Modern.az

Krım döyüşü Qarabağı azad edəcək

Krım döyüşü Qarabağı azad edəcək

Aktual

15 Mart 2014, 14:29

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Putinin Ukrayna “putaniça”sı özünə qalacaq

Krım yarımadasına və ona yaxın ərazilərə toplanmış Rusiya ordusunun sayının Ukrayna ordusunun ümumi sayından çox olması, Rusiyanın təkcə Ukrayna ilə deyil ümumiyyətlə bütün Qərb və Avropa ölkələri ilə müharibə aparacağı anlamına gəlir.

Bu arada ABŞ Prezidenti Barak Obamanın Çin lideri Si Tszinpi ilə telefon danışığında “Ukraynanın ərazi bütövlüyünün bərpası əsas vəzifəmdir” deməsi, ABŞ-ın “Corc Buş” adlı ən böyük təyyarə daşıyan gəmisinin Türkiyənin Antaliya limanına yan alması və Ukraynaya yaxın mövqelərə digər hərbi gəmilərin göndərməsi, eləcə də müxtəlif qoşun növlərinin dislokasiyası bizə əsas verir ki, Ukrayna və ya Krım uğrunda müharibə hər an başlaya bilər.

Əslində, Rusiyanın Beynəlxalq hüquq normalarına məhəl qoymaması və Beynəlxalq hüququ özünün mənafeyi müstəvisində istədiyi kimi dəyişməsini nəzərə alanda, onun bu hegomonluğuna son qoyulmasını hamı istəyir. Amma digər tərəfdən Müsəlman, xüsusən də Türk dünyasında Novruz bayramı tonqallarının yandırılması ərəfəsində Krımda müharibə ocağının alovlanmasını heç istəməzdik. Çünki hər cəhətdən bizə yaxın olan Krım tatarlarının “bu ocaqların” üstündən “ağırlığım-uğurluğum bu odda yansın” deyərək atılması heç də asan olmayacaq. Əksinə, toplardan atılan mərmilərin alovlandırdığı “tonqallar” onların üstünə töküləcək və zənnimcə bu təkcə Krım tatarlarını deyil, mənəvi cəhətdən bütövlükdə bütün Türk dünyasını “ağır-uğurluğa” düçar edəcək.

V.Putin Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Devid Kameronla telefon danışığı zamanı Ukrayna hadisələrini müzakirə edərək, guya Ukrayna hakimiyyəti irqçi və radikal qruplara qarşı heç bir tədbir görmədiyindən bu addımı atdığını vurğulayır. O, “Krım rəhbərliyinin indiki vəziyyətdə atdığı addımlar beynəlxalq normalara uyğundur” - deyir. Bu gediş ilə Rusiya Krımı ya özünə birləşdirmək, ya da ən pis halda Abxaziya və Cənubu Osetiya kimi Müstəqil Respublika elan edib öz himayəsinə almağa nail olmağa çalışacaq. Çox güman ki, 2008-ci ildə Rusiyanın Gürcüstana soxularaq onun ərazi bütövlüyünü pozan zaman Qərbin ümumilikdə söz demək xatirinə bir-iki söz deyib, sonrada seyrici mövqedə qərarlaşması və Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməməsi indi onu çox peşman edir. Qərb yəqin ki, öz səhvini indi başa düşüb və güman edək ki, bundan sonra o, Qarabağa da bağlı gözlə baxmayacaq. Çünki Rusiyanın cavabsız qalan məhz bu özbaşınalığının nəticəsidir ki, hazırda müstəqil Ukrayna dövləti oxşar olayla üz-üzə dayanıb.

Bəs bu olmuşların fonunda Krımda baş verə biləcək hadisələr Azərbaycana, bilavasitə Qarabağa necə təsir göstərə bilər? Əgər Krımda müharibə başlasa, bu döyüş bizə Qarabağı azad etməyə kömək edəcəkmi, yoxsa onun “qara bağını” birdəfəlik düyünə salacaq? Bu kimi suallar yəqin ki hər birimizi düşündürür.

Əvvəlcə onu qeyd edək ki, Krımda müharibə başlayacağı təqdirdə Qərb Rusiyaya sanksiyalar tətbiq edəcək. Belə olan halda bütün sahələr üzrə əlaqələr və əməkdaşlıqlar kəsiləcək və çox gümanki ABŞ, Rusiya, Fransanın həmsədr olduğu ATƏT-in Minsk qrupunun onsuz da “fəaliyyətsiz” olan fəaliyyəti bəlli olmayan vaxta qədər dondurulacaq.

Sonra yəqin ki, məlum olaylarla bağlı həm Rusiya, həm də Qərb Azərbaycan və Ermənistandan siyasi mövqe bildirmələrini istəyəcəklər. Əslində rəsmi Bakı bu istətəyə cavab verməkdə heç də çətinlik çəkməyəcək. Çünki biz Qarabağ problemi ilə bağlı artıq iyirmi ildən çoxdur ki, əksər dünya ölkələrinin rəsmilərinin dilindən söylənən və qulaqlarımızı döyənək edən, “biz bu məsələnin iki dövlət arasında yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyıq” ifadəsini əzbər bilirik. Düzdür belə mövqe nə Rusiyanı, nə də Qərbi qane etməsə də, amma nə edək ki, belə yanaşmanı bizə elə onların özləri “öyrədiblər”. Yeri gəlmişkən, Azərbaycan Parlamentinin Spikeri Oktay Əsədov bu hadisə ilə bağlı Milli Məclisdə çıxışı zamanı “Rusiya və Ukrayna qardaş ölkədirlər, onlar bu məsələni öz aralarında özləri həll edəcəklər” söylədiyini hamımız bilirik.

Bizdən fərqli olaraq Ermənistan Krımın ya Rusiyaya birləşməsini, ya da Müstəqil Respublika olmasını söyləyə bilər. Çünki belə mövqe gələcəkdə Qarabağın statusunun ona sərf edəcəyi kimi müəyyən olunmasında çox əlverişli ola bilər. Yəni, Ermənistan Qarabağı ya özünə birləşdirə, ya da hazırda heç bir ölkə tərəfindən tanınmayan “Qarabağ Respublikası”nı indiki canfəşanlığına görə ən azı Rusiyaya tanıda bilər. Ermənistana isə elə bu lazımdır, onlar üçün dünyanın ağası yalnız Rusiyadır, bizim üçün isə Rusiyanın əlində oyuncaq olan haqq, ədalət və Beynəlxalq hüquq normaları. Əslində Krım Müstəqil Respublika elan olunarsa, onsuz da onu Rusiya və Ermənistandan başqa heç bir ölkə tanımayacaq. Amma bunu heç istəməzdik, çünki MDB-də və ya digər dünya ölkələrində “Qarabağ”ların sayı artdıqca biz öz Qarabağımızdan uzaqlaşırıq.

Bizə qardaş ölkə olan Türkiyənin rəsmi olaraq Krımı Ukraynanın tərkibində görmək istəyi və Krım tatarlarını açıqcasına dəstəkləməsi isə, Rusiyanı qıcıqlandırıb onun əvəzini bizdən çıxaraq Qarabağı Ermənistana birləşdirməyə əsas verə bilər. Bunu bəhanə gətirərək üstəlik o, bizi Krılovun “Qurd və quzu” təmsilindəki kimi günahkar olmasaq belə günahlandırıb bu “ac” vaxtında “yeyə” də bilər.

Zənnimcə, hələ bununla iş bitmir və növbəti daha bir ciddi məsələ də qalmaqdadır. Yada salaq ki, Qarabağ probleminin həlli üçün qəbul olunmuş Madrid prinsipinə görə, “dövlətlərin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və gücdən istifadə etməmək” prinsiplərinə əsaslanır. Təhlil edərkən görürük ki, Putinin Krım məsələsində “irqçi və radikal qruplar” bəhanəsinin arxasında daha çox xalqların öz müqəddəratını həll etməsi prinsipi dayanır nəinki, dövlətlərin ərazi bütövlüyü. Bu isə Qarabağ separatçılarının əlinə birbaşa bayraq vermək deməkdir. Əgər bu baş tutarsa “dövlətlərin ərazi bütövlüyü prinsipi” çərçivəsində indiyə qədər bizim üçün əldə olunmuş bir sıra irəliləyişlərin üstündən qara xətt çəkilmiş olar.

Lakin, ruhdan düşməyə dəyməz, bu heç də həyatın sonu demək deyil və hər şey əksinə də ola bilər. Yəni, Rusiya bu ola biləcək müharibədə Qərb tərəfindən məğlub olub geri otuzdurulsa, o zaman Azərbaycan Qarabağına, Gürcüstan Abxaziya və Cənubu Osetiyasına, eləcə də Ukrayna da Krımına tam sahib ola biləcək. Dolayısı ilə Krım döyüşü Qarabağı azad edəcək, Putinin isə yaratdığı bu Ukrayna “putaniça”sı (dolaşıqlıq) yalnız onun özünə qalacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!