Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Bəyin oğurlanması”ndakı bərbər Aşot

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Bəyin oğurlanması”ndakı bərbər Aşot

Mədəni̇yyət

15 Mart 2014, 13:50

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 


“Bəyin oğurlanma
sı” filmi Azərbaycan kino tarixində özünəməxsus yeri və rolu olan ekran əsəridir. Rejissorlar Vaqif Mustafayev və Ceyhun Mirzəyevin birgə çəkdiyi filmin ssenarisini Mövlud Süleymanlı yazıb. Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir.
Burada şən və qüssəli əhvalatlar bir-biri ilə əlaqəlidir. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya hər şeydən əvvəl insan səadəti, bu səadət uğrunda aparılan mübarizə haqqındadır.
Filmin quruluşçu rejissorluq işi əvvəlcə Tofiq İsmayılova həvalə edilmişdi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Vaqif Mustafayev və Ceyhun Mirzəyev filmin quruluşçu rejissorluğuna təyin edildilər.

Filmin rejissorlarından biri Vaqif Mustafayev müsahibələrinin birində deyib: “Mən bu filmi çəkdiyimi həmişə gizlədirdim və utanırdım bu filmə görə. Lakin sonralar görəndə ki, tamaşaçı bu filmi sevdi, indi rahatlıqla deyə bilirəm ki, bəli, bu filmi mən çəkmişəm”.

Filmin sonuna yaxın toy səhnəsində aktyor Muxtar Maniyev aktyor Səyavuş Aslana onun xəbəri olmadan sillə vurur. Bu rejissorun təlimatı idi ki, səhnə daha da təbii alınsın.

Pirotexnik obrazının ifaçısı aktyor Ələsgər Məmmədoğlu da həqiqətən stuldan yıxılır. Digər aktyor yoldaşları onunla zarafat etmişdilər.

Filmin əvvəllərində partlayış səhnəsində Hacı İsmayılov həqiqətən ikinci mərtəbədən yıxılır.


“Bəyin oğurlanması”nda Azərbaycanın bir sıra məşhur və tanınmış aktyorlar çəkiliblər. Onlarla yanaşı, filmdə bir əcnəbi aktyor da yer alıb – milliyətcə erməni  Karen Ovanesyan.

K.Ovanesyan “Bəyin oğurlanması”nda bərbər Aşot rolunda çəkilib, tamaşaçı onu bu ekran əsərində bir neçə dəfə görür və səsini eşidir. Yeri gəlmişkən, Karen Ovanesyan Azərbaycan dilində təmiz danışa bilir və filmdə də o, öz səsi danışır.

Karen Ovanesyan 18 sentyabr 1957-ci ildə Bakıda anadan olub. Atası onun rəssam olmasını istəyirmiş, Karen özü isə kloun olmağı arzulayıb. 1985-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, 1986-cı ilə kimi Bakıda aktyor, şoumen və parodiya ustası kimi fəaliyyət göstərib. K.Ovanesyan 1982-85-ci illərdə Bakıda “Azkonsert”in artisti olub.

1986-cı ildə məlum hadisələrə görə Azərbaycanı tərk etmiş Ovanesyan hazırda Rusiyanın əməkdar artisti olaraq “Əyri Güzgülər” teatrının aktyorudur. O, Moskvada bir neçə filmə çəkilib.

Yumorist Karen Ovanesyan elə 1986-cı ildə “Bəyin oğurlanması” filmində bərbər roluna çəkilib. Bununla yanaşı o, həmin ildə rejissor Vaqif Mustafayevin “Yaramaz” filmində də epizodik rola çəkilib. 

Karen Ovanesyan 28 ildir Moskvada yaşamağına baxmayaraq hələ də Bakını xiffətlə xatırlayır.

“Bakı həmişə yüksək mədəniyyət şəhəri olub. Məni ilk dəfə Azərbaycan televiziyasına rejissor Nazim Abdullayev gətirib. İlk mətnləri də mənim üçün bakılı Qriqori Qurviç, Mişa Aşumov yazıblar...
Mən Bakıya qayıtmaq üçün hər şeyimi verərdim, amma Bakı indi həmin şəhər deyil”-deyə erməni yumorist müsahibələrinin birində Bakı haqqında danışarkən bildirib.

2012-ci ilkin oktyabrında ürək ağrılarından əziyyət çəkən K.Ovanesyan xəstəxanaya düşüb, müalicə aldıqdan sonra yumorist kimi çalışmaqda davam edir.






A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir