda elan edilib.
Amma gürcü və Azərbaycan tərəfi müstəqilliyin elan edildiyi zalın qarşısında tarixi ehtiva edən lövhələr asıb, Ermənistan tərəfi isə buna razı olmayıb. Səbəb isə Ermənistanın küsərək Gürcüstanın onun üçün ayırdığı üçüncü, yəni sonuncu sütundan imtina etməsi olub.
Ermənistan Azərbaycanla bağlı lövhənin birinci, Gürcüstanla bağlı lövhənin ikinci yerdə asılmasını həzm edə bilməyib. Buna görə də aşağıdakı şəkildə də göründüyü kimi, Gürcüstanın Ermənistana ayırdığı üçüncü sütun boşdur.


Azərbaycanın müstəqilliyi bu binada elan olunub.

İstiqlal Bəyannaməsini qəbul edən görkəmli şəxslər bu qapıdan binaya daxil olublar.

İclasın keçirildiyi zala aparan pilləkən.

Azərbaycanın İstiqlal Bəyannaməsinə şahidlik edən zal.

Gürcüstan və Ermənistan da öz müstəqilliyini elə bu zalda elan edib.

Azərbaycanın müstəqilliynin elan edilməsini bildirən lövhə.

Gürcüstanın müstəqilliyinin elan edilməsini bildirən lövhə.

Soldakı 3-cü sütunda Ermənistanın müstəqilliyinin elan edilməsini bildirən lövhə yerləşdirilməliydi, amma işğalçı dövlət burada da çığallıq edərək küsüb.

Gəldilər, tarixi qərar qəbul etdilər, sonra bu qapıdan çıxıb getdilər...


Lalə Musaqızı
Tiflis, Gürcüstan

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?