Modern.az

“Quru bəyliklə” effektli işlər görmək olmaz

“Quru bəyliklə” effektli işlər görmək olmaz

31 May 2010, 11:56

Azərbaycanda  ictimai  sektorun    tarixini  yalnız 90-illərdən sonrakı dövrlə  bağlamaq  düzgün olmazdı. Tarixən  müxtəlif  ədəbi  məclislər, xeyriyyə fondları, ictimai mahiyyətli təşkilatlar mövcud olub. Bu qurumlar   Azərbaycanın  ictimai-siyasi   fikir tarixində azda olsa xatırlanır.  İctimai dəyərlər  üzərində formalaşan  indiki QHT-nin  fəlsəfəsi  və   problemi   təbii ki,  fərqlidir.

Bu gün Azərbaycanda  QHT-nin  ən başlıca problemi ictimai  mahiyyətli  instituta çevrilə bilməməsidir.  Təbi ki, bunun  kifayət qədər  səbəbləri var. Bu səbəblərdən yalnız biri olan iqtisadi faktora, davamlı  maliyyə məsələsinə  nəzər salmaq istərdim. Ötən il Azərbaycandan  bir qrup ictimai  sektor  təmsilçisi  Xorvatiyada səfərdə olarkən həmin ölkənin  QHT  sistemi ilə  tanış olublar.  Onların verdiyi  məlumata görə   Xorvatiyada yalnız bi neçə  nazirlik istisna olmaqla qalan dövlət qurumlarının əksəriyyəti qrant ayırır. Maraqlısı odur ki, həmin ölkənin qeyri-hökümət təşkilatlarının sayı Azərbaycandakından qat-qat çoxdur. Vətəndaş Cəmiyyəti  sisteminin inkişafı üçün  şəffaf  maliyyə çevrəsinin  geniş olması vacib faktordur.

Bu  gün  Azərbaycanda    şəffaf  qrant çevrəsinin  genişlənməsi zəruridir. İctimai  təşkilat maliyyə vəsaiti  üçün  yalnız  Prezident  yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasına üz tutmamalıdır. Digər nazirliklərin, şirkətlərin  bu işə qoşulması  zəruridir. Və həmin qurumlar öz tanışına,  özünə yaxın olan təşkilata  necə gəldi deyil, daha   şəffaf,  səmərəli  şəkildə,  innovativ layihələrə  vəsait ayırması  Azərbaycan cəmiyyətinin, dövlətinin xeyirinə olar. Azərbaycanın iqtisadiyyatındakı inkişaf,  gəlirlərin artması  bu işləri görməyə  problem yaratmır.  Deməli,  burada səmimi  istək, vətəndaşlıq mövqeyinin  güclü olması  yetərlidir.  Maliyyənin  əhatə dairəsi  genişləndikcə   şəffaflıq,  məsuliyyət  və  ən əsası QHT-nin  effektiv  fəaliyyəti  artar. Görülən işlərin  səmərəsi  hiss olunar.

Qeyri-kommersiya  təşkilatı olan  QHT-də   çalışmaq həqiqətən  bir fədakarlıq tələb edir.  Bu fədakarlıqla bərabər  həmin sistemdə çalışanların   halal  qazancının olması da vacibdir. Çoxları dəfələrlə səsləndirir ki,  bu sistemdə  mənfəət  haqqında    düşünmək düzgün deyil.  Mənə  belə gəlir ki,  halal maliyyə səmərəli  fəaliyyət üçün lazımdır.  Çünki  maliyyəsiz,  “quru bəyliklə”  böyük, effektli  işləri görmək  mümkünsüzdür.

Müsbət haldır,  Prezident yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurası  bəzi şirkətləri, qurumları  ictimai sektorla əməkdaşlığa cəlb edir. Mənə belə gəlir ki,  istər xeyriyyəçilik  işi, istər  özəl  sektorun   QHT-lərlə iş  birliyinin yaradılması  sosial sifarişə  çevrilməlidir. Bu iş göstərişlə deyil,  daha çox  hər bir  şəxsin  daxilindən  gəlməlidir. Acınacaqlı hal odur ki, xeyriyyəçilik   institutunun getdikcə izi də itir. Deyəsən,  xeyriyyəçilik ənənəsi  ələ baxımlılıq kimi  qəbul olunur.

Bir faktı qeyd etmək istərdim. Bir neçə  il öncə  azərbaycanlı  iş  adamının  xarici  musiqiçiyə bir  neçə ifaya görə 1,5 milyon dollar ödəməsi xəbərini eşitdik. Təbii ki, bu onun şəxsi işidir.  Bəs görəsən bu səxavətli  həmyerlimiz  Azərbaycan  cəmiyyətinin  inkişafına  azda olsa  vəsait ayırırmı?  Təəssüf ki, şou əhlinə,   yarımçılpaq  qadın ifaçılara  pul ayıranlar daha çoxdur.  

Qaldı ki,  QHT-media münasibətləri haqqında   onu demək olar,  burada  əməkdaşlığın inkişafı hər iki sahənin  maddi  və mənəvi cəhətdən   zənginləşməsindən   daha çox asılıdır.  Əlaqələrin genişlənməsindən, ümumilikdə, QHT jurnalistikası  haqqında çox danışılır.  Bu gün QHT-jurnalistikası  anlayışı o qədərdə aydın  deyil. Etiraf etmək lazımdır jurnalistikada ixtisaslaşma pozitiv haldır.  Dünya mediasında mövcud olan  bu prosesin   Azərbaycanda   yaranması faydalı olar. 

Bir vacib məqamı  unutmaq olmaz. Nə iş görürsən  gör, istər qeyri hökümət təşkilatının, istər medianın, istərsə   də PR xidmətinin təşkili  halal iqtisadi   mexanizmlərlə bağlıdır.  Ona görə də   həm mediada, həm də Vətəndaş Cəmiyyəti  sistemində   halal maliyyənin əhatə  dairəsinin genişlənməsi barədə  düşünmək  lazımdır.

İlkin olaraq   dövlət qurumlarının ictimai sektorla şəffaf əməkdaşlığının necə olub-olmamasını müəyyən etmək məqsədilə monitorinq keçirmək olar. Digər tərəfdən heç bir hüquqi məhdudiyyətin  olmamasına baxmayaraq  sahibkarlıq subyektləri ilə  QHT-lər  arasında əlaqələr  arzu olunan səviyyədə deyil.  Bəlkə bu əməkdaşlığa   dəstək üçün qanunvericilik təşəbbüsü ilə çıxış etmək lazımdır.  Əgər  insanlar  mənəvi  işə, qanunla yaşamaq vərdişlərinə  etinasız  yanaşırsa onda hüquqi məsuliyyəti artırmaq   gərəkdir.

Dəyərli  oxucular,  mənim fikirlərimi   kiməsə   məsləhət  vermək kimi  qəbul etməyin, bu sadəcə olaraq   xoş  məramlı   polemikaya  dəstək olmaqdır.  Medianın da,  qeyri-hökümət təşkilatının da  normal  fəaliyyəti cəmiyyətə qürur gətirər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!