Modern.az

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyil"

İlham Əliyev: "Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyil"

2 İyun 2010, 09:36

st1:*{behavior:url(#ieooui) }

Ölkə başçısı İlham Əliyev Bakıda XVII Beynəlxalq Xəzər Neft-Qaz sərgi və konfransın açılışında çıxış edib. AzərTAc-ın məlumatına görə, İlham Əliyev deyib ki, investisiyaların cəlb edilməsi, xarici şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar əsasında yaradılmış əlaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dünya və Avropa bazarlarına nəql edilməsi layihələri bugünkü Azərbaycanın reallıqlarını böyük dərəcədə əks etdirir. “Bu gün böyük sevinc hissi ilə deyə bilərik ki, artıq Azərbaycan iqtisadiyyatı neft amilindən o qədər də asılı deyildir. Halbuki, bundan sonra da uzun illər ərzində neft və qaz amili Azərbaycanın həm iqtisadi maraqlarını təmin edəcək, həm dünyadakı mövqelərimizi möhkəmləndirəcəkdir”. Prezidentin sözlərinə görə, neft strategiyasının uğurlu icrası Azərbaycanı dünyaya bir etibarlı tərəfdaş kimi təqdim etdi. “Biz xarici şirkətlərlə artıq 16 ildir ki, uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulubdur və həm xarici tərəfdaşlara, həm də Azərbaycana böyük mənfəət gətiribdir. İşlərin əvvəlində isə bu planların reallaşması üçün bütün səylər göstərilmişdir. Ümid edirəm ki, Azərbaycanın bundan sonrakı inkişaf dövrü də uğurlu olacaqdır”. İlham Əliyev bildirb ki, bu gün Azərbaycanın neft və qaz hasilatı nəinki ölkə tələbatını ödəyir, eyni zamanda, bizim üçün çox böyük ixrac resursu da təşkil edir. ”Bu il Azərbaycanda neft hasilatı 52 milyon ton səviyyəsində gözlənilir. Qaz hasilatı təxminən 30 milyard kubmetrə bərabər olacaqdır ki, bu, Azərbaycanın daxili tələbatından 3 dəfə çoxdur”. Prezidentin sözlərinə görə, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 82 milyard dollar investisiya qoyulub. Onların, demək olar ki, yarısı neft-qaz sektoruna qoyulub. “Bu gün Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş iqtisadiyyatdır. Əgər ümumi investisiya portfelinin yarısı qeyri-neft sektoruna qoyulubsa, bu onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru da çox cəlbedici bir sahədir. Qeyri-neft sektoruna qoyulan həm xarici, həm daxili investisiyalar, həm dövlət büdcəsindən, həm də özəl sektordan ayrılan vəsait yeni bir vəziyyət yaratdı. Bu gün Azərbaycan enerji, yəni neft-qaz amilindən daha da az asılı vəziyyətdədir və getdikcə bu asılılıq daha da azalacaqdır”.

Prezident deyib ki, bu yaxınlarda “Çıraq” yatağında yeni böyük layihə başlanıb: “Ümid edirəm ki, biz yaxın zamanlarda böyük “Şahdəniz-2” layihəsinin başlanmasına da nail olacağıq. Bunu etmək üçün hesab edirəm ki, hazırda bütün imkanlar vardır. Əgər biz buna nail olsaq, növbəti illərdə Azərbaycanın neft-qaz sektoruna ancaq bu layihə üzrə ən azı 20 milyard dollar sərmayə qoyulacaqdır. Bu sərmayə özlüyündə, yəqin ki, buna bərabər həcmdə sərmayənin qeyri-neft sektoruna da yatırılmasına gətirib çıxaracaqdır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər