Modern.az

Kinomuzda “təsadüfi" məşhurlar – Eldəniz Quliyev: “Filmdəki hadisə indi başıma gəlsəydi yəqin ki, ölərdim” – LAYİHƏ

Kinomuzda “təsadüfi" məşhurlar – Eldəniz Quliyev: “Filmdəki hadisə indi başıma gəlsəydi yəqin ki, ölərdim” – LAYİHƏ

17 Mart 2014, 10:34


Qaçaq Nəbinin Mirzəsi

Modern.az saytının “Kinomuzda “təsadüfi” məşhurlar” adlı rubrikasında növbəti qonağı ssenarist Eldəniz Quliyevdir.

O, 1985-ci ildə ekranlaşdırılan “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmində Mirzə obrazını canlandırıb. Xalq qəhrəmanı Qaçaq Nəbi barəsində olan film çox vaxt elə əsas obrazın öz adı ilə xatırlanır.

Filmin rejissorları Əbdül Mahmudbəyov və Həsən Turabov olub. Süleyman Rüstəm və Əhmədağa Muğanlının ssenarisi əsasnıda çəkilən film SSRİ Dövlət Mükafatına layiq görülüb.

Dediyinə görə, Eldəniz Quliyevə də mükafat veriləcəkmiş, sonradan nə olursa siyahıda adlar dəyişdirilir. Bu haqda Eldəniz Quliyevin özü danışır:  

“Film təzə çəkilib qurtarmışdı. Filmə görə beş-altı nəfərə dövlət mükafatı verəcəkdilər. Mənim də adım orada var idi. Bəri başdan deyim ki, mən mükafat almadım. Sonradan mükafat alanlardan biri mənə dedi ki, Eldəniz, sən artist deyilsən, sənin nəyinə lazımdır, filan. Dedim, əşi, mənə ümumiyyətlə lazım deyil. Cavan oğlan idim. Fikirləşirdim ki, hər şey qabaqdadır. Bu adamın adı siyahıda yox idi. Sonradan adı daxil edildi və bu filmə görə dövlət mükafatı alanlardan biri oldu.”

Sən demə, onun ifa etdiyi Mirzə obrazı ədəbi ssenariyə görə Qaçaq Nəbidən sonra ikinci əsas rol olmalı imiş. Amma sonradan bir çox çəkilən epizodları çıxarırlar:  

“Moskvadan  Bakıya qayıdanda “Qaçaq Nəbi” filminin sınaq çəkilişləri gedirdi. Məndən də xahiş etdilər ki, bizdə belə bir obraz var. Ssenari müəllifi də rəhmətlik Süleyman Rüstəmlə Əhmədağa Muğanlı idi. Gərək ki, şəklimi Süleyman Rüstəmlə göstəriblər. Obraz qaçaqların içində yeganə oxumuş yeganə adam idi. Ədəbi ssenaridə Mirzə obrazı ən böyük obraz idi. Sadəcə filmdə bir sıra dəyişikliklər edildi. İndi kinodur da, onun da öz meyarları var. Bir çox çəkilən epizodlar sonradan filmə daxil olmadı. Amma buna baxmayaraq Mirzə yenə də baş rollardan biri idi”.

Özü də onu filmə elə belə adamlar təstiq etməyib. İki “kaprizni” adam Süleyman Rüstəmlə Azad Şərifov Mirzənin “hə”-sini veriblər:  

“O vaxt Kinomotoqrafiya Komitəsinin sədri Azad Şərifov idi. Dedi, mən bunu tanımıram. Belə bir artist yoxdu axı Azərbaycanda. Dedilər ki, ssenaristdi. Azad Şərifovun xoşuna gəldi. Dedi elə obrazla tam üst-üstə düşür. Beləliklə, təsdiq olundu.”

Eldəniz Quliyev çəkiliş vaxtı baş verən maraqlı məqamlardan da  danışıb. Sən demə bu film ucubatından həm o, həm də ukraynalı aktrisa az qala öləcəkmiş:  

“Çəkilişlər əsasən Şamaxının Dəmirçilər kəndində aparılırdı. Başımıza bir xeyli maraqlı hadisələr gəlib. Onlardan birini sizə danışım. Yadınıza gəlirsə, filmdə belə bir epizod var idi: Mən qubernatorun qızı ilə faytonda gəlirəm. Bu zaman qaçaqlar bizi təqib edir, yaxalayır və bir nəfər də gəlib qızın boynundan boyunbağını çıxarır. Həmin epizodun çəkilişi zamanı qəribə, xoşagəlməz bir hadisə oldu. Həmin epizodun birinci dublda bir yerində atlar büdrədi. İkinci dublda operatora dedim ki, Kənan, (filmin operatoru Kənan Məmmədov idi-red), birinci dublda az qala bu fayton aşacqdı. Dedi ki, heç nə olmaz. Faytonun da yarım ton çəkisi var idi. O qız obrazını oynayan Kiyevdən gələn aktrisa idi. Dedi ki,  bunu tryuk kimi yazarsız. Bu da o demək idi ki, tryuk çətin səhnələr hesab olunur və onun qonararı beş qat artıq idi. Bu sözü zarafat zənn edib güldülər. Amma mən dedim ki, həqiqətən bu ola bilər. Epizod filmdə çox getsə 30 saniyə gedər. İkinci dubl çəkiləndə bir ayağımı faytonun “padnoşka”sına qoydum ki, fayton aşanda özümü ata bilim. Dubl başlayanda at qaçmağa başladı. Həmin o əngəlli yerə çatanda fayton aşdı. İndi olsa idi yəqin ki, ölərdim, o vaxt cavan idim. Akrobat kimi göydə fırlanıb yerə dəydim. Başımı qaldıranda gördüm ki, qız yerdədi. Fayton da onun üstünə düşüb. Qaçaqları da oynayanların çoxu tryuk ustaları idilər. Onlar da çaşdılar. İlk özünə gəlib qıza tərəf qaçan mən oldum. Təsəvvür edin ki, atın birin yıxılıb yerdə çabalayır o birisə də ayaq üstə faytonu özünə tərəf dartır. Fayton qızı tamamilə əzə bilərdi. Mən qaçandan sonra onlar özünə gəldi. Tökülüşüb faytonu qaldırdılar”.

Yəqin maraqlanırsız ki, qızın aqibəti necə oldu. Aktrisa 20 gün heç kimi tanımadı. Özünə gələndən sonra isə onu vətəninə yola saldılar. Yerinə də “Rusdrama”dan aktrisa dəvət etdilər. Ukrayn qız vətəndə bir az özünə gələndən sonra nə etsə yaxşıdı? Bunu  Eldəniz Quliyevdən eşidin:  

“Qızı qaldıranda huşu özündə deyildi. Tez onu maşına qoyub, Şamaxı  xəstəxanasına apardıq. 15-20 gün yatdı. Demək olar ki, axırıncı günə qədər heç kimi tanımadı. Huşu özünə gələndən sonra da heç kəsi tanımadı. Həsən Turabov, Ənvər Həsənov, Şahmar Ələkbərov, Həsən Əbluc hamımız yığışıb ona baş çəkirdik. Həm də qərib idi. Mənim ağlıma bir fikir gəldi. Ona baş çəkməyə gedəndə həmin Mirzənin paltarını geydim. Onda huşu bir az özünə gəldi. Sonra onu Ukraynaya yola saldıq. Texniki təhlükəsizliyi gözləmədiklərinə görə sonradan “Azərbaycanfilm” kinostudiyasını məhkəməyə verdi və böyük pullar da aldı. Sonradan onun yerinə rus dram teatrının aktrisası çəkildi.

Fildə maraqlı hadisələr çox olub. Eldəniz Quliyev danışır ki, özü də bir dəfə atdan yıxılıb. Amma sözün hər mənasında yaxşı qurtarıb:  

“Çəkilişdə hərəmizin öz atı var idi. Atlar bizə öyrəşmişdi. Çünki həftələtlə ripitisiya edirdik. Atlara baxan mehtər də yaxşı vuran idi. Dedi ki, kim atlardan yıxılsa bir araq almalıdı. Biz də qorxumuzdan möhkəm dururduq ki, araq almayaq. Bir dəfə istirahət vaxtı idi. İstəyirdim ki, atla bulağa gedim su içim. Həmin vaxt qızlar bulaqdan su aparırdılar. Bilmirəm, elə bil, kim isə məni itələdi atdan dəydim yerə. Qızlar tez su gətirdilər. Tez soruşdum ki, mehtər bizi görmədi ki? Bunu dəqiqləşdirəndən sonra dedim ki, çox şükür, mehtər görmədi, yıxılmaq heç nədi. canımı qurtardım. (gülür)


 

 

  Elmin Nuri  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı