Modern.az

Anar haqqında ya gərək yaxşı yazasan, ya da...

Anar haqqında ya gərək yaxşı yazasan, ya da...

20 Mart 2014, 15:45


Anar haqqında ya gərək yaxşı yazasan, ya da ümumiyyətlə yazmayasan. Bu fikrin müəllifi çağdaş tənqidimizin öndə gedən siması Əsəd Cahangirdir. Mən də bu yazıda Anarın yaradıcılığı, əsərləri haqqında yazmaq məsuliyyətini üzərimə götürmürəm. Sadəcə, bu görkəmli yazıçının, ziyalının 76 yaşının tamam olduğu gündə ürəyimdən keçənlərin bir qismini yazıram. Bəzi ağzıgöyçəklərə əvvəlcədən bildirirəm ki, Anarın rəhbərlik etdiyi Yazıçılar Birliyində və bu Birliyə daxil olan mətbu orqanlarda işləyib-eləmirəm. AYB-nin orqanlarında da çap olunmuram. Belə bir həvəsim də yoxdur. Sakitcə yazı-pozumla məşğul olan adamam, ədəbiyyatda heç bir iddam olmadığı kimi AYB və onun rəhbərindən də heç bir təmənnam-filanım yoxdur. Bu yazını yazmağa məni vadar edən əsas səbəb bu gün Anara qarşı çıxanların əsasən bir qrup gənc yazar olmasıdır. Bu isə cəmiyyətdə elə bir rəy formalaşdıra bilər ki, bütün ədəbi gənclik Anara qarşıdır.

Əslində elə həmin qrupun da məqsədi bu rəyin formalaşdırılmasıdır. Mən bunun heç də belə olmadığını qətiyyətlə vurğulamaq istəyirəm. Və eyni zamanda bunu ətrafımızda olan dostların adından bəyan edirəm. O dostların ki, onlar özünü bəyənən, bir-birinin reklamı ilə məşğul olan, özləri-özlərinə müsahibə verən zavallılardan dəfələrlə istedadlıdırlar. Əlbəttə ki, kimin ədəbiyyatla, kimin kəndirbazlıqla məşğul olduğunu hər kəs gözəl bilir. Ədəbiyyatımızı, klassikamızı lağa qoyan, aşağılayanların idarə olunduqları da hər kəsə məlumdur. Vaxtilə Qərb ölkələri tərəfindən SSRİ-ni dağıtmaq üçün hazırlanmış planda bu cür sözlər yer alıbmış: “Biz, ehtiyatla onların mənəvi dəyərlərini dəyişərək, şüurlarına intim kultu, zorakılq, sadizm, sözə xəyanət, sırtıqlıq yeritməliyik. Namus və vicdan lağa qoyulmalı, keçmişin qalığı hesab olunmalıdır”. Bu gün bizim dəyərlərimizi ələ salanlar eyni planı yerinə yetirmirlərmi? Onlar hansı dövləti dağıtmaq istəyirlər?

Bu gün Anara qarşı çıxmaq əslində Azərbaycana, onun dayaqlarına, təməllərinə, dəyərlərinə qarşı çıxmaqdır. Anar bir insan, bir yazıçı olaraq ilk növbədə hər birimiz üçün bir ziyalı obazıdır. Anar bu gün sözünə, ağsaqqallığına, ictimai nüfuzuna böyük ehtiyacımız olan və sayları günü-gündən azalan ziyalılarımızdan biridir. Onun əsərləri xalqımızın bir neçə nəslinin vətənpərvər ruhda tərbiyələnməsində, milli şüurunun formalaşmasında mühüm rol oynayıb. Anar sovet dönəmində xalqımızın ciddi-cəhdlə uzaqlaşdırıldığı ənənələrinə, kökünə qayıdış prosesinin ən fəal iştirakçılarından biri və yalnız iştirakçı deyil, bu prosesin yaradıcılarından biri olub. Əlbəttə ki, burada onun bağlı olduğu genetik kodlar da öz rolunu oynayıb. Ata babası Məmmədyar oğlu Məmməd xan hələ çar Rusiyası dövründə rus əsgərləri ilə savaşmış və onlar tərəfindən öldürülmüşdür. Ana babası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin Naziri və Gəncə şəhərinin general-qubernatoru kimi şərəfli vəzifələri daşımış, milli dövlətçilik ənənələrimizin yaradılmasında müstəsna xidmətlər göstərmiş və sovet işğalından sonra güllələnmişdir. Babalarının istiqlalı uğrunda mübarizə apardığı müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını açmaq şərəfini isə tale Anara qismət etmişdir. Bu mənada dövlətimiz tərəfindən layiq görüldüyü “İstiqlal” ordeni Anarın halal haqqıdır.

Onsuz da əvvəl-axır hər kəs halal haqqını və əsl dəyərini alır, zaman hər kəsə öz yerini göstərir – boyundan uca tullanmaq istəyənlərə də!

Ələmdar Cabbarlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir