Modern.az

Seçkilərə görə bazarı bağladılar (fotolar)

Seçkilərə görə bazarı bağladılar (fotolar)

30 May 2010, 23:30

st1:*{behavior:url(#ieooui) }

Modern.az-ın Gürcüstanın Borçalı bölgəsindən seçki reportajı

Mayın 30-da Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və Tiflis meriyasına seçkilər keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 73 seçki dairəsinin 3.694 seçki məntəqəsində səsvermə olub. İlk dəfə olaraq Tiflis şəhər meri uğrunda 9 namizəd mübarizə aparıb. Azərbaycanlıların yığcam yaşadıqları Borçalı (Kvemo Kartli) bğlgəsində 100 mindən çox soydaşımız da səs verib. Modern.az-ın Gürcüstandakı əməkdaşı azərbaycanlılar yaşayan Marneuli rayonunda seçkiləri izləyib, maraqlı məqamlar müşahidə edib.

“Onsuz da seçkilər heç nəyi dəyişməyəcək”

Seçki səhər saat 8.00-da başlasa da, Marneulidə günorta saat 14.30-dək seçicilərin heç 10 fazi səsvermədə iştirak etməmişdi. Seçicilərin passiv olduğunu görən yerli icra orqanı sanitariya işlərinin aparılacağını bəhanə edib günortadan sonra Marneuli bazarını bağladı. Bazarın qapısına qıfıl vurulması isə Marneuli sakinlərində narazılıq yaratdı. 32 yaşlı Rahim Quliyev seçki günü ailəsinə çörəkpulu apara bilməyəcəyindən şikayətlənirdi: “Elə bilirlər ki, bazarı bağlamaqla gedib səs verəcəyik. Bizim üçün səsvermə deyil, evə pul aparmağımız vacibdir. Onsuz da seçkilər heç nəyi dəyişməyəcək”. Seçki məntəqələrinə gəlincə, dediyimiz kimi, məntəqələr seçici üzünə həsrət qalmışdı. Seçkinin başlamasından 7 saat keçməsinə baxmayaraq 85 saylı seçki məntəqəsində 1251 seçicidən cəmi 57 nəfər səs vermişdi. 3, 69, 67, 5 saylı məntəqələrdə də vəziyyət eyni idi. Saat 14.00-da seçicilərin cəmi 10 faizi səsverməyə qatılmışdı.

“Axırıncını fırla”

Seçki zamanı xüsusi qanun pozuntuları müşahidə etməsək də, bəzi xırda nüanslar diqqətimizdən yayınmadı. Yaşı 50-ni adlayan Qəndab Hacıyeva səsvermə kabinəsinə tək daxil olmadı. Onunla bərabər kabinəyə daxil olan bir xanım Q.Hacıyevanın əvəzinə bülleteni qaralamaq istəsə də, otaqda jurnalistlərin olduğunu nəzərə alan komissiya sədri buna icazə olmadığını dedi. Amma “köməkçi” səs verən qadına “axırıncını fırla” (yəni axırıncı namizədin adı olan sıranı dairəyə al – L.M.) deməklə öz işini gördü. “Axırıncını fırlayan” Qəndab Hacıyeva bizimlə söhbətində bildirdi ki, o, seçkidə birinci dəfədir ki, iştirak edir: “Əvvəllər ya yoldaşım, ya da oğlum pasportumu gətirib səs verirdi, axırıncı seçkidə də belə olmuşdu. Amma bu dəfə dedilər ki, qanun dəyişilib, gərək hərə ayrıca gəlib səs versin”.

Onu da deyək ki, seçki məntəqələrində həyat yoldaşının, qızının, bacısının yerinə səs vermək istəyənlər az da olsa, var idi. Onlar bunu əvvəlki seçkilərdə ailə üzvlərinin yerinə səs vermələri ilə izah edir, yeni qayda-qanundan xəbərsiz olduqlarını deyirdilər. Bu da onu göstərir ki, indiyədək Gürcüstanda da prezident, parlament seçkilərində 1 nəfər 2-3 və hətta ailəsi böyükdürsə, daha çox adamın yerinə səs verib.   “Karusel əməliyyatı” Daha bir qanun pozuntusu isə “karusel əməliyyatına” cəhd idi. Xristian Demokrat Partiyasının üzvü Mamuxo Şavadzenin sözlərinə görə, Qızılhacılıdakı seçki məntəqəsində “karusel əməliyyatı” etmək istəsələr də, bunun qarşısı alınıb: “Partiyamızın üzvü “karusel” əməliyyatının üstünü açdığından qanunsuzluğun qarşısı alındı”.

  “Seçkinin bizə nə xeyri olacaq?”

Yerli özünüidarərtmə orqanlarına marağın az olmasının səbəblərini öyrənmək üçün rayon sakinləri ilə söhbətləşdik. Bəlli oldu ki, əksəriyyəti seçkilərin onlara heç nə verməyəcəyini, həyatlarında heç nəyi dəyişməyəcəyini düşünür. 65 yaşlı Eldar Sarməmmədov dedi ki, ailəsində 7 nəfərin səsvermə hüququ olsa da, heç biri seçkidə iştirak etməyəcək: “Ailəmizdə heç kim işləmir. Borc-xərclə güclə dolanırıq. Bilirəm ki, kimin seçilməsindənm asılı olmayaraq yenə mən başda olmaqla ailə üzvlərim işsiz qalacaq, heç nə dəyişməyəcək”. Marneuli sakini 43 yaşlı Məlahət Orucova da səs verməyəcəyini bildirdi: “Seşkinin bizə nə xeyri olacağını desinlər, gedib səs verim”. Marneulidə əhali ilə söhbətimizdən o da məlum oldu ki, onlar vergidən şikayətçidirlər. 35 yaşlı mağaza sahibi Sevinc Abbasovanın sözlərinə görə, vergi orqanları kiçik sahibkarlıqla məşğul olanlara göz verib, işıq vermir: “Qaz, işıq problemimiz olmasa da, vergi orqanları imkan vermirlər ki, artırıb qazın-işığın pulunu verək. Təzə seçiləcək sədrimizdən xahişimiz budur ki, vergiləri azaltsın”.   

Əsas problem işsizlikdir

Əhalinin əksəriyyəti isə yerli özünüidarəetmə orqanlarına seçiləcək şəxslərdən yeni iş yerlərinin açılmasını istəyirdi. Gürcüstanın əksər bölgələrində olduğu kimi, Marneulidə də əsas problem işsizlikdir. Sözügedən rayondan deputat seşilən Azər Süleymanov da rayonun başlıca probleminin işsizlik olduğunu dedi: “Qaz, işıq problemi həllini tapıb, işsizliyin də aradan qaldırılması üçün işlər görülür”.

“Saakaşvili gələndən sonra oğurluq aradan götürüldü”

Marneuli əhalisi arasında indiki iqtidara rəğbət göstərənlər də az deyil. Onlar bunu əsasən Marneuliyə işıq, qaz çəkilməsi, yolların abadlaşdırılması və oğurluğun aradan qalxması ilə izah edirlər. 96 yaşlı Zeynəb Talıbova deyir ki, əvvəllər evində rahat yata bilmirmiş: “Oğruların qorxusundan nə evi başlı-başına qoyub gedə bilirdik, nə də damımızın altında rahat yata bilirdik. Amma Saakaşvili gələndən sonra oğurluğu aradan götürdü. Buna görə də hakimiyyətə səs verdim”. Zeynəb nənənin gəlini Sürəyya Talıbova da Gürcüstan prezidenti Saakaşvilidən bir xeyli razılığını bildirdi: “Saakaşvilinin vaxtıına qədər bizə tatar deyirdilər. İndi bizi belə adlandıranlar təzə qanuna görə çoxlu cərimə ödəməlidirlər”.

“Allah Saakaşvilinin canını sağ eləsin”

Suallarımızdan yayınanlar, problemlərini deməkdən çəkinənlər də az olmadı. Hətta bəziləri problemlərinin olduğunu etiraf etsələr də qürurla “Allah prezidentimiz Saakaşvilinin canını sağ eləsin” deməyi də unutmadılar. Marneuli sakini Xalid Məmmədov iqtidarda olan Vahid Milli Hərəkat Partiyasının qalib gələcəyinə inandığını dedi: “Problemimiz çoxdur. Mənə qalsa, yeni seçiləcək sədrdən çox şey istəyərəm. Pensiyam xərclərimi ödəmir. Amma hökumət nə artırar, artırar, mən pensioner adamam, olmaz da olmaz. Əsas odur ki, Allah prezidentimizə dəyməsin”.

“İşim yox idi, dedim gəlib səs verim”

Marneulinin erməni sakini Məlik Arutunyan isə bekarçılıqdan səsvermə məntəqəsinə gəlmişdi: “İşim yox idi, dedim gəlib səs verim. Mənə deyiblər ki, 5-ci namizədin adı olan yeri qaralayım”. Beşinci yerdə hakim partiyayadan olan namizədin adı qeyd edilmişdi. Məlik Arutunyandan başqa bir neçə seşici də 5-ci yeri qaralayacağını, amma həmin yerdə hansı namizədin adının olduğunu bilmədiyini dedi. Qeyd edək ki, Gürcüstan ərazisində Tiflis şəhər bələdiyyəsi ilə yanaşı, 64 Sakrebuloya üzvülük üçün namizədlər mübarizə apardı. Yerli özünüidarəetnmə orqanları sayılan Sakrebulo, yəni bələdiyyə üzvlüyünə namizədlər proporsional və majoritar sistemə uyğun olaraq prosesə qatılmışdı.

 

Səsvermə çoxdan başlayıb, amma seçkiyə gələn yoxdur.

 

Günortadan keçsə də, qutu boşdur.

 

Seçicilər adlarını axtarırlar.

 

"Axırıncını fırla!"

 

Seçiciləri seçkiyə cəlb etmək üçün günortadan sonra bazarı bağlamışdılar.

 

Seçkiyə gedən gəlin-qaynana Saakaşvilinin oğurluğun qarşısını almasından razılıq edirlər.

 

Məlik Harutunyana 5-ci sıradakı namizədə səs verməyi tapşırıblar.

 

Deputat Azər Süleymanov deyir ki, hakimiyyət Marneulidəki sosial vəziyyətlə bağlı proqram həyata keçirəcək.

Lalə Musaqızı, Tiflis, Gürcüstan

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub