Modern.az

Elnur Aslanov Prezident Administrasiyasından çıxarıldı - SƏRƏNCAM

Elnur Aslanov Prezident Administrasiyasından çıxarıldı - SƏRƏNCAM

17 Mart 2014, 16:15

Prezident İlham Əliyev Elnur Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az saytının məlumatına görə, Prezident İlham Əliyevin sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elnur Kazım oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, son günlər media Elnur Aslanovun nurçuluqda ittiham olunmasına dair çeşidli informasiyalar yayırdı. Bu informasiyalarda bildirilir ki, Elnur Aslanov ABŞ-ın Pensilvaniya ştatında sığınmış türkiyəli din xadimi Fətullah Gülənin nurçu təriqətinin Azərbaycandakı rəhbərlərindən biridir.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin artıq eks-rəhbəri Elnur Aslanov 1977-ci ilin yanvarında Bakıda anadan olub. Onun iki ali təhsili var. E.Aslanov BDU-nu və “Azərbaycan” Unversitetini bitirib. Siyasi elmlər namizədidir. E.Aslanovun karyerası hakim YAP-ın qərargahından başlanıb.
1997-ci ilin yanvarında 19 yaşlı Elnur hakim partiyanın Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş şöbəsində təlimatçı vəzifəsinə təyin olunub. Bir müddət bu vəziifədə çalışan E.Aslanov daha sonra baş referent olur. O, YAP-ın baş ofisində 4 il çalışıb. 2001-ci ildə E.Aslanovun karyerasında ciddi dəyişikliklər başlanır. Həmin ilin aprelində o,  Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin İnformasiya işinin təşkili və analitik təhlil sektoruna referent vəzifəsinə aparılır. Daha sonra irəliləyərək böyük məsləhətçi olur. Bu vəzifədə iki il çalışdıqdan sonra İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin olunur.
O, 2007-ci ildən bu günədək Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini tuturdu. Elnur Aslanov Milli Məclisin deputatı Rəbiyyət Aslanovanın oğludur.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı