Modern.az

AŞ PA-da erməni sevgisi

AŞ PA-da erməni sevgisi

Ölkə

1 İyun 2010, 13:17
AŞPA-nın növbəti sessiyalarından birində gündəliyə salınması gözlənilən mövzulardan biri “Hərbi tullantılar və ətraf mühit”lə bağlı olacaq. Bolqarstanlı deputat Toşevin hazırladığı bu məruzə ilə əlaqədar Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynovun ciddi iradları olub: “20 ilə yaxın müddətdə Ermənistanın işğalına məruz qalmış Azərbaycanla bağlı faktların məruzədə əksini tapmamasını ciddi qüsurdur. Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistanın faktiki olaraq bütün beynəlxalq nəzarətlərdən kənarda saxladığı ərazilərdə bütün regionun gələcəyi üçün təhlükə və ekoloji bəlalar mənbəyinə çevrilməsi barədə Avropa Şurasında dəfələrlə çıxış etməkdən əlavə, bir çox ciddi sənədlər hazırlamışıq. Lakin təəssüflər olsun ki, məruzədə Azərbaycanın zəbt olunmuş torpaqlarnda Ermənistan tərəfindən zəhərli tullantıların basdırılması ilə bağlı bir kəlmə də yoxdur. Bu qüsur aradan götürülməli, zəruri təfərrüatlar mətnə əlavə edilməlidir. Yalnız Dağlıq Qarabağda zərərli tullantıların basdırılması nəticəsində 80 min hektar kənd təsərrüfatına yararlı torpaq, 150 min hektar meşə ərazisi, 22 min hektar həyətyanı sahə, qoruqlar məhv edilmiş, bir sıra bitkilərin kökü kəsilmişdir.

Rusiyanın nüvə tədqiqatları ilə məşğul olan alimlərinin rəsmən dərc edilmiş hesabatlarına görə, Qarabağda 29 radiasiya mənbəyi vardır. İşğal altındakı ərazilərdə məxfi bakterioloji, kimyəvi tədqiqatlar aparan bir çox laboratoriyalar mövcuddur ki, onların da tullantılarının basdırıldığı torpaqlar “ölü zonalar”a çevrilməkdədir. Məsələn, işğal altındakı Qubadlıda olan laboratoriya Sibir xorasını – “qara yara”nı bakterioloji silah qismində istifadə etmək məqsədilə tədqiqatlar aparır və laboratoriyanın öldürücü tullantıları həmin rayonun münbit torpaqlarında basdırılaraq o yerləri uzun onillər üçün yararsızlaşdırır. Həm də işğal altındakı ərazilərdə yalnız sırf Ermənistana məxsus tullantılar basdırılmır. Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin təklifi ilə bağlanmış müqavilələr əsasında Fransa, Belçika, Avstriyaya və digər ölkələrin şirkətlərinə məxsus zəhərli tullantılar da zəbt olunmuş ərazilərdə basdırılır. Bundan ötrü hətta həmin şirkətlərin Ermənistana nə qədər vəsait ödədiyini təsdiqləyən sənədlər də vardır.
Ermənistan yalnız hərbi, bakterioloji, kimyəvi tullantıları basdırmaqla zəbt olunmuş torpaqları zəhərləməklə kifayətlənmir, eyni zamanda bu tullantıların müəyyən qismini Ermənistan ərazisindən keçərək Azərbaycana gələn, işğal altındakı ərazilərdən axan çaylara tökür. Suların zəhərlənməsi nəticəsində 8 balıq növünün nəsli kəsilmişdir.
Nə sülh, nə müharibə variantına üstünlük verən, zəbt etdiyi Azərbaycan torpaqlarını bacardıqca uzun müddətdə beləcə nəzarətində saxlamağa çalışaraq, o ərazilərdə ekoloji cinayətlər törədən Ermənistanın qarşısı alınmalıdır. Avropa Şurasında problemlə bağlı məruzə təqdim edərkən üzv dövlətin ərazisində mövcud olan belə fəsadlara, bu cürə acınacaqlı faktlara necə göz yummaq olar?!”.
AzərTAc-ın məlumatına görə, R.Hüseynovun mövqeyi komitə üzvləri tərəfindən müdafiə edilmiş, bu haqlı iradların nəzərə alınmasının zəruriyyəti vurğulanıb.  

Modern.az    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!