Modern.az

AMEA gənc alimin türküçülük ruhundakı kitabının çapından imtina edib

AMEA gənc alimin türküçülük ruhundakı kitabının çapından imtina edib

Ədəbi̇yyat

19 Mart 2014, 16:18

Modern.az saytı xəbər verir ki, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,dosent Faiq Qəzənfər oğlu Ələkbərovun “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” adlı kitabı işıq üzü görb.

Müəllif monoqrafiyanın II hissəsində, ilk dəfə XIX-XX əsrlərdə Azərbaycanda gedən ideoloji proseslərdəki ikili xətti (1.İslam-Türk mədəniyyəti və ideologiyası: islamlaşmaq, türkləşmək, müasirləşmək, milli azərbaycançılıq; 2. Rus-Avropa-Qərb mədəniyyəti və ideologiyası: qərbpərəstlik, avropasayağı «mollanəsrəddinçilik», milli bolşevizm-sosializm, sovet azərbaycançılığı) müəyyənləşdirib.
Bu metod əsasında hər iki xəttin nümayəndələrinin XX əsrdə və günümüzdə müdafiə etdikləri ideyaların mahiyyəti açıqlanmaqla yanaşı, kitabda müəllifin Azərbaycan Milli İdeyası və Azərbaycan Milli İdeologiyasına tamamilə yeni yanaşması, mövqeyi geniş şəkildə öz əksini tapıb. Özəlliklə, milli ideyaların çağdaş dövrdə nə dərəcədə akutallığı məsələsi araşdırılıb, yeni fikirlər irəli sürülüb. Eyni zamanda, monoqrafiyada milli şüur məsələsi, milli şüurun dini dəyərlər və vətəndaş cəmiyyəti ilə oxşar və fərqli cəhətləri ilk dəfə tədqiqata cəlb edilib.
Monoqrafiyadan fəlsəfə, tarix, politologiya, ədəbiyyat, dilçilik, etnoqrafiya, kulturologiya və başqa elm sahələrində çalışan müxtəlif səviyyəli mütəxəssislərin – bakalavrların, magistrlərin, doktrantların, elmi işçilərin, müəllimlərin, eyni zamanda geniş oxucu kütləsinin faydalanması nəzərdə tutulub

Qeyd edək ki, «Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış» adlı monoqrafiyanın I hissəsi 2011-ci ildə AMEA Fəlsəfə, Sosio­logiya və Hüquq İnstitutu Elmi Şurasının və həmin institutun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin qərarları ilə çap olunub.
Lakin Fəlsəfə, Sosio­logiya və Hüquq İnstitutu Elmi Şurası bu dəfə monoqrafiyanın II hisisinin çap olunmasını dəstəkləməyib.

2013-cü ildə həmin kitabın II hissəsi «Fəlsəfə və ictimai fikir tarix» şöbəsində iki dəfə mü­za­kirə olunub. İlk müəllifə mono­qrafiya ilə bağlı şöbənin əməkdaşları tərəfindən bir sıra iradlar  bildiriblər. Şöbənin bəzi əməkdaşlarının iradı əsasən kitabın türkçülük ruhunda yazılması ilə bağlı olub. Onlra müəllifin əsərdə “Azərbaycan türk filosofu”, “Azərbaycan türk ideologiyası”, “Azərbaycan türk mil­ləti”, “Azərbaycan türk dövləti”, “Azərbaycan Türk dili” və s. bu kimi söz birləşmələrində “türk” sözünün işlədilməsini  məqbul saymayıblar.

Kitabın sonrakı müzakirəsində başda şöbə müdiri Arzu Hacıyeva olmaqla bəzi əməkdaşların əsas tənqid hədəfi yenə də müəllifin türkçülük ideyası ilə bağlı olub. Elə bu səbəbdən də şöbəsinin adından aşağıdakı qərar qəbul edil­ib: «Şöbə əməkdaşlarının müxtəlif səciyyəli tən­qidi qeyd­­ləri nəzərə alınaraq F.Ələkbərovun «Milli ideo­logiya prob­­­le­mi­nə tarixi-fəlsəfi baxış» (II hissə) adlı mono­qrafiya­sının dövlət vəsaiti hesabına çapı məsləhət görülmür».

Bundan sonra müəllifə kitabı öz vəsaiti hesabına çap etmək məsləhət görülüb.

Bütün bunlara baxmayaraq, «Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiya müzakirə olunmaq üçün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasına təqdim olunub. İclasda Elmi Şuranın üzvü, fəlsəfə elmləri doktoru, prof. Əli Abasov əsərin  mütləq çap etmək lazım olduğunu bildirsə də, təklif qəbul olunmayıb.

Elmi Şura adından İ.Məmmədzadə «Milli ideologiya prob­le­mi­nə tarixi-fəlsəfi baxış» adlı kitabın II hissəsinin institutun xətti ilə nəşr olunmasının birmənalı əleyhinə olduğunu ifadə edib.
“Fikrimcə, həm şöbə adından A.Hacıyevanın, həm də institutun Elmi Şurasının adından İ.Məmmədzadənin bu cür qərarlar qəbul etməsinə əsas səbəb monoqrafiyanın türkçülük ruhunda yazılması olub”-deyə müəllif bildidib.
Bütün bunlardan sonra müəllif adı çəkilən kitabının II hissəsini İnstitutun Elmi Şurasının qərarı olmadan öz hesabına çap etdirmək məcburiyyətində  qalıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?