Modern.az

Avtobusların salonlarına vurulan cərimə elanları yığışdırılıb

Avtobusların salonlarına vurulan cərimə elanları yığışdırılıb

31 May 2010, 15:36

Bu ilin əvvəlində paytaxtın sərnişindaşıma sektorunda işləyən avtobusların dayanacaqdankənar yerlərdə saxlanılmasına qarşı ciddi tədbirlər görülürdü. Nəqliyyat vasitələrinin salonlarına vurulan elanlarda bildirlirdi ki, avtobusu dayanacaqdan kənarda saxlayan sürücünü 200 manatdan 1000 manata qədər cərimə gözləyir. Son günlər həm avtobuslardakı elanlar yoxa çıxıb, həm də nəqliyyatın harda gəldi dayanması halları müşahidə olunur.

Sanki Nəqliyyat Nazirliyi kampaniya keçirirmiş.

«Bakı Şərnişin Nəqliyyatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Samir Həsənov isə Modern.az-a bildirib ki, avtobusların dayanacaqdan kənarda saxlanılmasının qarşısının alınması üçün reydlər davam etdirilir: “Təbii ki, bu kampaniya deyildi. Hər gün təhlükəsizlik və nəzarət şöbələri sözügedən məsələ ilə bağlı araşdırma aparırlar. Görülən tədbirlər nəticəsində dayanacaqlardan kənarda avtobusların saxlanılması halları xeyli azalıb. Keçən il 1535 avtobus sürücüsü müxtəlif qayda pozuntularına yol verdiklərinə görə cərimə olunublar. Bu ilin statistikası hələki aparılır. İlin sonunda açıqlanacaq”. S.Həsənov avtobusların salonlarına vurulan elanların yığışdırıldığını təsdiqləyib: “Həmin elanların Nəqliyyat Nazirliyi ilə bağlılığı yox idi. Bu sadəcə olaraq sahibkarların bir uydurması idi”.

S.Həsənovun sözlərinə görə, sərnişindaşıma sahəsində problem hələ də qalmaqdadır. “Problemlər nəqliyyatın intellektual idarəetmə sisteminə keçildikdən sonra aradan qaldırılacaq. Yeni sistemin tətbiqindən sonra nəqliyyat vasitələrinin bütün istiqamətlərdə hərəkətləri izləniləcək. Hətta qaydanı pozan sürücülərə birbaşa xəbərdarlıq etmək mümkün olacaq. Həmçinin şəhərin girişində monitorlar quraşdırılacaq. Hazırda bu sitemin tətbiq edilməsi üçün Koreya mütəxəssisləri ilə birgə işlər görülür”. Samir Həsənov yeni avtobus dayanacaqlarının quraşdırılması ilə bağlı da işlərin  davam etdirildiyini bildirib: “Biz yerləri müəyyənləşdiririk. Əgər ehtiyac duyularsa, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılır və həmin ərazidə yeni dayanacaq salınır”.

Günay Musayeva

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi