Modern.az

Oqtay Əsədov Dmitri Medvedevlə görüşəcək

Oqtay Əsədov Dmitri Medvedevlə görüşəcək

2 İyun 2010, 12:11

Milli Məclisin spikeri Oqtay Əsədov iyunun 3-də Rusiyaya rəsmi səfərə yola düşür. Modern.az xəbər verir ki, parlamentin mətbuat xidmətinin məlumatına görə, səfər iki gün davam edəcək. Səfər çərçivəsində spikerin başçılıq etdiyi nümayəndə heyətinin Rusiya Dövlət Dumasında və digər rəsmi dairələrdə bir sıra görüşləri keçiriləcək.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə gerçəkləşən səfər barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu iyunun 2-də keçirdiyi brifinqdə məlumat verib. Nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Mixail Zabelin, Adil Əliyev, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev, Federasiya Şurasının sədri Sergey Mironov və Dövlət Dumasının sədri Boris Qrızlov ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin bu günü və inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Nümayəndə heyətinin üzvləri ölkəmizin Moskvadakı səfirliyində olacaq, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar. Səfər iyunun 5-də başa çatacaq. Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?