Modern.az

Açıq-saçıq geyimli xanımların kölgəsində itən “Nəsimi” - Yeni Bakının köhnə heykəlləri

Açıq-saçıq geyimli xanımların kölgəsində itən “Nəsimi” - Yeni Bakının köhnə heykəlləri

Mədəni̇yyət

28 Mart 2014, 14:36

“Bakılı oğlanlar planeti” teatrının sonuncu  “Hər gün sirk” adlı konsertində heykəllərin söhbəti adlı maraqlı bir səhnəcik var. Burada şəhərin ayrı-ayrı nöqtələrində ucaldılan abidələr xəyali olaraq gecə yarısında bir yerə yığışaraq söhbət edir. Bu səhnəcikdə hər heykəl öz üzləşdiyi problemdən danışır. Növbə Nəsiminin heykəlinə çatanda isə o, yanıqlı-yanıqlı dillənir: “Qoyublar məni “Torqovi”nin mərkəzində. Yarıçılpaq qızlar da, o yana gedir bu yana gedir”.

Başı azacıq sağa yönləndirilən bu heykəlin “dedikləri”ndə bir həqiqət var. Belə ki, Tahir İmanovunn “canlandırdığı” daş qəhrəman şəhərin ən gur yerində kimsənin diqqətini cəlb etmir.

Modern.az “Yeni Bakının köhnə heykəlləri” layihəsində növbəti yazını şəhərin mərkəzində yerləşən “İmadəddin Nəsimi”yə həsr edir.

Yubileyə daşdan əsər yaratmaq sifarişi

Ötən əsrin 70-ci illərində UNESCO Nəsiminin 600 illiyinin keçirilməsi barədə qərar qəbul edir. Tədbirlər planında bir çox maddələr vardı ki, onların da biri şairə öz məmləkətində heykəlin ucaldılması olur. Onda, yəni, 70-ci illərdə Bakı şəhərsalmanın ən pik nöqtəsində idi. Bir yandan yeni binalar,  digər yandan parklar, müəssisələr və s. salınırdı. SSRİ müstəmləkə əsarətində saxladığı ölkələrdə mədəni quruculuğa və özlərinə sərf edəcək qədər tarixə qayıtmağa imkan verən nəsnələrə şərait yaradılırdı. Bu da sənayeləşmə və şəhər quruculuğu adıyla gözdən pərdə asmaqdan başqa bir şey deyildi.

1973-cü ildə böyük mütəfəkkirin dövlət səviyyəsində 600 illiyi qeyd olunur. Elmlər Akademiyası,  eləcə də digər aidiyyətli qurumlar əl-ayağa düşür. Nəsimi haqqında elmi əsərlər,  monoqrafiyalar bir-birini əvəz edir. Bədii ədəbiyyat, musiqi və kino sənəti də buna biganə qalmır. Dövlət sifarişi ilə 1973-cü ildə Həsən Seyidbəyli “Nəsimi” filmini çəkir. Elə həmin il Fikrət Əmirov “Nəsimi” baletini tamamlayır. Ədəbiyyat dünyasından isə İsa Muğanna öz “Məhşər” romanı, Qabil isə “Nəsimi” poeması ilə işə rəvac verir.

Görülən işlərə görə ədəbi-mədəni xadimlərə sonradan dövlət mükafatları da təqdim olunur. Bu işlərin sırasında təbii ki, heykəltəraşlıq nümunəsi olmaya bilməzdi. Monumental abidə ustası Tokay Məmmədov da “Mərkəz”dən daşdan əsər yaratmaq sifarişini alır. Təbii ki, sözdən, səsdən, rəngdən, təsvirdən Nəsimi düzəldilmişdi. Bir daşdan da düzələn Nəsimi lap yerinə düşərdi. Amma Tokay Məmmədov bu işə tək başlamır. Çünki tez bir zamanda əsər təhvil verilməli idi. Bu səbəbdən də istedadlı (bir o qədər də  kölgədə qalan) heykəltəraş İbrahim Zeynalov da bu işə qoşulur. 6,5 metr hündürlükdə olan monumental əsər ikisinin birgə işi olsa da nədənsə sonralar Tokay Məmmədovun bu istiqamətdə adı daha çox hallanır.

İ. Zeynalov isə az qala ki, köməkçi kimi qələmə verilir. Amma onların hər ikisinin rolu eyni dərəcədə idi. T. Məmmədov və onun sənətkarlıq üslubu barəsində layihə çərçivəsində danışılıb. Onun  yaratdığı portretlər qalereyasında mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Üzeyir Hacıbəyov, xalq rəssamı Rüstəm Mustafayev, rəssam Vəcihə Səmədova, yazıçı Süleyman Rəhimov, polyak bəstəkarı Şopen və Avstriya bəstəkarı Motsart kimi dahilərin büst-portretlərini qeyd etmək olar.

Heykəltəraş İbrahim Zeynalov

Layihə çərçivəsində Məmmədovdan çox danışdığımızdan İbrahim Zeynalov barədə azacıq da olsa məlumat verək.

O, 1934-cü ildə Bakıda anadan olub.  Başqa həmkarları kimi Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini daha sonra isə Sankt-Peterburqda Akademiyanı bitirir. 1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk edib. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Heykəltəraş sonradan Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olub.

Nəsimi abidəsində T. Məmmədovun kölgəsində qalsa da tarixi qəhrəmanları dərindən bilməsi və bu biliyi öz daş əsərinə köçürməsi onun birinci  müəllif olmasına əsas verir. Belə ki, “Nəsimi” abidəsi özündə tarixi və fəlsəfi informasiyaların zənginliyini və onların praktikada düzgün istifadəsini tələb edirdi. Təsəvvür edin, o zaman Nəsimi barəsində çoxsaylı monoqrafiyalar yazılır, bədii əsərlər sifariş edilirdi. Heykəl  isə onların hamısından çıxan ümumi nəticəni özündə cəmləşdirməli idi. Elə edilməli idi ki, həm o monoqrafiyaların sətirləri, həm Əmirovun baletinin səsi, həm İ. Muğannanın sözü, fəlsəfi təhkiyəsi, həm də Qabilin  şair qüdrətini vəsf edən misralarının hamısı o heykəldə olsun. İş tək bunlarla da bitmirdi. XIV əsrdən 1970-ci illərə gətirilən Nəsimi indikilərə gəldiyi yerlər  barədə “məlumat verməli” idi. Nə isə, çoxsaylı əziyyətlərdən sonra heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi hazırlanır. Burada “əs-suffə” (orta əsr dərvişlərinin yundan geyindiyi geyim, sufi sözü də ordan götürülüb - E.N) geyinən, əllərini arxadan birləşdirən, başını azacıq sağa yönləndirən Nəsimi sanki ətrafa qüdrət səpələməkdədir. Məğrur duruş bir növ özünü müdrikyana təqdim etmə xarakteri daşıyır. O, özünü  tanıdır. Yəni, əsas fiquru olduğu hürufizm cərəyanında deyildiyi kimi özündən istifadə edib insanl təlqin edir. “Özünü dərk et”, həqiqətə gedən yol özünü dərkdən keçir” təlqinini ehtiva edir.

Heykəltəraşların bu təsir mexanizmi özünü çox gözəl doğruldub. Belə ki, onların “daş”ı da Muğannanın “Məhşər”i və Qabilin Nəsimisi kimi oxunur, Əmirovun Nəsimisi kimi isə dinlənilir.

Gözəllər içində itən şair

... Beləcə dinlənə-dinlənə, düz, 2008-ci ilə kimi öz yerində qalır. 2008-ci ilin aprelində isə qəfil görürlər ki, heykəl və üzərində yerləşdiyi park “aradan çıxıb.” Əl-ayağa düşən jurnalistlərə tikinti şirkətinin nümayəndəsi bu cür cavab verir: həmin ərazidə prezident İlham Əliyevin sərəncamı ilə yeni 300 maşınlıq 3 mərtəbəli yeraltı qaraj tikiləcək. Park isə qarajın üzərində yenidən salınacaq və şairin heykəli bərpa olunmuş vəziyyətdə yenidən qoyulacaq. Nümayəndənin dediyi söz düz çıxır. 2010-cu ildə heykəl üzərində yerləşdiyi Nəsimi bağ-park kompleksi ilə bərabər yenidən şəhərin göbəyində bərqərar olur. Heykələ və park sahmana salınır.

Zaman keçdikcə  arxitektor baxımından azacıq da olsa monumental əsərə xələl  gəlir. Belə ki, arxasında və ətrafında salınan yeni tikililər  heykəlin görüm nöqtəsini zəiflədir. Görüm nöqtəsini itirmək isə bir abidə üçün “bazarın ölməsi” deməkdir. Belə ki, o obyekt olaraq diqqəti özünə çəkmir və bununla da  təsiredici estetik qüvvəsini itirir. “Bakılı oğlanlar”ın da toxunduğu problem burada yerinə düşür: Heç  gözəl və qiyafələri ilə cəlbedici olan xanımların gəlib keçdiyi və modern obyektlərin olduğu bir yerdə də Nəsimi yada düşər?

Ətrafda tikilən modern üsluba malik obyektlər də bu tarixi monumental əsəri zəiflətməklə məşğuldur. Heykəltəraşlıqda monumental abidələrlə ətrafda olan tikililər arasında standartlara uyğun ara məsafəsinin olması əsas şərtdir. Amma ilk baxışdan göründüyü kimi bu şərt pozulub. Çünki xudmani yerin xudmani heykəli olan “Nəsimi” yaxından seyr üçün nəzərdə tutulub. Amma o cür postamentlə abidə öz seyrolunma funksiyasını itirib. Belə deyək ki, gözəllər (qadın və obyektlər) bu funksiyanı onun əlindən alıb. Şair də gözəllərin içində itib-batıb....


Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?