Modern.az

“Azərbaycan telekanallarının uşaq verilişləri uşaqların zövqünü korlayır”

“Azərbaycan telekanallarının uşaq verilişləri uşaqların zövqünü korlayır”

31 May 2010, 16:39

Ayrıca uşaq telekanalının açılmasına ehtiyac varmı?

Azərbaycanda uşaq mətbuatı sahəsində ciddi problemlər mövcuddur. Həm uşaq nəşrlərinin, həm də telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş sayıla bilməz. Bəzi ekspertlər ayrıca uşaq televiziyasının açılmasına ehtiyac duyurlar.

Milli Televiziya və Radio Şurasının rəsmisi Toğrul Məmmədov Modern.az-a bildirb ki, hələki Azərbaycan televiziya məkanında xüsusi ixtsaslaşmış uşaq televiziyası yaratmaq istəyən yoxdur. O qeyd edib ki, gələcəkdə uşaq telekanalının  açılması reallaşa bilər: “Əvvəlcə ixtisaslaşmış idman kanalı açıldı, indi də mədəniyyət kanalının açılması müzakirə olunur. Əgər uşaq televiziyasının açılması ilə bağlı bizə hansısa təklif gələrsə, bununla bağlı da müzakirə aparıla və qərar çıxarıla bilər”.

“Yerli telekanallardakı uşaq verilişləri bərbad vəziyyətdədir”

 

Teletənqidçi Sevda Sultanovanın fikrincə, Azərbaycanda uşaqlar üçün xüsusi bir telekanalın açılması çox vacibdir: Əlbəttə ki, uşaqlar üçün televiziyanın açılması vacibdir. Belə bir təcrübə bütün normal ölkələrdə var. Amma istənilən halda televiziya ilə bağlı valideynin uşağa nəzarəti olmalıdır.

Yəni uşağı televiziya ilə təkbaşına buraxmaq olmaz. Axı uşaq verilişləri və  filmlərinin özü də yaş kateqoriyalarına ayrılır. Uşaqlar üçün çəkilmiş elə film və verilişlər var ki, məsələn 5 yaşına kimi uşaqların olanlara baxması məqbul deyil. Rus alimi, bioloq Kara-Murzanin televiziyanın uşaqlara təsiri ilə bağlı çox maraqlı bir yazısı var. Alim dünyanın müxtəlif ölkələrindən faktlar gətirir ki, tok-şoulara, realiti-şoulara baxan uşaqlar, yeniyetmələr gerçək həyatda onları təkrarlayaraq ölümlə nəticələnəcək faciə törədirlər. Yəni televiziyaya aludə olan uşaqlar virtual dünya ilə gerçək həyat arasındakı sərhədləri itirdiyindən ilk növbədə onlara valideyn tərəfindən nəzarət mexanizmi olmalıdır“.

Teletənqidçi yerli telekanallardakı uşaq verilişlərinin səviyyəsində narazılıq edib: “Çox təəssüf ki, yerli telekanalların uşaq verilişləri keyfiyyətsiz və saxtadır. Bu verilişlər uşaqların şəxsiyyət kimi formalaşmasına əngəl törədir və zövqünü korlayır. Uşaqlar şəxsiyyət yox, imitator kimi böyüyür. Müsbət tərəf hələ ki, görmürəm. Sizə bir fakt deyim. Bu gün siz istənilən uşaqdan kimə bənzəmək istədiyini soruşun. Mütləq cavabında bir müğənni və ya meyxanaçının adını çəkəcək. Çünki uşaq verilişlərinə daha çox müğənnilər dəvət olunur. Buna görə də televiziya verilişlərində uşaq mütəxəssislərinin olması vacibdir. Psixoloqlar, pedaqoqlar, ancaq uşaqlar üçün yazan ssenaristlər və s. Bu amil peşəkar və faydalı verilişin təminatçısıdır”.

 

Uşaq proqramlarının əsas tələbləri

 

Sevda Sultanova uşaq proqramlarının  əsas tələblərinin bunlar olduğunu deyir: “İlk növbədə səmimilik olmalıdır, uşaqlar üçün verilişlər başdansovdu, nəyinsə xatirinə hazırlanmamalıdır. Dediyim kimi, uşağın yaşından asılı olaraq verilişlərin spesifikası müəyyənləşir. Məsələn, kiçik yaşlı uşaqlar üçün mövzu vizuallıqla,yəni sadə, anlaşıqlı görüntülərlə çatdırılmalıdır. Mütləq müsbət dəyərlər aşılanmalıdır. Mənim arxivimdə sovet dövründə çəkilmiş cizgi filmləri var. Bəzi cizgi filmlərinə söz yoxdur, mövzu kuklaların hərəkətilə açılır. Və bunu elə keyfiyyətlə hazırlayıblar ki, uşağı istər-istəməz ekranın qarşısında saxlayır. Çünki kiçik yaşlı uşaqları hər şeydən əvvəl parlaq rənglər, dinamik görüntülər cəlb edir. Amma deyim ki, mən ümumiyyətlə uşaqların televiziyaya baxma saatlarının mümkün qədər məhdudlaşdırılmasının tərəfdarıyam. Azərbaycan ailələrində uşaqların tərbiyə metodu kökündən yanlışdır. Nəinki yanlışdır, ümumiyyətlə, belə bir metod mövcud deyil. Uşaq dünyaya gətirən ailələr onun qarşısındakı məsuliyyəti maddi, fiziki tələbatlarını ödəməklə bitmiş sayır. Amma uşağın mənəvi tələbatları, daha doğrusu bu tələbatların düzgün istiqamətləndirilməsi haqda düşünmürlər. Uşağı başından eləmək üçün onu televizorun qarşısına itələyirlər. Uşaq da gördüyü hər şeyə baxır. Ona görə öncə valideynləri maarifləndirmək və tərbiyələndirmək lazımdır. Hər şeydən yaxşısı uşağı kitaba yönlətməkdir. Zəhmət çəkib uşaqlarına vaxt ayırsınlar, Qrem Qrinin, Sarl Perronun, Anderenin, Jül Vernin, S.S Axundovun və digərlərinin əsərlərini oxusunlar. “Bu şəhərdə”nin diskini almaqdansa, sovet dövründə çəkilmiş, eyni zamanda Avropa, Yaponiya istehsalı olan cizgi və kino filmlərinə pul xərcləsinlər. Uşaqları manpulyasiya edən, psixikasını pozan, bəsitləşdirən Hollivud istehsalı olan Harri Potter, Cumanci və bu tipli axmaq fantastik filmlərə baxmağı qadağan etsinlər. Yeri gəlmişkən, bir faktı da deyim ki, intellektual rejissorlar bu tip filmlərin təhlükəsi haqda həyəcan təbili çalırlar. Mən 5-6 il əvvəl oxumuşdum ki, məşhur amerika rejissoru Stiven Spilberq usaqlarına TV-yə baxmagi gadagan edib”.

Teletənqidçi gələcəkdə Azərbaycanda uşaq televiziyasının yaradılması ideyasının  reallaşa biləcəyini də düşünür: “Amma hələ ki, bunun üçün əlverişli şərait görmürəm. Hər şeydən əvvəl ona görə ki, bunun üçün kadr potensialımız yoxdur. Kadrlar isə çox şeyi həll edir”.

 

“Azərbaycan telekanallarındakı uşaq verilişlərini uşaqların düşmənləri hazırlayır”

 

Bakı Dövlət Universitetinin müəllimi Zeynal Məmmədli də hazırda Azərbaycan telekanallarında yayımlanan uşaq verilişlərinin aşağı səviyyəli olduğunu deyib: “Bu gün nə İTV, nə Az TV, nə də özəl televiziyalarda müəyyən tələblərə cavab verən uşaq verilişləri yayımlanmır. Mən bu uşaq verilişlərini diqqətlə izləməmişəm. Ancaq hərdən epizodu izləyirəm. Deyərdim ki, uşaqların yaşında olsaydım həmin verilişlərə baxmazdım. Çünki bu verilişlərin içi zəngin deyil. Onlar cəmiyyəti uşaqlara tanıtmaq istəyən hisslər doğurmur. Əksinə, bu verilişlər uşaqları küt və boş bir qab yerinə qoyur. Elə bil ki, sandığı açıb içərisinə nəsə doldurmaq istəyirlər. Mən bu tipli verilişlərin əleyhinəyəm. Bunlar sistemli verilişlər deyil. Belə bir təəssürat yaranıb ki, həmin verilişləri ümumiyyətlə, uşaqları sevməyənlər, anlamayanlar və uşaqların düşmənləri hazırlayır”.

Z.Məmmədli uşaq verilişlərinin hazırlanmasında psixoloqun olmasını vacib bilir: “Ümumiyyətlə uşaq verilişləri onların yaş kateqoriyalarına uyğun hazırlanmlıdır. Uşaq psixikasının sağlamlığı ilə bağlı layihələr hazırlanmalıdır. Həmçinin uşaq verilişlərində pedaqoqlar olmalıdır. Hədəf bölgəsinin şəhər yaxud, rayonlar olduğu dəqiqləşdirilməlidir. Uşaqların enerjisini çıxaran və məktəb həyatını hər gün xatırladan, amma etibarlı və maraqlı verilişlər hazırlanmalıdır. Bu istiqamətdə xüsusi mütəxəssislər hazırlanmalı və tenderlər keçirilməlidir”.

Zeynal müəllim uşaqlar üçün  xüsusi bir televiziyanın açılmasını vacib bilmir: “Əgər biz indiki telekanallar daxilində uşaq verilişləri hazırlaya bilməyiriksə, heç olmasa, gündə normal bir saat uşaq verilşiləri efirdə getmirsə, hansı təminatımız var ki, uşaq televiziyası digər televiziyalara bənzəməyəcək. Ona görə də indiki halda ayrıca uşaq televiziyasının açılması Azərbaycan uşaqlarını daha pis vəziyyətə sala bilər. Əvvəlcə digər kanallar uşaq verilişləri hazırlamalı və onların tərkibində xüsusi xəbər proqramları verməlidirlər. Həmçinin uşaqlar üçün xüsusi seriallar hazırlanmalıdır. Yaxın gələcəkdə ayrıca uşaq televiziyasının açılması isə mümkün deyil. Bunu kim maliyyələşdirəcək, hələlik bu da bilinmir”.

 

Günay MUSAYEVA

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?