Modern.az

İsmayıl Şıxlıdan məzəli ƏHVALATLAR

İsmayıl Şıxlıdan məzəli ƏHVALATLAR

Mədəni̇yyət

22 Mart 2014, 13:49

Modern.az saytı xalq yazıçısı İsmayıl Şıxlının qələmə aldığı bir neçə məzəli əhvalatı təqdim edir.

OSMAN SARIVƏLLİ VƏ QABİL

Bir gün Qabil Yazıçılar İttifaqına, məsləhətçilər otağına, Osman Sarıvəllinin yanına gəlir. Salam-kəlamdan sonra gözlənilmədən soruşur:

- Osman müəllim, bir adamı təyyarənin qanadına sarısan və təyyarə uçsa, nə olar?

- Nə olacaq, Qabil, donub ölər.

- Hə, düz deyirsiniz, donub ölər.

Xeyli sükutdan sonra yenidən soruşur:

- Bəs, isti, qalın yorğana bürüsək, necə?

- Xeyri yoxdur, yenə donub ölər.

- Bəs iki-üç yorğana bərk-bərk bürüsək, necə?

Osman Sarıvəlli hirslənir:

- Qabil, nə istəyirsən, bu yazıqdan? Dedim ki, ölər.

- Hə, hə, ölər.

Aralığa yenidən sükut çökür. Qabil dərin fikrə gedir və birdən dirçəlir.

- Osman müəllim, Amerika güclüdür, yoxsa biz?

- Əlbəttə, biz.

- Bəs İngiltərə, Fransa necə?

- Dedim ki, biz onların hamısından güclüyük.

- Osman müəllim, inciməyin, bəs onda nə üçün onlarda gecə kefxanaları var, bizdə yoxdur. Nə olar bizdə də açsınlar, adamıq. Qonaq-zad gələndə aparmağa yerimiz olsun.

Osman Sarıvəlli əlini stola çırpıb qışqırır:

- Rədd ol, ədəbsiz. Sənin partiya məsələni müzakirə etmək lazımdır.

Qabilin qaçmaqdan başqa əlacı qalmır.

QABİLLƏ İSA HÜSEYNOVUN ADAM DÖYMƏYİ

Təzə il idi. Evimizdə oturub Yeni ili qarşılayırdıq. Gecədən xeyli keçmişdi. Təxminən saat üç olardı. Qapımız döyüldü. Açdım. Qabillə İsa (yazıçı İsa Hüseynov-red.) idi. Həyəcanlı idilər. Heç Yeni ili təbrik etmək də yadlarına düşmədi. İçəri keçdilər. Sözə Qabil başladı.

- Bu saat Osman Sarıvəllinin yanına gedirik.

- Niyə, Yeni ilini təbrik etməyə?

- Yox, şikayətə. Axı o bizim partkomumuzdur.

- Nə olsun, bu gecə vaxtı nə baş verib?

- İbrahim Kəbirlini (Moskvada yaşayan şair-red.) döymüşük. O da mənim barmağımı dişləyib. Bir bax!

O, sarıqlı barmağını göstərdi.

- Axı niyə?

- Bilirsənmi,- deyə Qabil yenə qabağa düşdü – İsagillə bir yerdə ailəliklə süfrədə əyləşib yeyib-içirdik. Bala-bala vururduq özümüz üçün. Kefimiz kök, damağımız çağ idi. Birdən qapının zəngi çalındı. Açdıq. Dedik, yəqin kimsə Allah qonağıdır. Amma gələn İbrahim Kəbirli idi. Görüşdük. Dedik nə olar, gəlib xoş gəlib, qərib adamdır. Arvadlar da ayağa durub görüşdülər. O əclaf da başladı qızların əlini öpməyə. Cin vurdu başıma. Dedim: alə, bura Moskvadı bəyəm? Biz rus-zadıq ki, arvadların əlini öpürsən? Çırpdıq qapıya, sonra da pilləkən aşağı yumbalatdıq.

Gülümsündüm.

- Yaxşı eləməmisiniz. Adam qonağı evdən qovmaz.

- Ədəbsizi qovar.

Gördüm çox həyəcanlıdırlar. Sakitləşdirmək istədim.

- Yaxşı, İbrahimi siz döymüsünüz, bəs şikayətə niyə gedirsiniz?

- Qorxuruq o bizdən qabağa düşə, sonra bizim partiya məsələmizi müzakirə edələr. Onsuz da Osman müəllim (xalq şairi Osman Sarıvəlli-red.) əlimdən yanıqlıdır.

İsa sakitləşmişdi, amma Qabil özündə-sözündə deyildi. Elə bu vaxt telefon zəng çaldı. Dəstəyi götürdüm, İbrahim idi. Mehmanxanadan danışırdı.

- Ayə, ay dədə (atasının adı İsmayıl olduğu üçün mənə “dədə” deyirdi) o səfehlərə de ki, sonra ağılsızlıq eləyib Osman kişinin yanına şikayətə gedərlər. Nəbadə elə iş görələr, biabır olluq. Amma başın haqqı, səfehdirlər. Əclaflar az qalmışdılar ki, məni öldürsünlər. Pilləkəndən başı aşağı yaman yumbalatdılar.

Dəstəyi yerinə qoydum. Qabil təlaşla soruşdu:

- Kim idi?

- İbrahim.

- Ölməyib ki?

- Yox.

- Şükür Allaha, şükür xudaya.

“MƏN QABİLİN MAŞININDA GETDİM...”

Cəfər Cabbarlının ildönümü idi. Yazıçılar İttifaqında qərarlaşdırılmışdı ki, dəstə ilə qəbir üstünə gedilsin. Avtobuslar ayrılmışdı. Bundan başqa fərdi yüngül maşınlar da vardı. Qabil də öz “Moskviç”i ilə dayanmışdı. Gördüm ki, heç kəs onun maşınına minmək istəmir. Kimə təklif edirdisə, gülüb uzaqlaşırdı. Yaman əsəbiləşmişdi. Yaxınlaşdım.

- Qabil, məni apararsanmı?

- Lap sənə quzu da kəsərəm, əyləş.

Əyləşdim. Sevincindən yerə-göyə sığmırdı.

- Səhərdən kimi çağırıramsa, qaçırlar. Qorxurlar ki, maşını sürə bilmərəm. Bircə sən mənə inandın, ürəkli çıxdın. Hara istəsən aparacam. Lap “Volçi-Vorot”dan enib Lökbatana gedərik. Onda görərsən mən necə maşın sürürəm.

Elə bu vaxt İsa Hüseynov yanımızdan keçdi. Qapını açıb onu səslədim.

- İsa evə xəbər ver ki, mən Qabilin maşınında getdim. Başımıza bir iş gəlsə, narahat olmasınlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?