Modern.az

Əkrəm Əylislinin “Nobel”ə namizədliyini irəli sürmüş filoloqun atası: “Biz eyni fikirdəyik” - MÜSAHİBƏ

Əkrəm Əylislinin “Nobel”ə namizədliyini irəli sürmüş filoloqun atası: “Biz eyni fikirdəyik” - MÜSAHİBƏ

27 Mart 2014, 16:37


Modern.az saytı
hazırda Rusiyada yaşayan yazıçı Çingiz Hüseynlə müsahibəni oxuculara təqdim edir.

– Bu yaxınlarda Əkrəm Əylislinin “Nobel”ə namizədliyi irəli sürüldü. Təşəbbüsçülərdən biri də oğlunuz filoloq Həsən Hüseynovdur. Amma bu açıqlamanın özü Azərbaycanda müəyyən şübhələrlə qarşılanıb. Belə bir niyyət doğrudanmı rəsmən irəli sürülüb, yoxsa xəbər uydurmadır?

– Əkrəm Əylisli həqiqətən namizəd kimi Nobelə təqdim olunub. Amma onu da qeyd edim ki, ədəbiyyat üzrə deyil, sülh üzrə. Bu mükafata namizədlərdən biri də Putindir. Xatırladım ki, vaxtilə Lev Tolstoyun da namizədliyi Nobelə yazıçı kimi deyil, məhz sülh üzrə irəli sürülmüşdü.

– “Daş yuxular”la bağlı çox kəskin mənfi rəy bildirmişdiniz. Oğlunuz tam əks fikirdədir. Filoloji baxımdan “atalar və oğullar problemi”nin, yəni fərqli baxışının izahını verə bilərdinizmi? 

– Mənim rəyim “kəskin mənfi” deyildi, mən hətta “Daş yuxuların” üslubunu, yəni duyğu-hisslərə təsiredici qüvvəsini nəzərə alaraq onu “estetik şedevr” adlandırmışdım. Amma roman janrına uyğun bədii-sosial-tarixi dolğunluq baxımdan iradlarım da az deyildi. Onu da bir daha deyim ki, əsl yazıçı onu ağrıdan mövzunu özü bildiyi, duyduğu kimi qələmə ala bilər, öz yanlış və yaxud doğru sözünü deməlidir, bu kiminin xoşuna gələ bilər, kiminin – qəzəbinə səbəb, qoy hər kəs öz münasibətini bildirsin, sözlə, mətbuat vasitəsilə.

Ədəbiyyatın funksiyası çox-çox genişdir, onu məhdudlaşdırmaq, təbliğat alətinə çevirmək, iqtidarın təqibi və s. – bütün bunlar yaramazdır.

Ata-oğul söhbətinə gəldikdə isə... “ata” 85-ə yaxınlaşır, “oğul” 60-ı ötüb keçib, ikimiz də doktoruq-professoruq, hərənin öz yolu, öz  təcrübəsi, amma Əkrəm Əylisliyə, o cümlədən onun “Daş yuxular”ına münasibətimiz cüzi fərqlərlə eynidir, mən (sətiraltılı, yarızarafat) yüzfaizli türkəm, o isə – əlli.

– Sizcə, son illərin ədəbiyyatında Azərbaycandan kimsə Nobelə iddialı ola bilərmi? 

– Məncə, sualınız danışdığımız “sülh” Nobelinə deyil – “ədəbiyyat” Nobelinə aiddir. Bu mükafat həm bədii keyfiyyətə (40%) bağlıdır (burada biz iddialı ola bilərik, yarışa girişmək qabiliyyətinə malik), həm də siyasətə (60%): tarixin gedişinə, çərxi-fələyin fırlanmasına, ölkənin mövqeyinə, zamanın siyasi oyunlarına, ümumbəşəri (ilk növbədə onun analoqu kimi xristianlıq nəzərdə tutulur) ideyalarına xidmətə, şəxsi taleyə... Odur ki, sualınıza cavabım olumlu –müsbət yox, olumsuz – mənfidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu